BANM-in xarici əlaqələri genişlənir
Tarix: 16.05.2016 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun dəvəti ilə Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu Dabi Neft İnstitutunun prezidenti Tomas Hoçstetler Ali Məktəblə əməkdaşlıq, təhsil əlaqələri, Azərbaycana səfəri və ölkəmiz haqqında təəssüratlarını bölüşüb.
Tomas Con Qlas Hoçstetler 23 iyul 1947-ci il tarixində anadan olub. O ABŞ-da Miçiqan Universitetində və Kaliforniya/Berkeley Universitetində, həmçinin Almaniyanın Vürzburg Universitetində tarix, iqtisadiyyat və biznes idarəçiliyi ixtisasları üzrə təhsil alıb.
Dr. Hoçstetler Miçiqan Universitetinin Bouduan kollecində dekan vəzifəsində, Stenford Universitetində maliyyə və inzibati işlər departamentində iqtisadi məsələlər üzrə baş məsləhətçi, Rays Universitetində prorektor, Almaniyanın Bremen şəhərində yerləşən Yakobs Universitetində tədris işləri üzrə prorektor və ABŞ-ın Oreqon ştatında yerləşən Lyuis və Klark Kollecinin prezidenti vəzifələrində çalışıb. 2009-cü ildən etibarən Dr. Hoçstetler Birləşmiş Ərəb Əmirliklərində çalışır.
Öncə o Şarjah Amerika Universitetinin prorektoru və rektoru vəzifələrini icra edib. Dr. Hoçstetler müxtəlif şuraların üzvü olub və Oreqonun Ümumdünya İşlər Şurasının sədri olub. Hazırda Vaşinqton şəhərində fəaliyyət göstərən Beynəlxalq Tələbə Mübadilə Proqramı üzrə direktorlar şurasının üzvüdür. 2012-2015-ci illərdə isə həmin şuranın sədri olub. Dr. Hoçstetler, həmçinin Abu Dabi Beynəlxalq Tədqiqat və İnkişaf Konfransı və Sərgisi üzrə İcraedici Komitənin və Abu Dabi Beynəlxalq Neft və Qaz Konfransı və Sərgisi üzrə İcraedici Komitənin (ADIPEC) üzvüdür.
- Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında təhsil sahəsində münasibətlər haqqında fikirlərinizi bilmək istərdik.
- Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında təhsil sahəsində münasibətlər haqqında danışarkən, mən düşünürəm ki bu sahə potensialla dolu və araşdırılmalı bir sahədir. Son iki gün ərzində biz potensial əlaqələrin yaradılması ilə bağlı Azərbaycanda səmərəli danışıqlar apardıq və fikrimcə, gələcəkdə əməkdaşlıq edəcəyimiz sahədə, həmçinin bir birimizə faydalı ola biləcək ödənişsiz proqramlar üzrə əməkdaşlığı əhatə edən sahələrdə də çoxlu təfsilatlar aşkar etdik. Bizim institut artıq 15 ildir ki, fəaliyyət göstərir və təbii ki, bizim bakalavrdan sonra təhsil, magistr və doktorantura proqramları üzrə daha çox təcrübəmiz var. Fikrimcə, əməkdaşlığımız üçün bu çox əhəmiyyətli və zəngin bir sahədir.
- Fikrinizcə, Bakı Ali Neft Məktəbi ilə imzaladığınız anlaşma memorandumu hansı perspektivlər vəd edir?
- Ümumiyyətlə, anlaşma memorandumu demək olar ki, anlaşmanı əldə etmək üçündür. O fakültələr və inzibati heyət arasında əməkdaşlıqla əlaqəli danışıqların aparılması üçün davamlı əsasdır. Həmin əsas proqramların hazırlanmasına imkan yaradacaq və Abu Dabi Neft İnstitutunun tələbələrinin Baki Ali Neft Məktəbinə və Bakı Ali Neft Məktəbinin tələbələrini Abu Dabi Neft İnstitutuna təhsil və təlim məqsədilə gətirəcək bir proqramlar olacaq. Biz tələbələrlə məhsuldar söhbət apardıq və məlum oldu ki, onlar yay məktəbi çərçivəsində Abu Dabi Neft İnstitutuna səfər etməyə hazırdırlar. Bu anlaşma memorandumunun üstünlüklərdən biridir, çünki bizə əməkdaşlıq sahələrini aşkar etməyə imkan verir.
- Tələbələrlə görüşdüyünüzü söylədiniz. Tələbələrlə bağlı hansı təəssüratlarınızı bölüşə bilərsiniz?
