Ölkədə azad bazar iqtisadiyyatı və sahibkarlığın hamisi
Tarix: 21.04.2016 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Ümummilli liderin sahibkarlığı inkişaf etdirmək məqsədi hazırda uğurlu strategiya ilə gerçəkləşdirilir, real nəticələrlə şərtlənir

Bu gün ölkəmizin suverenliyinin təmin olunmasının, davamlı iqtisadi inkişaf göstəricilərinə nail olmağımızın, modern iqtisadiyyat qurulmasının, yenilikçi iqtisadi siyasətin yürüdülməsinin banisi ümummilli lider Heydər Əliyevdir. Məhz onun dövründən başlayaraq, iqtisadi inkişafın əsas elementlərindən olan sahibkarlıq fəaliyyətinin qurulması və stimullaşdırılması çox zəruri vəzifəyə çevrilib. Sahibkarların təşkilatlanması, dövlət-istehsalçı münasibətlərinin stimullaşdırılması, istehsalın fazalar üzrə səmərəli hərəkət istiqamətlərinin təmin olunması məhz ümummilli liderin məqsədyönlü iqtisadi siyasətinin bəhrələridir.
Bu mənada Azərbaycan Respublikası müstəqillik şəraitində köklü islahatlara getdi və 1995-ci ildən öz iqtisadiyyatını azad bazar münasibətlərinə əsaslanacaq, xüsusi mülkiyyət əsasında inkişaf edəcək və bütün bunlarla yanaşı, çoxnövlü mülkiyyət növləri zəminində iqtisadi istehsal əlaqələrinə meydan açacaq iqtisadiyyat qurdu. Ümummilli lider Heydər Əliyev yeni mərhələ üçün iqtisadi prioritetlər arasında sahibkarlığın inkişafını əsas götürdü və bu məqsədlə inkişafın hədəflərini uğurla reallaşdırmağa başladı. Məsələn, iqtisadiyyatın dövlət tənzimlənməsi sahəsində ən optimal variant olan sahibkarlıq fəaliyyətinin təşkili və stimullaşdırılması məqsədilə ulu öndərin 2002-ci il 27 avqust tarixli, 779 nömrəli fərmanı ilə “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə” və ”Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları” təsdiq edildi. Bu siyasətin yaratdığı əlverişli şərait nəticəsində ölkəmizdə istehsalın davamlılığının təmin olunması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və bir çox tərəfləri ilə birlikdə dayanıqlı iqtisadiyyatın qurulması mümkün oldu.

Zamanla səsləşən yeni iqtisadi
strategiyanın əsası qoyuldu

Mövzu ilə bağlı bizə fikirlərini bildirən “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov qeyd edir ki, Heydər Əliyev 1993-cü ilin sonları və 1994-cü ilin əvvəllərindən etibarən dünyada gedən siyasi və iqtisadi proseslərə peşəkar baxışları ilə Azərbaycanda zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoydu. Ölkə daxilindəki siyasi çəkişmələrin məharətlə nizamlanması, iqtisadiyyatın hiperinflyasiya səviyyəsinin ram edilməsi və onun sonrakı inkişafını təmin edə biləcək qətiyyətli qərarların qəbulu Heydər Əliyev dühasının uğurları idi: “Neftin qiymətlərinin dünya bazarlarında 15-16 dollar olduğu bir dönəmdə, Azərbaycanın dünya iqtisadi bazarına çıxışını təmin edən əsrin müqaviləsinin imzalanması isə inqilabı bir dönüşün başlanğıcı idi. Bu müqavilə Azərbaycan iqtisadiyyatının sonrakı illər ərzindəki bənzərsiz uğurlarının təməl daşı hesab olunmalıdır”.
Ulu öndərin rəhbərliyi altında aparılan iqtisadı islahatlar və struktur islahatları qısa zaman kəsiyində ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan verdi.

