Aleksey Fenenko: “Gürcüstan Rusiya və Ermənistan arasında əlaqəni poza bilər”
Tarix: 20.04.2016 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Cənubi Osetiyada referendumun keçirilməsi indiyə qədər Tiflislə Moskva arasında aparılan danışıqların üstündən xətt çəkə bilər

Son vaxtlar regionda cərəyan edən proseslərdə aktivlik müşahidə edilməkdədir. İrana qarşı tətbiq edilən sanksiyaların ləğvindən sonra dünya dövlətlərinin Tehranla təmasları, imzalanan müqavilələr bir-birinin ardınca sıralanmaqdadır. Azərbaycanın təşəbbüsü ilə reallaşan yeni layihələr, nəqliyyat dəhlizləri Cənubi Qafqazın dünya siyasi arenasındakı geostrateji əhəmiyyətini daha da artırıb.
Dövlət başçımızın son Vaşinqton səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açıb. Birləşmiş Ştatların açıq şəkildə dəstək verdiyi və Avropa üçün böyük əhəmiyyət kəsb edən “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması istiqamətində konkret addımlar atılır. Bu siyasi palitraya aprelin əvvəlində Ermənistan işğalçılarının cəbhədə törətdiyi məlum təxribatları və ardınca baş verən qanlı toqquşmanı da əlavə edəndə bölgəmiz “qaynayan qazan” kimidir. Şübhəsiz ki, bölgədə gedən siyasi prosesləri analiz edərkən Rusiya amilini unutmaq mümkün deyil. Bölgədə əsas söz sahiblərindən biri olan Rusiyanın Ermənistana təsir imkanları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da həlledici amil ola bilər.

“Karasin-Abaşidze” formatlı danışıqlarda əldə edilən müsbət nəticələrin taleyi necə olacaq?
Bölgəmizdə yerləşən digər dövlət-Gürcüstanla Rusiyanın münasibətlərində də enişli-çıxışlı münasibətlər yaşanır. İki dövlət arasında münasibətlərin nizamlanması istiqamətində bir müddətdir ki, açıq-gizli danışıqlar aparılır. Elə “Qazprom”la qazı alınması ilə bağlı aparılan, sonradan üzə çıxan müzakirəni də danışıqların gizli hissəsinə şamil etmək olar. Amma eyni zamanda separatçı rejimlərlə bağlı məsələ Gürcüstan-Rusiya münasibətlərinin qırmızı xəttini təşkil edir. Separatçı Cənubi Osetiya lideri Leonid Tibilov bu ilin mart ayında “Kommersant”a açıqlamasında Rusiyanın tərkibinə daxil olmaq istəklərini bildirmişdi. Aprelin 4-də Tibilov bildirdi ki, Konstitusiyanın 10-cu maddəsinin dəyişdirilməsi ilə bağlı referendum keçiriməyə hazırlaşırlar. Həmin dəyişiklik Cənubi Osetiya liderinə Rusiya prezidentinə vahid ittifaqda birləşməklə bağlı müraciət etmək hüququ verir. Aprelin 11-də separatçı rejimin başçısı rəsmi şəkildə bəyan edib ki, referendumu bu ilin avqust ayına qədər keçirəcəklər. Gürcüstan tərəfi bu məsələyə kəskin etirazını bildirib. Ekspertlər vurğulayır ki, belə bir referendumun keçirilməsi asan məsələdir. Amma məsələ ondadır ki, belə bir aktın təşkil edilməsi indiyə qədər Tiflislə Moskva arasında aparılan danışıqların üstündən xətt çəkmək deməkdir. Son 4 il ərzində Karasin-Abaşidze formatında təşkil edilən danışıqlar boşuna getmiş olacaq. Lomonosov adına Moskva Dövlət Universitetinin dosenti Aleksey Fenenko hesab edir ki, Rusiya siyasi elitasında gürcülərlə danışıqlara 3 yanaşma var. “Minimumçular” hesab edir ki, bu danışıqlar ən azında Gürcüstanda millətçilərin baş qaldırmasının qarşısını ala bildiyi üçün vacibdir. “Mərkəzçilər” hesab edir ki, aparılan danışıqlar ən azı NATO infrastrukturunun regiona gəlməsinin qarşısını ala, ölkənin neytrallığını təmin edə bilər. “Maksimumçular” isə Gürcüstanın gələcəyini Avrasiya İttifaqında görürdülər. Gürcüstan tərəfi üçün Rusiya ilə danışıqlar iqtisadi maraqların təmin olunması baxımından əhəmiyyət kəsb edir. Avropa İttifaqı ilə imzalanan müqavilələrə rəğmən, arada olan məsafə fərqi, ümumi sərhədin olmaması kimi amillər Rusiya bazarı və Rusiya tranzitinin Tiflis üçün siyasi-iqtisadi əhəmiyyətini artırmış olur. Bu danışıqlarda müəyyən irəliləyişlər artıq hiss olunmağa başlamışdı-diplomatik münasibətlərin bərpa olunmamasına rəğmən aviareyslərə verilən icazə, viza rejiminin sadələşməsi, gürcü çaxırının Rusiya bazarına qayıtmasına verilən icazə və s. Amma Rusiyanın Abxaziya və Cənubi Osetiya ilə imzaladığı ittifaq sazişi Tiflisin kəskin reaksiyası ilə qarşılandı. 2015-ci ilin avqust ayında Tiflisə səfər edən NATO baş katibi Stoltenbrq də bunu kəskin qınadı. Səfər çərçivəsində Krçanisidə NATO-nun təlim mərkəzi açıldı və Gürcüstanla hərbi əməkdaşlığın genişlənəcəyinin anonsu verildi. Moskva dərhal “Karasin-Abaşidze” formatlı danışıqları dondurdu. Doğrudur, ötən ilin sonunda bu formatda danışıqlar bərpa olunsa da, danışıqların ağır formada keçdiyini hər iki tərəf etiraf edir.

