Sahibkarlar baramaçılığın inkişafında maraqlıdır
Tarix: 15.04.2016 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Elvüsal Mahmudov: “Xaricdən gətirilən barama toxumlarının fermerlərə ödənişsiz verilməsi dövlətin sahibkarlara böyük jestidir”


Son illər ipəkçilik sənayesinin digər sahələrə nisbətdə zəif inkişaf etməsi ölkədə baramaçılığın da zəifləməsinə səbəb olub. Yeni iqtisadi şəraitin yarandığı Azərbaycanda ölkə başçısının həyata keçirdiyi ardıcıl iqtisadi islahatların tərkib hissəsində bu sahəyə də ayrıca diqqət ayrılmağa başlanıb. Təsadüfi deyil ki, sovet dövründə ölkədə bir ildə 6 min  ton barama istehsal edildiyi halda, indi bu rəqəm dəfələrlə azalıb. Bir zamanlar Şəkidə 1 ildə toxunan parçanın uzunluğu Yer kürəsinin diametrinə bərabər idi, indi kəlağayıdan başqa, demək olar ki, heç nə toxunmur. Bu gəlirli sahənin yenidən dirçəldilməsi üçün artıq müvafiq işlərin görülməsinə də başlanılıb.
İş adamlarının, kiçik biznesə yatırım qoymaq istəyən, gəlirli sahələrin axtarışında olan sahibkarların kənd təsərrüfatının bu sahəsinə maraqlarının olub-olmaması ilə maraqlandıq. Kənd təsərrüfatının bütün sahələri dövlət tərəfindən islahatlarla inkişaf etdirilsə, bunun sahibkarlar üçün böyük dəstək olacağını deyən “Kraun KO-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Elvüsal Mahmudovla söhbətimizdə münbit şəraitin yaradılacağı təqdirdə istənilən sahibkar və ya kiçik bizneslə məşğul olan şəxsin baramaçılığa da əlavə vəsait ayıra biləcəyini söylədi:
-Bildiyiniz kimi hazırda mən və təmsil etdiyim MMC sırf taxılçılıq, toxum işləri ilə məşğuluq. Amma bu ona əsas vermir ki, biz sahibkarlar digər sahələrə də maraq göstərməyək. Yeni iqtisadi şəraitin yaranması fonunda artıq ölkəmizdə neft amili ikinci plana keçib. Ölkədə yerli istehsalın səviyyəsinin qalxması, inkişafı üçün dövlətimiz var- gücü ilə çalışır və ölkə başçısı da həyata keçirilən islahatlarla sübut edir ki, Azərbaycan neftdən asılı ölkə olmayacaq. Yəni dünyada gedən siyasi proseslərin nəticəsi olaraq neftin dəyərdən salınması ölkəmizin gəlirlərinə mənfi təsir etsə də, bunu digər sahələrin inkişaf etdirilməsi ilə kompensasiya edə bilərik. Nə etməli? Əlbəttə ki, düzgün vurğuladığınız kimi baramaçılıq, balıqçılıq, qara kürü istehsalı və digər gəlirli sahələri önə çəkməklə büdcəyə pul axınının artmasına şərait yarada bilərik, yerlərdə insanların yeni iş yerləri ilə təmin edilməsi halları da çoxala bilər. Kənd təsərrüfatının bütün sahələri vacibdir. Burada fərq qoymaq o qədər də düzgün olmaz. Amma, hazırda baramaçılığın inkişaf etdirilməsi üçün hərəkətə keçilibsə, iş adamları, kənd təsərrüfatı mütəxəssisləri, sahibkarlar əl-ələ verib bu sahəni dirçəldə bilərik.
-Sahibkarlıq fəaliyyətinin sirləri ilə yanaşı kənd təsərrüfatına da yaxşı bələdsiniz. Hazırda baramaçılıqla bağlı yaranmış bəzi problemlərin həlli üçün hansı tədbirlər görülə bilər?
