“İpəkçilik kiçik sahibkarlığın inkişafında mühüm əhəmiyyətə malikdir”
Tarix: 15.04.2016 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Elmlər doktoru Allahverdi Seyidov: “Baramanın ilkin emalının və xam ipəyin istehsalının xammal mənbələrinə yaxın yerləşdirilmiş kiçik müəssisələr tərəfindən təşkil olunması daha faydalıdır”

Ölkədə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı prioritetdir. Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı ölkə başçısı bildirdi ki, baramaçılıq kimi çox vacib olan kənd təsərrüfatı sahəsini də itirmişik: “Həmçinin baramaçılıq sektoru da inkişaf etməlidir. Sovet vaxtında bir sıra rayonlarda bu sahə çox uğurla inkişaf edirdi, bol məhsul əldə olunurdu və insanlar yaxşı pul qazanırdılar”.

Mütəxəssislərimiz bu sahənin inkişafının vacibliyini bildirir. Müsahibimiz sabiq Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun direktoru, hazırda ARKT-nin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu nəzdində "Arıçılıq" Mərkəzinin rəisi, aqrar elmləri doktoru Allahverdi Seyidov bu sahədə mövcud problemlər və inkişaf perspektivləri ilə bağlı fikirlərini bildirdi. Qeyd edək ki, hətta o “İpəkçiliyin İnkişaf Konsepsiyası” layihəsini də hazırlayıb.
-Azərbaycanda ipəkçiliyin inkişaf tarixi və mövcud vəziyyəti ilə bağlı məlumat verərdiniz?
- İpəkçilik Azərbaycan iqtisadiyyatının ənənəvi gəlirli məşğuliyyət sahələrindən biridir. Müasir dövrdə ekoloji təmiz məhsul istehsalına tələbatın artması ilə ipəkçiliyin inkişafı daha da aktuallaşıb. İpəkçiliyin digər üstünlüyü isə məhsul istehsalının tullantısız olmasıdır. İstehsal prosesinin hər bir mərhələsində əldə olunmuş həm əsas məhsul, həm də əlavə məhsul yenidən istehsal prosesində istifadə olunur. İpəkçiliyin inkişaf etdirilməsi zərurəti iqtisadi amillərlə yanaşı, həm də mədəni və tarixi amillərlə də bağlıdır. İpəkçilik sənaye sahəsi kimi birbaşa iqtisadi fayda gətirməklə yanaşı, ölkənin tarixinin və mədəniyyətinin bir parçası olmaqla, turizmin inkişafında, tarixi ənənələrin qorunub saxlanmasında müsbət təsirlərə malikdir. Azərbaycanda ipəkçilik tərkibində elmi-tədqiqat ipəkçilik institutu, damazlıq stansiyaları, barama toxumu (qrena) zavodları, rayon barama tədarükü və qurutmaxanaları, ipəkçilik idarələri, tinglik təsərrüfatları və emal müəssisələri daxil olmaqla vahid kompleks şəklində fəaliyyət göstərib.
İpəkçilik kompleksi respublikanın 60 rayonunda baramaçılıq şəbəkəsi yaratmağa nail olub və bunun nəticəsi olaraq 1991 - ci ildə ölkədə yaş barama istehsalı 6 min tona çatıb. Ordubad Baramaaçma Fabrikinin fəaliyyətini dayandırması, Qarabağ İpək Kombinatının yerləşdiyi Xankəndi şəhərinin işğal olunması və Şəki İpək Kombinatının fəaliyyətində çətinliklərin yaranması səbəbindən sonrakı dövrlərdə baramaya olan tələbat kəskin azalıb. Hər hektardan yarpaq məhsuldarlığı 5-7 ton, ümumi sahəsi 23476 hektar təşkil edən tut (çəkil) bağları tədricən yararsız vəziyyətə düşüb. Yaş barama istehsalı 1992-ci ildən (5200 ton) etibarən azalmağa başlayıb, 2010-cu ildə ölkədə cəmi 5 ton, 2012-ci ildə isə 7 ton yaş barama istehsal edilib. Kümçü təsərrüfatların bu sahəyə maddi marağını və xammalın istehsal həcmini artırmaq üçün baramanın əsas alıcısı olan “Şəki İpək” ASC yaş baramanın alış qiymətini 2004-cü ildə 1.2 manatdan 2008-ci ildə 3.0 manatadək qaldırıb. Yaş baramanın alış qiymətinin hər kiloqram üçün 3 manat müəyyənləşdirilməsinə baxmayaraq, enerji daşıyıcılarının və s. qiymətlərin bahalaşması kənd əhalisinin barama yetişdirilməsinə marağını azaldıb. 2010-cu ildə ölkəyə idxal edilmiş 7.8 min ABŞ dolları dəyərində 0.8 ton quru baramanın 1 kiloqramının gömrük dəyəri isə təqribən 9.75 ABŞ dolları təşkil etmişdi.
