“Hər bir gəncə öz bacarığını nümayiş etdirmək üçün gözəl şərait yaradılıb”
Tarix: 04.03.2013 | Saat: 22:56:00 | E-mail | Çapa göndər


“Azərbaycan gəncləri ictimai-siyasi
fəaliyyətlərində çox aktiv bir mövqedən çıxış edirlər”


Bu gün bütün dövlət orqanlarında gənclər irəli çəkilir. Ayrıca, ildən-ilə gənclərin vətəndaş cəmiyyətində fəallığı artmaqdadır. Hazırda Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarında çoxlu sayda gənclər təmsil olunurlar. Eyni zamanda yüzlərlə QHT rəhbəri elə gənclərdir. İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı İctimai Birliyinin rəhbəri Ramiz Alıyev də həmin gənclərdən biridir.

- Ramiz müəllim, ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində aparılan tədbirlər hansı nəticəni verir?
- Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində aparılan tədbirlər daha da güclənməkdədir. Bu mübarizəyə həm dövlət tərəfindən aparılan tədbirlər, həm də QHT-lərin apardığı maarifləndirici layihələr daxildir. Ancaq onu da qeyd etməliyik ki, dünyanın hər bir ölkəsində insan alveri cinayətkarlığı ilə mübarizə aparılmasına baxmayaraq, hələ də dünya əhalisi bu cinayətkarlıqdan tam azad olmayıb. Bildiyimiz kimi, ölkəmizdə insan alverinə qarşı mübarizənin daha da qətiyyətli aparılması üçün Prezident İlham Əliyev Daxili İşlər Nazirliyində “İnsan Alverinə Qarşı Mübarizə İdarəsi”nin yaradılması haqqında sərəncam imzalayıb. Qeyd etdiyim idarənin yaradılmasından sonra insan alverinə qarşı mübarizə sahəsində əməli işlər görülüb və mübarizə daha da qətiyyətli aparılmaqdadır. Ancaq təəssüflə onu da deməliyəm ki, İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı və digər QHT-lər tərəfindən nə qədər maarifləndirmə tədbirləri aparılsa da, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi nə qədər bu cinayətkarlıqla mübarizə aparsa da, bizə lazım olan nəticə hələ də əldə olunmayıb, yəni hələ də vətəndaşlarımız aldanaraq insan alveri ilə məşğul olan “alverçilərin” toruna düşürlər.
- İnsan alveri ilə bağlı cinayət törətmiş şəxsləri hansı məsuliyyət gözləyir?
- Törədilən bütün cinayətlərin subyektləri kimi insan alveri ilə də məşğul olan şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunurlar. Konkret olaraq insan alveri ilə məşğul olan şəxslər AR CM-nin 144-1 maddəsinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunurlar. Bununla da, insan alveri ilə məşğul olan cinayətkarlar qeyd etdiyimiz maddəyə əsasən, əmlakı müsadirə olunmaqla beş ildən on beş ilədək azadlıqdan məhrum edilə bilər.
- İnsan alverinin qarşısının alınması sahəsində dövlət orqanlarının QHT-lərlə əməkdaşlığı öz effektini verirmi?
- Əlbəttə ki. Ancaq qeyd etməliyəm ki, yalnız dövlət orqanlarının həyata keçirdiyi cinayətkarlıqla mübarizə kifayət etməz. Bunun üçün əhalinin maarifləndirilməsi və bu cinayətkarlıqla bağlı mətbuatda geniş məlumatların dərc olunması vacib məsələdir. Bilirsiniz ki, maarifləndirmə işi dedikdə, ilk olaraq QHT-lər və KİV nümayəndələrinin həyata keçirdiyi layihələr nəzərdə tutulur. Hər zaman da bu iki sahəni təmsil edən təşkilatlar və redaksiyalar insan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə tədbirləri həyata keçirməklə dövlətin apardığı uğurlu mübarizə siyasətinə dəstək göstəriblər. Və təbii ki, bu uğurlu əməkdaşlığın real nəticələri də görünməkdədir.
- Siz bir gənc olaraq QHT rəhbərlərindən birisiniz. Hazırda dövlətin apardığı gənclər siyasətini necə qiymətləndirirsiniz?
- Hər bir ölkənin gələcəyi onun gənclərinin əlindədir. Bunun üçün də dövlətlər çalışmalıdır ki, öz gənclərinə xüsusi diqqət və qayğı ilə yanaşsın. Azərbaycan gəncləri ona görə çox xoşbəxtdir ki, onlara dövlət tərəfindən bu cür diqqət və qayğı göstərilir. Gənclərə göstərilən bu diqqət və qayğı ulu öndərimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi vaxtdan başlayıb və hazırda cənab Prezident İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirilir. Biz digər ölkələrin gəncləri ilə ünsiyyətdə olduqda, onlarla söhbətimizdə anlayırıq ki, heç də bütün ölkələrdə dövlət-gənclər münasibəti bizdəki kimi yüksək səviyyədə deyil. Mən hesab edirəm ki, gənclərimiz bu münasibətlərdən layiqincə yararlanmalıdır.
