“ Ailə məsələsində müasirliklə ənənələr birləşdirilməlidir”
Tarix: 13.05.2016 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Müstəqillik dövründə ailə siyasətinin formalaşması - ənənələr, perspektivlər” adlı elmi-praktiki konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov açıb, Azərbaycanın son 25 ildə uğurlu inkişaf yolu keçdiyini bildirib. O bildirib ki, ölkəmiz iqtisadi-siyasi inkişaf səviyyəsinə görə, lider ölkələr sırasına daxil olub: "Bütün bu inkişaf təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində əldə edilib. Ölkəmizdə həyata keçirilən dövlət proqramları sayəsində böyük işlər görülüb. Azərbaycanın dünya ölkələri arasında tanınmasında Heydər Əliyev Fondunun əvəzsiz rolu var". Azərbaycanda ailə siyasətindən danışan rektor bildirib ki, bu konfransın mühüm olduğunu deyib. Konfransın işinə uğurlar arzulayan U.Ələkbərov ailə institutunun vacibliyini vurğulayıb.

“Tək valideynli, tək uşaqlı ailələrin sayı artıb"

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, ailə ən qədim sosial institutlardan biri kimi cəmiyyətin nüvəsi sayılır. Onun sözlərinə görə, adət-ənənələri qoruyub yaşadan ailə dəyərləri illər keçdikcə öz əhəmiyyətini, tarixiliyini itirmir, əksinə daha da inkişaf edir: “Hər bir ictimai-siyasi dövrün özünəməxsus ailə modeli formalaşır. BMT 1993-cü ildə mayın 15-ni Beynəlxalq Ailə Günü elan edib. 2008-ci ildən başlayaraq Azərbaycanda da bütün rayonları təmsil edən ailələrin iştirakı ilə “Ailə bayramı” keçirilir. Ölkəmizdə hər il yüzlərlə, minlərlə ailədə brilyant, qızıl, gümüş yubileylərin keçirilməsi Azərbaycanda ailə modelinin qorunmasının və nəsildən-nəslə yaşadılmasının bariz nümunəsidir”.
Azərbaycan ailələrinin möhkəmliyi və ailə ənənələrinə sadiqliyi ilə hər zaman seçildiyini deyən komitə sədri bildirib ki, müasir Azərbaycan ailəsi öz quruluşuna görə ənənəvi ailələrdən əhəmiyyətli dərəcədə fərqlənir: "Son illər ailələr bir sıra müvəqqəti və daimi xarakterli problemlərlə qarşılaşırlar. Cəmiyyətdə məişət zorakılığı, selektiv abortlar, erkən nikah və təhsildən yayınma halları, tək valideynli, tək uşaqlı ailələrin sayını artırıb".
H.Hüseynova qeyd edib ki, ailə üzvlərinin bir-birindən təcrid olunması və uzaqlaşması, boşanmaların sayının artması, nikah olmadan birgə yaşama və nikahdan kənar doğum adi hala çevrilib: "Boşanandan sonra qadın və uşaqların qarşılaşdıqları problemlər isə xoşagəlməz halların yaranmasına gətirib çıxarır. Boşanan qadınlar bəzən yaşayış yeri və mülkiyyət hüququndan məhrum olurlar. Uşaqlar üçün nəzərdə tutulmuş aliment ödənilmir".
Dövlət Komitəsinin sədri həmçinin əlavə edib ki, bütün bu məsələlərin həll olunması üçün yeni sənədlərin hazırlanmasına, maarifləndirici tədbirlərin daha geniş həyata keçirilməsinə ehtiyac var. Son statistik hesablamalara görə, hazırda Azərbaycanda 2 milyon 62 min 30 ailə var. Komitə sədri onu da qeyd edib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində “Azərbaycan ailəsi Strategiyası” hazırlanır. Sənəddə ailə institutunun möhkəmləndirilməsi istiqamətində sosial, səhiyyə, psixoloji, hüquqi məsələləri özündə əks etdirən təkliflər hazırlanıb.
Milli Məclisin sədr müavini Bahar Muradova deyib ki, bu gün Azərbaycan dövləti tərəfindən - həm parlament, həm də hökumət səviyyəsində ailə proseslərini tənzimləyən qanunlar mövcuddur: “Ailə dəyərlərinin qorunmasına bu qanunlar öz köməkliyini göstərir. Biz ailə institutunu qorumalıyıq. Cəmiyyətin müvafiq təbəqələrinin birgə səyləri nəticəsində bu sahədəki problemləri aradan qaldıra bilərik. Eyni zamanda, biz çalışmalıyıq ki, Azərbaycanın uğurlarının qazanılmasında Azərbaycan ailələrinin yaxından iştirakını təmin edək.
Biz hamımız ailənin hər bir insanın, cəmiyyətin və ölkənin həyatında necə mühüm əhəmiyyət daşıdığını bilirik. Məhz ailə hər bir insan üçün sevgi və dayaq mənbəyidir. Ailədə əxlaq, mənəviyyat və vətənpərvərliyin əsasları qoyulur. Sağlam, möhkəm ailə - hər bir cəmiyyətin çiçəklənməsinin qarantıdır. Ailə münasibətləri insan həyatının mühüm aspektlərindən birini təşkil edir”.
Milli Məclisin sədr müavini qeyd edib ki, Azərbaycan ailə mədəniyyətinin zəngin nümunələri ilə dünyada tanınan ölkələrdəndir: “Yaşlılara, qadınlara, analara və uşaqlara qayğı - bizim xalqın ən gözəl xüsusiyyətlərindəndir. Ailə, qadın və uşaq sahəsində aktiv və hərtərəfli dövlət siyasəti ilk növbədə gender bərabərliyi və ailə siyasətində sosial məsuliyyətin milli mexanizmlərinin əsasını qoymuş ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”. B.Muradova diqqətə çatdırıb ki, Azərbaycanın müasirləşdirilməsi və sürətli inkişafına istiqamətlənmiş dövlət siyasəti ailə maraqlarını nəzərə almadan heç vaxt reallaşa bilməzdi: “Dünya dəyişir və onun ilk baxışdan əbədi görünən dəyərləri transformasiyaya uğrayır. Hazırda Qərb dünyasında dərin ailə böhranı yaşanır. Klassik, ənənəvi ailə arxa plana atılır”. O deyib ki, Azərbaycan ailənin qorunması və milli ənənələrin saxlanması üçün geniş spektrdə ehtiyatlara malikdir: “Azərbaycan Respublikasında ailə, ana, ata və uşaqların dövlət dəstəyi tam təmin olunur. Müasir ailə problemləri müxtəlif şaxəliliyi ilə seçilir. Odur ki, ailə institutuna dayaq məqsədi ilə bütün resurslarında istifadə olunmalıdır”.

