Dünya azərbaycanlılarının həmrəylik petisiyası
Tarix: 19.05.2016 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Ermənistan və xarici ölkələrdəki erməni diasporu hər zaman öz yalanları ilə dünyanı aldadır. Onlar mənfur niyyətlərinə nail olmaq naminə dünya ölkələrinin rəsmi dairələrini aldatmaq və ictimai rəyi çaşdırmaq üçün müxtəlif üsullardan istifadə edir, ənənələrinə sadiq qalaraq gerçək tarixi saxtalaşdırırlar. Ermənilərin saxtakarlığını təkzibedilməz faktlar əsasında ifşa etmək bu gün hər birimizin qarşısında duran ən vacib məsələlərdən biridir. Artıq Ermənistanın təxribatlarına “dur” deməyin vaxtı çoxdan keçib. Və bu etiraz təkcə Azərbaycan səviyyəsində deyil, dünya səviyyəsində olmalıdır. Çünki Ermənistan nəinki Azərbaycan, dünya üçün təhlükəli olan təxribatlarla məşğuldur. Erməni təxribatlarının qarşısının alınması və onların yalanlarının ifşa olunmasının ən effektli yolu informasiya savaşında virtual mübarizəni gücləndirməkdir. Aprelin 6-da Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Ağ Ev administrasiyasına ünvanlanan “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya layihəsinin strateji hədəfi məhz Ermənistanın işğalçılıq siyasətini ifşa etməkdir. Layihənin loqosunda da insanlara bu baxımdan cağırış edilir: “Səs ver! İşğalçı Ermənistanı bütün dünyaya birgə ifşa edək!”.
Nəzərə çatdıraq ki, Ağ Evin səhifəsində yazılan petisiyalar 100 min imzanı keçəndə, petisiyaya administrasiya tərəfindən baxılır. Bu platforma insanların ABŞ administrasiyası ilə ünsiyyət qurması üçün yaradılıb. Petisiyalar daha çox informativ xarakter daşıyır. Petisiya ətrafında minlərlə insanın toplanması və imzalaması hər hansı bir məsələnin vacib olduğunu göstərir. Elə AVCİYA-nın petisiya layihəsi də Azərbaycanın taleyüklü probleminə, Qarabağ münaqişəsinə dairdir.
Bu petisiyanın ictimai-siyasi əhəmiyyətini təhlil etdikdə bir sıra müsbət məqamlar ortaya çıxır. Belə ki, layihədə təkcə Azərbaycan xalqının mövqeyi deyil, AŞPA-nın işğal faktını rəsmiləşdirilən 2085 saylı qətnaməsi əks olunur. Petisiyanın məhz AŞPA-nın qətnaməsinə istinad edilməsi çox əhəmiyyətlidir. Petisiyanın digər ictimai-siyasi əhəmiyyətləri ilə bağlı AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun baş elmi işçisi, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev bizimlə öz fikirlərini bölüşdü: “Petisiyanın ictimai-siyasi əhəmiyyəti ondan ibarətdir ki, problemi gündəmdə saxlayır, ictimaiyyətə problemin mahiyyətini izah edir. Bu layihənin mahiyyəti ondan ibarətdir ki, Ermənistan birbaşa işğalçı ölkə kimi göstərilir. Ermənistanın işğalçı olması 30 gün ərzində, kampaniya başlayandan Obama Admnistrasiyası cavab verənə qədər rəsmi saytda açıq şəkildə qalır. Bunu da hər o sayta girən insanlar görür. Bu petisyanın beynəlxalq ictimai fikrin formalaşmasında da rolu böyükdür. Petisiya həm də ictimai fikri formalaşdıraraq Ermənistan siyasətçilərinin dünya birliyini aldatmasının, indiyə qədər öz işğalçı mahiyyətini gizlətməsinin şahidi olur”. Ramiz Sevdimalıyev petisiyanın aprel ayında həyata keçirilməsinin də səbəbsiz olmadığını dedi: “Aprel ayında ermənilər qondarma soyqırımının təbliğatını gücləndirirlər. Kampaniya vasitəsilə dünya ictimaiyyətinə çatdırıldı ki, bunların özləri cəllad, işğalçıdırlar. Belə olan halda, onlar hansı formada soyqırımından danışırlar. Bu baxımdan petisiyanın böyük əhəmiyyəti var”.
Obama Administrasiyasından gözlənilən səmimiyyət

