Xaricdə dövlət qulluğunda çalışan soydaşlarımızın sayı artır
Tarix: 05.04.2016 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Müsahibimiz Azərbaycan-İsveç Dostluq Cəmiyyətinin sədr müavini Leyla Kianidir
- İlk olaraq mümkünsə özünüz haqqında danışardınız. Necə olub ki, Skandinaviya yarımadasının ölkəsində yaşamalı olubsunuz?
-Həyatımın ən gözəl illərini yaşayan, qəlbən və ruhən özümü cavan hiss edən qadınam. Ailəliyəm, iki övladım var. Oğlum 28, qızım isə 22 yaşında gənclərdir. Həyat yoldaşım Azərbaycanın güney hissəsindəndir. Ailə qurduqdan sonra Bakıdan İsveçə köçməyi qərara aldıq və 1988-ci ildən (artıq 28 ildir) İsveçdə yaşayırıq. Bakıdan ali pedaqoji, İsveçdə isə həm ali pedaqoji, həm də sosinom və sosiologiya ixtisasları üzrə bakalavr və magistr dərəcələrim var. Hal-hazırda Stokholmda icra hakimiyyətlərindən birində sosial təminat departamentində şöbə rəisinin müaviniyəm. Bundan əlavə, xüsusi klinikada danışıq terapevtiyəm. Rəsmi işimdən əlavə, Yaşıllar partiyasında fəalam və bu partiya tərəfindən məhkəmə sistemində 2 illik fəaliyyət göstərmək üçün mandat almışam. Artıq 1 ili keçib və 2-ci ilimdir. Hakimin yanında olmaq və qərarlar çıxarmaq böyük məsuliyyət, təcrübə və savad tələb edir. İşlərimlə qürur duyuram.
-Azərbaycan -İsveç Dostluq Cəmiyyətinin yaradılması hansı zərurətdən irəli gəldi?
-Hal-hazırda İsveçin paytaxtı Stokholm şəhərində yaşayıram və burada yaratdığımız Azərbaycan -İsveç Dostluq Cəmiyyəti olan SWAZCO-nun sədr müaviniyəm. Təşkilatımız 2015-ci ilin aprel ayından fəaliyyət göstərir. Rəsmi saytımız var: www.swazco.org. Bu saytda gördüyümüz işlər haqqında məlumatları yaymağa çalışırıq. Gələcəyə böyük planlarımız var. Ən ümdəsi isə bu təşkilat sırf İsveç və Azərbaycan dostluğu, həmkarlığı üzərinə yaradılıb və idarə heyətimizin üzvlərinin yarısı isveçlilərdir.
-Dövlət işində çalışmanızın diaspor fəaliyyətinizə köməyi dəyirmi? Ümumiyyətlə, soydaşlarımız orada dövlət işlərinə cəlb olunurlarmı?
- Qeyd etdiyim kimi, mən şəhər icra hakimiyyəti nəzdində sosial təminat şöbəsində dövlət qulluqçusuyam. İxtisasımla bağlı diaspor işində Azərbaycanda bir layihə işləmişəm (2009-2010). Bu layihədə əmək məşğulluğu və sosial təminat departamentinə “İsveç modeli”ni təqdim etməklə təkliflər planı vermişdim. Gələcəkdə digər layihələr üzərində də işləməyi nəzərdə tutmuşam.
Soydaşlarımızın dövlət işinə cəlb olunmasına gəldikdə isə, hər şey bacarığa və tədrisə bağlıdır. Dövlət qulluğunda çalışmaq üçün hər bir ölkədə olduğu kimi, İsveçdə də əvvəlcə ali məktəb bitirməli, daha sonra addım-addım işin və bacarığınla irəli getməlisən. Bir neçə soydaşımızın müxtəlif dövlət qulluqlarında çalışdıqlarını bilirəm. Aramızda həkimlər, icra hakimiyyətində çalışanlar, rəsmi tərcüməçilər və digər sahələrdə işləyən həmvətənlərimiz var. Ümidvaram ki, bu say artacaq və biz, yaşadığımız İsveç cəmiyyətində də önəmli yerlərdən birini tutaraq, cəmiyyətə xeyrimizi verə biləcəyik.
-Avropanın başqa ölkələrində yaşayan diaspor nümayəndələri ilə əlaqələriniz hansı formadadır?
