Vyana görüşü: vəziyyətdən çıxış yolu varmı?
Tarix: 20.05.2016 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli günün ən aktual tələblərindən birinə çevrilib. Aprel ayında baş verən dörd günlük müharibə göstərdi ki, sülh yolu ilə problem aradan qaldırılmasa, Azərbaycan Ordusu öz qüdrətini düşmənə göstərməli olacaq. Ağır zərbə almış Ermənistan rəhbərləri havadarlarının yardımı ilə düşdüyü vəziyyətdən xilas olmaq üçün həyəcanlı addımlar atır. Prezidentlərin Vyanada təşkil edilən görüşündən ermənilər öz xeyirlərinə nələrəsə nail olmağa çalışırdılar. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri də müəyyən mövqe tutublar. Onlar atəşkəsin təmin edilməsini və dövlət başçılarının yenidən görüşərək münaqişənin həllinin ümumi çərçivələrini müəyyənləşdirməyə çalışırlar. Lakin bütün bunların reallaşması üçün vasitəçilərin öz fəaliyyətlərində dönüş yaratmaları gərəkdir. Onlar ikili standartlardan əl çəkib, reallığa uyğun hərəkət etməlidirlər. Prezident İlham Əliyevin Vyana danışıqlarında nümayiş etdirdiyi qətiyyətli, ədalətli və obyektiv mövqe vasitəçiləri bir daha ədalətli olmağa dəvət edir. Bütövlükdə isə sual hələ də qalır: yaranmış situasiyadan çıxış yolu nədən ibarətdir?
Diplomatiya və həqiqət: Ermənistan hər ikisindən kasaddır
Azərbaycan Ordusunun aprel ayında keçirdiyi hərbi əməliyyat Ermənistan rəhbərliyi və onun havadarlarını o dərəcədə qorxudub ki, nəyin bahasına olursa-olsun, Azərbaycanı öz torpaqlarını azad etmək məqsədindən yayındırmağa çalışırlar. Bunun üçün onlar sözdə sülh və barış kəlmələrindən istifadə edərək, müxtəlif bəhanələrlə ədalətin bərpa edilməsinə əngəl törətməyə cəhd edirlər. Müşahidələr göstərir ki, İrəvan mövcud status-kvonu saxlamağı əsas hədəf kimi seçib.
Bunun üzərində isə danışıqlarda havadarlarının yardımı ilə ən az itkilərlə Dağlıq Qarabağda öz varlığını saxlamağı düşünür. Ermənistan anlayır ki, Azərbaycana nə hərb, nə də diplomatiya meydanında qalib gələ bilməyəcək. Bunun əsl səbəbi ermənilərin haqsız olmasındadır. Digər tərəfdən isə qlobal geosiyasi mənzərə elə dəyişib ki, artıq başqasının torpağını işğal altında saxlamağa heç bir "humanist don" geyindirə bilməzsən. Bir çıxış yolu var – təcavüzə son qoyub işğal etdiyin torpaqlardan çıxmalısan!
Bunları göz önünə alan təcavüzkar dövlət onu himayə edənlərin arxasında gizlənərək, müəyyən "şərtlər"dən dəm vurur. Prezidentlərin Vyana görüşü ərəfəsində erməni KİV onları yaymışdı. Lakin düşündürücü məqam ondan ibarətdir ki, böyük dövlətlər dolayısı ilə Ermənistanı məğlubiyyətdən xilas edə biləcək ssenariləri həyata keçirməyə çalışırlar. Vyanadakı danışıqlarda bu, bir daha hiss olundu. Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ayrıca vurğulayıb ki, danışıqlar ABŞ-ın təşəbbüsü ilə təşkil edilib.