2010-cu ilədək Respublikada il ərzində istehsal olunan barama yeganə fəaliyyət göstərən ipəkçilik müəssisəsi sayılan “Şəki İpək” ASC-nin tələbatını ödəmədiyi üçün müəssisənin tam gücü ilə fasiləsiz işləməsini təmin etmək məqsədi ilə Özbəkistan və İrandan barama idxal olunub. Sahənin əsas problemlərindən biri ölkə ərazisində baramaçılığın və ipək bazarının zəif inkişaf etməsidir. Belə ki, daxili bazarda baramanın bir alıcısı olması və qiymətin rəqabət əsasında formalaşmaması istehsalçıların baramaçılığa olan marağının azalmasına təsir edən amillərdən biridir.
İpəkçilik üzrə aparıcı ölkələrdən hesab olunan Çin, Hindistan və Özbəkistan təcrübələri göstərir ki, ipəkçilikdə kiçik sahibkarlığın inkişafı mühüm əhəmiyyətə malikdir. Belə ki, baramanın ilkin emalının və xam ipəyin istehsalının xammal mənbələrinə yaxın yerləşdirilmiş kiçik müəssisələr tərəfindən təşkil olunması daha faydalıdır. Azərbaycanda isə xam ipəyin istehsalı bu günədək, əsasən, iri müəssisələr tərəfindən həyata keçirilmişdir. Bununla yanaşı, Çin və Hindistanda ildə, əsasən, 2 dəfə barama yetişdirildiyi halda, ölkəmizdə də bu imkanlar mövcud olduğu halda, ildə cəmi bir dəfə barama yetişdirilir. Məhz bu baxımdan baramaçılıqda intensiv texnoloji metodların tətbiqi hesabına məhsuldarlığın yüksəldilməsi vacibdir. Bunu nəzərə alaraq, sabiq Elmi-Tədqiqat İpəkçilik İnstitutunda bu problemlə bağlı, daha dəqiq desək, 1 ildə 2-3 dəfə barama istehsalına dair təkliflər paketi də hazırlanıb.
Təsərrüfat subyektləri tərəfindən aqrotexniki normalara düzgün riayət olunmaması, tut (çəkil) ağaclarının məhsuldarlığının və yarpaqlarının keyfiyyətinin aşağı olması, eyni zamanda yerli cins və hibridlərdən istifadə edilməməsi də məhsul istehsalının həcminin artırılmasına mənfi təsir göstərir. “Şəki İpək” ASC-nin məlumatına əsasən, 2010-cu ildə xarici mənşəli tut ipəkqurdunu yemləndirən 267 təsərrüfat subyektinin 200-dən çoxunda yemləndirmə aqrozootexniki normalara uyğun aparılmamış, nəticədə təsərrüfat subyektlərində yaş barama istehsalı 15-30 kq arasında olmuşdur. Hansı ki, bu göstərici 80 kq-dək yüksələ bilərdi.
Azərbaycanda mövcud olmuş ipəkçilik kompleksi Elmi Tədqiqat İpəkçilik İnstitutu, Gəncə və Qax damazlıq ipəkçilik stansiyası, 7 qrenzavodu, 30-dək rayon barama qurutmaxanaları, bunların əhatə etdiyi 80-ə yaxın barama tədarükü və ilkin emalı məntəqələri, 4 tinglik təsərrüfatı, 31 ipəkçilik idarəsi, Ordubad baramaaçma fabriki, Qarabağ və Şəki İpək Kombinatlarını əhatə etmişdir.
-İpəkçiliyin inkişaf potensialı və mövcud problemlər barədə nə deyərdiniz?
- Baramaçılığın inkişaf etdirilməsi və tut plantasiyalarının genişləndirilməsi üçün ən əlverişli rayonların müəyyənləşdirilməsi məqsədi ilə tut plantasiyalarının və baramaçılığa maraq göstərən təsərrüfat subyektlərinin mövcud olması meyarları əsas götürülərək aparılmış qiymətləndirmələr əsasında respublikanın 14 rayonunda şəraitin hazırkı mərhələdə daha əlverişli olduğu üzə çıxarılıb. Hazırda respublikada mövcud olan tut bağlarının, demək olar ki, əksər hissəsi seçilmiş rayonlarda yerləşir və 2004-2010-cu illərdə 4920 min yeni tut tinginin 4104 min ədədi (83%) həmin rayonlarda əkilib. Eyni zamanda tut ipəkqurdunun bəslənilməsi üçün tələb olunan hava şəraiti bu rayonlarda may ayından noyabr ayınadək bir neçə dəfə tut ipəkqurdu bəsləməyə imkan verir.
