Piter Penlə assosiasiya etdiyim əsrarəngiz şəhər
Tarix: 18.04.2016 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Yaxud Britaniyanın təhsil həyatı, tarixi, mədəniyyəti, bu günü ilə bağlı müşahidələrim

2015-ci ildə Kaspi Təhsil Mərkəzində “Azərcell”in dəstəyilə jurnalistlər üçün tədris edilən 6 aylıq ingilis dili kursunun sonundakı nəticələrə görə 73 jurnalist arasından iki qalib seçildi. Qaliblərdən biri bu yazının müəllifi, yəni bəndəniz idi. Qaliblər Londona qısamüddətli ingilis dilini təkmilləşdirmə kursuna göndəriləcəkdilər.
Beləliklə, ingilis dili üzrə kursun və müsabiqənin qalibi olaraq, bu ilin fevralında Kaspi Təhsil Mərkəzi və “Azercell”in dəstəyilə Böyük Britaniyanın paytaxtı Londona bir neçə həftəlik qısa ingilis dili kursuna göndərildim. Səfər, gözlənildiyi kimi, mənim üçün olduqca maraqlı və faydalı oldu. Bu baxımdan təəssüratlarımı oxucularla bölüşmək yerinə düşərdi.
Məlumdur ki, Böyük Britaniyaya getmək üçün viza almaq elə də asan deyil. Bununla bağlı proses də uzun çəkir. Bu baxımdan, bir aya qədər vaxt və enerji sərf etdiyim sənədlərin toplanması, 6 aylıq viza və bilet alınmasından sonra nəhayət ki, rahat nəfəs aldım. Oxuduğum “Piter Pen”, “Oliver Tvistin macəraları”, “Şahzadə və Dilənçi” və sair əsərlərdən, hələ uşaq vaxtı xatirimdə dərin izlər buraxmış bu əsrarəngiz şəhərə, nəhayət ki, maneəsiz gedə biləcəkdim...

