Şahin Mustafayev: “Sahibkarlığın inkişafı üçün yeni dövr başlayıb”
Tarix: 25.04.2016 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirildi

Məlum olduğu kimi, Prezidentin “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında 21 aprel 2016-cı il tarixli sərəncamına əsasən, aprelin 25-i ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd edilir. Bununla bağlı, aprelin 25-də İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı ticarət palatalarının nümayəndələri, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 300-dən çox sahibkar iştirak edib.
“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans cəbhə xəttində baş vermiş son hadisələr zamanı şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Sonra Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək, ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımların sistemli və ardıcıl xarakter daşıdığını, Prezident İlham Əliyev tərəfindən son zamanlar imzalanmış sənədlərin, qəbul edilmiş qərarların sahibkarlığın inkişafına verilən böyük dəstəyin göstəricisi olduğunu vurğulayıb. “Sahibkarlar günü”nün təsis edilməsi münasibəti ilə sahibkarları təbrik edən Məmməd Musayev ölkə sahibkarlarının adından Prezidentə minnətdarlıq edib, dövlət başçısının sahibkarlara göstərdiyi dəstəyin ölkə iqtisadiyyatında özəl sektorun rolunu daha da artıracağını vurğulayıb.
İqtisadiyyat naziri Şahin Mustafayev çıxışında “Sahibkarlar Günü”nün təsis olunmasının sahibkarların fəaliyyətinə verilən yüksək qiymətin, dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən böyük diqqət və qayğının növbəti göstəricisi olduğunu vurğulayıb. Müstəqil Azərbaycanın memarı Heydər Əliyevin digər sahələrdə olduğu kimi, iqtisadiyyatın inkişafı istiqamətində gördüyü mühüm işlərdən danışan nazir Şahin Mustafayev ulu öndərin sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi taleyüklü qərarların özəl bölmənin formalaşmasında mühüm əhəmiyyətini qeyd edib. Bildirilib ki, Heydər Əliyevin 2002-ci ilin 25 aprel tarixində ölkə sahibkarları ilə keçirdiyi görüş sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olduğundan “Sahibkarlar Günü” də məhz aprelin 25-də təsis olunub. Diqqətə çatdırılıb ki, ümummilli liderin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün ölkəmiz regionun siyasi, iqtisadi və mədəni mərkəzinə, sahibkarlar isə iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Səmərəli dövlət dəstəyi tədbirləri, o cümlədən vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, layihələrin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parklarının və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, maarifləndirici tədbirlər, biznes forum və sərgilərin təşkili və digər tədbirlər nəticəsində ÜDM-də özəl bölmənin payı 80%-i, məşğulluqda isə 74%-i ötmüş, ölkə iqtisadiyyatı şaxələnmiş, özünütəminat səviyyəsi yüksəlib.
Aparılan iqtisadi islahatlar çərçivəsində biznes və investisiya mühitinin yaxşılaşdırılması tədbirlərindən danışan nazir Şahin Mustafayev dövlət başçısının iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən sahibkarlığın inkişafı ilə bağlı verilmiş qərarların iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşıdığını və sahibkarlığın inkişafı üçün yeni dövrün başlanğıcı olduğunu vurğulayıb. Qeyd olunub ki, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə Apellyasiya Şuralarının yaradılması, dövlət satınalmalarında şəffaflığın artırılması və ədalətli seçimin təmin olunması, investisiyanın təşviqi və s. özəl sektorun inkişafında xüsusilə əhəmiyyətlidir.
Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə dövlət başçısının rəhbərliyi ilə son dövrdə ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, eləcə də bu sahədə aparılmış islahatlar və qəbul edilmiş qanunvericilik aktlarının önəmini vurğulayıb.
Kənd təsərrüfatı naziri Heydər Əsədov çıxışında aqrar sahədə sahibkarlığın inkişafından danışıb, Azərbaycan dövlətinin daim, xüsusilə də yeni iqtisadi şəraitdə sahibkarlara dəstəyini davam etdirdiyini vurğulayıb.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev sahibkarların işinin asanlaşması üçün gömrük sahəsində son zamanlar aparılan islahatlardan danışıb.
Nazirlər Kabinetinin şöbə müdiri Şahin Sadıqov isə sahibkarlığın inkişafı istiqamətində son zamanlar həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Beynəlxalq Maliyyə Korporasiyasının ölkə üzrə direktoru Aliyə Əzimova təşkilatın qeyri-neft sektorunun inkişafına və sahibkarlığın dəstəklənməsinə göstərdiyi investisiya və məsləhət xidmətləri barədə məlumat vermiş, özəl bölmənin daha da inkişaf etdirilməsinə dair təkliflər səsləndirib.
Konfransda çıxış edən sahibkarlar - “Azersun Holdinq” MMC-nin prezidenti Abdulbari Goozal, “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev, “Karat Holdinq” MMC-nin direktoru Taleh Qasımov, “NEON” firmasının baş direktoru Arif Həsənov, “Mətanət A” şirkətinin direktoru Elxan Bəşirov və digər sahibkarlar, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, Azərbaycandakı Amerika Ticarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının, ATİB-in, eləcə də beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan Respublikası Prezidentinin sahibkarlara daim dəstək göstərdiyini, sahibkarlıq sahəsində həyata keçirilən islahatları və qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını bildirmiş, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya, həyata keçirilən çoxsaylı dəstək tədbirlərinə, “Sahibkarlar Günü”nün təsis edilməsinə görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər. Sonra özəl bölmənin inkişafı perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Tədbirin sonunda ölkə sahibkarları adından Prezidentə müraciət qəbul edilib.


İ.AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
22.02.2020
22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günüdür
22.02.2020
“Azeri Light”ın bir barrelinin qiyməti 60,21 dollara düşüb
22.02.2020
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22.02.2020
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21.02.2020
Keçən ay dəmir yolu ilə 412,3 min ton yük daşınıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Prezident: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil
4 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
5 Münhen dərsi: Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info