Vyana görüşü-Ordumuzun aprel zəfərinin diplomatiya sahəsində davamı
Tarix: 19.05.2016 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


“Həm Ermənistan, həm də ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər anladılar ki, mövcud status-kvonun zaman limiti bitib, status-kvonu uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil”

Bir neçə gün öncə Vyanada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində növbəti danışıqlar keçirilib. Azərbaycan və Ermənistan dövlət başçılarının iştirak etdiyi görüş aprel döyüşlərindən sonra xüsusilə diqqət mərkəzində idi. Ermənistanın işğalçı ordusunun aprelin əvvəlində təxribatlarına qarşı Azərbaycan ordusunun verdiyi cavab İrəvanda şok yaratdı.
Azərbaycanın hərbi sahədə xeyli güclənməsinin şahidi olan Ermənistan anladı ki, Bakı daha işğalçıların nazına dözmək fikrində deyil. Azərbaycan ordusu uğurlu əməliyyatlar keçirərək düşmənə öldürücü zərbə vuraraq işğal faktı ilə razılaşmayacağını və torpaqlarını azad edəcəyini bütün dünyaya nümayiş etdirdi. Bu vəziyyət beynəlxalq aləmdə də ciddi rezonans doğurdu və status-kvonun dəyişməsinin nə qədər vacib olduğu ən yüksək səviyyələrdə etiraf edildi. Azərbaycan ortaya qəti və konkret mövqe qoyub-münaqişə dinc, beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir. Əks halda Azərbaycan işğal altındakı torpaqlarını azad edəcəyini aprel əməliyyatları ilə ortaya qoydu. Bu halda yeganə yol əməliyyatların təsirindən şoka düşərək sərsəm bəyanatlar səsləndirən, şərtlər irəli sürən İrəvanı danışıqlar masasına gətirmək idi. Ermənistanın siyasi manevrləri, şantaj oyunu, şərtləri heç nəyə yaramadı və mayın 16-da Vyanada ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Məlum aprel əməliyyatlarından sonra dövlət başçılarının Vyana görüşü bir neçə aspektdən Bakı üçün müsbət hesab edilə bilər.

Azərbaycan ordusunun 2000 ha ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu
Əvvəla onu qeyd etmək lazımdır ki, Sərkisyan rejiminin danışıqları şantaj etmək istəyi iflasa uğradı. Məsələ ondadır ki, Ermənistan Vyana danışıqlarına qədər ciddi cəhdlə orduların təmas xəttinin 1994-cü ilin mayında imzalanmış atəşkəs zamanı müəyyən edilən xəttə çəkilməsinə çalışır, əks halda, beynəlxalq ictimaiyyəti atəşkəsin pozulacağı ilə şantaj edirdi. Ermənistanın ciddi səylərinə və müqavimətinə baxmayaraq, Azərbaycan ordusunun aprelin 1-5 tarixlərində 2000 ha ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Ermənistan rəhbərliyi işğal olunmuş ərazilərdə aprelin əvvəllərində Azərbaycana qarşı silahlı təxribat törətdiklərini və bunun nəticəsində qoşunların təmas xəttinin əhəmiyyətli dərəcədə dəyişildiyini nəhayət ki, rəsmi təsdiq edib. Müdafiə Nazirliyi də təsdiqləyib ki, düşmən hücumlarının qarşısının alınması və əks-həmlə əməliyyatları zamanı Azərbaycan Silahlı Qüvvələri Ağdərə, Füzuli və Cəbrayıl rayonlarının ərazisində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad edib: “Ermənistan tərəfinin rəsmi açıqlamalarında guya cəmi 800 hektar ərazini itirdikləri bildirilsə də, tərəfimizdən azad edilən ərazilərin sahəsinin qəsdən azaldılması açıq-aydın görünür. Həqiqətdə isə Silahlı Qüvvələrimiz tərəfindən 2 min hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib. Ermənistan tərəfindən fərqli olaraq, Azərbaycanın Silahlı Qüvvələri qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsi istiqamətində heç bir addım atmır, yalnız adekvat tədbirlər görməyə məcbur qalır.

Əldə edilmiş hərbi və diplomatik üstünlük Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini gücləndirib

Düşmən tərəfinin bundan sonra da heç bir təxribatı cavabsız qalmayacaq. Aprelin əvvəllərində keçirilən əməliyyatlarda hər iki tərəfin itkiləri barədə Ermənistanın yaydığı rəqəmlər həqiqəti əks etdirmir. Əslində, Ermənistan silahlı qüvvələrinin itkiləri Azərbaycanın itkilərindən təqribən on qat artıqdır”. Beynəlxalq ictimaiyyət, danışıqları təşkil edən həmsədr dövlətlər və ATƏT işğal olunmuş ərazilərin müəyyən hissəsinin azad olunmasını, təmas xəttində baş verən dəyişikliyi, yəni Azərbaycan tərəfinin irəlilməsini qəbul və təsdiq etdi. Bu, Vyana görüşünun Bakı üçün əsas üstünlüklərindən biridir.

