Lordlar Palatasında “Dunsterforce” adlanan hərbi bölmə haqqında mühazirə dinlənilib
Tarix: 28.04.2016 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


İngiltərə-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Britaniya parlamentində tarixdə “Dunsterforce” adı ilə tanınan, XX əsrin əvvəllərində Cənubi Qafqazda və Bakıda əməliyyatlarda iştirak edən hərbi bölmə haqqında mühazirə dinlənilib.İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri, professor Nərgiz Paşayeva və həmkarı Lord German tədbirə toplaşan qonaqları salamladılar.Mühazirədə İngiltərə-Azərbaycan Cəmiyyətinin icraiyyə komitəsinin üzvləri, Britaniyanın və Azərbaycanın ictimai və elm xadimləri iştirak ediblər.Tədbiri açan İngiltərə-Azərbaycan Cəmiyyətinin Britaniya tərəfdən həmsədri Lord German Azərbaycan xalqına müraciət edərək bildirib: “Biz, İngiltərə-Azərbaycan Cəmiyyəti olaraq, Dağlıq Qarabağ münaqişə zonasında son zamanlar baş vermiş, insan tələfatı, dağıntı və xəsarətlərlə nəticələnən hadisələrdən çox narahat olduq. Azərbaycan xalqının dinc yaşaması və bu münaqişənin tezliklə həll olunmasına çox ümid edirik”.Lord German tarixdə “Dunsterforce” adı ilə tanınan hərbi bölmənin Cənubi Qafqazda, o cümlədən Bakıda apardığı hərbi əməliyyatların həm Azərbaycan, həm də Britaniya tarixində xüsusi yeri olduğunu vurğulayaraq bu haqda mühazirə dinləməyin çox maraqlı olacağını bildirib. Həmsədr həmkarı professor Nərgiz Paşayevaya dərin təşəkkürünü bildirərək sözügedən tarixi hadisə haqqında məlumatlanmağın əhəmiyyətini diqqətə çatdırıb.Tədbirdə britaniyalı vəkil və tarixçi Alum Bati məruzəçi olaraq iştirak edib. A.Bati Britaniyanın fərqli universitetlərində tarix və hüquq ixtisası üzrə təhsil alıb. Öz sahəsı üzrə bir çox kitab və elmi əsərlərin, o cümlədən “Visions of Azerbaijan” jurnalında “1918: Azərbaycan Müharibədə” adlı məqalənin müəllifidir. Azərbaycanda Britaniya Biznes qrupunun baş katibi, Britaniyanın Azərbaycandakı 4 səfirinin fəxri hüquq məsləhətçisi və bu kimi Azərbaycan ilə bağlı bir çox əhəmiyyətli vəzifələrdə çalışıb. A.Bati Azərbaycan Parlament komissiyasında fəaliyyət göstərən yeganə xarici vətəndaşdır.A.Bati məruzəsində tarixdə “Dunsterforce” adlanan hadisə haqqında arxiv sənədləri, foto və video çəkilişlər ilə iştirakçılara ətraflı məlumat verib. Adını bölməyə rəhbərlik edən britaniyalı general Lionel Çarlz Denstervildən alan bu hərbi bölüm 1917-ci ildə yaradılıb. General Denstervil xatirələrində bölməni “Dunsterforce” adlandırıb. Bölmə haqqında sənədlərin bir çoxu günümüzə qədər gəlib çatmayıb. A.Bati məruzəsində general L. Denstervilin Bakıda apardığı hərbi əməliyyatlara xüsusi diqqət yetirib.Özünü Cənubi Qafqazda Britaniyanın Kolumbu sayan general-mayor Lionel Çarlz Denstervil (1865-1946) Londonda doğulmuş, ilk təhsilini Britaniya ordusu üçün hərbi qulluqçular hazırlayan Devon məktəbində almışdı. Məktəb illərində onun yaxın dostlarından biri gələcəyin görkəmli yazıçısı, Nobel mükafatı laureatı R. Kiplinq idi. Gənc Kiplinq özünün, eləcə də sinif yoldaşlarının bu dövrdəki həyatından söz açdığı avtobioqrafik “Stalki və dəstəsi” romanında əsas qəhrəmanının - diribaş Stalkinin prototipi kimi Denstervili təsvir etmişdi.Hərbi, siyasi və iqtisadi baxımdan böyük əhəmiyyətə malik olan Don hövzəsu, Qafqaz və Türküstana nəzarət Britaniya hökumətinin strateji planlarına daxil idi. Polkovnik Denstervil də məhz bu səbəbə görə buraya yola düşmüşdü.
