Quşçuluq təsərrüfatlarının inkişafı üçün 1 milyard manat kredit verilib
Tarix: 16.04.2016 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Qeyri-neft sektorunun ən vacib sahələrindən olan kənd təsərrüfatının inkişafı bu gün hər zamankından daha da çox prioritetdir. İstər daxili tələbat, istərsə ixraca görə, kənd təsərrüfatı sahələrinin genişləndirilməsi üçün Azərbaycanda əlverişli təbii şərait mövcuddur. Ayrıca bu sahələrin maddi-texniki bazasının qurulması üçün dövlət tərəfindən daimi dəstək göstərilir.
Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev də indiki şəraitdə kənd təsərrüfatının inkişafının önəmli olduğunu xüsusi vurğulayıb. Dövlət başçısı qeyd edib ki, kənd təsərrüfatının sektorları inkişaf etdirilməlidir. Bu baxımdan respublikada kənd təsərrüfatının əsas sahələrindən olan quşçuluğun inkişafı da diqqəti çəkir. Quşçuluq Azərbaycanda qədim tarixə və ənənələrə malik kənd təsərrüfatı sahələrindən biridir. Quş əti (toyuq, hinduşka (hind toyuğu), qaz, ördək əti və s.) Azərbaycan mətbəxində ən çox istifadə edilən ət növlərindən biri hesab olunur. Respublikada quşçuluğun daha da inkişaf etdirilməsi daima dövlətin diqqət mərkəzindədir. Lakin Azərbaycanda quşçuluq təsərrüfatında, əsasən, sənaye yolu ilə toyuq əti və yumurta istehsal olunur. Ən çox da bu istiqamətdə quşçuluq fabrikləri fəaliyyət göstərir.
Mövcud şəraitdə sənaye üsulu ilə digər növ quşçuluq təsərrüfatlarının da yaradılması mümkündür. Bunun üçün, qeyd etdiyimiz kimi, Azərbaycanda həm tarixi ənənə, həm də potensial imkanlar var. Məsələn, regionlarda hinduşka təsərrüfatının yaradılması bu sahənin inkişafına müsbət təsir edə bilər. Son zamanlar hinduşka ətinə tələbatın artmasının müşahidə olunması da buna rəvac verir. Bundan başqa, ətlik istiqamətində bildirçinçilik fermer təsərrüfatlarını yaratmaq olar. Qeyd edək ki, son illər həm bildirçinin ətinə, həm də yumurtasına tələbat artmaqdadır. Bildirçin ətinin yağı və xolesterolu aşağı olduğundan alternativ qida kimi insanlar arasında məşhurlaşmaqdadır. Dünyanın bir çox ölkələrində bildirçinçilik geniş inkişaf edib. Bildirçinçilik Yaponiyada toyuqçuluqdan sonra II yerdə durur. ABŞ-da və Avropa dövlətlərindən İngiltərə, Fransa, Almaniya, Polşa, Macarıstanda bildirçinçilik quşçuluğun əsas təsərrüfat sahələrindən biridir. Bu ölkələrdə bildirçin əti və yumurtası istehsal olunmaqla yanaşı, onlardan yüksəkkeyfiyyətli kremlər, şampunlar və başqa parfümeriya məhsulları istehsal edirlər. Çox da böyük sərmayə qoymadan qısa bir müddətdə böyük mənfəət gətirən təsərrüfat sahəsi kimi bildirçinçilik ən gəlirli və rentabelli təsərrüfat sahəsidir. Bu təsərrüfat sahəsi respublikamızda da alternativ gəlir mənbəyi kimi çox böyük əhəmiyyətə malik ola bilər.
Həmçinin geniş şəkildə qaz və ördək saxlamaq və bunu inkişaf etdirmək ölkəmiz üçün xarakterik təsərrüfatlardan biridir. Müasir dünyada da bu təsərrüfat növləri xeyli fayda verir. Xüsusən bir çox ölkədə qazın ətindən başqa, yağından da məişətdə geniş istifadə olunur.
Eyni zamanda bu istiqamətlərdə təsərrüfatın artırılması digər sahələrin də inkişafına təkan verə bilər. Qeyd etdiyimiz təsərrüfat növlərinin yaradılması yeni iş yerlərinin açılması üçün potensial imkanlar açır. Bununla yanaşı, bu təsərrüfatların yaradılması regionlarda taxıl istehsalına da xeyli təkan verə bilər. Belə ki, quşların yemlənməsində, əsasən, dənli bitkilərdən istifadə edilir. Bu da yerli təsərrüfatçılara öz məhsullarını satmaq imkanı verə bilər.
Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bizimlə söhbətində dedi ki, ölkəmizdə illik quş əti tələbatı 70-80 min tondur: “Bunu da istehsal edə bilirik. Maddi-texniki baza imkan verir ki, ildə 150 min ton quş əti istehsal olunsun. Yumurta tələbatı isə bir milyard 300 milyon ədəddir. Biz isə 1 milyard 500 milyon ədəd istehsal edirik. Əgər bu satılmırsa, artıq istehsal etdikdə anbarda qalır. Xaricdən də neçə ildir ki, ölkəmizə dondurulmuş quş əti idxal olunur. Bunun da yerli istehsala mənfi təsiri var. Eyni zamanda bizdə bazarın imkanları məhduddur. Bazarı inzibati yolla tənzimləmək olmur”.
Aydın Vəliyev dedi ki, quşçuluğun inkişafı üçün dövlət tərəfindən 1 milyard manatdan artıq güzəştli kreditlər verilib: “Müasir quşçuluq beynəlxalq standarta uyğundur. Bütün regionlarda yeni quşçuluq sahələri istifadəyə verilib. Köhnələr yeniləndirilib və genişləndirilib, eləcə də müasir avadanlıqlarla təchiz olunub”.
Aydın Vəliyevin fikrincə, Azərbaycanda hinduşka, ördək, qaz növləri fərdi təsərrüfatlarda saxlanılır: “Sənaye üsulu ilə bu quş növlərinin istehsalı bizdə əl vermir. Hinduşka həddindən artıq böyük olur və bizim bazarda satılmır. Bu, sınaqdan keçirilib. Bundan başqa, xəstəliyə görə, hinduşkanı açıq şəkildə saxlamaq mümkün deyil. Qapalı şəkildə isə bu quşun inkişafı olmur”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info