Vyana görüşündən öncə ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin hər biri "münaqişənin hərbi yolla həlli yoxdur" tezisini tez-tez təkrar edirdilər. Rəsmi İrəvan da artıq çox "humanist"ləşib, çünki əvvəllər "bizim ordumuz çox güclüdür, hətta istəsək Gəncəyə qədər gedə bilərik", – deyə hay-küy salırdılarsa, indi "nə olur-olsun savaş olmasın", söyləyirlər. Bəzən öz havadarlarına yalvarırlar ki, Azərbaycanın silah işlətməsinə imkan verməsinlər. Nə baş verib? Silah gücünə torpaqları işğal etmiş bir dövlət indi sülhdən danışır. Müharibənin olmamasında təkid edir. Çünki yaranmış vəziyyətin dəyişməsini istəmir. Zəbt etdiyi torpaqların bir qisminə sahib olmaq üçün "tülkü humanizmi"ni işə salıb. Təsəvvür edin ki, Azərbaycan Ordusu torpaqların hamısını işğaldan azad edib. Onda Ermənistan nəyi tələb edə biləcək? Axı ərazilər Azərbaycanın qanuni torpaqlarıdır! Bunu təsdiq edən sənədlər, o cümlədən BMT-nin 4 qətnaməsi var.
Məhz bunlara görə deyirik ki, indi təcavüzkar və onun havadarları sözdə sülhdən danışır, reallıqda isə hazırkı status-kvonu mahiyyətcə saxlamaqla Azərbaycanın özünün torpaqlarının bir qismini güzəşt etməsini istəyirlər. Bu səbəbdəndir ki, Vyanada prezidentlərin görüşünü təşkil ediblər. Ancaq Azərbaycan Prezidenti qəti mövqeyini dəfələrlə ortaya qoyub – qeyd-şərtsiz işğalçı zəbt etdiyi ərazilərdən çıxmalıdır.
Vyanada da eyni mövqeni ölkə rəhbəri düşmən qarşısında qoyub. Kimlərsə bu vəziyyəti müxtəlif improvizasiyalarla təqdim edə bilərlər. Lakin danışıqlara ən dəqiq qiyməti rəsmi Bakı verib. Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun ifadə etdiyi fikirlər çox maraqlıdır. Hesab edirik ki, Vyanada aparılan danışıqların konkret qiyməti həmin fikirlərdə ifadə edilib.
Rəsmi Bakının mövqeyi: təcavüzkar ram edilməlidir
Novruz Məmmədov ANS-ə bildirib: "Biz Vyana görüşündə gələcək danışıqları davam etdirmək üçün atəşkəs rejimini möhkəmləndirməyə razılıq vermişik" (bax: Prezident Administrasiyası rəsmisi ANS-ə Vyana görüşünü şərh etdi / "www.anspress.com", 18 may 2016). Azərbaycan tərəfinin mövqeyi konkretdir: birincisi, müharibə tərəfdarı deyil, danışıqların davam etdirilməsində maraqlıdır, ikincisi, bunun üçün atəşkəs rejiminin möhkəmləndirilməsinə qarşı deyil. Başqa məqamlar ermənilərin özlərini necə aparacaqlarından asılıdır.
O cümlədən Novruz Məmmədov ifadə edib ki, atəşkəsə riayət olunarsa, Ermənistanın təxribat hərəkətləri olmazsa, Azərbaycan iyun ayında danışıqlar prosesinə başlaya bilər. Bizcə, çox obyektiv və ədalətli mövqedir, özündə real humanizm mahiyyəti daşıyır. Bu, onu göstərir ki, Azərbaycan rəhbərliyi danışıqlara sona qədər səmimi münasibət göstərir, real nəticə verə biləcək heç bir sülh təşəbbüsünü geri çevirmir.
Bu mənada münaqişə zonasında nəzarəti gücləndirməyə istiqamətlənmiş tədbirlərin təşkil edilməsi Azərbaycanı narahat etmir. Azərbaycan işğalçı deyil, kimsəyə qarşı da hərbi təxribat törətmir. Eyni zamanda, heç bir nəzarət mexanizmi Azərbaycanı əsas məqsədindən, torpaqları azad etməkdən yayındıra bilməz. Bütün hallarda işğalçı zəbt etdiyi Azərbaycan ərazisindən çıxmalıdır. Bu, sülh yolu ilə, itkisiz olsa, təbii ki, daha yaxşıdır.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı yayılan informasiyalara gəldikdə isə, Novruz Məmmədov bu məqama da aydınlıq gətirib. O deyib: "Anjey Kaspşikin səlahiyyətində çox böyük dəyişiklik ola bilməz. Yazılanlar Minsk qrupunun mövqeyidir, biz bununla bağlı öhdəlik götürməmişik" (bax: əvvəlki mənbəyə).