“Başlıca məqamlar xüsusi mülkiyyətin artırılması, özəl sektorun gücləndirilməsi ilə azad bazar şəraitinin formalaşdırılması, eləcə də sahibkarlıq və təşəbbüskarlığı inkişaf etdirmək olub”
Qafqaz Universiteti Texnoparkının rəhbəri, dr. İsa Qasımov isə qeyd edir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanın uzunmüddətli, dayanıqlı və davamlı inkişaf strategiyasında qarşıya qoyduğu başlıca məqamlar ölkədə xüsusi mülkiyyətin artırılması, özəl sektorun gücləndirilməsi ilə azad bazar şəraitinin formalaşdırılması, eləcə də sahibkarlıq və təşəbbüskarlığı inkişaf etdirmək olub. Bu mənada, təşəbbüskarlığın dəstəklənməsi və inkişaf etdirilməsi hədəflərinin iqtisadi siyasətdə yer alması, məsələnin aktuallığının qlobal olaraq dərk edilməsindən irəli gəlirdi: “Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması nə qədər əhəmiyyətlidirsə, ölkənin qloballaşma ilə daha da artan beynəlxalq rəqabətə davamlı inkişafını təmin etmək də bir qədər mühüm məsələdir. Ölkənin iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün kiçik və orta sahibkarlığın inkişafı dünya təcrübəsində də qəbul edilmiş yanaşmadır. Kiçik və orta sahibkarlığı güclü olan ölkələr beynəlxalq iqtisadi proseslərə qarşı ən dayanıqlı ölkələr hesab olunur. Nəzərə alsaq ki, kiçik və orta sahibkarlığın inkişafı hər bir cəmiyyətin təşəbbüskarlığı dəstəkləyən və ona əhəmiyyət verən xüsusiyyətləri ilə birbaşa bağlıdır, onda bu yanaşmanın nə qədər vacib məqam olduğunu daha ayıdın dərk edə bilərik”. Heydər Əliyevin ölkədə təşəbbüskarlığın inkişafını ön plana çəkməsi, növbəti mərhələdə intellektual kapitalın gücləndirilməsi zərurətini meydana gətirdi. Belə ki, Heydər Əliyev tərəfindən başladılmış sahibkarlığın və ya təşəbbüskarlığın inkişaf etdirilməsi strategiyası Prezident İlham Əliyev tərəfindən, neft kapitalının insan kapitalına çevrilməsinin əhəmiyyətini aktuallaşdıran ideyası ilə, daha da gücləndirildi. Belə ki, dünyada getdikcə daha da aktuallaşan innovasiya iqtisadiyyatı və bu yanaşmanın inkişaf etdirilməsi, məhz təşəbbüskar cəmiyyətlərin inkişaf etdirə bildiyi intellektual insan gücü ilə mümkün ola bilir.

Heydər Əliyev hər bir sahibkarın
gələcəyin təşəbbüsləri ilə çalışmasını, sosial-iqtisadi inkişaf naminə səy
göstərməsini istəyirdi