-Öncə onu deyim ki, baramaçılıq elə bir sahədir ki, burada müəyyən mənada geniş çeşidlərin istehsalı nəzərdə tutulmasa da, iş yerləri, sadə adamların hər il gəlirlərinin artması ilə bağlı təminat var. Belə bir sadə misal deyim. Bir kəndli pomidor əkir və onu bazara çıxaranda bəlli olur ki, bu yaz və ya yay pomidor bol olmaqla yanaşı Türkiyədən də xeyli sayda pomidor gətirilib. O artıq məhsulu ucuz satmağa məcbur olacaq. Amma yaş barama elədir ki, o belə problemlə rastlaşmır. Yetişdirirsən və konkret gəlirinin nə qədər olacağını əvvəlcədən bilirsən. Bundan başqa, əvvəllər bizdə kənd yerlərində baramaların sakinlərdən alınaraq tədarük edilməsi mexanizmi var idi. Bunu bərpa etmək olar. Fərq qoymaq olmaz ki, baramaçılıq üçün ideal yer, bölgə olmalıdır. Bu barədə ayrı-seçkilik yaradılmamalıdır. Bu axı maldarlıq deyil ki, otlaqlara ehtiyac ola və s. Bütün rayonlarda bunu bərpa etmək mümkündür. Hətta yadımdadır ki, mənim böyüdüyüm yaşıllıqlar sarıdan kasadlıq olan Ucar rayonunda kəndlərdə işsizliyin yüksək olduğu, gəlirin az olduğu 90-cı illərin əvvəllərində kənd sakinləri necə həvəslə bu işlə məşğul olurdular, hər kəs həyətində tut ağacları əkmişdi ki, onun da yarpaqları vasitəsilə barama qurdunu bəsləyib, yetişdirib hazır baramanı sexlərə təqdim edirdilər. Buna misal olaraq konkret Rəstəcə kəndini də göstərə bilərəm. Yəni bizdə bu ənənə var. Hətta ucqar kəndlərdə belə, bu işlə məşğul olublar. Çox təəssüf ki, 90-cı illərin əvvəllərindəki hakimiyyətin yarıtmaz fəaliyyəti nəticəsində əksər ferma, zavod, sex və digər mühüm sosial obyektlər kimi, baramaçılığa aid zavodlar, iş yerləri də dağıldı, baxımsızlıq və diqqətsizliyin nəticəsində bu sahə az qala tamamən unudulacaqdı. Artıq kəndli baramanı hara təhvil verəcəyini bilmirdi. Bildiyim qədəri ilə hazırda əsasən şimal rayonlarında baramaçılıq nisbətən inkişaf etdirilir. Kənd Təsərrüfatı Nazirliyinin bu il sözügedən sahəylə bağlı yaydığı məlumat da diqqətimi çəkib. Məlumat da bildirib ki, 2016-cı ildə ölkədə 70-75 ton barama istehsal olunacağı gözlənilir. Bunun üçün Çin, İran və Özbəkistandan ölkəyə barama toxumları gətiriləcəyi də bəyan edilib. Onu da deyim ki, məndə olan məlumatlara görə, bu toxumlar inkubasiya dövrünü keçdikdən sonra fermerlərə verilir. Nazirliyin bəyanatında bu toxumların fermerlərə ödənişsiz veriləcəyi bildirilir. Bu, ən gözəl addım kimi qiymətləndirilməlidir. Bu hal baramaçılığı daha da inkişaf etdirəcək və bunu fermerlər üçün böyük jest kimi qiymətləndirirəm. Onu da vurğulayım ki, Nazirlər Kabinetinin haqqında söhbət açdığım sahə ilə bağlı qərarına əsasən, bu ildən etibarən 1 kq yaş barama fermerlərdən  3-4 manata deyil, 8 manata alınacaq. Bütün bunlar cazib görünsə də, tezliklə barama toxumlarının xaricdən gətirilməsini də məhdudlaşdırmaq lazımdır. Yəni Şəkidə, Zaqatalada hətta Ağdaşda barama toxumları zavodlarının olduğu bəllidir. Zənnimcə, belə zavodların sayını da artırmaq olar.
- Sizin MMC-nin hansı təcrübəsi baramaçılığa yardım ola bilər?