Çar Rusiyasının süqutu ilə yaranan hərbi-siyasi vəziyyət qarşıya Böyük Britaniya müstəmləkələrinin və imperiya maraqlarının müdafiəsi ilə bağlı yeni vəzifələr qoymuşdu. Denstervil isə Ənzəli və Bakı limanlarına, Xəzərin qərb sahillərinə nəzarəti təmin etməli, Tiflisdə müttəfiq dövlətlərlə iş birliyi qurmaq istəyən qüvvələrlə əlaqə yaratmalı idi. Növbəti il yanvarın ilk günlərində ona general-mayor rütbəsi verilərək, tarixə “Densterforce” (“Denstervil ordusu”) adi ilə düşən elitar hərbi birləşmənin formalaşdırması tapşırıldı. Təşkilinə bir neçə gün sonra Bağdadda başlanan, İranda davam etdirilən və Bakıya daxil olan zaman ümumi sayı təxminən 1000 nəfər əsgər və zabitdən ibarət qrupun tərkibinə Mesopotomiya və Qərb cəbhələrinin seçmə hissələrinin hərbi qulluqçuları daxil edilmişdi. Burada britaniyalılarla yanaşı avstraliyalı, kanadalı və yeni zelandiyalılar da var idi.Hərbi missiyanın təşkilində məqsəd Qafqaza və Mərkəzi Asiyaya can atan alman-türk qüvvələrinin Böyük Britaniya müstəmləkələri, ilk növbədə Əfqanıstan və Hindistan üçün yarada biləcəkləri mümkün təhlükənin qarşısını almaq idi. Rusiya Birinci Dünya müharibəsindən çıxdıqdan sonra bu təhlükə daha real görünürdü. “Dunsterforce” İran ərazisindən keçərək Xəzər dənizi, Azərbaycan, xüsusən də, regionda alman təsirinin daha nəzərəçarpacaq şəkildə duyulduğu Tiflisdə Britaniyanın maraq və mənafelərini qorumalı idi. Bu məqsədə çatmaq üçün hərbi kəşfiyyat məlumatının toplanması, yerli hakimiyyətlərlə əlaqə qurulması, İran və Qafqazda alman təsirinin zəiflədilməsi tələb olunurdu.“Dunsterforce”un ilk tarixçisi ingilis generalının özü olmuşdu. O, 1911-ci ildən başlayaraq əhatəli gündəlik aparmışdı. Cari qeydləri, topladığı çoxsaylı sənəd və materiallar, habelə şəxsi müşahidələri əsasında 1920-ci ildə Londonda “The Adventures of Dunsterforce” (“Densterfors”un macəraları”) kitabını çap etdirmişdi.General Denstervil inqilab komitəsində keçirdiyi gərgin görüşdən sonra gündəliyində yazırdı: “Bolşeviklər bizə Bakıya getməklə bağlı hətta hər hansı təşəbbüsü də yasaq edirlər. Bakı bolşevik hökumətinin əlindədir, gəlmək xəbərimizi eşidərək radio ilə nəyin bahasına olursa olsun, bizi tutub saxlamaq barəsində əmr göndəriblər”.Bağdad və Londonla apardığı məsləhətləşmələr zamanı generala hələlik Həmədanda gözləmək, İran tərəfinin bütün addımlarını nəzarətdə saxlamaq və imkan yaranan kimi Cənubi Qafqaza doğru hərəkət etmək əmri verilmişdir. General Denstervil isə məcburi fəaliyyətsizlik günlərində daha çox İran