“QHT-lər tam səfərbər olunublar, bütün beynəlxalq təşkilatlara ətraflı məlumat göndərirlər”
Tarix: 05.04.2016 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Milli Məclisin deputatı, ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev son günlər cəbhədəki vəziyyətlə bağlı Trend-ə müsahibə verib.

- Cəbhədə baş verən son hadisələri keçən əsrin 90-cı illərindəki vəziyyətlə necə müqayisə etmək olar?

- 90-cı illərin əvvəllərində Ermənistan havadarlarının köməyi ilə Azərbaycan ərazilərinin bir hissəsini işğal edə bildi. O zaman Azərbaycanın nə nizami ordusu, nə də kifayət qədər silah-sursatı yox idi. Ölkədə siyasi hərc-mərcilik hökm sürür, tez-tez hakimiyyət dəyişikliyi baş verir və iqtisadiyyat tənəzzülə uğrayırdı. Müharibədə uduzmamaq və erməni təcavüzünü dayandırmaq üçün həm güclü orduya, həm də güclü Ali Baş Komandana böyük ehtiyac vardı. Həmin dövrdə ermənilər işğala haqq qazandırmaq üçün Azərbaycanı informasiya blokadasına almağı və xalqımızı mənfi bir obrazda dünyaya təqdim etməyi də bacarmışdılar. Belə bir şəraitdə Dağlıq Qarabağı və ətrafındakı rayonları itirdik.

İndi həm zaman, həm də reallıqlar dəyişib. Nə Azərbaycan əvvəlki kimi zəif vəziyyətdə, nə də Ermənistan torpaqlarımızı işğal etmək gücündə deyil. Bunu aprelin 2-də cəbhə bölgəsində 1994-cü ildən bəri ilk dəfə baş verən iri həcmli döyüşlər bir daha sübut etdi. Azərbaycan ordusu düşmənin hücumunun qarşısını cəsarətlə alaraq bir həmlə ilə on kilometrlərlə ərazimizi işğaldan azad etdi. Hərbçilərimiz düşmənə ağır zərbə vuraraq 100-dən çox işğalçını məhv etdi. Bu gün də Ermənistanın növbəti təxribatının qarşısı uğurla alınıb və ermənilərin 170-dən çox hərbçisi məhv edilib.

- İnformasiya savaşı və diplomatiya sahəsindəki Azərbaycanın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- 90-cı illərdən fərqli olaraq indi informasiya savaşında hər kəs Ermənistanı birmənalı şəkildə müdafiə etmir, əksinə bir çox nüfuzlu media orqanları həqiqəti etiraf edərək Dağlıq Qarabağın və ətraf rayonların işğal altında olduğunu xüsusi vurğulayır. Bu, Azərbaycan adına ciddi uğur sayılmalıdır. Artıq əvvəlki kimi dünya ictimaiyyəti ermənilərin saxta göz yaşlarına və yalanlarına inanmaq istəmir və həqiqəti olduğu kimi dilə gətirir. Bu mənada Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramuntun Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən qoşunlarını çıxarmasının vacibliyi haqqında verdiyi bəyanatı yüksək qiymətləndirir və ona xüsusi minnətdarlığımı bildirirəm. ATƏT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar AŞPA prezidentindən nümunə götürməli və nəhayət özlərində güc tapıb Ermənistanı işğala son qoymağa çağırmalıdırlar.

Ali Baş Komandan cənab İlham Əliyevin aprelin 2-də Təhlükəsizlik Şurasının iclasını keçirməsi və Ermənistanın törətdiyi təxribatlara adekvat qiymət verməsi də beynəlxalq rəyə yaxşı mənada təsir etdi. Əlbəttə, burada XİN və aidiyyatı digər dövlət qurumları da üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirə bilirlər.

Ermənistan yenə də ikiüzlü və məkrli siyasətini davam etdirərək özünü təmizə çıxarmağa, ölkəmizi son hadisələrə görə günahlandırmağa və beynəlxalq ictimai rəyi çaşdırmağa çalışır. Bu işdə bəzi Qərb və xüsusilə rus mətbuatı ermənilərə daha çox dəstək verir. Uzun müddət xarici mətbuata yeridilmiş ermənilərin və ya pul ilə ələ alınmış jurnalistlərin yaydıqları dezinformasiyalarının şahidi oluruq.

