Qətər Azərbaycandan bitkiçilik və heyvandarlıq məhsullarının idxalında maraqlıdır
Tarix: 18.05.2016 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Kənd təsərrüfatı naziri Heydər Əsədov Qətər Dövlətinin Azərbaycandakı səfiri Səyyar Bin Abdurrəhman Al-Muavidə və Qətərin Ticarət və Sənaye Palatasının idarə heyətinin üzvü Məhəmməd Al-Ubeydli ilə görüşüb.
Görüşün məqsədi ikitərəfli iqtisadi münasibətlər və investisiya mühiti ilə bağlı müzakirələrin aparılması olub.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazir Heydər Əsədov qonaqlara ölkələrimiz arasında siyasi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, iqtisadi, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.
Nazir son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən institusional islahatlar, dövlətimizin başçısının aqrar sektora göstərdiyi diqqət və qayğı, bu sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracın stimullaşdırılması istiqamətində görülən tədbirlər, yaradılan əlverişli investisiya mühiti haqqında ətraflı məlumat verib.
Heydər Əsədov Azərbaycanda Qətərlə birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı, xüsusilə heyvandarlıq məhsullarının bu ölkəyə ixracı, aqrar sahədə biznes əlaqələrinin daha da genişləndirilməsi üçün Qətər iş adamlarının Azərbaycana səfərini məqsədəuyğun hesab edib. İş adamları arasında qarşılıqlı işgüzar əlaqələrin qurulması üçün ölkəmizdə böyük potensialın olduğunu vurğulayıb.
Bildirilib ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları, xüsusilə meyvə-tərəvəz öz yüksək orqanikliyinə və ekoloji baxımdan keyfiyyətinə görə seçilir.
Nazir Heydər Əsədov Azərbaycanda meyvəçilik və tərəvəzçilik sahəsində ən müasir standartlara cavab verən istehsal və emal müəssisələri yaradıldığını, eyni zamanda, ölkəmizdən ixrac edilən kənd təsərrüfatı məhsullarının bütün vergilərdən azad olunduğunu, ixracın stimullaşdırılması üçün subsidiyaların tətbiqi ilə əlaqədar dövlət tərəfindən geniş tədbirlər planı həyata keçirildiyini diqqətə çatdırıb.
Nazir Qətərin iş adamlarını Azərbaycana dəvət edib və əlaqələrin genişlənməsi üçün nazirlik tərəfindən inverstorlara lazımi dəstək veriləcəyini vurğulayıb. Belə görüşlərin, danışıqların və müzakirələrin artıq praktiki müstəviyə keçirilməsinin zəruriliyini qeyd edib.
Qətərin Ticarət və Sənaye Palatasının idarə heyətinin üzvü Məhəmməd Al-Ubeydli Qətər şirkətlərinin mayın 19-dan 21-dək Bakı Ekspo Mərkəzində keçiriləcək “Caspian Agro-2016” Beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak edəcəklərini və Azərbaycanın iş adamları ilə işgüzar əlaqələrin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıb. O, Qətərdə özəl sektorun çox fəal olduğunu vurğulayaraq iki ölkə arasında ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün biznes imkanlarının araşdırılmasının vacibliyini söyləyib.
Məhəmməd Al-Ubeydli Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının həqiqətən də yüksək keyfiyyətə malik olduğunu təsdiqləyib, Qətərin kənd təsərrüfatı məhsullarının 90 faizini idxal etdiyini bildirib. Qeyd edib ki, ölkəsi Azərbaycandan bitkiçilik, heyvandarlıq məhsullarının, xüsusən də qoyun ətinin idxalında maraqlıdır.
Sonda Məhəmməd Al-Ubeydli Qətərlə Azərbaycan arasında aqrar sahədə əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycanın iş adamlarını bu ölkəyə dəvət edib.
Qətər Dövlətinin Azərbaycandakı səfiri Səyyar Bin Abdurrəhman Al-Muavidə səmimi görüşə görə təşəkkür edərək Azərbaycanla kənd təsərrüfatı sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info