İranla birgə bir neçə müəssisə yaradılması haqda anlaşma imzalandı
Tarix: 21.04.2016 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Şirkətlərimiz İran şirkətləri ilə bir sıra birgə layihələr həyata keçirəcəklər


Bakı Biznes Mərkəzində İqtisadiyyat naziri Şahin Mustafayev İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb. Dünən Azərbaycanın Astara şəhərində Azərbaycan və İran nümayəndə heyətləri arasında keçirilmiş geniştərkibli görüşün davamı olan tədbirdə ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.
Nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrimizin inkişafının Azərbaycan və İran prezidentlərinin siyasi iradəsinin göstəricisi olduğunu vurğulayıb. Bildirilib ki, Prezident İlham Əliyevin fevralın 23-də İrana səfəri, səfər çərçivəsində keçirilən görüşlər və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına böyük stimul verib. Dünən təməli qoyulan Astara çayı üzərində dəmir yolu körpüsü də həmin səfərin uğurlu nəticələrindəndir. Ümumilikdə isə, Prezident İlham Əliyevin 2014-cü ilin aprelində İran islam Respublikasına səfərindən sonra ölkələrimiz arasında 60-a yaxın qarşılıqlı səfər həyata keçirilib, 30-dan çox sənəd imzalanıb, Dövlət Komissiyasının iki iclası və bir sıra görüşlər təşkil olunub. Dövlət başçılarının son 2 ildə 6, son 2 ayda isə 2 görüşü keçirilib.
Nazir Şahin Mustafayev Mahmud Vaezini Azərbaycan-İran əlaqələrinin inkişafına verdiyi böyük töhfəyə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq ordeni” ilə təltif olunması münasibətilə təbrik edib.
Qeyd olunub ki, Azərbaycan və İran arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, iqtisadi sahədə 40-dan çox olmaqla indiyədək 120 sənəd imzalanıb. İran Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və təkcə 2016-cı ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 53% artıb. Hazırda Azərbaycanda 439 İran şirkəti fəaliyyət göstərir. Azərbaycan və İran arasında Dövlətlərarası Komissiya, müxtəlif sahələr üzrə işçi qrupları fəaliyyət göstərir, birgə biznes forum, işgüzar görüş və sərgilər təşkil olunur.
Hazırda ölkələrimiz arasında kənd təsərrüfatı, turizm, bankçılıq, əczaçılıq, nəqliyyat və s. sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq işlər görülür. Bildirilib ki, SOCAR ilə İran Milli Neft Şirkəti və Qədir İnvestisiya Şirkəti arasında Memorandumlar imzalanıb. Naxçıvan Muxtar Respublikasının tələbatını ödəmək məqsədilə Təbii Qazın Mübadiləsi (Swap) müqaviləsinin icrası davam etdirilir, qaz anbarlarından istifadəyə dair mövsümi rejim üzrə danışıqlar aparılır. İran vətəndaşlarına Naxçıvanda 10 avroya sərhəddə və hava limanında viza verildiyini qeyd edən nazir Şahin Mustafayev İran vətəndaşlarına münasibətdə viza rejiminin sadələşdirilməsi ilə bağlı işlərin aparıldığını qeyd edib.
Nazir Şahin Mustafayev bildirib ki, Azərbaycan-İran əlaqələrinin vacib istiqamətlərindən olan nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi əlaqələrimizin genişlənməsinə öz töhfəsini verəcək. Dəhlizin önəmli həlqələrinən olan Astara çayı üzərində dəmir yolu körpüsü də Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi, iqtisadi, ticarət və yükdaşımalar sahəsində əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir. Dəmir yolu körpüsünün eni 10 metr, uzunluğu isə 82 metr olacaq. 3 aşırımlı və 4 dayaqlı olmaqla layihələndirilən körpünün üzərində hər 2 istiqamətdə qatarların hərəkətinin təmin olunması məqsədilə iki xətt quraşdırılacaq. Dəmir yolu körpüsünün tikintisi xərcləri Azərbaycan və İran tərəfindən bərabər paylarla ödəniləcək. Nazir Şahin Mustafayev dəmir yolu körpüsünün yüksək keyfiyyətlə və vaxtında icra olunacağına əminliyini vurğulayıb. Qeyd edilib ki, 2016-cı ilin sonunadək Astara çayı üzərində dəmir yolu körpüsünün və Astara stansiyasından sərhədədək 8,3 km-lik yolun, İran tərəfində 1,7 km-lik xəttin və yükaşırma terminalının tikintisinin yekunlaşması nəzərdə tutulur. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin digər hissələrinin tikintisi üzrə də danışıqlar aparılır. Belə ki, 164 km-lik Rəşt-Astara (İran) dəmir yolunun maliyyələşdirilməsi və tikintisi üzrə müzakirələr aparılır.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran arasında imzalanmış “Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə” və “Ordubad” və “Marazad” Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında” sazişlərin tezliklə ratifikasiya edilməsinin əhəmiyyətini qeyd edib, elektrik enerjisinin satışı üzrə Çərçivə Sazişinin icrasının vacibliyini vurğulayıb.
İqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan-İran əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, nəqliyyat, kənd təsərrüfatı, sənaye, əczaçılıq, səhiyyə, turizm, ikitərəfli və tranzit yükdaşımalarının artırılması, İranın Şərq-Qərb dəhlizinə qoşulması, Bakı-Astara-Təbriz-Naxçıvan və Naxçıvan-Təbriz-Tehran-Məşhəd dəmir yolu marşrutlarının həyata keçirilməsi, Azərbaycan şirkətlərinin İranın dəmir yollarının elektrikləşdirilməsi layihələrində iştirakı üçün geniş imkanlar mövcuddur. Bundan başqa, Azərbaycanın sənaye parklarına İran investorlarının cəlb edilməsi, birgə avtomobil istehsalı və əczaçılıq sahəsində əməkdaşlıq, ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, aqroparklarda əməkdaşlıq, İran şirkətlərinin Aktau Logistika Mərkəzindən istifadəsi, Yekaterinburqda Azərbaycan-İran-Rusiya birgə logistik mərkəzinin yaradılması və s. sahələrdə də əməkdaşlıq üçün geniş potensial var.
İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Azərbaycanın ali mükafatı ilə təltif olunmasına görə Azərbaycan Prezidentinə təşəkkür etmiş, ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, Azərbaycan-İran əlaqələrinin heç zaman bu qədər yüksək səviyyədə olmadığını vurğulayıb. Bildirilib ki, Şimal-Cənub nəqliyyat dəhlizi və bu dəhlizin vacib hissələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsü də Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın, xüsusilə yükdaşımalar, turizm və ticarət əlaqələrinin genişlənməsi baxımdan əhəmiyyətlidir. Mahmud Vaezi iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq perspektivlərinə dair fikirlərini də bölüşüb.
Sonra “Sumqayıt Kimya Sənaye Parkı” MMC, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC, İranın “Iran Khodro” və “Darou Pakhsh” şirkətləri arasında Azərbaycanda avtomobil və dərman istehsalı sahəsində müştərək layihələrin icrası ilə bağlı 4 memorandum imzalanıb.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC və İranın “Darou Pakhsh” şirkəti arasında imzalanmış Azərbaycanda əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalının təşkili haqqında Anlaşma Memorandumuna əsasən, birgə yeni müəssisə yaradılacaq. Bu müəssisəni “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC və “Darou Pakhsh” şirkəti birgə maliyyələşdiriləcək. Müəssisədə ağrıkəsici, antibiotik və vitamin təyinatlı 52 adda dərman preparatlarının istehsalı nəzərdə tutulur. Dərman preparatları ilkin olaraq daxili bazar üçün nəzərdə tutulur. Müəssisənin Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılması planlaşdırılır. Qeyd edək ki, İranın ən böyük əczaçılıq şirkəti olan “Darou Pakshs” 1956-cı ildən fəaliyyət göstərir və İranın Əmək və Sosial İşlər Nazirliyinin tabeliyindədir. Şirkət vitamin və minerallar, ağrıkəsici və hərarət salıcı dərmanlar, kardiovaskulyar dərmanlar, astma əleyhinə preparatlar, antikonvulsantlar, antidepresantlar, dezinfeksiya preparatları, həzm sistemi dərmanları, peyvəndlər, dietik əlavələr və əvəzləyicilər, antihistaminlər, antidiabetiklər, baytarlıq preparatları və s. məhsullar daxil olmaqla 48 farmakoloji qrup üzrə 368 adda dərman istehsal edir. İstehsal etdiyi dərman preparatlarını Azərbaycan da daxil olmaqla dünyanın 20-dən çox ölkəsinə ixrac edir.
“Sumqayıt Kimya Sənaye Parkı” MMC ilə İranın “Darou Pakhsh” şirkəti arasında imzalanmış Anlaşma Memorandumu əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalı layihəsinin Sumqayıt Kimya Sənaye Parkının ərazisində həyata keçirilməsi ilə bağlıdır. Memoranduma uyğun olaraq, tərəflər əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalı layihəsinin həyata keçirilməsi üçün “Darou Pakhsh”, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azərsun Holdinq” MMC-nin təsisçiliyi ilə yaradılacaq yeni şirkətin Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçməsi üçün lazımi prosedurları həyata keçirəcəklər.
Azərbaycanın “Azevrocar” MMC və İranın “İran Khadro” şirkəti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, şirkətlər Azərbaycanda minik avtomobillərinin və ehtiyat hissələrinin birgə istehsalını həyata keçirəcəklər. İlkin olaraq layihə üzrə istehsal edilməsi məqsədəuyğun olan avtomobil modelləri müəyyənləşdiriləcək, sonra isə layihə üzrə Biznes Plan hazırlanacaq. Layihənin Neftçala Sənaye Məhəlləsində həyata keçirilməsi nəzərdə tutulur. Zavodun 2 ilə tikilməsi planlaşdırılır.
Tədbir çərçivəsində həmçinin, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azevrocar” MMC arasında avtomobil və müvafiq ehtiyat hissələrinin istehsalı layihəsinin Neftçala Sənaye Məhəlləsində həyata keçirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Memoranduma uyğun olaraq, “Azevrocar” şirkətinə Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunun verilməsi üçün şirkət müvafiq sənədləri hazırlayaraq AİŞ-ə təqdim edəcək. Bundan sonra isə layihənin Neftçala Sənaye Məhəlləsində həyata keçirilməsi üçün “Azevrocar” şirkətinə AİŞ tərəfindən sənaye məhəlləsinin iştirakçısı statusu veriləcək.


İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info