Bu gün Şuranın adından Rusiya İctimai Palatasına müraciət edərək Rusiya KİV-lərində Azərbaycan əleyhinə aparılan birtərəfli kapmaniyanın dayandırılmasına təsir etməyi xahiş etdim. Ümid edirəm ki, ermənilər Bakı ilə Moskvanın dostluq münasibətlərini korlaya bilməyəcəklər.

- Cəbhədəki son hadisələrin dərsləri nədir?

- Son hadisələr Azərbaycanın qətiyyətli və güclü Ali Baş komandanı, qüdrətli ordusu və xalq-dövlət birliyini tamamilə yeni çalarları ilə ortaya qoydu. Son hadisələr zamanı dövlətimiz nəyə qadir olduğunu nümayiş etdirə, mövcud potensialını əyani şəkildə göstərə və savaş meydanında sözünü deyə bildi. Ermənistan tam anladı ki, onun işğalçılıq siyasətinin heç bir perspektivi yoxdur və uzun müddət Azərbaycan ərazilərini işğal altında saxlaya bilməyəcəklər.

Ermənistan son günlərdə yaşadıqlarını heç vaxt unutmayacaq. Ordumuzun apardığı uğurlu döyüş əməliyyatları ilə ermənilərin Qarabağı Azərbaycandan birdəfəlik qopartmaq illüziyasına da son qoyuldu. İşğalçılar özgə torpağını tərk edənə qədər daim qorxu içində olacaqlarını bir daha anladılar.

Digər tərəfdən, hamıya gün kimi aydındır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməlidir. Digər halda, regionda müharibənin yenidən başlanması qaçılmaz olacaq. Ermənistan təxribatçı əməllərindən əl çəkmədikcə, torpaqlarımızdan çıxmayınca müharibə təhlükəsi hər an aktual olaraq qalacaq.

Düşünürəm ki, beynəlxalq təşkilatlar və güc dövlətləri yarana biləcək təhlükəni aradan qaldırmaq üçün Ermənistana təzyiq rıçaqlarını artırmalıdırlar. Serj Sarkisyan hakimiyyətini masa arxasında konstruktiv müzakirələrə başlamağa və işğala son qoymağa sövq etməlidirlər. Hesab edirəm ki, Ermənistan Azərbaycan Milli Ordusunun gücünü gördükdən sonra kompromisə getməkdə daha maraqlı olacaq.

- Son hadisələrlə bağlı QHT sektorunun fəaliyyəti adekvatdırmı?

- Şübhəsiz ki, hamımızın birgə səyi ilə, xüsusilə bu mərhələdə ermənilərin informasiya sahəsindəki təxribat və yalanlarının qarşısı alınmalıdır. QHT-lər bu sahədə tam səfərbər olunublar və onlar bütün beynəlxalq təşkilatlara mövcud vəziyyətlə bağlı ətraflı məlumat göndərirlər. Bir qrup QHT isə hadisə baş verən gündən cəbhə bölgəsinə ezam olunub. Onlar cəbhəyanı ərazilərdə yaşayan vətəndaşlarla görüşlər keçiririr və şəhid ailələrini tək qoymamağa çalışırlar. Aprelin 6-da isə Şura BMM-də QHT-lərin toplantısını keçirəcək və cəbhədə yaranmış vəziyyətlə bağlı üzərimizə düşən vəzifələr geniş müzakirə olunacaq.
Ümumiyyətlə deməliyəm ki, Azərbaycan hökuməti, ictimaiyyəti və mediası tam olaraq ayaqdadır və son günlər indiyə qədər olmayan güclü həmrəylik və iş birliyi nümayiş etdirilir. Xalqımızda vətənpərvərlik hissi və ruh yüksəkliyi ən yüksək səviyyədədir. Hamı cəbhəyə gedib torpaqlarımızı işğaldan azad etmək kimi tarixi missiyada iştirak etmək istəyir. Biz bu günü uzun illərdir ki, gözləyirdik. Hamımız Azərbaycanın silahlı qüvvələri, əsgər və zabitləri ilə qürürlanırıq və onlarla fəxr edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi heç zaman unudulmayacaq.




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info