Ulu Öndərin xatirəsi Tehranda da anılıb
Tarix: 10.05.2016 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Mayın 10-da Azərbaycanın İrandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd edilib.Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov çıxış edərək Ümummilli Liderin həyat və fəaliyyəti haqqında danışıb. O deyib ki, tarixin inkişafı prosesində hər bir xalqın taleyində böyük şəxsiyyətlər önəmli fəaliyyət göstərirlər. Belə şəxsiyyətlərin yalnız doğum tarixi olur, onlar cismən bu dünyanı tərk etsələr də xalqın tarixində və milli yaddaşında əbədi yaşayırlar. Belə şəxsiyyətlər tarixin elə bir məqamında meydana çıxırlar ki, həmin məqamın idarə olunmasından bütöv bir millətin taleyi asılı olur. Öz əməlləri ilə xalqın, dövlətin salnaməsində silinməz izlər buraxır, milləti, dövləti xilas edirlər.Müasir Azərbaycanın ictimai-siyasi həyatında belə bir şəxsiyyət heç şübhəsiz ki, Heydər Əliyevdir. Azərbaycanın qırx ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır.Ürəyi və düşüncəsi ilə həmişə xalqının yanında olan Heydər Əliyev hələ 1990-ci ildə törədilmiş 20 Yanvar faciəsi zamanı Azərbaycana qarşı həyata keçirilən ədalətsizliyə öz etirazını bildirdi. Lakin bu etiraz ona qarşı siyasi təqiblərin daha da şiddətlənməsinə səbəb oldu. Çünki onun mövqeyi sadə bir adamın deyil, milyonları arxasınca apara biləcək bir xalq liderinin mövqeyi idi. Azərbaycanın müstəqilliyinin ilk illərində bir tərəfdən erməni işğalına, digər tərəfdən kənar qüvvələrin müdaxiləsinə məruz qalan ölkə xaos və anarxiyaya yuvarlanmışdı. Belə bir ağır vaxtda illər boyu qurub yaratdığı Azərbaycana qayıdıb xalqı ilə birlikdə olmaq istəyən Heydər Əliyevin qarşısına Sovet İttifaqının rəhbərliyi tərəfindən sipər çəkilirdi. Heydər Əliyev çətinliklə dogulduğu Naxçıvana gəldi. Həmin dövrdə siyasi və iqtisadi blokadanın sərt qanunları ilə yaşayan muxtar respublika erməni silahlılarının hücumlarına məruz qalırdı. Sərt iqlimi olan Naxçıvan əhalisi elektrik enerjisi və təbii qazdan məhrum edilmişdi. Əhalinin isti münasibəti ilə qarşılaşan Heydər Əliyev xalqın təkidli tələbi ilə 1990-ci ilin sentyabrında Ali Məclisin sədri seçildi. Məhz bundan sonra qədim Azərbaycan torpağı erməni işğalından xilas ola bildi. Hələ 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən iki dəfə İran İslam Respublikasına səfər edən ümummilli lider Heydər Əliyev rəsmi Tehranla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurdu. Sərhədlərin açılmasından istifadə edən Heydər Əliyev Türkiyə ilə də əlaqələri diqqət mərkəzində saxlayaraq Sədərək-Diliucu körpüsünün tikilməsi təşəbbüsü ilə çıxış etdi və tez bir zamanda iki qardaş xalqı birləşdirən körpü istifadəyə verildi. Bu körpüyə həmin dövrdə xalq arasında “Ümid” körpüsü adı verildi ki, bu da təsadüfi xarakter daşımırdı. Xalqın Heydər Əliyevə olan ümidləri gündən-günə özünü doğruldurdu. İran və Türkiyə ilə qurulan əməkdaşlığın nəticəsində muxtar respublika elektrik enerjisi, təbii qaz və ərzaqla təmin edildi.Bu zaman Azərbaycanda siyasi vəziyyət vətəndaş müharibəsi həddinə çatmışdı. Sovet İttifaqı tamamilə süquta uğramışdı və bu süqutun qarşısını almaq üçün imperiya Dağlıq Qarabağın işğalı planını reallaşdırdı. Torpaqlar işğal edildikcə, milli iqtisadiyyat dağıldıqca, əhalinin sosial vəziyyəti ağırlaşdıqca xalqın yaddaşında Heydər Əliyevin qurucu və yaradıcı obrazı canlanırdı. Ziyalılar və xalq kütlələri Naxçıvana axışaraq Heydər Əliyevdən hakimiyyətə qayıtmasını təkidlə tələb edirdilər. Heydər Əliyev böyük siyasi həyat yaşamasına baxmayaraq, istefaya çıxıb memuar yazan siyasətçilərdən deyildi. Özünün də fəal iştirakı ilə qurulan Azərbaycanın bir dövlət kimi məhv olmasına və xalqın səfalət içində yaşamasına göz yuma bilməyən Heydər Əliyev 1993-cü ildə xalqın səsinə səs verərək hakimiyyətə qayıtdı. İlk növbədə vətəndaş müharibəsinin qarşısını alan Heydər Əliyev atəşkəs rejiminin yaranmasına nail olaraq erməni işğalını dayandırdı, minlərlə Vətən övladının şəhid olmasının qarşısını aldı. Heydər Əliyevə bərbad iqtisadiyyat və beynəlxalq nüfuzunu itirmiş Azərbaycan miras qalmışdı. Özünün siyasi bəsirəti və uzaqgörənliyi ilə Heydər Əliyev Azərbaycanı dirçəltməyə başladı. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir, əbədidir!” ideyası Azərbaycanın yeni dövlətçilik konsepsiyasının təməlini qoydu.1993-2003-cü illərdə Heydər Əliyevin Azərbaycan Respublikasına ikinci dəfə rəhbərlik etdiyi dövrdə ölkədə ictimai-siyasi sabitlik yaradıldı. Bu sabitlik iqtisadi inkişafa təkan verdi və 1994-cü ildə Qərbin iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Neft gəlirləri ölkə iqtisadiyyatının bütün sahələrində inkişafın əsasını yaratdı. Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül mərhələsindən çıxaraq inkişaf yoluna qədəm qoydu. İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etdi. Sonrakı illərdə demokratik təsisatlar yaradıldı və təkmilləşdirildi, dövlət idarəçilik təsisatları formalaşdırıldı. Böyük İpək yolu layihəsində fəal iştirak etməklə Azərbaycanın regional logistik mərkəz kimi rolu artdı, tarazlı xarici siyasət modeli formalaşdırıldı, müasir və döyüş qabiliyyətli ordu quruldu.
1993-2003-cü illərdə Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmağa yönəlmişdi.Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. Onun sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması dayanırdı. Bu prinsipləri çox məharətlə həyata keçirən Ümummilli Lider Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, onu dünya siyasətinin tamhüquqlu subyektinə çevirdi. Təsadüfi deyil ki, Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsini beynəlxalq müstəviyə çıxararaq onun ərazi bütövlüyü çərçivəsində həllinə nail olmağa çalışırdı.
Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yürüdərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün yeni Konstitusiyanın hazırlanması işinə bilavasitə rəhbərlik etdi.Bütün bu işlərin arxasında dahi liderin titanik əməyi, siyasi uzaqgörənliyi və nəinki Azərbaycanda, onun hüdudlarından kənardakı siyasi nüfuzu dayanırdı.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev gələcək nəsillərə möhkəm ənənələrə malik olan, intensiv inkişaf edən dövlət saxladı. Bu gün ölkəmizdə vətənpərvərlik hisslərinin yüksək olması məhz Heydər Əliyevin ideoloji xəttinin davamıdır. Ulu Öndər deyib: “Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”.
Təxminən yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətini tam şəkildə Azərbaycan dövlətinin inkişafına həsr edən Heydər Əliyevin müəyyən etdiyi mehriban qonşuluq və səmimi dostluq siyasəti uğurlu nəticələr verib. Bu siyasət nəticəsində Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimad və faydalı əməkdaşlıq mərhələsi başlayıb. Ötən dövrdə iki qonşu dövlət arasında ticarət dövriyyəsi genişlənib, gömrük-keçid məntəqələrinin sayı artırılıb, beynəlxalq təşkilatlarda əməkdaşlıq əlaqələri gücləndirilib. Hazırda qarşılıqlı faydalı əməkdaşlığa dair ardıcıl işlər aparılır. Münasibətlərin inkişafına təsir edə bilən və qarşılıqlı faydalı nəticələrə hesablanmış məsələlər intensiv müzakirə olunur.Bu gün iki ölkə arasındaki münasibətlərin inkişaf dinamikasının qorunması siyasəti Heydər Əliyevin siyasi kursunu uğurla həyata keçirən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2016-cı fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri zamanı imzalanmış sazişlər, xüsusilə dövlət başçılarının görüşü və birgə bəyanatları bir daha göstərdi ki, qonşu, dost və tərəfdaş dövlətlər olan İran ilə Azərbaycan arasındakı mövcud münasibətlər bundan sonrakı dövrdə də yüksələn xətt üzrə inkişaf edəcək.
Tədbirdə digər çıxış edənlər də Ümummilli Liderin siyasi fəaliyyətinin əsas aspektlərindən söhbət açıblar.
Sonra Heydər Əliyevin yürütdüyü xarici siyasət barədə film nümayiş etdirilib.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info