- Onlar haqqında təəssüratlarım çox yüksəkdir. Tələbələr hər bir müəllimin həyatının ayrılmaz və önəmli hissəsindən birini təşkil edir. Mən düşünmürdüm ki, çoxsaylı tələbə auditoriyası ilə qarşılaşacam. Mənim fikrimcə, BANM-in tələbələri çox perspektivlidirlər və özlərini gözəl ifadə edirlər. Onların ingilis dilində danışıq qabiliyyətinin yüksək səviyyədə olması mənim nəzərimdən qaçmadı. Onlar məqsədyönlü və düzgün sual verirdilər. Ali Məktəbin tələbələrinin ölkənin akademik baxımından ən savadlı tələbələri olduqlarından xəbərim var idi və bu, onların simalarında oxunurdu. Mən şadam ki, onlarla görüşə bildim. İnanıram ki, onlar uğur qazanacaqlar və bəziləri Abu Dabi Neft İnstitutuna səfər edə biləcəklər.
- Bakı Ali Neft Məktəbi və Abu Dabi Neft İnstitutu arasında hansı oxşarlıqlar mövcuddur?
- Oxşarlıqlar çoxdur. Misal üçün, hər iki ali təhsil müəssisəsi hər iki ölkənin dövlət neft şirkəti tərəfindən yaradılıb və həmin şirkətlərin məqsədlərinə xidmət göstərən ali təhsil müəssisələridir. Bu baxımdan, biz oxşarıq. Biz həmçinin, tələbələri müəyyən biliklərlə təmin etməkdə, Abu Dabi Neft İnstitutu və Bakı Ali Neft Məktəbinin fakültələri tərəfindən təqdim olunan tədqiqatlarla da fərqlənmirik və dediyim kimi, biz Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Neft Şirkətinin (ADNOC) siz isə, Azərbaycanın Dövlət Neft Şirkətinin məqsədlərinə xidmət edən təhsil müəssisəsiyik.
- Siz Qərb mədəniyyətini təmsil edirsiniz, Şərqdə yerləşən ali təhsil müəssisəsinə rəhbərlik edərək hansı çətinliklərlə və ya fərqlərlə üzləşirsiniz?
- Bilirsinizmi, mən yeddi müxtəlif ölkədə işləmişəm. Üç qitədə, Avropada, Asyada və ABŞ-da inzibatı fəaliyyət göstərmişəm və təcrübəm mənə bir şeyi öyrədib: eyni yanaşmanı hər sahədə, hər istiqamətdə tətbiq etmək düzgün deyil. Misal üçün, mən özünəməxsus ənənəvi sistemin bir nümayəndəsiyəm. Demək olmaz ki, o ən mükəmməl sistemdir, lakin ümumiyyətlə, yaxşı sistemdir. Vurğuladığım kimi, bizim xüsusi özünəməxsusluğumuz var. Misal üçün, biz uşaqları az yaşdan hazırlıq məktəbinə göndəririk. 12 yaşa çatanda artıq biz onları orta məktəblərdə oxutdururuq və adətən belə məktəblər ümumi məktəbdir, çünki xüsusi incəsənət, elm və texnologiya yönümlü məktəblərin sayı bizdə azdır. ABŞ-ın ümumi məktəblərinin çoxu eynidir. Sonra ABŞ gəncləri bakalavr səviyyəsində təhsil alır və qeyd etmək lazımdır ki, bu istiqamətdə də təhsilin 2 və 3 ili ümumi xarakter daşıyır. Yalnız 4-cü ildən təhsil xüsusi istiqamətlə davam edir. Belə bir təhsil sistemi Abu Dabi Neft İnstitutunda da tətbiq olunur. Təhsilin ilk iki ili (Bakalavr səviyyəsi) mühəndislikdən başqa müxtəlif istiqamətli tədris prosesini təşkil edir. İki il ərzində tələbələr humanitar, sosioloji və fiziki elmlərlə tanış olurlar. Burada həmçinin, "İslam dini" fənni də tədris olunur. Adı göstərilən fənləri bizim bütün tələbələrimiz keçməlidir. Xüsusi istiqamətə təhsillərini davam etməmişdən öncə, hətta mühəndislik sahəsində öz seçim istiqamətlərinin müəyyənləşdirmədən öncə, biz çalışırıq ki. tələbələri müxtəlif biliklərlə təmin edək. Düşünürəm ki, bu sistem Rusiyada və hətta Avropada mövcud olan sistemdən fərqlidir, çünki orda tələbələrin orta məktəbi bitirərkən dərhal ixtisaslaşması nəzərdə tutulur. Misal üçün, əgər tələbə Almaniyada mühəndislik ixtisasında təhsil alırsa, o tarix və yaxud sosiologiya fənlərini seçə bilməz, çünki belə seçimə qarşı orada güclü mənfi fikir var. Lakin mənim fikrimcə, biz tələbələrə yeni bilik istiqamətlərinin