Ombudsman:
“Valideynlər övladlarını erkən nikaha məcbur
edir”

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova çıxışında Azərbaycanda ailə institutunun daim təkmilləşdirildiyini vurğulayıb. Onun sözlərinə görə, ailələr daim dövlət nəzarətindədir: “Ölkəmizdə ailə bağlı məsələlər qanunvericiliklə tənzimlənir. Azərbaycan respublikasının Konstitusiyasında ailəyə ayrılan xüsusi maddələr var. Unutmamalıyıq ki, adət-ənənələr qanundan üstün ola bilməz”. Bəzi problemlərə toxunan E.Süleymanova bildirib ki, Azərbaycanda erkən nikahlar ailələrdə problemlərə səbəb olur. Ombudsman qeyd edib ki, bu problem həmin ailələrin möhkəmlənməsinə mane olur: "Azərbaycanda valideynlər övladlarını erkən nikaha məcbur edir. Bu, yolverilməzdir. Bu, həmçinin ailələrdə münaqişələrə də səbəb olur. İnsanların hüququnu pozmaq olmaz. Heç kəs ailə qurmağa məcbur edilməməlidir. Bu problemin aradan qaldırılması üçün ailələr də səy göstərməlidirlər".
Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycan ailəsinin dövlətin qayğısı ilə tam əhatə olunduğunu qeyd edib: “Ailə hər bir insanın, cəmiyyətin və ölkənin həyatında mühüm əhəmiyyət daşıyır. Məhz ailə hər bir insan üçün sevgi, dayaq mənbəyidir. Sağlam, möhkəm ailə- hər bir cəmiyyətin çiçəklənməsinin qarantıdır. Ailə münasibətləri insan həyatının mühüm aspektlərindən birini təşkil edir. İnsanın maraqlarının əhəmiyyətli hissəsi məhz ailədə öz həllini tapır”.
Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva bildirib ki, Azərbaycanda ailə institutunun inkişafı üçün lazımi işlər görülməlidir: “Biz müasirliklə ənənələri birləşdirib bir fikrə gəlməliyik. Bu gün ailələrdə baş verən konfliktlərin səbəblərinin araşdırılması bu məsələyə aidiyyəti olmayan şəxslərlə müzakirə olunur. Azərbaycanda ailə institutu islami inanclar, Azərbaycançılıq ideologiyası və demokratik prinsiplər əsasında qorunmalıdır”.
S.Vəliyeva onu da qeyd edib ki, müasir KİV-in işi təkcə cəmiyyəti informasiya ilə təmin etməklə yekunlaşmır: “Müasir KİV yeni şəxsiyyətin formalaşmasında, deməli, son məqsədi məhz kamil insan yetişdirmək olan ailə dəyərlərinin qorunub saxlanmasında da mühüm rol oynayır. Çünki, şəxsiyyət olmaq ilk növbədə mənsub olduğun ailə və millətin dəyərlərini ümumbəşəri dəyərlərlə uzlaşdırmağı bacarmaq əsrlərlə qazanılan dəyərləri yad təsirlərdən qorumaq deməkdir. Yad təsirlərdən qorunmağın ən yaxşı üsulu isə KİV-in məsələyə xüsusi diqqət və həssaslıqla yanaşması, cəmiyyətin düzgün maarifləndirilməsi, dəyərlərimizin lazımi dərəcədə təbliğ edilməsidir”.
Çıxış edən Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev söyləyib ki, ailə sosial institut kimi mürəkkəb ictimai münasibətlərin özəyini təşkil edir: “Ailə institutu dövlətdən əvvəl yaransa da, bu gün müasir dövlətlərin sosial hüceyrəsinin təşkil edir. İnsanların təxminən 85 faizi ailələrdə yaşayır. 9 milyondan çox əhalisi olan Azərbaycanda yalnız 2015-ci ilin 8 ayı ərzində təxminən 45 min nikah bağlanıb. Məhz ailə münasibətlərinin ahəngliyi ictimai siyasi vəziyyətin, adət və ənənələrin qorunmasının, iqtisadi sabitliyin göstəricisi kimi çıxış edir”.
Konfransın sonunda “Azərbaycan ailəsi” adlı kitab təqdim olunub.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info