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin müdiri, dosent Cavadxan Qasımovun fikrincə isə ümummilli lider ölkə səviyyəsində əsasları müəyyən olunan sahibkarlıq siyasətinə makroiqtisadi yüksəlişə şərait yaradacaq dəstəyin göstərilməsi; onun ayrılıqda hər bir fərdin, ümumilikdə isə bütöv bir xalqın, cəmiyyətin tələbatını ödəyə biləcək səviyyəyə yüksəldilməsi; ölkənin sosial-iqtisadi maraqlarına xidmət edəcək təminatların özünə kök salması; regional inkişaf siyasətinin mərkəz vilayət fərqinin aradan qaldırılması fonunda təkmilləşdirilməsi; çoxşaxəli iqtisadiyyatın təmin olunmasına əlverişli imkanlar yaradılması; əhali məskunluğunun stimullaşdırılmasına, xüsusən də dağ kəndlərində sahibkarlığın inkişaf etdirilməsinə təkan olması; kiçik, orta və iri sahibkarlığın inkişaf etdirilməsi yolu ilə məşğulluq səviyyəsinin yüksəldilməsi; daxili təlabatın ödənilməsində yerli məhsulların istehsalının sitmullaşdırılması və ixrac potensialının artırılması əsasında idxaldan asılılığın minimuma endirilməsi; sahibkarlığın bir sahədə deyil, iqtisadiyyatın bütün sahələrində möhkəmlənməsinə dəstəyin göstərilməsini gerçəkliyə çevirdi.
Ekspertin fikrincə, Heydər Əliyev hər bir Azərbaycan vətəndaşının, sahibkarının bu günün deyil, sabahın, gələcəyin təşəbbüsləri ilə çalışmasını, öz ölkəsinin ictimai-siyasi firavanlığı, sosial-iqtisadi inkişafı naminə səy göstərməsini istəyirdi: “Bir faktı qeyd edək ki, hələ 1997-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı”, 10 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında” və 28 sentyabr 2002-ci il tarixli “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” fərmanlarında ulu öndər bu sahədə davamlı dövlət tədbirlərinin həyata keçirilməsinin, güclü, dayanıqlı sahibkarlıq siyasətinin əsaslarını müəyyən edirdi”.
Digər iqtisadçı ekspert Arzu Qafarlının fikrincə, 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramının qəbul edilməsində ulu öndərin xüsusi təşəbbüsü və rolu olub: “Məhz bu illərdən, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrildi. Bu dövlət proqramları çərçivəsində, ölkədə fəaliyyət göstərən kiçik və orta sahibakarların sayı artdı, onların xarici iqtisadi fəaliyyəti genişləndi və bu sahədə ildən-ilə intensiv uğurların əldə olunmasına şərait yarandı. Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə dəstəyi sistemi formalaşdırılıb. Sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb, sahibkarlara zəruri texniki yardım göstərən strukturlar formalaşıb”.
Sahibkarlığın inkişafında ulu öndərin atdığı ən mühüm addımlardan biri də sözügedən sahəyə 1997-ci ildən etibarən vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil qanunvericilik bazasının yaradılmasıdır: “2001-ci ildə “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin qəbul edilməsi ölkənin həyatında tarixi bir hadisə olaraq, vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca amil oldu”.
Sahibkarlar üçün vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atılması nəticəsində, mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salınıb, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid vergi tətbiq edilməyə başlanılıb.
Sahibkarlığın inkişafı üçün hər il uğurlu yeni addımlar atılırdı. İqtisadçı ekspert A.Qafarlı bildirir ki, 2002-ci ildə sahibkarlığın inkişafı sahəsində Heydər Əliyevin yerli və xarici iş adamları ilə aprel - may aylarında keçirilmiş görüşləri ilə əlamətdar olub. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi olaraq ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə avqust-sentyabr aylarında imzalanmış bir sıra mühüm fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoyub.
Ekspert Fuad Allahverdiyevin fikrincə isə Azərbaycan iqtisadiyyatının müstəqillik dövründə yenidən qurulması, sahibkarlıq fəaliyyətinin inkişafı məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: “Heydər Əliyev 1994-cü il 20 senytabr tarixində “Əsrin Müqaviləsi”-nin imzalanması üçün mühüm işlər gördü. Bu, ölkə iqtisadiyyatının formalaşması, ölkənin ağır durumdan çıxarılması üçün mühüm fəaliyyət idi. Sonrakı dövrlərdə sahibkarlığın inkişafı istiqamətində atılan addımlar regionda ölkəmizin yeni inkişaf modelinin yarandığını göstərdi. Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə onun tərəfindən 2001-ci ildə İqtisadi İnkişaf Nazirliyi yaradılır, həmçinin Sahibkarlara Kömək Milli Fondu təsis edilir, Heydər Əliyev yerli və xarici sahibkarların rəylərini öyrənir, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət köməyi Proqramı (1997-2000-ci illər)” qəbul edilir. Bütün bunlar Heydər Əliyevin sahibkarlara və sahibkarlığın inkişafına dəstək verdiyini göstərir. Bu gün Prezident İlham Əliyev iqtisadiyyatımızın neftdən asılılığının azaldılması, diversifikasiyası üçün kompleks addımlar atır. Regionların sosial iqtisadi inkişafı üzrə iki Dövlət Proqramının qəbulu, müxtəlif bölgələrdə sahibkarlıq subyektlərinin açılışı, müxtəlif sosial layihələrin reallaşması bu gün Azərbaycanın iqtisadiyyatının inkişafının göstəricisidir”.

