Səlim Müslümov: “Respublikamızda əlillik göstəricisi dünya üzrə ən aşağı göstəricilərdəndir”
Tarix: 19.05.2016 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Asiya İnkişaf Bankının nümayəndələri ilə inklüziv inkişaf üçün məşğulluq siyasətinə dair məsləhətləşmələr aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) nümayəndələri ilə görüş olub. Görüşdə məqsəd AİB tərəfindən ölkəmizdə inklüziv inkişaf üçün məşğulluq siyasətinə dair nəzərdə tutulan araşdırmalarla bağlı məsləhətləşmələrin aparılması olub.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qlobal iqtisadi böhranın kəskinləşdiyi şəraitdə iqtisadi təsirlərin qarşısının yüksək səviyyədə alınması üçün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatlar kursundan bəhs edib. Nazir bildirib ki, bu islahatlar ölkə iqtisadiyyatının neftdən asılı olmadan dinamik inkişafına, qeyri-neft sektorunun ÜDM-də payının 70 faiz təşkil etməsinə şərait yaradıb. Ötən il 8,4 faiz artan qeyri-neft sektorunda bu ilin ilk rübündə 5 faizdən çox artım qeydə alınıb. Həmçinin keçən il bu sektor üzrə büdcə daxilolmaları 9,5 faiz, qeyri-neft məhsulları ixracı 3,6 faiz çoxalıb: “Qeyri-neft sektorunun, o cümlədən regional inkişafın, sahibkarlığın genişlənməsinin stimullaşdırılması üçün kompleks tədbirlər mövcud iqtisadi şəraitdə də əmək bazarında stabilliyin, ötən dövrdə işsizliyin kəskin şəkildə azaldılması sahəsində əldə olunmuş nailiyyətlərin qorunub saxlanmasına imkan verib. 2003-2015-ci illərdə 1,4 milyondan çox iş yerinin yaradıldığı respublikada cari ilin ilk üç ayında daha 37 min yeni iş yeri açılıb, muzdla işləyənlərin sayında isə yanvar-mart aylarında 6,6 min nəfər artım özünü göstərib”. S.Müslümov dövlət başçısının islahatlar kursuna uyğun olaraq, ölkədə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi üçün iki milyard manata yaxın dəyəri olan layihələrin tərtib edilməsinin bu sektorun qarşıdakı dövrdə də sürətli inkişafına, məşğulluq imkanlarının artmasına yönəldiyini vurğulayıb.
Nazir respublikanın sosial-iqtisadi inkişafının demoqrafik proseslərə də müsbət təsirini diqqətə çatdırıb: “Hazırda Azərbaycan əhalinin illik 1,3 faizlik artımına görə Avropa ölkələri arasında ön cərgədədir və ölkədə doğulanların sayı ölənlərin sayını 3 dəfədən çox üstələyir. Təkcə bu ilin yanvar-fevral aylarında respublika əhalisinin sayı 17,9 min nəfər artaraq mart ayının 1-i vəziyyətinə 9723,5 min nəfərə çatıb”.
S.Müslümov bildirib ki, Ermənistanın uzun müddətdir ölkəmizə təcavüzünə baxmayaraq, respublikamızda əlillik göstəricisi dünya üzrə ən aşağı göstəricilərdəndir: “Bu gün ölkəmizdə əlilliyi olan şəxslər üçün cəmiyyətə fəal inteqrasiya, xüsusən də məşğulluq və əmək bazarına çıxış imkanlarının yaradılması da diqqətdə saxlanılır. Əvvəllərdə əlilliyin müəyyən olunması zamanı müayinə aktından çıxarış blanklarında “əmək qabiliyyətsiz” sözü yazılması onların məşğulluq imkanlarını məhdudlaşdırırdı. Əlilliyi olan şəxslərin məşğulluğu üçün maneə olan bu hal 2013-cü ilin sonlarından etibarən aradan qaldırılıb və əlillik qrupu verilən şəxslərin əlillik arayışlarında həmin şəxsin əmək zəmanəti qeyd olunur. Bununla yanaşı, əlilliyi olan şəxslər peşə reabilitasiyasına cəlb edilirlər və 2013-cü ildən istifadəyə verilmiş Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzin bu sahədə mühüm rol oynayır”. Aktiv məşğulluq proqramlarından bəhs edən nazir dövlət başçısının tapşırığına əsasən, aztəminatlı ailələrin özünüməşğulluq proqramlarına cəlb edilməsi işlərinə başlandığını da bildirib.
S.Müslümov qeyd edib ki, son vaxtlarda dünyada iqtisadi amillərin mənfi təsirlərinin gücləndiyi şəraitdə Mərkəzi və Qərbi Asiya ölkələrində layiqli iş yerlərinin yaradılması yolu ilə inklüziv inkişafa nail olunması üçün aparılan siyasəti dəstəkləmək məqsədilə AİB tərəfindən araşdırmalar aparılır. Yerli və beynəlxalq ekspertlərin cəlb olunduğu bu araşdırmalar bizim ölkəmizi də əhatə edir: “Həmin tədqiqatın bir istiqaməti kimi, məşğulluq siyasəti və əmək bazarı ilə bağlı araşdırmaların aparılması nəzərdə tutulur. Hesab edirəm ki, bu bizim üçün çox əhəmiyyətlidir. Çünki, bildiyiniz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığı əsasında, ölkəmizdə də mövcud demoqrafik meyllər və inkişaf perspektivləri, iqtisadi prioritetlər nəzərə alınmaqla “Azərbaycan Respublikasında Məşğulluq Strategiyası (2016-2025-ci illər)” layihəsi hazırlanır. AİB-in tədqiqat qrupu tərəfindən aparılacaq araşdırmaların nəticələri, təqdim ediləcək tövsiyə xarakterli təkliflər ölkəmizin uzunmüddətli məşğulluq strategiyasının hazırlanmasında faydalı ola bilər”.
AİB-in nümayəndə heyətinin rəhbəri Giovanni Capannelli təmsil etdiyi təşkilatla Azərbaycan hökuməti arasında ötən dövrdə fəal və səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Dünyada baş verən böhran proseslərinin son illərdə kəskin xarakter aldığını və biznes strukturlarına mənfi təsirlər göstərdiyini qeyd edən G.Capannelli AİB-in sözügedən araşdırmalarının da belə şəraitdə Mərkəzi və Qərbi Asiya bölgəsində milli iqtisadiyyatların dayanıqlığına, o cümlədən layiqli iş yerləri vasitəsilə inklüziv inkişafa yardım göstərməyə hesablandığını bildirib.
Görüş ölkəmizdə əmək bazarında mövcud vəziyyətin müzakirəsi və qeyd olunan tədqiqatın əhatə edəcəyi istiqamətlərə dair məsləhətləşmələrlə davam edib.

İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info