Ədalətli qərarlar insanlarda dövlətə və məhkəməyə inamı artırır
Tarix: 02.04.2016 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev qurumun ötən ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirdi.
Ali Məhkəmənin sədri bildirdi ki, ötən il Azərbaycan, eləcə də Ali Məhkəmənin fəaliyyəti üçün uğurlu il olub. Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası, Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb. R.Rzayev diqqətə çatdırdı ki, ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün ən müasir standartlara uyğun şərait yaradılıb. Habelə “Elektron məhkəmə”yə keçidin təmin olunması məqsədilə Ali Məhkəmədə yeni “Elektron sənəd dövriyyəsi”nin və məhkəmə kasasiya şikayətlərinin və işlərinin elektron formada işlənməsi sistemi yenilənib. Ölkə başçısının 2014-cü ildə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” sərəncamı ölkənin məhkəmə sisteminin inkişafında yeni mərhələnin başlanğıcını qoyub.
Əvvəlki illərlə müqayisədə 2015-ci ildə vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib. Qeyd edildi ki, Azərbaycan “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulduğundan Avropa Məhkəməsinin presedent hüququ bizim məhkəmə sistemimiz üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrin fəaliyyətinə olan tələblər daha da yüksəlib. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, inşan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri önəmli olduğundan Ali Məhkəmədə hər həftə keçirilən seminarlarda beynəlxalq hüquqi aktlar, xüsusən də həmin Konvensiyanın müddəaları, Avropa Məhkəməsinin presedent hüququ müzakirə edilir. Hakimlərin və dəvət olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar keçirilir. Avropa dövlətləri məhkəmələrinin müasir təcrübəsinin öyrənilməsinə kömək edən xarici ölkələrə tanışlıq səfərləri təşkil olunur.
O da bildirildi ki, son illər 40-dək məhkəmə binası müasir standartlara uyğun layihələndirilib, qısa müddətdə 11 məhkəmə üçün yeni binalar istifadəyə verilib. Hazırda bir o qədər bina da inşa olunmaqdadır. Bu binalarda vətəndaşların rahatlığı məqsədilə lazımi imkanların yaradılması bir çox problemləri, habelə korrupsiya şəraitini aradan qaldırır.
Ali Məhkəmənin sədri vurğuladı ki, 2015-ci il noyabrın 4-də Prezident İlham Əliyevin Şəki məhkəmə kompleksinin açılışını etməsi hakimlər, məhkəmə işçiləri, bütün hüquqşünaslar üçün tarixi hadisədir. Bu, məhkəmə hakimiyyətinin cəmiyyətdə rolunun və yerinin müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət verilməsi kimi qiymətləndirilməlidir. Açılış mərasimində Prezident İlham Əliyev çıxışında ədliyyə və məhkəmə orqanları qarşısında mühüm vəzifələr qoyub, korrupsiyanın aradan qaldırılmasında məhkəmələrin rolunu xüsusi olaraq qeyd edib. Dövlət başçısı bildirib ki, korrupsiya ilə mübarizə aparmaq üçün, ilk növbədə məhkəmə sistemində korrupsiya halları tam aradan qaldırılmalıdır. Ədalət mühakiməsini həyata keçirən hakimlər qanunlara dürüst əməl etməli, məhkəmələrin cəmiyyətdə nüfuzunun artmasına, məhkəmələrə inamın yüksəlməsinə nail olmalıdırlar. Məhkəmə proseslərinin şəffaf, qərarlarının ədalətli olması əsas şərtdir. Ədalətli qərarlar insanlarda dövlətə, məhkəməyə inamı artırır.
Sədr qeyd etdi ki, ötən il Ali Məhkəmənin mülki, inzibati-iqtisadi və cinayət kollegiyalarında baxılmış işlərin sayı 2014-cü illə müqayisədə artıb.
KİV ilə münasibətlərə də toxunan R.Rzayev qeyd etdi ki, Ali Məhkəmə media ilə əməkdaşlığa mühüm əhəmiyyət verir. Bu əməkdaşlıq məhkəmə və cəmiyyət arasında əlaqəni daha da gücləndirir.

Ötən il Ali Məhkəmədə 9404 işə baxılıb
R.Rzayev onu da vurğuladı ki, ötən il Ali Məhkəmədə 2014-cü illə müqayisədə 8,5 faiz çox - 9404 işə baxılıb. 2014-cü ildə bu rəqəm 8668 olub. Baxılan işlərin sayının artmasına baxmayaraq, ləğv olunan məhkəmə qərarlarının sayı 0,4 faiz azalıb. Bildirildi ki, Ali Məhkəmənin mülki, inzibati-iqtisadi və cinayət kollegiyalarında 2015-ci ildə baxılmış işlərin sayı 2014-cü illə müqayisədə artıb. Artım mülki kollegiyada 15,2, inzibati-iqtisadi kollegiyada 3,7, cinayət kollegiyasında isə 1,6 faiz səviyyəsində müşahidə olunub. Hərbi kollegiyada baxılan işlərin sayı isə 17,2 faiz azalıb. Ali Məhkəminin sədri qeyd etdi ki, 2015-ci ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılıb. Ötən il Ali Məhkəmənin Plenumunun 5 iclası keçirilib, 12 qərar qəbul edilib.

Ötən il Ali Məhkəmə 69 nəfər
barəsində bəraət hökmü çıxarıb

2015-ci ildə respublikanın birinci instansiya ümumi və hərbi məhkəmələri tərəfindən 13 min 270 nəfər, birinci instansiya ümumi məhkəmələri tərəfindən 11 min 951 nəfər, hərbi məhkəmələr tərəfindən isə 1319 nəfər məhkum edilib.
Ali Məhkəmənin 2015-ci il fəaliyyətinə dair hesabatında qeyd edilir ki, bu müddətdə 69 nəfər barəsində bəraət hökmü çıxarılıb. Respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2015-ci ildə ümumi məhkum edilənlərin sayı 2014-cü ilə nisbətən 72 nəfər azalıb.

70 hakim barəsində intizam
icraatı başlanıb

Ali Məhkəmənin sədri Ramiz Rzayev jurnalistlərin suallarını cavablandırarkən bildirdi ki, son 5 ildə Məhkəmə Hüquq Şurası tərəfindən 70 hakim barəsində inzibati icraatı başlanılıb. Onun sözlərinə görə, həmin şəxslərdən 5 nəfərin səlahiyyətlərinə xitam verilib, hakimlikdən kənarlaşdırılıb, 10 nəfərinin iş yeri dəyişdirilib, 2 nəfərinin vəzifəsi aşağı salınıb, 22 nəfərinə töhmət verilib, 12 nəfərinə irad tutulub. R.Rzayev xatırlatdı ki, Məhkəmə Hüquq Şurasının fəaliyyəti dövründə 73 hakimin səlahiyyətinə xitam verilib.

“Bankların yalnız dollarla kredit təklif etməsi vətəndaşın hüququnun pozulmasıdır”
Bankların dollarla kredit verməsinə münasibət bildirərkən Ali Məhkəmənin sədri bildirdi ki, Azərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi vətəndaşın hüququnun pozulmasıdır. O qeyd etdi ki, manat və dollar kreditləri məsələsini banklar özləri həll edir: "Fikrimcə, vətəndaş krediti dollarla götürübsə, dollarla, manatla götürübsə, manatla qaytarır. Qayda belədir". Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsinə gəlincə isə R.Rzayev bildirdi ki, bu vətəndaşın hüququnun pozulmasıdır. Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info