Gənc diaspor üzvü Azərbaycana təkliflə gəlir
Tarix: 24.05.2016 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Toğrul Allahverdili:
“Hazırda qarşımızda duran əsas hədəf Bakıda keçiriləcək “Formula-1” yarışlarının təbliğatını Rusiyada yüksək səviyyədə aparmaqdır”

Müsahibimiz Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri, gənc diaspor fəalı Toğrul Allahverdilidir.

-Rəhbəri olduğunuz Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin fəaliyyəti nə dərəcədə qənaətbəxşdir?
-Bu il 10 yaşını qeyd edəcək Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Azərbaycanda və ölkədən kənarda fəaliyyət göstərən QHT-lər arasında öz səmərəli fəaliyyəti ilə fərqlənir. Təşkilatın əsas strateji uğurlarından biri də Slavyan ölkələrində ASGA-nın nümayəndəliklərinin yaradılması və gəncləri öz ətrafında uğurla birləşdirməsi olub. Bu mənada ASGA-nın Rusiya nümayəndəliyi xüsusi olaraq fərqlənir. 2014-cü ildə təsis edilən nümayəndəlik bu gün də uğurla inkişaf etdirilir. İkiillik fəaliyyətimiz dövründə biz 40-dan artıq tədbir, 30-a yaxın dəyirmi masa, 11 layihə, 3 kütləvi aksiya həyata keçirmişik. 2015-ci il bizim üçün daha düşərli oldu. Bir çox ilklərə imza atdıq. Diaspor təşkilatlarını bir araya gətirmək üçün informasiya mərkəzi yaratdıq. Bundan başqa, qadınların diaspor işində fəal iştirakını təmin etmək üçün klub təsis etmişik. Azərbaycan mədəniyyətinin Rusiyada təbliğatını Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf Fondu ilə birgə davamlı şəkildə həyata keçiririk. Əsas məsələ ondan ibarətdir ki, bütün bu fəaliyyətimizi digər təşkilatlarla əlaqəli şəkildə həyata keçirək. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) birmənalı şəkildə Rusiyada yaşayan azərbaycanlı gəncləri öz ətrafına toplayıb. Bu, bizim üçün çox böyük stimuldur. İndi isə qarşımızda duran əsas hədəf Bakıda keçiriləcək “Formula-1” yarışlarının təbliğatını Rusiyada yüksək səviyyədə aparmaqdan ibarətdir.
-Rəhbəri olduğunuz təşkilat və Rusiyadakı Azərbaycan diasporu Qarabağ həqiqətlərinin təbliğində nə qədər fəaldırlar?
- ASGA Rusiya nümayəndəliyi olaraq Qarabağ həqiqətlərinin Rusiya ictimayyətinə çatdırılmasına çalışırıq. Bu istiqamətdə bir neçə layihə reallaşdırmışıq. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının başlatdığı “Şuşaya Azadlıq” kampaniyasının tərəfdaşıyıq. Artiq üç ildir Moskvada “Şuşaya Azadlıq” adlı tədbirlər keçiririk .
Kəlbəcər əsirləri ilə bağlı da böyük bir virtual aksiya təşkil etmişik. Aksiyanın yekunu olaraq isə Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib, bəyanat vermişik.
Qarabağ və Qarabağ cəbhəsi Azərbaycanda yaşayan soydaşlarımız üçün necə müqəddəsdirsə, biz Rusiya azərbaycanlıları üçün də o qədər, bəlkə də, daha əziz və müqəddəsdir. Görünən isə odur ki, qələbə günü uzaqda deyil. Qarabağımızın azadlığına az qalıb.
-Moskvada erməni təxribatının qarşısını almaq üçün nələr edirsiz?
- Ermənilər tərəfindən Moskvada bu kimi hallar tez-tez baş verir. Lakin biz həmişə onların layiqli cavablarını veririk. Elə bir müddət öncə, 9 May- Qələbə Günü ilə bağlı tədbirdə ermənilər təxribata əl atıb meydanda Qondarma Dağlıq Qarabağ respublikasının bayrağını dalğalandırmağa çalışdılar. Əlbəttə ki, biz azərbaycanlı gənclər olaraq bu hadisəyə biganə qala bilməzdik və qalmadıq da. Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT), Ümumrusiya Azərbaycan Konqresi, Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf Fondu və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi olaraq məsələyə dərhal müdaxilə etdik. Rusiya hüquq-mühafizə orqanları bizim kəskin etirazımızı görərək əvvəlcə qondarma Dağlıq Qarabağ respublikasının bayrağını meydandan kənarlaşdırdılar. Daha sonra Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə yüksək rütbəli zabitləri çağırdılar. Zabitlər gələrək hadisəni araşdırıb, təxribatın qarşısını almaq məqsədi ilə qondarma republikanın bayrağının yürüşdə dalğalanmayacağını dedilər. “Zabit sözü” verərək “bu bayraq bu meydanda dalğalanmayacaq”- deyən hüquq-mühavizə orqanının yüksək rütbəli əməkdaşı bizi əmin edərək yolumuza davam etməyimizi xahiş etdi.
Bundan sonra ermənilər hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alındı. Bir müddətdən sonarra“şərəfli Zabit sözü” verən əməkdaş Rusiya OMON-nun əhatəsində ermənilərin qondarma Dağlıq Qarabağ bayrağı ilə yürüşdə iştirakına icazə verdi. Bütün xalqların nümayəndələri və diaspor təşkilatlarının üzvləri yürüşdə mehribancasına iştirak etdiyi halda, ermənilər Rusiya OMONnun əhatəsində ictimaiyyətdən təcrid olunmuş şəkildə yürüşün iştirakçısı oldular.