Gecə vaxtı işləyən 75 yaşlı taksi sürücüsü və “host family”
Beləliklə, 5 saat yarımlıq uçuşdan sonra London məni çiskin yağışla qarşıladı. Hələ qış ayı olduğu üçün oraya gedəndə isti geyimlər götürməyi məsləhət bilmişdilər. Bununla belə, Londonda qış soyuq keçsə də, Rusiyadakı kimi deyil. Ən soyuq temperatur - ilk gecə “0” dərəcə idi. Qalan bütün günlər +3-5 və daha yuxarı temperaturla, həm də çoxu günəşli keçdi. Hətta, Bakının küləkli qış günləri London qışından daha soyuq və üşüdücüdür, deyərdim...
Londondakı tədris müddətində “Kaplan”ın təyin etdiyi bir aliədə qalmalı idim. İngiliscə “host family” deyilən həmin ailələr xarici tələbələri müəyyən ödəniş müqabilində qonaq kimi qəbul edirlər. Bu ödəniş “Kaplan” tərəfindən edilmişdi. Onu da qeyd etmək lazımdır ki, tələbənin istəyindən və onun üçün edilən ödənişdən asılı olaraq, təhsil müddətində yaşamaq yeri seçilir. Bu yer universitetin kampusu (düşərgəsi, yataqxana və sair tikililər kompleksi) və sair ola bilər. O cümlədən, “Kaplan” da bu cür müxtəlif səviyyəli yerlər təklif edir. Həmçinin, “host family”lər də səviyyələrinə və şəhər mərkəzindən uzaqda və ya yaxında yerləşmələrinə görə müxtəlifdir. Ümumiyyətlə, “host family” tələbə qəbul etmək üçün müəyyən kriteriyalara sahib olmalı və lisenziya almalıdır. Məhz bundan sonra universitetlər kolleclər və digər təhsil müəssisələri tərəfindən onlara tələbələr göndərilir. Böyük Britaniyanın dünyada ən çox xarici tələbə qəbul edən və təhsil biznesindən qazanan ölkələrdən biri olduğunu nəzərə alanda, “host family” işinin də həmin ölkədə bu işə həvəsli olan ailələr üçün bir əlavə gəlir qaynağı olduğunu demək olar. Bu təcrübə Böyük Britaniya təhsil biznesində geniş yayılıb. Belə çıxır ki, Britaniya təhsil müəssisələri bu biznesdən xeyli gəlir götürdükləri kimi, bu ölkənin vətəndaşları da buradan əlavə gəlir əldə etmək imkanı qazanmış olurlar... Aeroportdan bayıra çıxanda, məni taksi sürücüsü qarşıladı. Əlində, adım və soyadım yazılmış ağ vərəq tutmuş olduqca yaşlı bir kişi idi. Məni “host family”yə aparacaqdı. Onun da ödənişi “Kaplan” vasitəsilə Kaspi Təhsil Mərkəzi və “Azercell” tərəfindən edilmişdi... Bir haşiyə də çıxım ki, Londonda taksi xidməti də olduqca bahalıdır. Taksi isə məni “dördüncü zona”dan “üçüncü zona”ya aparmalı idi ki, bunun da qiyməti təxminən 50-100 funt arası hesablanır... Nə isə, taksi sürücüsü məni “xidməti” gülərüzlüklə qarşıladı və çantamı baqaja qoyduqdan sonra yola düşdük. Yaşı 75 olan Toni adlı taksi sürücüsü həm də maraqlı həmsöhbət idi. Əslən irland olan Toninin elə ləhcəsindən fərqləndiyini dərhal hiss etdim və bunu ona dedim. O da “düz tapmısan” deyə gülümsəyib, irland olduğunu dedi və neçə illərdir, Londona köçdüyünə baxmayaraq, hələ də ləhcəsini dəyişə bilmədiyindən şikayətləndi: “Ləhcəm dəhşətdir, çox vaxt ingilislər belə, məni anlamırlar”. Yol boyu Toni məndən ölkəmlə bağlı soruşdu və öncə Azərbaycanın hansı ölkə olduğunu tanımadı. Azərbaycanın postsovet ölkəsi, Xəzəryanı dünyəvi dövlət, əhalisinin əksəriyyətinin müsəlman və türk olduğunu bildirəndən sonra özündə bir qənaət hasil elədi. Mədəniyyətimiz, tariximizlə bağlı onu ətraflı məlumatlandırmağa çalışdım. Həm də neft və qaz ölkəsi olduğumuzu biləndə tez hərisliklə dilləndi: “Bax, əsas odur!”...
Mənə o da qaranlıq qaldı ki, niyə təqaüd yaşında olan yaşlı britaniyalı bu gecə vaxtı taksi sürücüsü kimi çalışır...
Qalacağım “host family”də qadın, dövlət qulluqçusu, əri isə təqaüddə olan yaşlı insanlar idi. Həmin gün qonaqları vardı. Ümumilikdə onlarla münasibətimiz yaxşı quruldu və günlərim (Daha doğrusu, axşamlarım - evə ancaq şam yeməyi zamanı gəlib çıxa bilirdim) pis keçmədi...

Britaniya təhsilinə “yatırım” qoyan Şərqin varlı uşaqları...
Qayıdaq Britaniyada ali təhsil məsələsinə. Xüsusilə qeyd etmək lazımdır ki, Britaniya universitetləri dünyanin ən varlı təhsil müəssisələri sırasındadır. Bu ölkənin ali təhsil müəssisələrinin çox yüksək imici var. Buna görə də dünyanın ən varlı ailələrinin uşaqları daha çox bu universitetlərdə oxumağa can atır. Xüsusən də, Şərqin “neftxuda” ölkələrindən - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bruney və digər ölkələrdən burada təhsil alan varlı uşaqları ilə tez-tez rastlaşmaq olar. Britaniya universitetlərindən elələri var ki, büdcəsi bir çox kiçik dövlətlərin büdcəsindən daha çoxdur. Məsələn, Kembric Universitetinin büdcəsi 4,1 milyard, Oxford Universitetinin büdcəsi 3,6 milyard, yaxud İmperial Kollecinki - 362 milyon funt təşkil edir. Onu da xüsusilə bildirməyə dəyər ki, bu büdcələrin boyük qismini dövlət qrantları və subsidiyaları təşkil edir. Həmçinin, Britaniya univsersitetlərində təhsil haqqı kifayət qədər yüksəkdir. Əksər hallarda Avropa Birliyi vətəndaşları üçün təhsil haqları digər vətəndaşlara nisbətən bir neçə dəfə aşağı olur. Buna baxmayaraq, təhsil haqları universitetlərin büdcəsinin böyük bir hissəsini təşkil edir. Bir çox hallarda universitetlərdə aparılan tədqiqatlar çərçivəsində müəyyən şirkətlər və sənaye müəssisələriylə müqavilələr imzalanır və onların maliyyə dəstəyinin universitetlərin büdcəsinə çox böyük qatqısı olur.