- Dövlətin gənclər siyasəti kursu gənclərə öz potensialını üzə çıxarmağa hansı imkanlar verir?
- Bildiyimiz kimi, Azərbaycan demokratik, müstəqil bir ölkədir. Burada gənclər təşkilatları, QHT-lər, gənclər şəbəkələri, idman cəmiyyətləri və s. müstəqil fəaliyyət göstərir. Hər bir gəncə öz bacarığını nümayiş etdirmək üçün gözəl şərait yaradılıb, istər dövlət tərəfindən, istərsə də hakimiyyət nümayəndələri tərəfindən. Diqqətlə baxsaq, görərik ki, ölkə başçısının imzaladığı sərəncam və fərmanların bir çoxu məhz gənclərlə bağlıdır. Həyata keçirilən böyük layihələrdə gənclərin xüsusi yeri mövcuddur.
- Bəs gənclər ictimai-siyasi işlərdə hansı fəallıq göstərirlər?
- Azərbaycan gəncləri öz bilik və bacarığı, vətənpərvərlik xüsusiyyətlərinə görə digər ölkələrin gənclərindən hər zaman üstün olub. Eyni zamanda da ictimai-siyasi fəaliyyətlərində də çox aktiv bir mövqedən çıxış edirlər. Buna həm dövlətin gənclərimizə göstərdiyi diqqət təsir edir, həm də gənclərimizin öz bacarıqları. Diqqət etsəniz, görərsiniz ki, gənclərimiz və gənclər təşkilatlarımız ölkəmizi beynəlxalq konfrans və tədbirlərdə necə uğurla təmsil edirlər. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Xocalı soyqırımının tanıdılması ilə bağlı apardığı məzmunlu və uğurlu layihələr buna ən bariz bir nümunədir.
- Demək olarmı, müxalifət bir qrup gənci öz çirkablarına bulayıb?
- Müxalif gəncləri də Azərbaycan gəncləridir və hər birimiz inanırıq ki, çox yaxın bir zamanda onlar da ölkəmizin uğurları üçün, erməni terroristlərinin vətəndaşlarımızın başına gətirdiyi bəlaların dünya ölkələrində və beynəlxalq təşkilatlarda tanıdılması üçün bizimlə birlikdə olacaqlar, dövlətimiz üçün uğurlu işlər görəcəyik. Buna hər bir azərbaycanlı kimi mən də ümid edirəm və inanıram! Cənab Prezident çıxışlarında qeyd etdiyi kimi, hər azərbaycanlının Prezidentidir. Mənə elə gəlir ki, həmin gənclər də artıq oturub fikirləşməlidir, kimə və nəyə görə xidmət etdiklərini bilsələr, mən əminəm ki, onlar həmin dəqiqə qərar qəbul edib vətənimiz, dövlətçiliyimizin inkişafı naminə çalışacaqlar. Onlar da cənab Prezidentin gördüyü uğurlu işləri bilir və ayrı-ayrılıqda təsdiqləyirlər, ancaq sizin dediyiniz kimi hərdən kimlərinsə sözünə uyub səhvlərə yol verirlər və kimlərə xidmət etdiklərini də bilmirlər.
- Bu gün gənclərin Prezidentin ətrafında toplaşması ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Mən deyərdim ki, Azərbaycan gəncinin ən ali borclarından biri məhz cənab Prezidentin ətrafında sıx birləşməsi olmalıdır. Hər kimsə buna qarşı çıxırsa, deməli, o, ölkəmizin inkişafını, uğur qazanmasını istəmir və ya istəməyənlərə xidmət edir! Bu birbaşa xidmət də ola bilər, dolayısı yolla da. Ona görə ki, Prezident İlham Əliyevin apardığı siyasət yalnız və yalnız ölkəmizin uğurları üçün hesablanıb! Bu gün Azərbaycan regionun söz sahibi olan bir dövlətə çevrilib. Azərbaycanın iştirakı olmadan regionda heç bir böyük layihə reallaşa bilməz! Bunları kim edib?! Əlbəttə, cənab Prezident! Mən fikirlərimdə qeyd etdim Azərbaycan gəncinin vətənpərvər, dövlətçiliyini sevən bir gənclik olduğunu. Və inanmıram ki, Azərbaycan gəncliyini təmsil edən bir gənc və ya gənclər təşkilatını təmsil edən təşkilat Prezidentin gördüyü işləri görə bilməsin və ölkəmizin inkişafını təsdiqləməsin. Bu uğurları görməyənə müxtəlif növ eynəklər də kömək etməz, təbii ki. Azərbaycanı sevən, dövlətini, vətənini, xalqını sevən hər bir gənc Prezident İlham Əliyevin ətrafında sıx birləşib və daha da sıx birləşəcək!
Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info