İpək sənayesinin səmərəli təşkili üçün baramaçılığın inkişaf etdiriləcəyi ərazilərdə ipəkçiliklə məşğul olan aqrar sənaye klasterlərinin yaradılması məqsədəuyğundur. Aparılmış təhlillər nəticəsində ipəkçiliklə bağlı bir sıra problemlər üzə çıxarılıb. Belə ki, baramaçılığın yem bazasını təşkil edən çəkil plantasiyalarının əsasən yaşlı və az məhsuldar olması, bağların müasir tələblərə cavab verməməsi, torpaqların xüsusi mülkiyyətlərdə olması ilə əlaqədar yeni tut bağlarının salınması problemləri, damazlıq barama toxumu stansiyalarında müasir tələblərə cavab verən avadanlıqların olmaması, barama toxumu zavodlarının bina və zəruri avadanlıqlarının keyfiyyətli məhsul istehsalına imkan verməməsi, baramanın bazar qiymətinin baramaçılıq təsərrüfatlarını maraqlandıracaq səviyyədən aşağı olması və barama bazarının monopsonik strukturu, baramaçılığın aşağı gəlirli fəaliyyət növü olması və barama istehsalının kəskin azalmasını göstərmək olar. Həmçinin buraya baramaçılıqla məşğul olan təsərrüfat subyektlərinin texniki biliklərinin az olması, kümçü təsərrüfatlarında tut ipəkqurdu toxumundan optimal miqdarda barama əldə etməyə imkan verən kümxanaların, (uzunömürlü metal rəflərin, süni şaxlama materiallarının) çatışmazlığı daxildir.
-Sizin müəllifi olduğunuz Konsepsiyaya görə, ipəkçiliyin inkişafının məqsədləri və strateji hədəfləri hansılardır?
- Əsas məqsəd ipəkçiliyin dayanıqlı əsaslarla inkişafına nail olmaq, eyni zamanda təsərrüfat infrastrukturunun müasirləşdirilməsi, intensiv metodların tətbiqi, sahibkarların bilik və bacarıqlarının artırılması yolu ilə məhsul istehsalının keyfiyyətinin və həcminin artırılmasından ibarətdir. Məqsədlərə gəldikdə, burada baramaçılıq və ipəkçilik sənayesinə investisiyaların cəlb olunması, baramaçılıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektlərinin mənfəətlə işləməsi üçün əlverişli biznes mühitinin və səmərəli iqtisadi dəstək mexanizminin formalaşdırılması, ipəkçilik sənayesi ilə məşğul olan kiçik sahibkarlıq subyektlərinin yaradılması, ipəkçilik sahəsində rəqabətin gücləndirilməsi və antiinhisar tədbirlərinin həyata keçirilməsi, mövcud bağlarda bərpa və yenidənqurma işləri aparmaqla çəkil ağaclarının məhsuldarlığının artırılması, baramaçılıqda intensiv metodların tətbiqi hesabına kümçü təsərrüfatlarda barama istehsalının məhsuldarlığının yüksəldilməsi, ipəkçiliyin texniki-texnoloji səviyyəsinin müasir standartlar səviyyəsinə çatdırılması, əhalinin iş yerləri ilə təmin edilməsi, kənd ərazilərinin sənayeləşməsi və sosial-iqtisadi inkişafına dəstək öz əksini tapıb. Bundan başqa, təsərrüfat subyektlərinin zəruri biliklər və informasiya ilə təmin edilməsi, ipəkçilik sahəsində elmi tədqiqatlarla sahibkarlıq fəaliyyəti arasında əlaqələrin inkişaf etdirilməsi, ipəkçilikdə texnopark yaradılması, ixracın diversifikasiyasında ipəkçilik məhsullarının rolunun artırılması, Azərbaycannın ekoloji təmiz məhsul istehsal edən ölkə kimi mövqeyinin möhkəmləndirilməsinə dəstək, regionlarda məşğulluğun artırılması məqsədi ilə yeni istehsal müəssisələrinin yaradılması və fəaliyyətini dayandırmış müəssisələrin bərpası ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi də buraya daxildir.
Yeni iş yerlərinin yaradılması üçün regionlara investorların cəlb olunması məqsədi ilə investisiya imkanlarının araşdırılması və investorlara təqdim ediləcək konkret investisiya imkanlarının hazırlanması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, regionlarda barama istehsalı koperativlərinin yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, tingçilik və damazlıq təsərrüfatlarının inkişaf etdirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi, sahəni aşağı ixtisaslı kadrlarla təmin etmək üçün texniki-peşə təhsilinin yaradılması da buraya daxildir.
Konsepsiyada 2020-ci ilədək bir sıra strateji hədəflərə nail olunması qarşıya qoyulub. Bunlar, əsasən, illik quru barama istehsalının həcminin təxminən 500 tona çatdırılması, Azərbaycanda istehsal olunmuş ipəkçilik məhsullarının dünya bazarında ən yüksək rəqabətqabiliyyətli məhsullar sırasına çatdırılmasına nail olmaq, dayanıqlı inkişaf edən ipəkçilik klasterlərinin yaradılmasıdır. Həmçinin burada ipəkçilik məhsullarının “dərin istehsal”ının təşkil olunması, elektrotexnika, radiotexnika, kinematoqrafiya, aviasiya, kosmonavtika, dəqiq cihazlar və kabel istehsalı, səhiyyə və digər sahələr üçün tələb olunan spesifik ipəkçilik məhsullarının ölkə daxilində istehsal olunma imkanlarının genişləndirilməsi, ipəkçilik sahəsində elmi-tədqiqatların genişləndirilməsi, ipəkçiliyin elm tutumunun artırılması öz əksini tapıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info