Moskva itkilərə hazır olmalıdır
Cənubi Osetiyanın yay aylarında keçirmək istədiyi referendum və Moskvanın buna razılıq verməsi Rusiya-Gürcüstan dialoqunu tamamilə məhv etmiş olacaq. Aleksey Fenenko hesab edir ki, Moskva buna razılıq verərsə, bəzi itkilərə hazır olmalıdır. Ekspert bildirir ki, bundan sonra ABŞ Gürcüstana NATO-dan kənar strateji müttəfiq statusu verə bilər. Bunun ardınca gələcəkdə NATO hərbi qüvvələrinin yerləşdirilməsi üçün infrastruktur yaradılmasına start veriləcək. Rəsmi Tiflis Rusiya ilə Ermənistan arasında əlaqəni poza, ciddi çətinliklər yarada bilər. Məsələ ondadır ki, iki dövlət arasında yeganə yerüstü dəhliz məhz Gürcüstandan keçir. Bu ilin fevral ayından etibarən Gürcüstanla Türkiyə arasında ciddi siyasi məsləhətləşmə keçirilir. İndiyə qədər özünü bir qədər ehtiyatlı aparmağa çalışan Tiflis hadisələrin bu ssenari üzrə inkişafından sonra Türkiyə-Ukrayna alyansına qoşula bilər, bu isə GUAM blokunun yaxın perspektivdə dirçəlməsinə səbəb ola bilər. Moskva bu məsələdə bir məsələni özü üçün aydınlaşdırmalıdır: “Biz Gürcüstanın Rusiya üçün birdəfəlik itirilmiş hesab edirikmi? Əgər hesab ediriksə, onda referendum strategiyası doğrudur. Əgər hesab etmiriksə, onda Abxaziya və Cənubi Osetiya ilə ittifaqı saxlamaqla yanaşı, Gürcüstanla dialoq strategiyasını genişləndirmək haqqında düşünməliyik”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info