cəmiyyətinin özünəməxsusluqlarını araşdırmaq və Cənubi Qafqazda yaranmış vəziyyəti təhlil etməklə vaxtını keçirirdi. Məsələn, 1918-ci ilin aprelində İrandan Londona, Hərbi nazirliyə göndərdiyi məlumatlardan birində general Denstervil Cənubi Qafqazdakı vəziyyəti dəyərləndirmişdi. Cənubi Qafqazdakı vəziyyətlə bağlı təhlillərdə də həqiqətlə səsləşən müəyyən müşahidələr və rasional qənaətlər yox deyildir. Amma təbii ki, bütün bu təhlil və mülahizələrin mərkəzində bölgədə ingilis hegemonluğunu təmin etmək, hansı yolla olursa-olsun, Britaniya imperializminin maraq və mənafelərini qorumaq düşüncəsi dayanırdı.“Dunsterforce”un formalaşma prosesində rus zabitlərinin, xüsusən də Qafqaz ordusunda xidmət etmiş hərbçilərin xidmətindən geniş istifadə olunurdu. General Denstervilin ətrafında Bakı aviatorlar məktəbinin məzunları böyük üstünlük təşkil edirdilər.Generalın şəxsi yavəri, ingilis əsilli rus zabiti kapitan Breyin də axırıncı qulluq yeri Bakı olmuşdu. Nəhayət, Denstervilin özünün rus dilini bilməsi işə çox yarayırdı. Kitabındakı və gündəliklərindəki qeydlərdən də göründüyü kimi, bu dil bilgisi ikinci şəxslər olmadan Bakıda faydalı dialoq qurmaq, daim hadisələrin nəbzini tutmaq imkanı yaratmışdı.Sentyabrın 17-də Azərbaycan Cümhuriyyəti hökuməti xüsusi qatarla müvəqqəti paytaxt Gəncədən Bakıya gəldi. Məruzəçi toplaşanlara onu da çatdırdı ki, o dövrdə Bakı bolşeviklərin və Şaumyanın, ermənilərin əlinə keçmişdi və yerli əhali arasında böyük insan tələfatı var idi. Bakının azad edilməsi milli dövlətçiliyimizə cahanşümul töhfə oldu. XX əsr Azərbaycan tarixinin bu ən parlaq səhifəsi Azərbaycan və türk əsgərinin qanı ilə yazıldı.Beləliklə, “Dunsterforce” üzərinə qoyulan əsas vəzifənin - Bakıda Britaniya nəzarətinin təmin olunması işinin öhdəsindən gələ bilmədi.Sentyabrın 16-da Denstervil Bağdada dönməsi ilə bağlı teleqram aldı. “Özümü incidilmiş saymıram, - deyə həmin gün o, gündəliyində yazmışdı. - Hərbi nazirliyin və Bağdadın süstlüyünə, səhvlərinə baxmayaraq çətin şəraitdə əla iş gördüm, boş yerdə çox yaxşı nəticələrə nail oldum. Görünür, teleqramlarımdan sonra taleyimi yüngülləşdirmək və mənə hərbi məhkəmə ilə təsir göstərməməkdən başqa yolları qalmamışdı”. Bu sətirlərdən Britaniya hökumətinin “Dunsterforce”dan narazı, Denstervilin isə çox razı qaldığı aşkara çıxır.Daha sonra iştirakçıların sualları cavablandırılıb. Tədbirin yekununda Nərgiz Paşayeva və Lord German mühazirəçiyə təşəkkürlərini bildirdilər.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info