Britaniya Avropa Birliyindən çıxsınmı, çıxmasınmı…
Tarix: 21.04.2016 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


“Brexit” Birləşmiş Krallığın və qitənin siyasi gündəmini zəbt edib…

(əvvəli ötən saylarımızda)

Britaniyada olduğum müddətdə orada “Brexit” sözü siyasi gündəmi zəbt etmişdi. “Britaniya” və “exit”(çıxış) sözlərinin birləşməsinin qısaca forması olan bu söz Birləşmiş Krallığın Avropa Birliyindən çıxması məsələsini ifadə edir. Həmin müddətdə oxuduğum bütün Britaniya qəzetlərində, demək olar ki, əsasən, bu məsələ manşetə çıxarılır, hətta Londonun meri, babası mənşəcə türk olan Boris Jonson kimi rəsmilər səviyyəsində ölkənin Avropa Birliyindən çıxarılmasının lazım gəldiyi əsaslandırılırdı.
Maraqlıdır ki, orada ünsiyyət qurduğum ingilislərin hamısı da ölkənin AB-dən çıxmasını dəstəkləyirdilər. Britaniyanın AB-dən çıxacağına rastlaşdığım digər avropalılar da inandıqlarını bildirdilər. Məsələn, AB-də əsas söz sahiblərindən olan, qurumun iqtisadi lokomotivi Almaniyanın vətəndaşı, kurs yoldaşım Kim He Britaniyanın AB-dən çıxacağına əminliyini vurğuladı. Deyilənə görə, qarşıdakı iyunda Britaniyada Avropa Birliyindən çıxmaq haqqında referendum keçiriləcək. Britaniyadakı digər miqrantlar inanırlar ki, ölkənin Avropa Birliyindən çıxması nəticəsində ümumi vəziyyət, xüsusən də onların vəziyyəti daha da yaxşılaşacaq, çünki işlə təmin olunma məsələsində Avropa Birliyi vətəndaşlarıyla onlar arasındakı fərq aradan qalxacaq.
Amma, necə deyərlər, sən saydığını say, gör Britaniya hökuməti iyunda nə sayır… Xüsusi mövqe və kaprizlərlə indiyədək AB-də qalan Birləşmiş Krallıq, bundan sonra hansı yön və tələblərə üz tutacaq, bunu AB-də çox həyəcanla gözləməkdədirlər…

Yüksək həyat səviyyəsinə görə bahalı ölkə
Öncəki yazıda qeyd etmişdim ki, Birləşmiş Krallıq, xüsusən də London olduqca bahalı yerdir. London dünyanın ən bahalı şəhərləri sırasındadır. Öncə qeyd etmək lazımdır ki, burada qiymətlərin bahalığı, əslində, insanların yaşayış səviyyəsindən irəli gəlir. Burda maaşlar kifayət qədər yüksəkdir və yerli əhali arasında işsizlik səviyyəsi çox aşağıdır. Məsələn, Londonda orta illik əməkhaqqı 40 min funt civarındadır. Bu isə təxminən, 100 min manata bərabərdir. Amma burada vergilər də çox yüksəkdir, 20-40 faiz arası dəyişir. Əgər gəlirin ildə 300 min funtdan çoxdursa, 54 faiz vergi ödəməlisən. Amma bütün bunlara baxmayaraq, dünyada, demək olar ki, ən böyük bizneslərin mərkəzi ofisləri Londonda yerləşir…

Dünyanın muzeylər və heykəllər mərkəzi
Britaniyalıların tarixə böyük önəm verdikləri Londonun heykəllər və muzeylər şəhəri olmasından da görünür. Dünyanın ən böyük imperiyalarından biri olmuş (Ən böyük imperiya Çingizxan imperiyası sayılır, amma hazırda bir sıra ingilisdilli mənbələrdə Böyük Britaniya imperiyasının ərazicə daha böyük olduğu iddia edilir). Böyük Britaniya imperiyasının müxtəlif tarixi mərhələlərində önə çıxan liderlər, müharibə qəhrəmanları və başçılarının heykəlləri ilə şəhərdə, demək olar ki, addımbaşı rastlaşmaq mümkündür. Bundan başqa, London özünün möhtəşəm muzeyləri və dünyanın ən qədim, müxtəlif sivilizasiyalarına məxsus misilsiz orijinal eksponatları ilə öyünə bilər. Orada olarkən bir neçə muzeyi gəzmək imkanım oldu. Xüsusilə maraqlı idi ki, Viktoriya və Albert muzeyində Səfəvilər dövrünə aid qiymətli eksponatlarla rastlaşdıq. Dünyanın ən böyük xalçalarından biri olan möhtəşəm Ərdəbil xalçası - Azərbaycan mədəniyyətinə məxsus möhtəşəm nümunə muzeyə gələnləri çox heyrətləndirirdi. Bundan başqa, Səfəvilərlə bağlı digər eksponatlar da olduqca böyük maraq doğurdu. Ümumiyyətlə, bu cür qiymətsiz eksponatların dünyanın müxtəlif yerlərindən - sonradan Britaniya imperiyasının nüfuz dairəsinə düşmüş ölkələrdən müxtəlif yollarla gəlib bura çıxmasının özü ayrıca bir araşdırma mövzusudur…
Həmçinin London ətrafında turistləri maraqlandıracaq açıq muzey - eramızdan öncə 3-cü-2-ci minilliklər arasında ortaya çıxdığı ehtimal edilən daş abidələr - “Stonehenge” var. Bu kimi yerlərə turistlər üçün ayrıca ödənişli turlar təşkil edilməkdədir.

