Böyük Britaniya: hüquqi dövlət, mülkiyyət toxunulmazlığı, bərabər imkanlar…
Tarix: 19.04.2016 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Ölkə bu cür məsələlərdə imicini o qədər gücləndirib ki, London nə qədər bahalı şəhər olsa da, yenə də dünyanın hər yerindən buraya işləməyə, biznes qurmağa, mülk almağa axışırlar…


(Əvvəli ötən sayımızda )

Birinci yazıda haqqında bəhs etdiyim Kaplan Beynəlxalq Kollecində ingilis dilinin tədrisi çox yüksək səviyyədə, kreativ və bir çox hallarda həm də əyləncəli şəkildə aparılır. Burada qiymətlərindən asılı olaraq dərs günləri ayrı-ayrı siniflər üçün saat 08.15-dən 11.30-a və ya 13.00-a, həmçinin daha gec bitə bilər. Yəni ödədiyin təhsil haqqı əsasında uyğun gələn tədris rejimini - intensiv və ya intensiv olmayanı seçə bilərsən. Həmçinin əlamətdar günlərdə və ya Londonda hansısa festival, mədəniyyət günləri keçiriləndə, yaxud Londona yeni gələn tələbələr üçün müəyyən ödənişlər etmək şərtilə ekskursiyalar təşkil edilir.

Azərbaycanla bağlı Qərbdə Şərqdən çox bilirlərmiş…
Kollecdə dünyanın müxtəlif ölkə və qitələrindən, müxtəlif xalq, irq və mədəniyyətlərin təmsilçiləri olan, müxtəlif yaşlı tələbələr eyni sinifləri bölüşürlər. Bu, olduqca maraqlıdır. Çünki indiyədək haqqında heç nə bilmədiyin xalq və mədəniyyətin nümayəndəsi ilə birbaşa təmasda olursan, eyni zamanda öz ölkənin mədəniyyətini, tarixini paylaşmaq şansı qazanırsan. Xüsusilə qeyd edərdim ki, əcnəbi tələbələr ölkəmizlə bağlı soruşduqda, “Azərbaycandanam” deyə cavab verəndə, kimsə bu barədə heç nə bilmirdi. Xüsusən, Koreyadan, Yaponiyadan, Çindən olan tələbələrin Azərbaycanla bağlı heç bir təsəvvürlərinin olmaması bir qədər qəribə təsir bağışladı. Ölkəmizlə bağlı onlarda qənaət hasil etmək üçün, “postsovet ölkəsi”, “əhalinin əksəriyyəti türk və müsəlman olan”, “Türkiyəyə etnik, tarix və mədəniyyət baxımından yaxın”, “eyni zamanda Xəzəryanı ölkə” kimi ifadələrdən istifadə etməklə, məlumat verməyə başlamalı olurdum. Avropalılardan Azərbaycanla bağlı məlumatı olanlar arasında isə almanlara, italyanlara və fransızlara, müsəlman Şərqindən isə ərəblərə və digərlərinə rast gəldim. Daha sonra dərs zamanı Azərbaycan mədəniyyəti, tarixi və Qarabağ problemi ilə bağlı öz təşəbbüsümlə ingiliscə təqdimat etdim və bu, avropalı, eləcə də asiyalı və argentinalı sinif yoldaşlarım arasında böyük maraq doğurdu.

Azərbaycanın çox varlı ölkə olduğunu deyən italyan
Hotel meneceri işləmiş kurs yoldaşım italyan qız Azərbaycanın çox varlı ölkə olduğunu, İtaliyadakı bahalı hotellərdə olduqca varlı azərbaycanlılara rast gəldiyini digərlərinə heyranlıqla bildirirdi. Təsirli məqamlardan biri kollecdə tanış olduğum türk tələbələrin hamısının mənə çox doğma yanaşması, sinif yoldaşım olan yeganə türk Özkanın isə bütün kursda təhsil müddətim boyu Azərbaycanla bağlı bütün fikirlərimi dəstəkləməsi və bu barədə özünün də digərlərinə yeri gəldikcə, əlavə bilgilər verməsi, təəssüb çəkməsi. Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu hər məqamda onlara ingiliscə söyləməsi oldu. Türkiyə və onun tarixi ilə bağlı isə, demək olar ki, orada hər kəs müfəssəl bilirdi.