-Mən bir qədər haşiyə çıxaraq sizə MMC ilə bağlı qısa bir xatırlatma etmək istərdim. Haqlısınız, bəlkə də taxılçılıqda tətbiq olunan bəzi metodları, görülən işləri barama toxumlarının fermerlərə xaricdən yox, elə buradaca hazırlanıb verilməsində tətbiq eləmək olar. Bunun üçün sırf məşğul olduğum taxılçılıq, toxumçuluqla bağlı təcrübəmizdən söz açmaq istərdim. Bilirsiniz ki, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində ən mühüm şərtlərdən biri taxıl istehsalının artırılmasıdır. Bu baxımdan məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı, yüksək reproduksiyalı taxıl toxumlarının istehsalı böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə respublikamızda mühüm tədbirlər də həyata keçirilir, yeni toxumçuluq təsərrüfatları yaradılır, onlar müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunurlar. Belə müəssisələrdən biri də 2015-ci ilin oktyabrında Beyləqan və Füzuli rayonları ərazisində yaradılmış bizim “Kraun KO-1” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Biz artıq bu işin mükəmməlləşdirilməsi üçün, xaricdən toxum idxalının azaldılması istiqamətində ciddi işlər də görürük. Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində “Asadov Capital Azerbaijan” MMC-yə məxsus taxıl terminalında icarə əsasında fəaliyyət göstərən toxumçuluq müəssisəmizdə Almaniya istehsalı olan avadanlıqlar quraşdırılıb. İstehsal gücü sutkada 120 ton olan müəssisədə, həmçinin hər biri 2,5 min tonluq 4 taxıl bunkeri var. Burada toxumların təmizlənməsi, dərmanlanması və paketlənməsi həyata keçiriləcək. Bu il 5 min tondan çox toxum istehsal edilməsi nəzərdə tutulur. İstehsal edilən super elit, elit və R-1 reproduksiyalı toxumlar həm “Kraun KO-1” MMC-nin tələbatını ödəyəcək, həm də Beyləqan, Füzuli və ətraf rayonlarda taxılçılıqla məşğul olan fermerlərin toxumla təmin edilməsində mühüm rol oynayacaq.
Füzuli rayonu ərazisində aqrotexniki qaydalara əməl olunmaqla 10 min hektarda taxıl səpini həyata keçirilib. Səpin zamanı, əsasən, yerli şəraitə uyğunlaşdırılmış “Azəri”, “Qobustan”, “Bərəkətli-95”, “Krasnodar-99”, “Nota” və digər sortlara üstünlük verilib. Taxıl əkilmiş sahələrə daim nəzarət olunur, buğdanın məhsuldarlığına və keyfiyyətinə təsir edən xəstəliklərə, zərərvericilərə və alaq otlarına qarşı mübarizə tədbirləri aparılır. Onu da deyim ki, 2015-2016-cı il taxıl istehsalı dövründə təsərrüfatda əksəriyyəti məcburi köçkünlər olmaqla, 400 nəfərə yaxın insan işlə təmin olunub.
Xatırlayırsınızsa, ilin əvvəlində dövlətimizin başçısı ölkənin taxıla olan tələbatının tam ödənilməsi üçün real tədbirlərin görülməsi, iri taxılçılıq təsərrüfatlarının yaradılması prosesinin sürətləndirilməsi, yeni intensiv texnologiyaların geniş tətbiq edilməsi kimi tapşırıqlar verdi. Bu da biz sahibkarların qarşısında mühüm vəzifələr qoyur. Fürsətdən istifadə edib aqrar sahəyə, sahibkarlığa göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Yaradılan şərait müqabilində taxıl və toxum istehsalında yüksək nəticələrə nail olmağa, ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfəmizi verməyə çalışacağıq. Bizim təcrübəmizi, yaratdığımız sistemi, statistikaları boş yerə nümunə göstərmədim. Bilirsiniz bu nə deməkdir? Bu, indi baramaçılıqla, barama toxumlarının xaricdən gətirilməsi ilə bağlı olan çətinliklərin gələcəkdə aradan qaldırılmasında əla nümunədir. Azərbaycan ipəyi hələ sovet dönəmində öz adından söz etdirə bilib və lazım gəlsə, biz sahibkarlar məşğul olduğumuz sahələrdən asılı olmayaraq baramaçılığın inkişafına da öz töhfəmizi verməyə hazırıq”.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info