“Azərbaycan gəncliyi ölkənin fəal sosial bazasını təşkil edir”
Tarix: 10.05.2016 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Aytək Məmmədli: “Topladığım təcrübə ilə Azərbaycanda nanotexnologiyanı tədris etmək istəyirəm”

Müsahibimiz Aytək Məmmədlidir:
- Gəlin, öncə sizi yaxından tanıyaq.
- Mən, Məmmədli Aytək Natiq qızı 1991-ci il sentyabr ayının 2-də Bakı şəhəri Nəsimi rayonunda ziyalı ailəsində anadan olmuşam. Orta məktəbi 2009-cu ildə əla qiymətlərlə bitirərək Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşam. Məktəbdə oxuyarkən kimya fənninə xüsusi marağım olub, 10 və 11-ci siniflərdə oxuyarkən məktəblilərin fənn olimpiadasının respublika turunda iştirak etmişəm, 2-ci və 3-cü yerlərə layiq görülmüşəm. BDU-da oxuyarkən həm ictimai fəallığım, həm də müvəffəqiyyət göstəricilərim nəzərə alınaraq universitetin rektorluğu tərəfindən “İlin ən yaxşı tələbəsi” adına da layiq görüldüm. 2013-cü ildə BDU-nun Kimya fakültəsini müvəffəqiyyətlə başa vurdum. Təhsilimi davam etdirmək üçün ALES proqramı üzrə Türkiyənin İstanbul şəhərində imtahan verərək bu ölkənin universitetlərində təhsil almaq hüququ qazandım. Məni Türkiyəyə gətirən ən böyük səbəb nanotexnologiyalar idi. Elə buna görə Ankara Qazi Universitetində “İrəli texnologiyalar-nanotexnologiya mühəndisliyi” ixtisası üzrə magistr təhsili almaq üçün müsahibə mərhələsini müvəffəqiyyətlə başa vurdum. Beləcə, mənim ən böyük arzum gerçəkləşdi.
- Türkiyədə təhsil sizə nə qazandırdı?
- Öncə onu deyim ki, Qazi Universiteti Türkiyədə ən çox etimad olunan universitetlərdən biridir. Burada bütün ixtisaslar üzrə təhsil almaq mümkündür. Türkiyədə nanotexnologiya ixtisasının tədris imkanı olan 4 universitetdən biridir. Qazi Universiteti Atatürkün şərəfinə belə adlandırılıb. Deyəsən, mənim qismətimə öndərlərin adı ilə bağlı universitetdə oxumaq yazılıb. Ümummilli liderimiz, Azərbaycan xalqının və türk dünyasının böyük oğlu Heydər Əliyev də öz adını BDU-nun tarixinə qızıl hərflərlə yazdırıb. Burada sevdiyim və vətənim üçün lazım olan ixtisası oxumaq şansı əldə etmişəm. Hazırda bu, dünyada mənim üçün qazana biləcəyim ən böyük uğurdur. Oxuduğum fakültədə laborant kimi çalışmışam. Diplom işimi çalışdığım vaxtda, beş bakalavr tələbə diplom üçün mənimlə laboratoriyada çalışıb. Başqa ölkədən gəlib bu qədər inam qazanmaq elə də asan deyil. Azərbaycana qayıdıb topladığım təcrübə ilə ən yaxşı şəkildə bu ixtisası tədris etmək istəyirəm.
-Türkiyədə ictimai fəaliyyətlə də məşğulsunuz. Bu haqda danışardınız. Bu günə kimi nə işlər görmüsünüz?
