Fikrət Yusifov: “Ömründə bir dəfə xaricdə olmayan insan da son manatını dollar almağa xərclədi...”
Tarix: 06.04.2016 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Mətbuat səhifələrində manat-dollar əlaqələri ilə bağlı çoxlu sayda çıxışlarımız olub. Biz pul-kredit sisteminin bu qədər dollarlaşmasının tam anormal bir hal olduğunu dəfələrlə yazmışıq. Son bir ildən bir qədər artıq vaxt ərzində milli valyutamıza münasibətdə yaranmış inamsızlığın da kökündə məhz pul-kredit sistemimizin bu səviyyədə dollarlaşması dayandı. Manatı dollar qarşısında bu qədər “aciz” bir vəziyyətə gətirib çıxarmaq olmazdı. Lakin təssüf ki, Baş bankın uzaqgörməyən siyasəti bu vəziyyəti yaratdı. Bu qədər dollar-manat bağlılığının yaradılması sanki hər kəsi bir valyuta dilerinə çevrilmiş, peşəsindən, vəzifəsində, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq hamı manat-dollar münasibətlərini izləməyə məhkum edilmişdi. Hər kəs manat-dollar münasibətlərində baş verəcək hər hansı bir dəyişiklikdən maksimum yararlanmaq arzusu ilə prosesləri izləyirdi. İş o yerə çatmışdı ki, manatın devalvasiyasından sonra bəzi özünü çox ağıllı sayanlar, oturub banklarda manatla olan əmanətlərin dollara nisbətən ucuzlaşması hesabına vətəndaşların “itkilərini” hesablamağa başladılar. Belə çıxırdı ki, “itkiyə” yol verməmək üçün bankda manatla əmanəti olan yüz minlərlə insan bu əmanətləri devalvasiyaya qədər çıxarıb dollara çevirməli, devalvasiya qurtardıqdan sonra isə yeni məzənnə ilə yenidən manata çevirməli idilər ki, burada məzənnə fərqi hesabına qazanc əldə etsinlər. Səhv pul-kredit siyasətinin yaratdığı bu atmosfer nəticə etibarıilə bankda əmanəti, əlində başqa şəkildə manatı olan hər kəsi dollar almağa sövq etdi. Ömründə bir dəfə xaricdə olmayan insan da son manatını dollar almağa xərclədi. Nəticədə nə baş verdi? Bütün səviyyələrdə maksimum dollarlaşma baş verdi. Manatın keçən ilin dekabr ayının 21-dəki kəskin devalvasiyası ərəfəsində və ondan sonra isə bu prosess daha böyük vüsət aldı. Əmanətlər maksimum dollara çevrildi, hüquqi və fiziki şəxslər isə əllərində olan bütün manat kütləsini dollara dəyişib, gözləmə mövqeyinə keçdilər. Hər kəs manatın növbəti kəskin ucuzlaşmasını gözləyirdi. Bu dəfə “məzənnə fərqi hesabına daha çox qazanmaq” həvəsi ilə gözləmə mövqeyi tutanların sayı da onların əllərində olan dollar kütləsi də kifayət qədər çox idi. Gözləntilər isə özünü doğrulda bilməzdi. Çünkü yaranmış durumda dövriyyədə çatışmayan dollar deyil, manat idi. Çünkü son bir il ərzində bir tərəfdən böyük həcmdə manat kütləsi dollara çevrilmişdi, digər tərəfdən isə Mərkəzi Bank dövriyyədə manat kütləsini adi normal səviyyədə ola biləcəyindən 3-4 dəfəyə qədər azaltmışdı. Nəticə etibarıilə manata tələbat elə bir həddə gəlib çatmışdı ki, burada onun bahalanmasından başqa nəyisə gözləmək real deyildi. Bu da baş verdi. Bir dolları 1,60 -1,70 manata alıb, onu bir qədər sonra, 2,0 – 2,5 manata sataraq küllü qazanc əldə edəcəklərini düşünənlərin gözləntiləri özünü döğrultmadı. İndi həmən adamlar və həmən müəssisələr əllərindəki dollarları məcburiyət qarşısında 1, 5 manata və bundan aşağı məzənnə ilə satmaq məcburiyyətində qalıblar. Çünkü onlara ölkə daxilində ödənişləri etmək, alış-veriş həyata keçirmək üçün manat lazımdır. Manat isə çox azdır. Hər bir prosess özünün pik nöqtəsinə çatandan sonra bunun əksi baş verir. Bizdə də dollarlaşma özünün son həddinə çatdığından, əks prosess baş verdi.
Bu vəziyyətin yaranmasında Mərkəzi Bankın illər boyu, xüsusilə də ölkəyə böyük neft pulları daxil olduqdan sonra apardığı səhv pul-kredit siyasətinin rolu danılmazdır.