Gündə 3 milyon adamın oxuduğu havayı qəzetlər
Onu da qeyd edərdim ki, londonlular, ümumiyyətlə, britaniyalılar oxumağa çox meyillidirlər. Bu, digər avropalılar kimi, onların da əsas şakərlərindən biridir.İstənilən nəqliyyat vasitəsində sərnişinlərin əksəriyyətinin əlində qəzet, kitab və ya jurnala rast gəlirsən. Londonda çoxlu çeşidli kitabların satıldığı kitab mağazaları müştərilərlə dolu olur. Cəmiyyətin inkişaf səviyyəsi və ixtisasların diferensiasiyası baxımından fərqlilik olduğuna görə, buradakı kitablar da əhatə etdikləri mövzulara və yanaşma tərzinə görə fərqlənir.
Maraqlı məqamlardan biri London metrosunda bir neçə qəzetin pulsuz paylanması idi. Belə ki, hər metro stansiyasında olan xüsusi köşklərdə bu qəzetlərdən bol-bol qoyulur. Gündə 3 milyonadək metro istifadəçisi bu qəzetləri oxuyur. Hər bir metro istifadəçisi qəzeti oxuduqdan sonra onu qatarda digərlərinin də oxuması üçün səliqə ilə oturdugu yerə qoyur. Yaxud oxunduqdan sonra qəzetləri onlar üçün nəzərdə tutulmuş xüsusi qablara atmaq olar. Bu qəzetlərin havayı paylanmasında yalnız onların oxunması məqsədi güdülür. Yəni həmin qəzetlərin redaksiyaları reklamlardan böyük məbləğdə pullar qazandıqları üçün daha çox oxucu yığmaqda maraqlıdırlar. Ümumiyyətlə, bu ölkənin media və reklam bazarı olduqca inkişaf etmiş və postsovet ölkələri ilə müqayisəyəgəlməz durumdadır.
Amma burada da media ilə bağlı hansısa hüdudların olmadığını demək olmaz. Məsələn, orada olarkən belə eşitdim ki, ölkədə və dünyada çox populyar olan “The Guardian” qəzeti Kraliça haqqında mənfi yazılar yazdığına görə dəfələrlə bağlanıb. Ümumiyyətlə, burada Kraliça haqqında bu cür yazılar yazmaq yasaq olunub. Bu cür yasaq edilmiş mövzuların mövcudluğu Britaniya mediası ilə bağlı söylənilənlərdəndir… Həmçinin sosial şəbəkələrin mənfi təsirləri, aksiyalara səbəb olmaları ilə bağlı, bir neçə il öncə Böyük Britaniyada baş nazir səviyyəsində lazımi məhdudiyyətlər tətbiq olunmasına aid çağırışlar da bu qəbildəndir.

Niyə ingilislər öz bahalı maşınlarını sürmürlər?
Britaniyanın dünyanın ən bahalı maşın istehsalçılarından biri olduğu məlumdur. Belə ki, avtomobil bazarında dünyanın ən bahalı brendləri ingilislərə məxsusdur. Məsələn, “Bentley”, “Royce Royce”, “Range Rover” və sairi qeyd etmək yetər. Yaxud mobil telefon markalarından minlərlə dollar qiyməti olan “Vertu” da ingilislərindir. Amma orada olarkən mühaşidələrimə əsasən, ingilislərin ən çox alman və yapon maşınlarına üstünlük verdiklərinin şahidi oldum. Öz markalarına aid avtomobilləri sürən ingilis sürücülərlə nadir hallarda qarşılaşmaq olar. Rəyini soruşduğum bir taksi sürücüsü də bildirdi ki, ən çox alman və yapon maşınlarına üstünlük verilir. Bundan başqa, yaponların hibrid və ya elektriklə işləyən maşınları da burada populyardır. Həmçinin alman “Opel” markası Britaniyada başqa ad altında istehsal olunur və yerlilər üçün ucuz başa gəldiyinə görə, nisbətən aşağı gəlirli təbəqəyə mənsub insanlar arasında populyardır.
Britaniyalıların daha bir neçə yaxşı xüsusiyyətini qeyd etməyə dəyər. Orada çox varlı insanlar belə, özlərini çox təvazökar aparırlar və pulları ilə heç vaxt öyünməzlər. Paltarları və digər əşyaları ilə fərqlənməyə çalışmazlar. Özlərini çox sadə aparırlar. Hətta 3-4 maşını olan insanların çox vaxt metrodan istifadə etdiklərinin şahidi oldum. Bundan başqa, geyim məsələsində Londonda əsl “anarxiya” hökm sürdüyünün şahidi oldum. Məsələn, soyuq havada birisi gödəkcə geyinibsə, digəri isə şort və qısaqol köynəklə, əsl yay geyimində küçəyə çıxır. Bu cür fərqliliklər burada adidən adi qəbul edilir və kimsəni maraqlandırmır.
(ardı gələn sayımızda)
İlkin AĞAYEV
Bakı-London-Kardiff-Svansi-
Kent-London-Bakı




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info