“Əhalidən kənd təsərrüfatı məhsullarının alınması ilə bağlı qərar istehsalçını stimullaşdıracaq”
Tarix: 27.04.2016 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Professor İsa Alıyev: “Baramaçılığın, pambıqçılığın inkişafı üçün bilməliyik ki, hansı məhsuldan nə qədər istehsal etməliyik, kimin üçün istehsal etməliyik”

Kənd təsərrüfatının inkişafı bizim üçün həmişə prioritet olub. İndiki şəraitdə bunun önəminin daha da artdığını deyən ölkə başçısı bildirib ki, ümumi dünya iqtisadi böhranına baxmayaraq, birinci rübdə Azərbaycanda kənd təsərrüfatının istehsalı artıb: “Ərzaq təhlükəsizliyi məsələsi əsas prioritetdir və ümid edirəm ki, yaxın zamanlarda biz özümüzü ərzaqla tam şəkildə təmin edəcəyik. Bu məqsədlə son illər ərzində böyük işlər görülür və daha da böyük işlər görülməlidir”. Ölkə başçısının sözlərinə görə, məxsusi olaraq hər bir zona üçün xüsusi kənd təsərrüfatı məhsulları yetişdirilməlidir və hər bir rayonun, hər bir iqtisadi zonanın öz subsidiya paketi olmalıdır. Belə olan halda, kənd təsərrüfatı ixtisaslaşmış şəkildə və daha böyük səmərə ilə inkişaf edəcək. Müsahibimiz AMEA-nın İqtisadiyyat İnstitutunun Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri şöbəsinin müdiri i.e.d., professor İsa Alıyev bu gün ölkədə kənd təsərrüfatının inkişafının vacibliyini bildirdi:

- Aqrar sahənin inkişaf xəttində mütləq elmdən, düşüncədən faydalanmalıyıq, qarşılıqlı sahələr ciddi əlaqələndirilməlidir. Marketinq, təbliğat xidməti də işə düşməlidir. Mən tədqiqatlarımda uzun müddət tədarük sisteminin itirilməməsini qeyd etmişəm, mütləq bu sistem formalaşmalıdır. Çox yaxşı haldır ki, bu yaxınlarda ölkə başçısı tədarüklə, topdansatış ticarətlə bağlı qərar qəbul etdi. Kəndliyə, əkinçiyə kömək etməyin ən yaxşı yolu odur ki, o nə istehsal edirsə onun məhsulunu satın alaq. Bu həm onu stimullaşdırmaq, həm də kömək etmək deməkdir. Mövcud problemlərdən biri də odur ki, biz əkinçiyə çoxlu məhsul istehsal etməsini məsləhət görürük, amma digər tərəfdən başqa ölkələrin ucuz, keyfiyyətsiz, geni dəyişdirilmiş məhsulları ölkəmizə axır. Həm də o məhsullar müqavilə əsasında gəldiyi üçün çıxarmaq da mümkün deyil. Yəni bu təhlükələr var. Eyni zamanda Ümumdünya Ticarət Təşkilatına (ÜTT)qoşulmaq lazımdır, ancaq çox ciddi fikirləşmək lazımdır. Çünki ÜTT qadağa qoyur ki, kənd təsərrüfatına dövlət yardım etməsin. Belə ki, ÜTT-nin prinsiplərindən biri odur ki, kənd təsərrüfatının inkişafı üçün subsidiyalar, yanacaq, gübrə ilə bağlı güzəştlər olmasın. Bu, bizim üçün çətin ola bilər. Kömək etməsək o sahəni biz inkişaf etdirə bilmərik. Bu o vaxt mümkündür ki, biz müəyyən inkişaf mərhələsinə çataq, sonra öz inkişaf sürətimizlə gedək. Ancaq hazırda bizdə bu sektorun inkişafı üçün müəyyən təkan lazımdır. Ölkəmiz bu gün bir çox ölkələrdən qabaqdadır, ancaq tam olaraq ölkə əhalisini lazımınca ərzaqla təmin edə bilmirik. Bunun üçün də biz hələ kənd təsərrüfatına elmi, texniki dəstək verməliyik, onun hansı sahənin necə inkişaf etməsi ilə bağlı dəqiq cədvəlini çəkməliyik. Bilməliyik ki, bu məhsula tələbatımız nə qədərdir.
