“Ənginarı əkinçilikdə, kulinariyada və tibdə ən çox istifadə edilən bitkiyə çevirmək olar”
Tarix: 29.04.2016 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Yusif Zeynalov: “Azərbaycan florasında yetişən bitkilərin tərkibi kimyəvi tərkibinə görə Avropadakından qat-qat üstündür”

Azərbaycanda hələ çox məşhur olmayan, amma iqlimimiz üçün xarakterik olan ənginar (artişok) bitkisinin əkinçilikdə ixtisaslaşmış şəkildə becərilməsi effektiv nəticə verə bilər. Nəzərə çatdıraq ki, ənginar Aralıq dənizi regionundan gələn və hal-hazırda Avropa və Cənubi Amerikada becərilən çoxillik bitkidir. Ənginarın tərkibində sellüloza, dəmir, kalsium, kalium, fosfor, karotin və B1, B2, PP, C vitaminləri var. 100 qr ənginarda - 57 kilokalori vardır.
Ənginarın yeməli hissələri gülünün dibi və yarpaqlarının ləti hesab edilir. Ənginarın gövdəsi və ucu kəsilir, üzərinə qaralmasının qarşısını almaq üçün bir az limon şirəsi sıxılır və 20 dəqiqə ərzində duzlu suda bişirilir. Yarpaqlarının ləti zövqə uyğun olaraq sousa batırılaraq yeyilir; gülünün dibi isə ənginarın ən ləzzətli hissəsi hesab olunaraq ayrıca və yaxud salatlara əlavə olaraq yeyilir.
Ənginarda inulin kimi maddənin mövcud olmasına görə onu şəkər xəstəliyi olan insanların qida rasionuna daxil etmək məsləhətdir. Ənginar, həmçinin qanda xolesterin və triqlitseridlərin səviyyəsini aşağı salan dərmanların istehsalında istifadə olunur. Ənginarın yarpaqlarında ciyərin və ödün funksiyasını qaydaya salan flavonoidlər var. Flavonoidlər, həmçinin xərçəng xəstəliyinin səbəblərindən biri olan sərbəst radikalların səviyyəsini aşağı salan güclü antioksidant hesab olunur.

“Mərkəzi Nəbatat bağında ənginar 60 ilə yaxındır ki, yetişdirilir”
Göründüyü kimi, ənginar çox qiymətli bitkidir. Onun respublikamızda çox geniş becərilməsi və tibbi məqsəd üçün istifadəsi, eləcə də elmi əsasda ətraflı öyrənilməsi çox vacibdir. Bütün bu göstərilənləri nəzərə alaraq gələcəkdə bu və digər dərman bitkilərindən həm qiymətli qida məqsədilə, həm də müalicə vasitəsi kimi istifadə etməyin zəruriliyi geniş kütlə arasında təbliğ olunmalıdır. Xalqımızın sağlamlığını qorumaq üçün dərman bitkilərindən daha geniş istifadə etmək məqsədəuyğundur.
Hazırda AMEA-nın Mərkəzi Nəbatat bağında ənginar becərilir. Burada ənginarın tərkibi kimyəvi analiz edilib, onun yarpaqlarında, çiçəklərində, toxumlarında və köklərində bir sıra bioloji fəal maddələr müəyyənləşdirilib. Mərkəzi Nəbatat bağının Nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının rəhbəri, dosent, biologiya üzrə fəlsəfə doktoru Yusif Zeynalov bizimlə söhbətində dedi ki, ənginarı Azərbaycanın dağ yamaclarından tutmuş bütün düzənlik ərazilərinə qədər hər yerində əkib, plantasiyalarını yaratmaq olar: “Bu bitki dağlıq bölgələrdən başqa, hər iqlimə çox dözümlüdür. Ənginar, hətta qışda belə, böyüməsini davam etdirir. Çox da qulluq tələb etməyən bitkidir. Mayın sonu, iyunun əvvəli çiçək açır. Bu bitki harada əkilirsə, getdikcə özü-özünü çoxaldır və geniş bir ərazini əhatə edir”.
Yusif Zeynalov bildirdi ki, Mərkəzi Nəbatat bağında ənginar 60 ilə yaxındır ki, yetişdirilir: “Bir çox ölkələrdə bu bitkinin plantasiyaları salınıb. Ənginarı hətta torpaq eroziyasına qarşı istifadə edirlər. Onun tumurcuğundan, eləcə də təzə çıxan yarpağından kulinariyada istifadə olunur. Eyni zamanda ənginar qaraciyərin müalicəsində istifadə olunan təbii vasitələrdən biridir. O, qaraciyəri qoruyur və bu orqanda olan xəstəliklərin daha tez sağalmasını təmin edir. Ənginar eyni zamanda böyrək və bağırsaqların nizamlı işləməsinə kömək edir və hətta böyrəkdə olan daşların düşməsinə yardım edir. Həzmi asanlaşdırır. Qandakı şəkər nisbətini nizamlayır, xolesterolu aşağı salır. Bədənin müqavimətini gücləndirir, zehni yorğunluğu aradan qaldırır. Qadınlarda döş vəzi, kişilərdə prostat xərçənginin qarşısını almaqda köməkçi vasitədir. Ənginar ürəyi və damar sağlamlığını qorumaqda da təsirlidir. Ənginar son dərəcə faydalı və qiymətli bir qidadır”. Bioloqun fikrincə, Azərbaycanda ənginarı həm kulinariyada, həm də tibdə ən çox istifadə edilən bitkiyə çevirmək olar: “Çünki dünya praktikasında hər iki sahədə istifadə olunur. Ona görə də Azərbaycanda bu bitkini becərməklə ixtisaslaşmış əkinçilik sahəsinə çevirmək olar”.
Yusif Zeynalovun sözlərinə görə, Azərbaycanda qaraciyər, xüsusən Hepatitlə bağlı olan dərmanlar əsasən xaricdən gəlir: “Məsələn, 10 qramlıq dərmanı ən azı 15 dollara alırıq. Halbuki biz bunu özümüz burada istehsal edə bilərik. Hazırda Azərbaycanda dərman istehsal edən zavodlar genişləndirilir. Ənginardan dərman sənayesində istifadə olunması üçün şəraiti burada yaratmaq olar. Belə olarsa, dərmanlar da çox az məsrəfə başa gələr. Beləcə, həm bu bitkini əkib-becərən, həm də dərman istehsalçısı pul əldə edər. Ayrıca dövlətin pulu da kənara çıxmaz, öz daxilində dövr edər”.