öyrənilməsinə imkan yaratmalıyıq və bu Amerika sisteminin üstünlüyü və xüsusiyyətidir. Belə bir sistem tələbələri ümumi bilik sahələrinin araşdırmasına imkan verir. Mən Amerika universitetlərinin birində inzibatı vəzifəni tutarkən biz teatr və musiqi ilə bağlı kurs açmışdıq. Nəzərə alın ki, bu tam mühəndislik istiqamətində fəaliyyət göstərən ali məktəb idi. Əgər tələbələrinizin teatr və yaxud musiqi ilə məşğul olmasını istəyirsinizsə, sadəcə olaraq onlara imkan verin bunu etsinlər və siz heç zaman peşman olmayacaqsınız. Mən özüm pianoda çalıram və inanıram ki, insan beyni müxtəlif fəaliyyətlərin sayəsində inkişaf edə bilər. Bu mənim şəxsi fikrimdir. Tələbələrə musiqi ilə məşğul olmalarına imkan vermək o demək deyil ki, onların peşəkar musiqiçi olmalarını gözləməliyik, sadəcə olaraq, onların musiqidən, teatrdan, poeziyadan və digər bilik istiqamətlərindən xəbəri olmalıdır. Alman dilində belə bir ifadə var `Fach idiot`. Bu ifadənin ədəbi mənası "yalnız öz sahəsini bilən və ondan başqa heç bir biliyi olmayan insan" deməkdir. Çox zaman gənc nəslə savad verərkən bu meyldən kənara çıxmırıq. Eyni zamanda, biz gənclərdən hərtərəfli biliyə malik olmağı, analitik və yaradıcı düşüncə tərzinə sahib olmağı, məntiqli sual verməyə və düzgün qərar verməyi bacarmalarını gözləyirik.
- Siz musiqidən söhbət açdınız, yeri gəlmişkən, sizin sevimli bəstəkarınız kimdir?
- İoqan Sebastyan Bax. Mən müxtəlif musiqi ənənələrini xoşlayıram. Mənim böyük oğlum müxtəlif musiqi alətlərində, həmçinin saksofonda ifa edir. Hal-hazırda o, Yaxın Şərqdə məşhur olan musiqi alətində - ud alətində çalmağı öyrənir. bu heç də asan deyil. Çünki udun çoxlu simləri var, amma o, özü müəllimsiz öyrənir.
- Yəqin ki, vəzifənizdən irəli gələrək sizin çox gərgin iş cədvəliniz var? Asudə vaxtınızı necə keçirirsiniz?
- Mən pianoda ifa edirəm və çoxlu kitab oxuyuram. Demək olar ki, hər zaman oxuyuram. İnanıram ki, ədəbiyyatdan zövq almağı gənc nəslə öyrətməliyik. Çünki başqa insanların düşüncələrini kitab vərəqlərində oxumaq əvəzolunmaz macəradır. Biz cavanları bu istiqamətdə həvəsləndirməliyik. Bilirəm ki, elektron əsrdə bu, olduqca çətindir. Tələbələrin oturub 300 vərəqli kitabı oxumasına səbri yoxdur. Təəssüf ki, biz ömürlərində heç vaxt 300 səhifəlik kitab oxumayan tələbələri məzun edirik. Bu itirilmiş imkandır. Ona görə də biz mütləq cavanları yazılı əsərlərlə tanış olmağa həvəsləndirməliyik.
- Sonuncu sualımız Azərbaycanla bağlıdır. Azərbaycandan hansı təəssüratlarla ayrılırsınız?
- Gənc olanda və Amerikada yaşayanda mənim Azərbaycanla bağlı biliklərim Xəzər dənizinin harada olması ilə məhdudlaşırdı. Sonra Vyanada siyasət elmləri üzrə ali təhsil alarkən həmin fəndən mənə dərs deyən professor Azərbaycan haqqında məlumat verdi. O, Azərbaycanın necə əhəmiyyətli olduğunu vurğulayırdı və ölkənizi mədəniyyətlərin qovuşduğu cazibədar məkan kimi bizə tanıtdırdı. O vaxtdan 30 il keçdi və mən Azərbaycana gəldim və professorun dediklərinin doğru olduğuna əmin oldum. Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkandır. Xalqınız çox mehribandır. Özümə sual verirəm ki, bu mehribanlıq haradan irəli gəlir? Anladım ki, sizin mehriban olmağınız ölkənizin həm Qərb, həm Şərq, həm Asiya, həm Avropaya yaxın olmasından irəli gəlir. Bu mehribançılığa görə çox minnətdaram. Mən deyərdim ki, Azərbaycan millətlərin görüş məkanıdır və bu çox gözəl amildir. Təbii ki, mən bura yenidən öz ailəmlə gələcəm.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info