Azərbaycanın əldə etdiyi üstünlük Ermənistanı danışıqlar masası arxasına oturmağa məcbur etdi
Digər müsbət nəticə ATƏT-in Minsk qrupunun Ermənistana çoxdan gözlədiyimiz təzyiqləri etməsidir. Ermənistanın danışıqlarda müsbət məqamlar yaranan kimi təxribatlara əl atması ilk hadisə deyil. Ermənistan 2014-cü ildə Paris danışıqlarından sonra ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilən sülh müzakirələrini də pozmuşdu. Aprel təxribatının arxasında dayanan səbəb də elə bununla bağlıdır. Məsələ ondadır ki, Almaniya federal kanslerinin təşəbbüsü ilə bu ilin fevral ayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılmış müzakirələrdən sonra da aprelin əvvəllərində Ermənistan belə təxribata əl atdı. Ermənistan bütün beynəlxalq müzakirələrin formal olduğunu nümayiş etdirir, heç bir vəchlə danışıqlar masası arxasında ciddi müzakirələr aparmağa meyl göstərmirdi. Azərbaycan Ordusunun aprel zəfəri həm Ermənistanı danışıqlar masası arxasına oturmağa məcbur etdi, həm də ATƏT-in Minsk qrupunu Ermənistana konstruktiv danışıqlar məcrasına qayıtması üçün rəsmi İrəvana təzyiq göstərməyə vadar etdi. Ümumiyyətlə, Azərbaycan Ordusunun aprel zəfəri status-kvonun dəyişilməsi zərurətini ən dolğun şəkildə ortaya qoydu. Həm Ermənistan, həm də ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər anladılar ki, mövcud status-kvonun zaman limiti bitib, status-kvonu uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil, bundan sonra da münaqişə dondurulmuş vəziyyətdə saxlana bilməz. Azərbaycan dövləti, Azərbaycan xalqı konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişəni istənilən vaxt beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həllinə qadirdir. Və bu reallıq Vyana görüşü ilə göstərdi ki, Ermənistan tərəfi mövcud status-kvonun dəyişdirilməsi üçün konstruktiv danışıqları davam etdirməyə məcbur edildi.

ATƏT-in yeni faktaraşdırıcı missiyasının rəyi Azərbaycanın xeyrinə olacaq - dağılan evlər, xəstəxanalar, məktəblər, fosforlu mərmilər
Vyana danışıqlarının detalları bəlli olmasa da, ictimaiyyətə açıqlanan məlumatlarda bəzi razılaşmaların olduğu məlumdur. Ermənistan tərəfinin bu razılaşmaları müxtəlif şəkildə təqdim etməsinə baxmayaraq, əslində məsələ çox sadədir. Vyana danışıqlarında aprel insidentinin araşdırılması məqsədilə ATƏT-in yeni faktaraşdırıcı missiya yaratması qərara alınıb. Şübhə yoxdur ki, münaqişə bölgəsində monitorinqlər aparacaq missiyanın gələcəyi qənaət də ATƏT-in əvvəlki missiyalarının rəyləri kimi Azərbaycanın xeyrinə olacaq. Çünki Azərbaycan ordusu özgə ərazisində deyil, Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış ərazisində işğalçı ordunun təxribatlarına cavab verir. Ermənistan ordusu yaşayış məntəqələrini, mülki əhalini hədəfə alır, xəstəxanaları, məktəbləri, əkin sahələrini bombardman edir. Dinc sakinlərə qarşı beynəlxalq konvensiyalarla qadağan edilmiş silahlardan, o cümlədən kimyəvi silahdan istifadə olunur. Bu fakt artıq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Azərbaycanda olan diplomatik korpusların hərbi attaşeləri, beynəlxalq KİV təmsilçiləri cəbhə bölgəsində ermənilərin həm mülki əhalini bombardman etməsinin, həm də beynəlxalq konvensiyalarla qadağan edilən mərmilərdən istifadə etməsinin canlı şahidi olublar. Elə dünən Qətərin “Əl-Cəzirə” telekanalında yayımlanan reportaj beynəlxalq ictimaiyyətin Ermənistanın çirkin əməllərinin ifşa olunmasının isbatıdır. Həmin reportajda Ermənistanın cəbhə bölgəsində qadağan olunmuş ağ fosforlu top mərmilərindən istifadə etməsi qeyd edilib. Bu faktlar təsbit edilərək dəfələrlə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT üzvü olan dövlətlərin nəzərinə çatdırılıb. Azərbaycan isə yalnız atəşkəsin pozulması hallarında, düşmənin hərbi obyektlərini hədəfə almaqla cavab verib. Son aprel hadisələri zamanı ordumuzun qarşısında qoyulmuş tələblərdən biri də Dağlıq Qarabağda yaşayan mülki əhalinin hədəfə almaması ilə bağlı olub. İndi Ermənistan xarici hərbi mütəxəssislərin, xarici KİV orqanlarının da şahidi olduğu və beynəlxalq konvensiyalarla istifadəsi qadağan olunmuş 122 millimetrlik ağ fosforlu top mərmisindən istifadəni, mülki obyektlərə zərbə endirməsinin necə gizlədə bilər? Ona görə də ATƏT-in araşdırma missiyasının toplayacağı faktlar yenə də Azərbaycanın xeyrinə olacaq. Ümid edək ki, budəfəki missiyanın nəticəsi işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşmanı araşdıran ATƏT-in faktaraşdırıcı missiyasının bu qanunsuzluğu təsdiqləməsinə rəğmən Ermənistana heç bir təzyiq göstərməməsi kimi olmayacaq. Bir sözlə, Vyana danışıqları aprelin əvvəllərində Azərbaycan ordusunun zəfərinin diplomatiya sahəsində davamı kimi dəyərləndirilməlidir. Əldə edilmiş hərbi və diplomatik üstünlük Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini gücləndirir və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli üçün ciddi zəmin yaradır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
24.09.2018
Mühacirətdəki müxaliflərin dini təbliğat aparmalarının səbəbi nədir?
24.09.2018
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info