- Ümumiyyətlə, məktəb vaxtlarımda dərnəklərdə, məkdəbdənkənar müəssisələrdə, respublika əhəmiyyətli tədbirlərdə çox aktiv olmuşam. Elektron məktəb layihəsində videozəng vasitəsi ilə cənab Prezident İlham Əliyevlə danışan ilk şagird mən olmuşam və o vaxt səsləndirdiyim orta məktəblərdə təhsili və nizam-intizamı ilə fərqlənən şagirdlərə medal verilməsi məsələsi bu gün öz əksini tapir və bu, çox sevindirici haldır. BDU-da təhsil aldığım müddətdə də Tələbə Həmkarlar Təşkilatının, daha sonra isə Tələbə Gənclər Təşkilatının fakültə sədri, sonralar layihələr departamentinin sədri olaraq çalışmışam. Bu gün də Yeni Azərbaycan Partiyasının aktiv üzvlərindənəm, bir çox layihələrinin, liderlik məktəblərinin iştirakçısı, məruzəçisi və mükafatçısıyam. Hazırda fəaliyyəti Türkiyənin Xarici İşlər Nazirliyi və Təhsil Nazirliyi tərəfindən dəstəklənən və universitet rektorumuz Süleyman Büyük Bərbərin təşəbbüsü ilə təsis etdiyimiz “Türkiyə-Azərbaycan Qardaşlıq Alyansı”nın sədriyəm. Təşkilatın əsas məqsədi çoxmillətliliyi ilə seçilən Türkiyədə, ələlxüsus bütün səfirliklərin yerləşdiyi , ictimai-siyasi əlaqələrin qurulduğu paytaxt Ankarada ölkəmizin mədəniyyətini, incəsənətini tanıtmaq, ayrı-ayrı millətlərin nümayəndələrinə ölkəmizin maddi-mədəni, tarixi sərvətini aşılamaqdır. Azərbaycanlı tələbələri təmənnasız Türkiyənin tarixi gəzməli, şəhərlərinə aparmaq, asudə vaxtını təşkil etmək təşkilatımızın qarşısında dayanan ən prioritet məsələdir və uğurla bu işi icra edib, göstərilən etimadı doğrultmaq üçün əlimizdən gələn hər şeyi edirik. Milli bayram günlərimizi və matəm günlərimizi əlimizdən gəldiyi qədər işıqlandırırıq. Keçən il millət vəkillərinin, ictimai-siyasi xadimlərin iştirakı ilə gördüyümüz işlər mediada çox geniş işıqlandırıldı.
- Türkiyədə Azərbaycana münasibət necədir? Bir tələbə və aktiv gənc kimi münasibətlər səni qane edirmi?
- Bildiyiniz kimi, Ərdoğan Prezident kimi ilk səfərini Azərbaycana etdi. Bu addım iki ölkə arasında olan münasibətlərin hansı səviyyədə olmasından xəbər verir. Bu gün Azərbaycanla Türkiyənin çox böyük tərəfdaşlıq, qardaşlıq münasibətləri var. Daha sonra Türkiyənin sınaq günlərində Prezidentimiz Türkiyəni tək qoymadı, dostluğumuzu, sədaqətimizi bütün dünyaya nümayiş etdirdik. Sözdə deyil, ürəkdə olan dostluğumuzu göstərdik. Təsadüfi deyil ki, bütün istiqamətlərdə bu proses çox gözəl və səmərəli şəkildə aparılır. İstər təcrübə proqramında mübadilələr, istərsə Mövlanə və Erasmus proqramı ilə tələbələrin təhsil alma imkanlarının təşkili, neft və qeyri-neft sektorunda əməkdaşlıq bizi ən çox cəlb edən və gələcək inkişafa ruhlandıran əsas amillərdəndir. Həmçinin bizə xalq olaraq da çox hörmət edirlər, hər addımbaşı bu diqqət və qayğını hiss edirik.
Prezident İlham Əliyevin Türkiyəyə səfəri və qarşılanma mərasimi də çox böyük maraq və sevgiylə qarşılanmışdı. Onu da qeyd edim ki, Türkiyə xalqı son seçimlərlə tarixdə ən böyük qələbələrindən birini qazandı. Hər ölkəni siyasi böhrandan çıxarmaq, inkişafı səciyyələndirmək üçün siyasi liderlər şansdır. Bu gün Türkiyə bu lideri Ərdoğanın sayəsində qazandı. Təsəvvür edin ki, bu həm də Azərbaycan üçün necə böyük uğurdur. İki güclü qardaş ölkə və iki dünyanın hesablaşdığı lider - Türkiyədə Rəcəp Tayyip Ərdoğan, Azərbaycanda İlham Əliyev!
-Gənclərimizin mənəvi inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?
- Bu gün Azərbaycan gəncliyi, sözün əsl mənasında, rifah və inkişaf dövrünü yaşayır. Ölkədə aparılan uğurlu iqtisadi-sosial islahatlar cəmiyyətimizin hər bir sahəsində olduğu kimi, gənclərin də milli-mənəvi inkişafına böyük təkan verir. Dövlətimiz tərəfindən gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırması, cəmiyyətdə layiqli yer tutmalarının təmin edilməsi istiqamətində lazımi şərait yaradılıb, müvafiq hüquqi sənədlər əsasında öz əksini taparaq hökumət qurumları tərəfindən icrası həyata keçirilib. Bütün əldə olunan nailiyyətlər gənclərimizin milli-mənəvi dəyərlərə əsaslanan inkişafına təminat yaradır.
- Gənclərimizin ictimai-siyasi aktivliyi özünü necə göstərir?
- Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsi üçün müvafiq dövlət qurumunun yaradılması, həmçinin beynəlxalq hüquqi normativ bazanın formalaşdırılması, qəbul edilmiş dövlət proqramları gənclərimizin ictimai-siyasi aktivliyinin formalaşdırılması istiqamətində yüksək səviyyəli infrastruktur bazasını təşkil edir. Azərbaycan gəncliyi daim ölkəmizin inkişafında müxtəlif sferalarda aktivlik nümayiş etdirir və uğurların əldə olunmasında fəallıq göstərir.
- Bəs Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilə bilibmi?
-Bəli, bu gün Azərbaycan gəncliyi ölkəmizin fəal sosial bazasını təşkil edir. Paytaxt və regionlarda “Gənclər mərkəzi”, “Gənclər Evi”nin yaradılması bu sosial bazanın inkişaf etdirilməsi istiqamətində atılmış mühüm addımlardan biridir. Bildiyimiz kimi, Prezidentin 2011-ci il 29 noyabr tarixli sərəncamına əsasən, müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin iştirakı, həmçinin ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanıb. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas müddəaları da gənclərimizin cəmiyyətin ictimai sosial həyatında aktivliyini özündə əks etdirir. Bu da öz növbəsində cəmiyyətimizin dinamik kütləsi olan gənclərə yeni inkişaf imkanları yaratmış olur. Gənclərimizin bu istiqamətdə təbliğat işləri uğurla davam etdirilir.
-Elmi uğurlarınız haqqında eşidirik. Bir qədər də iştirak etdiyiniz konfranslar haqqında danışaq.
-Bəli, son vaxtlar oxuduğum ölkə bir neçə beynəlxalq elmi konfransda Türkiyəni təmsil etməyim üçün şərait yaratdı. Öncə Ankarada Kimyaçıların Beynəlxalq Elmi konfransında iştirak etdim. Daha sonra Alternativ Enerjilərlə bağlı əldə etdiyimiz nəticələrlə, Türkiyənin Təhsil Nazirliyinin dəstəyilə İzmirdə keçirilən Beynəlxalq Gözənəkli Maddələr (International Porous Powder Materials) Konfransında çıxış etdik.Bizə çox uğur gətirdi və burada məqalə çap etdirmək hüququ qazandıq. Daha sonra həmin işimizi bir az da təkmilləşdirdik. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığında, Şotlandiyanın Glazqo şəhərində təşkil olunan "Elm və Texnologiya - 2016" konfransında Hidrogen istehsalı ilə bağlı elmi tezislə iştirak etdim. Hər iki konfransın tarixində iştirak edən ilk azərbaycanli olmuşam. Artıq demək olar ki, məzun olmaq ərəfəsindəyəm. Lakin Türkiyədə təşkil olunacaq Kimya Mühəndislərinin Konfransına və Dünya Nanotexnoloqlarının Forumuna hazırlaşırıq. Əlimdən gəldiyi qədər öz üzərimdə işləyib, beynəlxalq arenada ölkəmizin elmini tanıtmaq üçün durmadan çalışıram.
-Müəyyən imkanlar açılsa, Türkiyədə qalacaqsınız, yoxsa Vətənə dönəcəksiniz?
- Mən küləklər şəhərinə aşiqəm, özümü burdan kənarda təsəvvür edə bilmirəm. Əslində təhsil aldığım ixtisas Azərbaycanın inkişafı konsepsiyasında prioritet sahələrdəndir. Nanotexnologiya sahəsində ixtisaslı kadrlara böyük ehtiyac var. Bütün dünyanın xərçənglə mübarizə apardığı, beyin robotları hazırladığı, qida sənayesində tətbiq etdiyi nanotexnologiyanın Azərbaycanımızda da ayrı-ayrı sahələrdə tətbiqinə çalışmaq lazımdır. Bu gün dünyada neft rezervlərinin tükənməsiylə, mənim də diplom mövzum olan alternativ enerjilərin istehsalı çox aktualdır.
Belə ki, ucuz və keyfiyyətli enerji istehsalı ölkəmiz üçün də çox önəmli olub, iqtisadi büdcəmizə əlavə gəlir kimi səciyyələnəcək. Bunun üçün xaricdə təhsil alıb, bu mövzuda təkmilləşən kadrların potensialından istifadə olunmalıdır. Doktorantura təhsilimi bitirən kimi Vətənimə dönməyi, ixtisasım üzrə çalışmağı, hətta etimad göstərilən universitetlərin birində kadr hazırlamağı düşünürəm. Bu gün Azərbaycan biz gənclərə ümummilli lider Heydər Əliyevin əmanətidir. Bu əmanəti sədaqətlə qorumaq bizim borcumuzdur.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info