“Rusiyadakı Azərbaycan diaspor təşkilatları yeni mərhələyə qədəm qoyub”
Tarix: 22.04.2016 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Ramil Əliyev:“Gənclərimizin bu gün Rusiyada aktivliyini yüksək qiymətləndirmək olar”

Bu gün Ümumrusiya Azərbaycan Konqresi Rusiyadakı diasporumuzun həmrəyliyində mühüm rol oynayır. Hazırda ÜAK-ın Rusiyanın əksər regionlarında bölmələri fəaliyyət göstərir. Elə müsahibimiz də ÜAK-ın Moskva Vilayəti İstra rayon yerli şöbəsinin sədri Ramil Əliyevdir. Qeyd edək ki, R.Əliyev 1978-cı ildə Gəncə şəhərində anadan olub. 1999-cu ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Dövlət və bələdiyyə idarəetmə fakültəsinin bakalavr pilləsini, 2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsini fərqlənmə diplomu ilə bitirib. Ailəlidir, iki övladı var.
- Ümumrusiya Azərbaycan Konqresinin Rusiyadakı soydaşlarımızın bir araya gəlməsində nə kimi rolu var?
-Bildiyiniz kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. Ötən illər ərzində diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi önə çəkilib. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan diaspor hərəkatı indi də uğurla davam etdirilir. Bu gün Azərbaycan diasporunun geniş yayıldığı və fəal olduğu ölkələrdən biri də Rusiya Federasiyasıdır. Düz 15 il öncə, yəni 2001-ci il martın 5-də Moskva şəhərində ümummilli lider Heydər Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəstəyi ilə Ümumrusiya Azərbaycan Konqresi təsis edildi. Hər iki dövlət başçılarının “Ümumrusiya Azərbaycan Konqresi”nin ilk təsis qurultayında iştirakı Rusiya Federasiyasında Azərbaycan diasporunun yaranmasına olan böyük diqqətinin göstəricisi idi. Bilavasitə sualınıza cavab olaraq bildirmək istəyirəm ki, Ümumrusiya Azərbaycan Konqresi Rusiya Federasiyasına gəlmiş həmvətənlərimizə bu ölkənin mədəniyyətinə və ənənələrinə, yerli qanunlara, həyat tərzinə və şərtlərinə tədricən uyğunlaşmağa köməklik göstərir, Rusiyada yaşayan azərbaycanlıların hüquq və sosial problemlərinin qorunmasına çalışır, onların etnik-mədəni tələbatlarının təmin edilməsinə, milli-mədəni ənənələrimizin qorunub saxlanmasına, Rusiya ictimaiyyətinə Azərbaycanla və Dağlıq Qarabağ məsələsi ilə bağlı dolğun, dürüst informasiyasının çatdırılmasında işlər görür və digər məsələlərə diqqət ayırır.
- Azərbaycanın xaricdə təbliğatı ilə bağlı hansı tədbirlər keçirisiz?
-Rusiya Federasiyasında fəaliyyət göstərən diaspor təşkilatları kimi, Ümumrusiya Azərbaycan Konqresinin Moskva Vilayəti İstra rayon yerli şöbəsi, Azərbaycanın əlamətdar tarixi hadisələrinin, milli bayramlarının, milli-mənəvi dəyərlərinin, qədim mədəniyyətinin təbliğ olunması ilə bağlı tədbirlər həyata keçirir. Moskva Vilayəti İstra rayon administrasiyası tərəfindən keçirilən bütün tədbirlərdə təşkilatımız mütəmadi olaraq fəal iştirak edir və doğma Azərbaycanımızı layiqincə təmsil edirik və eyni zamanda Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə çalışırıq.
- Rusiyadakı gənclərimizin ictimai aktivliyi necədir?
-Gənclərimizin bu gün Rusiya Federasiyasında aktivliyini yüksək qiymətləndirmək olar. Rusiyada təhsil alan və yaşayan azərbaycanlı gənclər də dövlətin yaxın dəstəyi və yardımı sayəsində təhsil aldıqları universitetlərdə müxtəlif dərnəklər və ictimai birliklər yaradır və Azərbaycan Respublikasının milli-mədəni dəyərlərinin qorunub saxlanılmasında işlər görür, adət-ənənələrimizi, tariximizi, mədəniyyətimizi layiqincə təbliğ edirlər. Rusiya Federasiyasındakı gənclərimizin ictimai-siyasi aktivliyi barədə danışarkən, demək olar ki, gənclərimiz buranın cəmiyyətinə, mədəniyyətinə, təhsilinə tamamilə inteqrasiya ediblər. Bu prosesdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sədri olduğu Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) böyük və danılmaz rolu var. Buna sübut olaraq, RAGT-ın yerli müsabiqələrdə, festivallarda iştirak etməsidir.
Bir məqamı da nəzərinizə çatdırmaq istəyirəm ki, gənclərimizin sərbəst və təhlükəsizyaşamalarında Ümumrusiya Azərbaycan Konqresinin də çox böyük rolu var. Hər zaman gənclərimizə diqqətini və zamanını əsirgəmir. Bütün məsələlərdə və problemlərin həlli yolunda yaxından iştirak edir.
- Necə düşünürsünüz, bu gün Rusiyada Azərbaycan diasporu kifayət qədər güclüdürmü?
-Bilirsiz, diasporumuzun bugünkü durumu ilə bağlı müxtəlif yanaşmalar var. Hazırda Rusiyada fəaliyyət göstərən bir neçə nüfuzlu diaspor təşkilatları var. Bunlardan Ümumrusiya Azərbaycan Konqresi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatını qeyd etmək istərdim. Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun bugünkü durumunu ümumilikdə qənaətbəxş qiymətləndirmək olar. Çünki keçən illərə nisbətən Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları yeni mərhələyə qədəm qoyub. Bu da Azərbaycan diasporuna yeni nəfəs gətirən, gənclərin bu sahədə fəallığının artırılmasına nail olan diaspor nümayəndələrindən biri Leyla Əliyevanın adı ilə bağlıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva Azərbaycan mədəniyyətinin Rusiyada təbliği və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər aparır. Dağlıq Qarabağ kimi ağrılı problemimizin dünya ictimaiyyətinə çatdırılmasında Leyla Əliyevanın danılmaz rolu var. Bu ilin fevral ayında keçirilən “Xocalıya ədalət” kampaniyası buna əyani sübutdur. Buda qürurverici bir haldır.
Bu gün Rusiya ictimaiyyətinə həqiqətlərimizin çatdırılmasında, diaspor təşkilatlarının koordinasiyası istiqamətində daha müasir texnologiyadan, yeni təbliğat üsullarından istifadə olunması çox vacibdir. Müasir dövrümüzdə önəm daşıyan məsələlərdən biri də kütləvi informasiya vasitələri ilə əlaqələrdir ki, təşkilatlarımız bu əlaqələri daha da genişləndirməlidirlər. Və ən əsası da, Rusiyada yaşayan soydaşlarımızın Azərbaycana bağlanması, Azərbaycanla yaşaması üçün mənəvi əsas ola biləcək bir ideyası var- bu, azərbaycançılıqdır. Əgər biz ulu öndər Heydər Əliyevin yaratdığı bu ideologiyanı daim yaşatsaq, inkişaf etdirsək, onun əsasında birləşsək, böyük uğurlar qazana bilərik.
İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini, milli mənsubiyyətini qoruyub saxlamağı bacarsın.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info