İngiliscədən əlavə rusca bilənə
poliqlot kimi yanaşırlar…

Etnik ingilis olan bir müəllimimiz mənim ingiliscədən əlavə, rusca da danışdığımı bildikdə(Kollec dəhlizində Qazaxıstandan olan bir rus azərbaycanlı olduğumu bilirdi, məndən rusca nəyisə soruşanda müəllimimiz eşitmişdi), bunu heyranlıqla sinifdə bəyan etdi və dərhal digər sinif yoldaşlarım mənə sanki poliqlot kimi yanaşmağa, rus dilini necə öyrəndiyimlə bağlı suallar yağdırmağa başladılar. Xüsusilə fransızlar, yapon və argentinalı tələbə yoldaşlarım, eləcə də türkiyəlilərin orada ruscaya böyük maraq göstərdiklərinin şahidi oldum…

Qurumuş böcəkləri çərəz kimi
yeyən koreyalı qız…

Kollecdəki digər maraqlı məqamlardan biri isə müxtəlif mədəniyyətlərin və onlara uyğun davranışların daşıyıcıları olan tələbələrin bəzən digərlərinə çox qəribə, hətta gülməli gələn hərəkətləri idi. Məsələn, adi davranışlarımızda bizə ar gələn bəzi hərəkətlər, tutalım, avropalılar tərəfindən adidən də adi qarşılanır və bu, təbiidir. Məsələn, avropalı qadınlar ictimai yerdə bir dəsmal və ya salfet çıxararaq, bizdə kənd kişilərinin etdikləri kimi, burunlarını silərkən çox bərkdən fınxırırlar. Bu, bir qədər bizə qəribə gələ bilər… Yaxud da koreyalı qız dərsdə bir çərəz qutusu çıxararaq, içindəki böcəkləri bir-bir götürüb ləzzətlə, dərsi dinləyə-dinləyə ötürürdü… Bu, sinifdə hamıya çox qeyri-adi gəlsə də, hamımız bunu çox adi qarşılamağa çalışdıq…
Bu cür qəribə hallara laqeydlik göstərmə isə ilk öncə, Londondakı ab-havadan irəli gəlirdi. Çünki londonlular yolda, ictimai yerlərdə kimin nə etdiyi ilə qətiyyən maraqlanmırlar və belə hallarda hər şeyə laqeyd yanaşırlar. Amma diqqətlə müşahidə aparanda, əslində onların altdan-altdan hər şeyə fikir verdiklərinin şahidi oldum. Məsələn, metroda qucağındakı iş çantasına kiçik bir it qoymuş ortayaşlı kişi daxil olub oturdu. Bu zaman it başını iş çantasından bayıra çıxarıb ora-bura baxmağa başladı. Bu, bir qədər qəribə təsir bağışlayırdı. Onunla üz-üzə oturmuş londonlu gənc qız isə guya tamamilə telefonu ilə məşğul imiş kimi, hiss olunmadan bu mənzərəni çəkdi və kişinin iti ilə olan qəribə şəklini operativ şəkildə, həm də lağlağı statusla birlikdə sosial şəbəkədə yaydı…