Yaranmış vəziyyətin aradan qaldırılması və manata olan etibarın bərpası yolunda ən düzgün qərarlar isə ölkə Prezidenti tərəfindən qəbul edildi. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması, pul-kredit siyasətinin aparılmasında yanlışlıqlara yol vermiş Baş bankın yenidən təşkili və onun bir çox səlahiyyətlərinin əlindən alınaraq, yeni Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi, əmanətlərin tam sığortalanması kimi qətiyyətli qərarlar manata olan inamın bərpasına yönəli addımlar idi.

İndi maliyyə bazarında sabitliyin yaranması, manata olan inamın bərbası Maliyyə Bazarlarına Nəzarət Palatasının qəbul edəcəyi qərarlardan çox asılı olacaqdır. Artıq ilk addım atıldı. Bizim də dəfələrlə irəli sürdüyümüz bir təklif qəbul edildi. Aprelin 4-də Nəzarət Palatasının Direktorlar Şurasının qərarı ilə banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi bir ay müddətinə dayandırıldı. Bu çox doğru bir qərardır. Biz onu alqışlayırıq. Bu xarici valyutada bankların vətəndaşlara zorla sırıdıqları kreditlərin qarşısında sədd çəkən ilk qətiyyətli adımdır. Hesab edirik ki, çəkinmədən bu qərarı birdəfəlik də qəbul etmək olardı. Sadəcə olaraq burada banklara xarici valyutada gəliri olan hüquqi və fiziki şəxslərə xarici valyutada kreditlər verməyi qadağan etmək lazım deyildi. Kimin xarici valyuta ilə qazancı varsa, qoy o gedib xarici valyutada da krediti ala bilsin. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasına tövsiyyə edirik ki, bir ayın tamamında, bu qərarın bundan sonra, heç vaxt dəyişməyəcəyi barəsində, yeni bir qərar qəbul etsinlər. Çəkinməsinlər. Bunu ölkə Konstitusiyasının da tələbidir. Ölkənin bank-maliyyə sistemini dollar xəstəliyindən qurtarmağın yeganə yolu bu tipli, qətiyyətli qərarların qəbulundan və icrasından keçəcəkdir. Direktorlar Şurası eyni qaydada əmanətlərin də xarici valyutada qəbulu barəsində qətiyyətli addımlar atmalıdır. Unutmaq olmaz ki, bu məsələdə tərəzinin iki gözü var. Banklarda xarici valyutada kreditlər verilməsi və xarici valyutada əmanətlər qəbulu arasında tarazlıq yaratmaq üçün, tərəzinin hər iki gözü yüklənməlidir. Daha döğrusu, xarici valyutada kreditlərin verilməsinə qadağa qoyulursa, deməli əmanətlərin də xarici valyutada qəbuluna məhdudiyyət qoyulmalıdır. İnanaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası yaxın günlərdə bu istiqamətdə də aidiyyatı addımlar atılacaqdır.


Fikrət Yusifov
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar
Birliyinin sədri, iqtisad elmləri doktoru, professor




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info