- Ölkəmizdə aqrar sahədə bazar iqtisadiyyatının tələbləri necə həyata keçirilir?
- Bazar iqtisadiyyatının öz qanunları var, ilk növbədə bilməliyik ki, hansı məhsuldan nə qədər istehsal etməliyik. Ümumiyyətlə, bu heç vaxt tam aydın olmur, ancaq bununla yanaşı, alimlərimiz bir araya gəlib qərar verməlidirlər ki, məsələn, biz bu qədər buğda istehsal etməliyik, bunun nə qədəri bərk, nə qədəri yem olmalıdır. Eləcə də pambıqla bağlı, məsələn, 10 min ton yox, 100 min ton əkməliyik. Bazarları, alqı-satqını hesablamalıyıq. Ən vacib isə odur ki, kimin üçün istehsal etməliyik. Yəni istehsal etdiyimiz məhsul əlimizdə qalıb xarab olmasın. Tədqiqat nəticəsində müəyyənləşdirmişik ki, ölkədə istehsal olunan əksər kənd təsərrüfatı məhsullarının 20-25 faizi itkilərə gedir. Bostanda qalır, yolda əzilir, saxlamada xarab olur. Bunu minimuma endirmək lazımdır. Biz neçə ildir ki, bazar iqtisadiyyatındayıq, ancaq aqrar sahədə bazar iqtisadiyyatının tələbləri, mexanizmi işə salınmayıb. Bu, ciddi mexanizmdir, tələb edir ki, düşünəsən, arxasında durasan, yeni-yeni ideyalar ortaya qoyasan, alimlər burada işə cəlb olunsun, yeni layihələr ortaya qoyulsun və s. Ancaq bizdə bəzən problem yarandığında xaricdən alim dəvət edirlər. Xarici mütəxəssislə də məsləhətləşmək lazımdır. Ancaq öz alimlərimizin, ziyalılarımızın çox qiymətli tədqiqatları var və ondan istifadə etmək lazımdır. Belə olduğu halda, kənd təsərrüfatımız sürətlə inkişaf edər, ərzaqla da özümüzü təmin edərik.
-Bu gün önəmli amillərdən biri də ölkəmizdə vaxtilə olmuş sahələrin bərpa edilməsidir. Sizcə, bu istiqamətdə hansı addımlar ata bilərik?
- Ölkə başçısının da qeyd etdiyi kimi, vaxtilə Azərbaycanda çox inkişaf etmiş sahələr bərpa edilməlidir. Uzun müddətdir ki, biz bu sahələri itirmişik. Önəmli bir məqama diqqət yetirməliyik ki, biz nə qədər istehsal etməliyik və yaxud bazarı harada tutmalıyıq. Məsələn, 100 min ton pambıq istehsal etsək, onun neçə faizi yerli istehsalçılar üçün qalacaq, neçə faizi satılacaq. Dünya bazarında qiymətlərin tədqiqatını aparmalıyıq. Baxmalıyıq ki, xeyirdirmi, yoxsa ziyandırmı. Məlumdur ki, Özbəkistan pambığı dünyanı fəth edir, onların pambığı çox keyfiyyətlidir. Biz birdən-birə onların qarşısına yüksək keyfiyyətli pambıq çıxara bilmərik. Ola bilsin ki, birlikdə iş görə bilərik. Ona görə də bu sahədə çox iş görülməli, tədqiqatlar aparılmalıdır. Məsləhət görülməlidir, bu il 10 hektar, gələn il 15-20 hektar, o biri il daha çox pambıq əkə bilərik. Birdən-birə çox ölçüdə pambıq əksək istehsalçılar itirə bilər, bazar şəraiti dəyişə bilər. Bazar iqtisadiyyatının belə cəhətləri də var. Amma tədricən bu sahəni inkişaf etdirmək lazımdır. Baramaçılıqla bağlı, bilməliyik ki, hansı ölkədə buna tələbat var. Məsələn, istehsal olunan kəlağayıları Azərbaycan