“Danışıqlara Ermənistanın təxribatlarına kəskin cavab verən bir ölkə kimi gedirik”
Tarix: 20.05.2016 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Vyanada Azərbaycan və Ermənistanın dövlət başçıları arasında təşkil olunan görüş aprel döyüşlərindən sonra ən böyük siyasi hadisə kimi qiymətləndirilir. Bəzi siyasi ekspertlər daim danışıqlar prosesinin uzadılmasına can atan, ümumiyyətlə, Azərbaycanla təmasdan çəkinən və bir masa arxasına oturmaq istəməyən Sərkisyan hakimiyyətinin bundan sonra rahat şəkildə danışıqlar prosesinə qatılacağını deyirlər. Ümumiyyətlə, aprel hadisələrindən sonra Azərbaycanın hərbi uğurlarla yanaşı, diplomatik uğurlar da qazanmaqla danışıqlara getməsi Dağlıq Qarabağ məsələsində bizim mövqeyimizi xeyli gücləndirdi.
Vyana görüşlərinin nəticələri ilə bağlı fikirlərini öyrəndiyimiz siyasi şərhçi Əli Orucov deyir ki, əslində bu, yazılmamış qanundur ki, məğlub tərəf həmişə danışıqlar masasına güzəştlərlə oturur. Azərbaycan aprel döyüşlərində 2 min hektardan çox ərazini işğalçı ordudan təmizlədi ki, bu da bütün siyasi dairələrdə Ermənistan hakimiyyətinin məğlubiyyəti kimi qiymətləndirilir: “Hətta yadınızdadırsa, Ermənistan prezidenti qısa müddətdə böyük itkilər verərərk geri çəkildiklərini görüb, tələsik açıqlama vermişdi ki, danışıqlara, güzəştə hazırdır. Düzdür, Azərbaycan tərəfi humanist addım ataraq döyüşləri birtərəfli dayandırdığını bəyan edəndən sonra gecə mülki əhaliyə-Tərtərin kəndlərinə mərmilər yağdırdılar. Bu da təbii ki, ermənilərin çoxdankı simasıdır. Ümumiyyətlə, Ermənistanın işğalçı ordusunun aprelin əvvəlində təxribatlarına qarşı Azərbaycan ordusunun verdiyi cavab İrəvanda şok yaratmışdı. Amma təmas xəttində gərginlik günbəgün artırdı. Vyana görüşü isə, əslində, gərginliyin artmaması istiqamətində atılan böyük addım idi. Qarabağ münaqişəsi o münaqişələrdəndir ki, artıq bu problemin həlli hər iki dövlətin nəzarətindən çıxıb. Bu böyük münaqişədir və bura ona yaxın ölkə cəlb olunub. Bura təkcə ATƏT-in Minsk qrupunda olan ölkələr yox, hətta Minsk qrupundan kənar ölkələr də daxildir. Münaqişənin həllinə region ölkələri də cəlb ediliblər və onlar da Qarabağ probleminin tezliklə həll olunmasını istəyirlər. Bu, İran, Gürcüstan və Türkiyədir”.
Əli Orucov deyir ki, Vyana görüşündə hansı məsələlərdə konkret razılaşmaların olduğu tam açıqlanmasa da, istənilən halda Ermənistan artıq zorla masa arxasına oturduldu və danışıqlar prosesinin uzadılmasının artıq mənasız olduğu göz önünə gəldi: “Artıq ATƏT-in Minsk qrupu da Ermənistana siyasi təzyiqləri artırmalıdır. Əks- təqdirdə, ya Minsk qrupundan tamamilə imtina olunmalı, yeni format tapılmalı, ya da bu qrupdan konkret işlər, mövqe tələb etmək lazımdır. Bir daha qeyd edim ki, nəinki Minsk qrupu, bütün dünya gördü ki, aprel hadisələri bir sıra məsələləri kökündən dəyişdi. Həm daxili məsələlərdə Azərbaycanın xeyli irəli getdiyini, cəmiyyətimizdə birliyin yüksək səviyyədə olduğunu, həm də hərbi məsələlərlə bağlı ölkəmizin qüdrətinin artdığını görmüş oldular. Azərbaycanın beynəlxalq aləmdə də mövqeləri xeyli möhkəmləndi. Artıq danışıqlara təkcə haqlı olan tərəf kimi yox, güclü olan, səbir kasası daşan və Ermənistanın təxribatlarına kəskin cavab verən bir ölkə kimi gedirik. Biz bir daha dünyaya mesaj verdik ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, təhlükəli münaqişədir, cəbhə boyu ərazilərdə istənilən adi insident böyük fəlakətlərə səbəb ola bilər.” Əli Orucovun sözlərinə görə, Vyana görüşündə ölkəmiz heç bir vəchlə torpaqları güzəştə getmək niyyətində olmadığını göstərmiş oldu: “Azərbaycan öz mövqeyini konkret şəkildə ortaya qoyub. Beynəlxalq ictimaiyyətə digər mesaj o oldu ki, bizdə cəmiyyətin bütün təbəqələri bu məsələdə yekdildir. Ermənistanda bu əksinə oldu. Ölən əsgərlərin anaları etirazlar keçirdilər, müxalifət rəhbərliyi qınadı, siyasətçilər ordularının bu iyirmi ildə köhnə silah və metodlarla idarə olunduğunu deyib təlaşa düşdülər və s. Yəni, bizdə cəmiyyətin bütün təbəqələrinin hakimiyyətin bu məsələdə atdığı addımları təqdir etməsi ölkəmizə siyasi təzyiqlər etmək istəyən bəzi gücləri də geri addım atmağa vadar etdi. Qısası, Vyana görüşü hələ başlanğıcdır, qarşıda Azərbaycanın xeyrinə verilən qərarların, atılan addımların şahidi olsaq təəccüblənmərik”.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info