Azərbaycan üçün AŞPA-nın 2085 saylı qətnaməsinin əhəmiyyəti ondan ibarətdir ki, bununla AŞPA Ermənistanı işğalçı dövlət kimi tanıdı. Yəni Ermənistana işğalçı damğası vuruldu. İndi əsas gözlənti Obama Administrasiyasının da Avropanın 45 ölkəsinin səs verdiyi 2085 saylı qətnaməyə adekvat münasibət göstərməsidir. Bu məsələdə həm də ABŞ-ın beynəlxalq siyasətdə nə dərəcədə səmimiliyi önə çıxır. Həmsöhbətimiz Ramiz Sevdimalıyev də bu baxımdan ABŞ-dan səmimiyyət gözləyir: “Obama Administrasiyası böyük bir dövləti təmsil edir. Super dövlət olaraq Obama Administrasiyası dünyada özünü təhlükəsiziliyin, beynəlxalq münasibətlərin hüquq normaları çərçivəsində həyata keçirilməsinin qarantı kimi göstərməyə çalışır. Ona görə Obama Administrasiyasının verəcəyi cavabdan görəcəyik ki, doğrudan da, bunlar beynəlxalq hüquqa nə dərəcədə hörmətlə yanaşırlar. Onlar, doğurdan da, açıq şəkildə işğalçını işğalçı kimi tanıyacaqlarmı? AŞPA-nın qəbul etdiyi sənədi dəstəkləyəcəklərmi? Əgər dəstəkləyəcəklərsə, bu, onların regionda baş verən hadisələrlə bağlı obyektivliklərindən xəbər verəcək”.
Burada daha bir məqam petisiyanın Ağ Evin, ümumiyyətlə, dünya birliyinin Qarabağ münaqişəsinə münasibətinə təsir etməsidir. Bu, petisiyanın beynəlxalq effektidir. Ramiz Sevdimalıyev isə petisiyanın beynəlxalq effektiv nəticəsini belə dəyərləndirdi: “Ağ Ev petisiyada göstərilən müddəaları dəstəkləyəcəksə, deməli, dünya birliyi anlamağa başlayacaq ki, Ermənistan işğalçıdır. İşğalçıya da müvafiq münasibət göstərilməlidir. İşğalın aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Petisiyanın həyata keçirilməsi xeyli vaxt tələb edir. Petisiya ilə bağlı yerli və xarici KİV-lərdə materiallar verildi. Bunlar hamısı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına yönəlmişdi. Beynəlxalq ictimaiyyət deyəndə ayrı-ayrı fərdlər deyil, ayrı-ayrı beynəlxalq təşkilatlar da nəzərdə tutulur. Bu, o deməkdir ki, onların da aqressiv hadisələr haqqında aqressiv məlumatı olacaq. Bu baxımdan petisiyanın beynəlxalq aləmin Qarabağ münaqişəsinə münasibətinin dəyişməsinə təsiri bilavasitə olmasa da, bilvasitə var”.
İnformasiya müharibəsində petisiya təcrübəsi
Diqqətçəkən bir məqam da bu petisiyanın daxili effektidir. Ümumiyyətlə, petisiyaların effekti daha çox insanların bir araya gəlməsindədir və səfərbər olub Azərbaycanın mənafeyindən danışmasındadır. Bir aylıq kampaniyada 330 mindən çox insanın səs verməsi bunun bariz nümunəsidir. Bu onu göstərir ki, kampaniyada dünya azərbaycanlıları gözlənilən həmrəyliyi nümayiş etdirdilər. Əslində, AVCİYA bununla həm də bir virtual həmrəylik testi etdi və göründü ki, lazımi məqamlarda soydaşlarımız Azərbaycan naminə ayağa qalxa bilirlər. Ramiz Sevdimalıyevin fikrincə, səs verənlərin sayına görə bu petisiya ən irəlidə gedən petisiyalardan hesab olunur: “Ümumiyyətlə, bizə qədər də xeyli sayda petisiyalar keçirilib. Minimal hədd 100 min müəyyən olunub. Dünyada bizdən böyük və kiçik xalqlar var. Petisiyalar arasında çox nadir hallarda 200 min, 300 mindən yuxarı səs toplayan olub. 330 min kifayət qədər böyük rəqəmdir. Səs verənlərin çoxluğu ondan xəbər verir ki, bunun arxasında böyük əksəriyyət Azərbaycan xalqının nümayəndələri durur. Qeyd edim ki, xaricdə yaşayan azərbaycanlılar da bu petisiyada aktiv iştirak ediblər. Yəni xalqımız birmənalı şəkildə göstərdi ki, heç zaman işğalla barışmayacaq. İkincisi, səs çoxluğu milli maraqlar ətrafında xalqımızın birləşə bilməsinin sübutudur. Bu, hədsiz dərəcədə vacib məsələdir”.
Onu da deyək ki, Azərbaycanın bir çox tanınmış simaları xalqımıza petisiyada səs vermək üçün çağırış edib. Sosial şəbəkələrdə böyük aktivlik olub. Xüsusən AVCİYA tərəfində Bakıda və regionlarda ali təhsil müəssisələrində, eləcə də orta məktəblərdə görüşlər keçirilib. Aryıca, layihənin həyata keçirilməsində qardaş Türkiyədən dəstək olub. Türkiyədə çox böyük təbliğat kampaniyası aparılıb. Tanınmış şəxslər özlərinin “Facebook”, “Twitter” səhifələrində çağırış ediblər. Xüsusən Türkiyənin müğənniləri, futbolçuları, partiya rəsmiləri, deputatlarından çağırış olub. Həmçinin xüsusi olaraq poster və bannerlər yerləşdirilib. Bütün hallarda bu petisiyanın belə yüksək səs toplamasında AVCİYA komandasının işi özünü göstərdi. Ramiz Sevdimalıyevin sözlərinə görə, bu nəticə göstərdi ki, AVCİYA Azərbaycanın milli maraqlarına uyğun böyük işlər görür: “AVCİYA bir daha sübuta yetirdi ki, böyük təcrübəyə malik bir komandadır. Gələcəkdə daha da böyük işlərin öhdəsindən gəlməyə hazırdır”.
Azərbaycana qarşı uzun illər aparılan informasiya savaşı nə qədər ağrılı olsa da, prosesin gedişində müəyyən müsbət nəticələr də əldə edilib. Belə ki, Azərbaycan antiazərbaycan təbliğatını zərərsizləşdirmək, cavab tədbirləri görmək sahəsində ciddi təcrübə toplayıb. AVCİYA-nın məlum petisiya layihəsi də informasiya müharibəsində qazanılan növbəti təcrübədir. Erməni siyasətinə qarşı tutarlı cavab verən, Azərbaycanın haqq səsini dünyaya çatdıran bu kimi layihələri davamlı keçirməklə informasiya müharibəsində daha böyük uğurlar əldə etmək olar.

Yazı AVCİYA-nın “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsi ilə bağlı keçirdiyi müsabiqəyə təqdim olunur.

Fuad Hüseynzadə







 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info