Azərbaycandan vaqonlarla xaricə göndərilən dərman bitkiləri niyə geri qaytarılıb?
Həmsöhbətimiz qeyd etdi ki, Azərbaycan florasında yetişən bitkilərin tərkibi kimyəvi tərkibinə görə, Avropadakından qat-qat üstündür: “Çünki bizdə günəşli günlərin sayı çoxdur. Eyni zamanda torpağımızdakı elementlərin miqdarı daha zəngindir. Lakin Azərbaycanda dərman bitkilərinin istehsalı çox azdır və demək olar ki, yox dərəcəsindədir. Bu işlə yalnız fərdi şəxslər məşğul olurlar. Burada da bir çox hallarda kortəbiilik baş verir. Vaxtilə xaricilər istədilər ki, Azərbaycandan bağayarpağı, kəklikotu, adaçayı və s. dərman bitkilərini alalar. Amma ala bilmədilər. Niyə? Çünki bizdə o bitkiləri düzgün qurutmamışdılar. Bilirsiz, hər bitkinin toplanma vaxtı var. Məsələn, şəkər xəstəliyi üçün dərman hazırlanır. Bunun üçün lazım olan bitkinin yığılma vaxtı may ayıdır. May ayı keçəndən sonra şəkər xəstəliyi üçün lazım olan maddənin miqdarı o bitkilərdə aşağı düşür. May ayı keçəndən sonra o bitkiləri yığmağın faydası yoxdur. Elə xəstəlik var ki, onun üçün lazım olan bitkilər çiçək açmamışdan qabaq və ya sonra, bəzisi də çiçəklənən zaman toplanmalıdır. Bundan başqa, bitkinin xüsusi qurutma yerləri olmalıdır. Həmçinin belə yerlər kölgəli olmalı və havası tez-tez dəyişdirilməlidir. Bir də dərman bitkilərinin yüzdə 98 faizini gün altında qurutmaq olmaz. Belə olanda Günəş şüaları onun tərkibindəki maddələri tamam məhv edir. Daha bir vacib şərt bitkinin günün hansı vaxt toplanmsıdır. Məsələn, dərman bitkilərini şehli-şehli, eləcə də çox Günəşin altında toplamaq olmaz. Baxın, normal qaydada toplanılmadığı üçün 5-10 il əvvəl Azərbaycandan Almaniya və başqa ölkələrə vaqonlarla göndərilən dərman bitkilərinin əksəriyyəti geri qaytarıldı. Ona görə də dərman bitkilərini istehsal edib və ya toplayıb ixrac etmək üçün qeyd etdiyim qaydalara riayət olunmalıdır. Əks təqdirdə xaricdə bu bitkiləri qəbul etməzlər”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info