Deməli, rəsmi Bakı kiminsə səlahiyyətlərinin şişirdilməsində maraqlı deyil. Çünki bunun münaqişənin həllinə səmərəli təsir edəcəyi hələ əsaslandırılmalıdır. A.Kaspşikə gəldikdə isə, indiyə qədər bu cənab öz vəzifəsinin öhdəsindən gələ bilibmi? Onun hansı səlahiyyəti çatmır ki, ən azından obyektiv olsun və Ermənistanın hərbi təxribatları haqqında qəti şəkildə mövqe bildirsin?
Bu günə qədər ATƏT-in hər bir nümayəndəsi ən yaxşı halda həqiqəti yarımçıq ifadə edib, müəyyən məqamlarda isə təcavüzkarı müdafiə ediblər. Çünki uzun illərdir fəaliyyət göstərməsinə baxmayaraq, Minsk qrupunun irəli sürdüyü heç bir şərtə Ermənistan əməl etmirsə, bu qurumun nümayəndəsinin əlavə səlahiyyət almasından hansı müsbət nəticəni gözləmək olar? Əksinə, istisna deyil ki, vasitəçilər təcavüzkarı dəstəkləmək üçün yeni incə üsullardan istifadə etsinlər. Bu səbəblərdən rəsmi Bakının A.Kaspşikin səlahiyyətləri ilə bağlı tutduğu mövqe tamamilə məntiqi və əsaslıdır.
Bütün bunların fonunda Minsk qrupunun həmsədr dövlətləri təmsilçilərinin Vyana görüşü barədə yaydığı birgə bəyanat maraqlı görünür. Con Kerri, Sergey Lavrov və Harlem Desirin adı ilə verilən bəyanatda 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs şərtlərinə əməl olunması, ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılmasının zəruriliyi, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi və münaqişənin hərtərəfli həlli üçün növbəti danışıqların iyun ayında keçirilməsi öz əksini tapıb (bax: ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri Vyana görüşünün yekunlarına dair bəyanat yayıblar / AZƏRTAC, 17 may 2016). Özlüyündə bu şərtlər normaldır, lakin burada nəyə görə təcavüzkarın zəbt etdiyi torpaqları tərk etməsi məsələsi qoyulmayıb? Təcavüzkarın xətrinə dəyə bilərik? O halda bu kimi sözlə məhdudlaşan bəyanatları hansı məqsədlə verirlər?
Digər tərəfdən, bəyanat faktiki olaraq münaqişəni dondurmağa xidmət edir. Orada yalnız danışıqların davam etdirilməsi bir qədər kənara çıxan addımları nəzərdə tutur. Lakin, yenə də təkrar etmək istərdik, həmsədrlər Ermənistana təcavüzdən əl çəkməsini qəti şəkildə demək əvəzinə, müxtəlif humanist bəhanələrlə problemi həll etməkdən yayınırlar. Onlar işğalçının "xətrini" gözləyir, ancaq torpaqlarını itirmiş Azərbaycan xalqının haqlı tələbinə lazımi ciddiyyətlə və məsuliyyətlə yanaşmırlar. Bu, uzun müddət belə davam edə bilməz.
Bütün bunların fonunda siyasətçilərin, analitiklərin münaqişənin həlli ilə bağlı gah "Madrid prinsipləri"ndən, gah da "Kazan sənədi"ndən danışması yalnız söz xatirinə deyilmiş fikirlər təsiri bağışlayır (bax: məs., Марков, Шевченко: встреча в Вене – шаг к миру в Карабахе / "Вестник Кавказа", 17 may 2016). Kimin nə deməsindən asılı olmayaraq həqiqət birdir – Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməlidir! Bu həqiqəti də Azərbaycan Prezidenti dəfələrlə tam aydın və dəqiq ifadə edib. Əsas olanı bundan ibarətdir!
Newtimes.az




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info