Sahibkarlığın inkişafı yeni dövrün çağırışlarına tam cavab verən uğurlu strategiya ilə gerçəkləşdirilir
Ümummilli liderin banisi olduğu dəqiq və gələcəyə hesablanmış iqtisadi siyasət, o cümlədən məqsədyönlü olaraq sahibkarlığı, özəl sektoru inkişaf etdirmək nəticəsində, bu gün ölkəmizin iqtisadiyyatı özəl sektor və sahibkarlığın bütün istiqamətlərdə rəqabətli inkişafını daha da sürətləndirməkdədir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ilə paralel olaraq, postneft erasında sahibkarlığın qeyri-neft sektoru üzrə inkişafının aparıcı xəttə çevrilməsi, bu sektor üzrə iqtisadi rekord hədəfləri müəyyənləşdirilməsi və bunun üçün bütün zəruri islahatların həyata keçirilməsi də qeyd edilənləri təsdiq edir. Sahibkarların maliyyə təminatının gücləndirilməsi, onların layihələrinə maliyyə dəstəyinin verilməsi, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması məqsədilə son 12 il ərzində sahibkarlara güzəştli şərtlərlə 2 milyard manat kredit verilib.
Yaxud Prezidentin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkının, 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli sərəncamı ilə Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması da bu istiqamətdə həlledici olub. 24 aprel 2013-cü il tarixli 865 nömrəli fərmanla isə "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə" təsdiq edilib. 2015-ci il 26 fevral tarixli 1077 nömrəli sərəncamla da Mingəçevir Sənaye Parkı yaradılıb. Bütün bunlar milli iqtisadiyyatın və sahibkarlığın sistemli, dayanıqlı, rəqabətədavamlı inkişafı istiqamətində məqsədyönlü siyasətin nəticələridir.
Ümumiyyətlə isə 2003-2015-ci illərdə ölkədə 70 mindən çox müəssisə yaradılıb. Ölkə üzrə fəaliyyət göstərən müəssisələrin sayı isə 100 minə çatır. Bütün bunlar özəl sektorun və sahibkarlığın iqtisadiyyatımızda aparıcı sahəyə çevrildiyinin göstəriciləridir.
Sahibkarlığa Kömək Milli Fondu hər il təsərrüfat fəaliyyəti ilə məşğul olan sahibkarlara güzəşli kreditlər verir. Bu isə yeni iş yerlərinin açılmasına və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təkan verməklə bərabər, sahibkarlığın produktiv və innovativ sahələr üzrə inkişafını təmin etməyə yönəlib. Prezident İlham Əliyev sahibkarlığın bütün modern standartlar və kriteriyalar üzrə inkişafına xüsusi önəm verir. Prezident bu sahədə sırf sahibkar və cəmiyyət maraqlarından çıxış edərək sahibkarlığın iqtisadiyyatda və cəmiyyət həyatında rolunun optimal səviyyədə artırılmasını qarşıya məqsəd qoyub. Azərbaycan Prezidentinin bu mövzudakı bütün çıxışlarından və həyata keçirilən islahatlardan da bariz şəkildə görünür ki, ümummilli liderin sahibkarlığı inkişaf etdirmək məqsədi hazırda yeni dövrün çağırışlarına tam cavab verən uğurlu strategiya ilə gerçəkləşdirilir.
İlkin AĞAYEV
İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info