Maks Veber doğru deyirmiş?..
Yaxud bir ortayaşlı ingilis metroda hay-küy salan, bağıra-bağıra danışan bir dəstə italyana tərəf hissolunmaz ikrahla nəzər salaraq yol yoldaşına, “Bu italyanları “London Eye”da da gördüm, orda dəli kimi səs-küy salır, axmaqlıq edirdilər” deyə yavaşca bildirdi. Yoldaşı da istehza ilə gülümsədi…
Bu məqamda alman sosioloq Maks Veberin də qeyd etdiyi kimi, avropalıların heç də yekcins olmadıqları ilə bağlı fikirlərin əsassız olmadığını düşündüm. Doğrudur, o, “Protestant etikası və kapitalizm ruhu” adlı əsərində məhz protestant avropalıların inkişaf etdiyi, qitənin və dünyanın əsas lokomotivi olduğu, digərlərinin isə yedəkdə getdiyi ilə bağlı ictimai və texnoloji inkişafın dini təmayüllərə əsaslanan tezislərini şərh edir. Bu, bir qədər oxuculara mürəkkəb, mübahisəli və çox nəzəri görünə bilər. Amma, hər halda, görünən o idi ki, Britaniyada, Londonda italyanlar, rumınlar ən pis reputasiyası olan avropalılar arasındadır. Bununla bağlı Londonda yaşayan və çalışan dostlarımızdan soruşduqda, onlar da bunu təsdiq etdilər və hətta, “Big Ben”in yanında üskük oynadaraq, xəbərsiz insanları oyuna cəlb edib aldadan, pullarını udan italyanlara tez-tez rast gəlindiyini dedilər…
Yaxud kollecdə dil bilgilərinin təkmilləşdirən fransızların, demək olar ki, rəylərini soruşduqlarımın hamısı Londonda qalıb işləmək istədiklərini dedilər. Onlardan biri, hətta dedi ki, rəfiqəsi Parisdən Londona dayə işləməyə gələcək. Doğrudur, Avropada digər ölkələrdə işləmək həvəsində olanlar çoxdur, amma onların bir çoxu məhz Britaniya və ya Londonu seçir… Onlar həm də Avropa Birliyi vətəndaşlıqlarından bu məsələdə bəhrələnirlər.
Eləcə də bəzi Şərqi avropalıların da reputasiyası Avropada o qədər də yaxşı deyil. Digər miqrantlarla bağlı yazmaq isə artıq başqa mövzu olardı…
Ümumilikdə isə ingilislər digərlərinə davranışlarına görə belə münasibət bəslədiklərini heç vaxt açıq demirlər. Onlar həmişə bu baxımdan soyuqqanlılıqları və zahiri nəzakətləri ilə fərqlənirlər. Həmçinin Britaniyanın bir çox şəhərləri artıq beynəlmiləlləşiblər, xüsusən də Londonda istənilən millətin nümayəndəsinə rast gəlmək mümkündür. Həmçinin burada müstəmləkə dövrlərindən gətirilərək, indi tamhüquqlu vətəndaşlıq qazanmış Afrika mənşəli britaniyalılar da çoxluq təşkil edir. Hətta, tamamilə onlara aid London məhəllələri çoxdur. Yaxud kompakt yaşayan çoxlu sayda hindistanlılar burada bir güc olduqlarını göstərməyə çalışırlar. Buna görə də ingilislər, demək olar ki, çoxdan xaricilərə öyrəşiblər. Amma nə qədər büruzə veməməyə çalışsalar da, digər avropalılara bir qədər “nəzakətli təkəbbür” və ya qürurlu münasibətin şahidi ola bilərsən. Məsələn, söhbət əsnasında imkan düşdükcə “mən ingilisəm” deyə qürurla vurgulayırlar. Eyni zamanda digər Avropa millətlərinə çox yaxşı münasibət göstərirlər və ölkədə bu baxımdan bərabər hüquqi imkanlar, şərait var. Böyük Britaniya hüquqi dövlət, xüsusi mülkiyyət toxunulmazlığı və sair məsələlərdə imicini o qədər gücləndirib ki, London nə qədər bahalı şəhər olsa da, yenə də dünyanın hər yerindən buraya işləməyə, biznes qurmağa, mülk almağa axışırlar.
Yaxud burda şirkətlər işci elanı verəndə, adətən, birinci imkan Avropa Birliyi vətəndaşları üçündür. Avropa Birliyi vətəndaşı olsan, asanlıqla burada iş tapa bilərsən…
(ardı gələn sayımızda)
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info