-Bilirik ki, Azərbaycanla bağlı Rusiyada çoxlu tədbirlər keçirirsiz. Son keçirdiyiniz tədbirlər haqqında danışmağınızı istərdik.
- Mayın 21-də Moskvada Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun və Azərbaycan- Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi tərəfindən 28 May-Respublika Günü və iyun ayının 3-4-də Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının IV qurultayının əhəmiyyəti və vacibliyi mövzusunda tədbir keçirildi. Azərbaycan İcması Evində keçirilən tədbirdə azərbaycanlı gənclər, ağsaqqallar və bir çox diaspor fəalları iştirak edirdi. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən danışıldı. Həmçinin Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının IV qurultayı barədə iştirakçılara ətraflı məlumat verildi. Tədbirdə çıxış edən gənclər bir çox maraqlı təkliflər verdilər. Sonda Respubilka Günü münasibəti ilə film və gənclərin ifasında musiqilər ifa edildi.
Mayın 22-də isə Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun dəstəyi ilə Moskvada Azərbaycanda "Avropa Qran pri Bakı" (Formula 1, Grand prix of Europe) adı altında keçiriləcək “Formula-1” yarışlarının təbliğinə dəstək məqsədi ilə `` Moskvada Azərbaycanlı Gənclərin Kuboku`` adlı kartinq yarışı keçirildi. Öncə yarış iştirakçıları və qonaqlara Azərbaycanın artıq bir idman ölkəsi olduğu, dövlət başçısı İlham Əliyev tərəfindən Azərbacanda idmançılara göstərilən qayğıdan danışıldı. Eyni zamanda “Formla-1” yarışlarının ölkəmizin dünya arenasında tanınmasında və turizmin inkişafında vacibliyi qeyd edildi.
Daha sonra yarışa start verildi. Üç mərhələdə keçirilən yarışda birincilik uğurunda səkkiz komanda mübarizə aparsa da kubok və birinci yerə Moskva Dövlət Hüquq Akademiyasının komandası, ikinci yer Tri -Medved komandası və üçüncü yerə isə Fond RVAK komandası layiq görüldü. Sonda qaliblər kubok, diplom və medallarla mükafatlandırıldı.
-Dünya Azərbaycanlılarının IV qurultayından gözləntiniz nədir?
-Dünya Azərbaycanlıları qurultaylarının keçirilməsi ölkəmizdə artıq ənənə halını alıb. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan diaspor siyasəti cənab Prezident tərəfindən uğurla icra edilməkdədir. Hesab edirəm ki, bu qurultay olduqca vacib və əhəmiyyətli olacaq. Azərbaycan diasporu dünya səviyyəsində öz sözünü deməkdədir. Diasporla İş üzrə Dövlət Komitəsinin ətrafında sıx birləşməklə təşkilatlanma işində hər birimiz yaxından iştirak edəcəyik. Əsas təklifim də informasiya savaşında diaspor təşkilatlarının rolu ilə bağlı olacaq. Bu sahədə ciddi və sistemli koordinasiyaya ehtiyac var.
-Rusiyada yaşayan azərbaycanlı gənclər ölkənin siyasi həyatında nə dərəcədə fəaldırlar?
-Rusiyada yaşayan azərbaycanlı gənclər Rusiya ictimaiyyətinə inteqrasiya olunmaqda maraqlıdır. Artıq Rusiyanın elə bir dövlət strukturu yoxdur ki, orada həmvətənlərimiz çalışmasın. Bu gün səhiyyə, hərbi, humanitar, mədəniyyət, xüsusi xidmət orqanları, məhkəmə, dövlət duması və bir çox dövlət idarələrində Azərbaycan gəncliyi təmsil olunur. Təbii ki, bir sıra problemlər də var. Bu da, əsasən, özünü KİV-də göstərir. İnanıram ki, bu problem də yaxın vaxtlarda həllini tapacaq.
-Virtual cəbhədə qalib gəlmək üçün nələri edirik və nə etməliyik?
-Hesab edirəm ki, virtual cəbhədə vuruşmaq üçün daim yeni materiallarla zəngin olmalıyıq. Dörd günlük aprel hadisələrində şahid oduq ki, bu sahədə xeyli irəliləyiş olub. Son illər ixtisaslaşmağa yaxın internet resursları yaradılıb. Həm resurslar artır, həm də onlardakı materiallar zənginləşir. Əvvəllər müdafiə məqsədli yazılar daha çox idisə, indi peşəkar, mövqeli, tutarlı, sistemli, ardıcıl yazılar daha çox diqqət çəkir. Amma yenə də problem problemliyində qalır. Əsas çətinlik isə, bəzən bu resursların bir-birini təkrarlamasıdır. Ümumiyyətlə, bu mövzu həmişə gündəmdə olmalıdır, diasporla işləyən saytlar daim yeni materiallarla zənginləşməlidir. Uğur əldə etmək üçün bu işlə bu sahədə mütəxəssisləşmiş, peşəkarlaşmış adamlar məşğul olmalıdır. Bilirsiniz, artıq xaricdə yaşayan Azərbaycan gəncləri bu işdə yaxından iştirak edirlər, ancaq güclü olmaq üçün bunu hər bir azərbaycanlı etsə, daha da effektli olar. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız həmin ölkənin dilində fəliyyət göstərən saytlar yaratmalıdırlar. Misal olaraq, diasporinfo.com saytını göstərə bilərəm.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info