Vətəndaş cəmiyyəti institutlarmız beynəlxalq təşkilatlara müraciət etdilər
Tarix: 06.04.2016 | Saat: 21:49:00 | E-mail | Çapa göndər


Azərbaycan qeyri-hökumət təşkilatları beynəlxalq təşkilatlara müraciət qəbul ediblər. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından bildirilən məlumatda bu barədə deyilir ki, müraciət BMT-nin baş katibi cənab Pan Gi Muna, ATƏT-in fəaliyyətdə olan sədri cənab Frank Valter Ştaynmayerə, ATƏT PA-nın prezidenti cənab İlkka Kanervaya, NATO-nun baş katibi cənab Yens Stoltenberqə, Avropa Şurası Parlament Assambleyasının prezidenti cənab Pedro Aqramunta, Avropa Şurasının prezidenti cənab Donald Taska, Avropa Parlamentinin prezidenti cənab Martin Şultza, ABŞ-ın prezidenti cənab Barak Obamaya, Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putinə, Fransa prezidenti cənab Fransua Olanda ünvanlanıb. Müraciətdə belə bildirilir: “Məlum olduğu kimi, Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ (4.4 min kv. km) və ətraf 7 rayonu (Ağdam, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl) daxil olmaqla ümumilikdə 17 min kv. km ərazisini işğal edib. Ötən illər ərzində Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 min nəfərdən artıq azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 4011 nəfər itkin düşmüşdür. İşğal olunmuş ərazilərdən 1 milyon dinc sakin məcburi köçkünə çevrilmişdir. 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs haqqında saziş imzalanıb. Atəşkəs sazişinin imzalanmasına baxmayaraq, Ermənistanın silahlı qüvvələri ötən illərdə mütəmadi olaraq Azərbaycanın yaşayış məntəqələrini atəş tutmağa, dinc, mülki əhalini öldürməyə davam ediblər. 2 aprel 2016-cı il tarixində Ermənistan silahlı qüvvələri növbəti dəfə atəşkəs haqqında razılığı kobud şəkildə pozaraq Azərbaycanın yaşayış məntəqələrinə, qaçqın düşərgələrinə və qoşunların təmas xətti boyunca mövqelərinə ağır texnikadan və artilleriyadan istifadə edərək hücuma keçiblər. Qeyd edək ki, hazırda qoşunların təmas xətti Azərbaycanın BMT tərəfindən tanınan sərhədləri daxilində, yəni bizim ərazilərimizdən keçir. İşğalçıların nəzarət etdikləri ərazilərdə təmas xətti boyunca mülki əhali yaşamır. Qoşunların təmas xəttinin Azərbaycanın nəzarətində olan ərazilərində isə yüz minlərlə insan məskunlaşıb. Xüsusilə vurğulamaq istəyirik ki, indiyədək bütün hərbi əməliyyatlar Ermənistanın deyil, Azərbaycanın ərazilərində aparılıb. Ermənistanın təxribat xarakterli hücumu nəticəsində son 3 gün ərzində 10 mülki şəxs və 31 hərbiçimiz həlak olub, onlarla insan yaralanıb, 200-dən artıq şəxsi ev və ictimai bina dağıdılıb. Ermənistan mülki vətəndaşlara və obyektlərə atəş açmaqla Cenevrə konvensiyasının tələblərini kobud şəkildə pozur.
Aprelin 3-də Azərbaycan beynəlxalq qurumların təkidli müraciətlərini nəzərə alaraq və münaqişənin danışıqlar yolu ilə həllinə sadiqliyini bir daha nümayiş etdirərək işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırıb. Ancaq təəssüflər olsun ki, Ermənistan silahlı qüvvələri təmas xətti boyunca Azərbaycanın mövqelərinə artilleriya da daxil olmaqla, ağır silahlardan atəş açmaqda və yeni-yeni təxribatlara əl atmaqda davam edir. Aprelin 5-də Azərbaycanın təkrarən atəşkəs elan etməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri mülki əhalinin yaşadığı məntəqələri artilleriya atəşinə tutmaqda davam edir.
Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə çatdırıb ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu vəziyyətin pisləşməsinə əsas səbəb olaraq qalır və regionda sülh və sabitliyə ciddi təhlükə yaratmaqda davam edir. Ermənistanın ardıcıl olaraq təxribatlar törətmək və işğal olunmuş ərazilərdə özünün hərbi mövcudluğunu gücləndirmək, erməni əhalini bu ərazilərə köçürməklə demoqrafik vəziyyəti süni şəkildə dəyişdirmək, qanunsuz iqtisadi və digər fəaliyyətlərlə məşğul olmaqda başlıca məqsədi Azərbaycan ərazilərinin ilhaqını və status-kvonu saxlamaqdır. ATƏT-in həmsədr ölkələrinin rəhbərləri – ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Fransua Oland dəfərlərlə bəyanatlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun dəyişdirilməsinin vacib olduğunu vuğulayıblar. Lakin Ermənistan bu çağırışlara məhəl qoymayıb.
Münaqişənin həlli üçün başlıca əsaslar BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993), həmçinin BMT Baş Assambleyasının 62/243 (2008) saylı qətnamələrində təsbit edilib. Sözügedən qətnamələrdə BMT Dağlıq-Qarabağ regionunun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq edib və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib.  Ancaq təəssüflər olsun ki, 20 ildən çoxdur ki, beynəlxalq hüququn normalarını pozmaqda və Azərbaycan ərazilərini işğalda saxlamaqda davam edən Ermənistana qarşı heç bir təsirli addım atılmamışdır. Bu cəzasızlıqdan ruhlanan təcavüzkar Ermənistan isə qanunsuz əməllərini davam etdirməkdədir.
Aprelin 4-də Avropa Şurası Parlament Assambleyası qoşunların təmas xəttində döyüşlərin başlamasından narahatlığını bildirib və Ermənistanı hərbi birləşmələrini işğal edilmiş Azərbaycan ərazilərindən çıxartmağa çağırıb.
Biz, Azərbaycan QHT-ləri Sizə müraciət edərək Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməsi, silahlı qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən qeyri-şərtsiz və tamamilə çıxartması üçün müvafiq təsirli tədbirlər görməyə çağırırıq. Yalnız bundan sonra regiona həqiqi sülh gələ bilər”.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info