-Çox yaxşı. Belə ki, həm şəxsi, həm də cəmiyyət olaraq bir sıra ölkələrdə fəaliyyət göstərən diaspor nümayəndələri ilə əlaqələrimiz var. Məsələn, Danimarka, İsveçrə, Hollandiya və s. ölkələrdəki dərnəklərlə və ayrı-ayrı şəxslərlə sıx əlaqələrimiz var və bunu daha da genişləndirməyə çalışırıq.
-İsveçlilər Azərbaycanı necə tanıyırlar?
- Doğrusunu deyim ki, isveçlilər bizim ölkə haqqında çox az məlumata malikdirlər. Bizim yaralı yerimiz də elə budur. Əslində, dərnək yaradıb onun ətrafında birləşmək yaxşı olmasına baxmayaraq, bundan lazımi qədər istifadə etmirik. Çox zaman qurulan dərnəklər/təşkilatlar (təşkilatçıqlar) yalnız özümüz üçün qurulur. Tədbirlərimizi də özümüz üçün keçiririk. Artıq Azərbaycanı İsveç cəmiyyətinə daha qabarıq şəkildə tanıtmağın zamanı gəlib. Bu məsələdə erməni diasporu bizdən qabaqdadır.
-Xalqımızın əlamətdar günləri ilə bağlı tədbirlər keçirəndə soydaşlarımızın bir yerə toplanmaq həvəsi necədir? Yəni diaspor həmrəyliyi varmı?
-Diaspor həmrəyliyi yüksək səviyyədə olmasa da qənaətbəxşdir. Adətən xalqımıza xas olan müxtəlif adət-ənənələrə həsr olunan bayramlarda soydaşlarımız bir yerə yığışır və tədbirləri keçiririk.
-Dini bayram və ayinləri necə, orada qeyd edirsizmi? İsveçlilərin İslam dininə münasibəti necədir?
-Dini bayramları hər kəs öz məsləyinə uyğun keçirir. Bunu kütləvi keçirmək çətindir.
İsveçlilər bütün dinlərə olduğu kimi, İslam dininə də hörmətlə yanaşırlar. Yaşadığım Stokholm şəhərində müsəlmanlar üçün məscid tikilib və İslam dini təbliğ olunur. Burada məscidin nəzdində müsəlmanlar üçün məktəb də fəaliyyət göstərir. Bu, isveçlilərin nə dərəcədə demokrat və digər xalqlara və onların dininə hörmətlə yanaşmasına bir nümunədir.
Ümumilikdə götürdükdə isə isveçlilər dünyada ateist olmaları ilə məşhurdular. Kilsə, əslində, simvolik xarakter daşıyır.
-Yəqin həmişə də olmasa hərdən Vətəndən ötrü darıxan günləriniz olur. Belə olanda ürəyinizdəki Vətən həsrəti niskilini necə yox edirsiniz?
-Muğamlarımızı dinləməklə, televiziya proqramlarını seyr etməklə, soydaşlarımızla vaxt keçirməklə. Əslində, mənim evim Azərbaycanın kiçik bir hissəsidir. Yaxından tanıyanlar və evimdə olanlar, qapıdan girərkən “bu evdə Azərbaycan ab-havası duyulur” deyirlər. Divarlardakı İçərişəhəri əks etdirən tablolar, mədəniyyətimizi, adətlərimizi tərənnüm edən əl işləri, daimi səslənən Azərbaycan musiqisi, otağın bir küncündə od samovarı, musiqi alətlər.....və s. bu kimi evimin bir parçası olan əşyalar mənə Vətəndə olmağımı xatırladır. Bu isə böyük xoşbəxtlikdir.
-Cəmiyyətə inteqrasiya olunmağın əsas şərti dil bilməkdir. Yaşadığınız şəhərdə övladlarınız bu problem qarşısında qalmayıb ki?
-Xeyr. İsveçə gələn hər bir kəs dil kurslarına göndərilir. Yaşadığın ölkənin dilini bilmək mühümdür. Cəmiyyətdə inteqrasiya olmaq və bu axara qoşulmaq üçün dil ən mühüm amildir. Adətən uşaqlar dili daha tez qavrayırlar. Xüsusilə qeyd etmək istəyirəm ki, azərbaycanlılar İsveç dilini digər xalqlara nisbətən tez öyrənmək məharətinə malikdirlər. Bunun əsas səbəblərindən biri Azərbaycan və İsveç əlifbalarının 99% eyni olması, sait və samitlərin tam üst-üstə düşməsinə bağlamaqla yanaşı, azərbaycanlıların yaxşı məktəb görməsi ilə də əlaqələndirirəm.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info