xanımları istifadə edə bilər. Yaxud xaricə ixrac edə bilərik. Ancaq düşünməliyik ki, kəlağayılarımız xarici bazarda tab gətirə bilərmi? Yaxud ipək parça harada, neçəyə satılır, hansı ölkə bu sahədə hökmdardır. Bu bazar mütləq öyrənilməlidir. Marketinq elə ona deyirik, əvvəldən axıra qədər tam ifadə olunmalıdır. Bazarı bilməsək, sadəcə, kortəbii istehsal edərik. Bizdə çox geniş imkanlar var. Tutaq ki, dünya bazarı tutulub. Azərbaycan dünya bazarında 1 faiz yer tuta bilsə, bu, kifayətdir. Yəni ruhdan düşməyə dəyməz. Bu sahəni inkişaf etdirmək lazımdır. Ancaq yeniliklərlə, göz qamaşdırıcılarla dünya bazarına böyük cəhdlə gedəriksə, ola bilər ki, yerimizi tutarıq və bu ənənəvi sahəni ömürlük inkişaf etdirə bilərik. Ona görə də daxili tələbatı öyrənməliyik və xaricə nə çıxara bilərik. Yoxsa başqa cür mümkün deyil.
Məsələn, süd və süd məhsulları ilə bağlı tədqiqat apardım və gördüm ki, bir inəyi olan kəndçi gündə 10 litr süd sağırsa, əlində qalır. Emal edə bilmir, sata bilmir. Niyə? Çünki Bakıda müxtəlif- Rusiya, Latviya, Litva və digər ölkələrin südləri bazarı tutub.
Digər tərəfdən, marketlərdə satılan pendirlərə diqqət yetirsək görərik ki, əksəriyyəti acı dad verir. Çünki düzgün mayalanmır. Ona görə də satışda olan pendirlərin 50 faizi satışdan çıxarılmalıdır, insanları zəhərləyə bilər. Mənşəyi məlum olmayan mayalardan istifadə edilir. Nənələrimiz kəklikotu kimi tam halal nemətlərdən istifadə edirdilər. İstehsal müəssisələrinə kömək etmək lazımdır, fikrimcə, hər kənddə maya məntəqəsi yaratmaq olar ki, əhali bundan istifadə etsin. Bundan başqa, saxlama şəraiti yoxdur. Kifayətdir ki, həmin məhsullar yarım saat soyuducudan kənarda qalsın və o turşusun. Bütün bunları nəzərə alsaq, bu, çox incə bir məsələdir. Amma elə şeylər var ki, dünyaya nümunə göstərə bilərik.
-Hazırda istifadəsiz torpaq sahələrinin istifadəyə cəlb edilməsi üçün hansı inzibati və stimullaşdırıcı tədbirlər görülə bilər?
- O bizim yaralı yerimizdir. Bütün torpaqları birdən-birə istifadəyə verə bilmərik. Ölkə başçısının dediyində həqiqət var ki, torpaq varsa, onu istifadə etməliyik. Onun da istifadə olunmama səbəbini tapmalıyıq. Çünki torpağa sahib olan şəxsin texnikası, imkanı yoxdur, ucuz kredit ala bilmir. Məsələn, şəhərdə olan banklar rayon yerlərinə kredit vermir. Eləcə də sığorta sistemi hələ ki, aqrar sahədə tam normal deyil. Riskə gedib nə isə əkirsənsə, dolu düşərsə məhsul məhv olar, bununla bağlı səni qoruyacaq sistem olmalıdır. Əhalidən kənd təsərrüfatı məhsullarının alınması ilə bağlı çox yaxşı qərar verildi. Bu yaxşı sistemdir. Nə istehsal edərsənsə, alacaqlar və bu istehsalçını stimullaşdıracaq. Aqrar sahədə marketinq, menecment tam mənada işlənib hazırlanmalı və təbliğ olunmalıdır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info