Bahalı London metrosu
Səfərin ilk iki günü şəhərlə ilk tanışlığa və ingilis dili tədris edilən kollecdə qeydiyyata, kursla, oradakı tədris metod və qaydaları ilə tanışlıqlarla keçdi. Şəhərlə tanışlığa ilk olaraq metrodan başladım. London metrosu dünyanın, demək olar ki, ən bahalı metrosudur. Burada gediş haqqı məsafədən və vaxtdan asılı olaraq dəyişir. Məsələn, mən birinci və üçüncü “zona”lar arasında 15 günlük limitsiz gediş-gəliş üçün təxminən, 77 funt ödəməli oldum. Ayrıca, 5 funt da avtobus-metro üçün keçərli olan universal “Oyster” kartı üçün öfəmək lazımdır. Amma London metrosu ilə şəhərdə praktiki olaraq, hər yerə, hava limanına da getmək mümkündür.

“Kaplan”da türk izi?...
Londonda oxuduğum kollec Kaplan Beynəlxalq Kolleci (Kaplan International College London) adlanır. Bu kollec amerikan mənşəli olsa da, bir çox ölkə və qitələrdə şəbəkələri var. Belə ki, “Kaplan Inc” amerikan təhsil şirkətinin bir bölməsi olan Kaplan Beynəlxalq Kolleclərinin (Kaplan International Colleges) əsas qərargahı Londonda yerləşir. Bu beynəlxalq kolleclər bölməsinin əsası 1967-ci ildə qoyulub. Kaplan Beynəlxalq Kollecləri ingilis dili kursları, universitet və imtahan hazırlıqları və eləcə də akademik əsaslı hazırlıqları tədris edir. Bu şəbəkənin dünya üzrə 42 yerdə kursları yerləşir. Kurslar şəhər mərkəzlərində, universitet düşərgələrində və eləcə də online qaydada tədris edilir.
Adından da göründüyü kimi, mənim üçün maraqlı olan məqamlardan biri “Kaplan” (qaplan) adıdır. Öncə bu şəbəkənin hansısa türk və ya Türkiyə mənşəli şəxs tərəfindən qurulduğunu sanırdım. Ümumiyyətlə, Kaplan soyadlı bir neçə tanınmış avropalı şəxsi misal çəkmək olar. Məhz bu təhsil şirkətini quran isə valideynləri vaxtilə Latviya-Belarus tərəflərdən köç etmiş yəhudi mənşəli amerikan biznesmen Stanley Kaplan olub.
Xülasə, Londondakı Kaplan Beynəlxalq Kollecində dünyanın müxtəlif ölkə və qitələrindən ingilis dili ilə bağlı bilik və bacarıqlarını təkmilləşdirmək istəyənlər təhsil alır. Məsələn, mənimlə eyni sinifdə 12 nəfər təhsil alırdı ki, onların arasında alman, fransız, ərəb, malayziyalı, çinli, türk, koreyalı, tailandlı, argentinalı vardı.
Kaplan Beynəlxalq Kolleci Londonun lap mərkəzində - Trafalqar meydanının yanında yerləşir. Ora ən yaxın metrostansiya London metrosunun “Leicester Square” stansiyasıdır…
(ardı gələn sayımızda)

İlkin AĞAYEV
Bakı-London-Kardif-Swansea-Kent-London-Bakı




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info