Ötən 10 il ərzində 440 insan alverçisi cinayət məsuliyyətinə cəlb edilib
Tarix: 24.05.2016 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Bakıda “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.9.5-ci yarımbəndinə əsasən insan alverinin və qanunsuz miqrasiyanın mahiyyətinə dair kütləvi informasiya vasitələrinin əməkdaşları üçün seminar keçirildi. Seminarda Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidmətinin və Mətbuat Şurasının nümayəndələri iştirak edirdi.

İnsan alveri qurbanlarının sığınacaqda yerləşdirilməsi üçün aylıq saxlanılma xərci 720 manatdır
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev seminarın açılışında çıxış edərək bildirdi ki, insan alverinə qarşı mübarizə sahəsində şəxsiyyətin və cəmiyyətin insan alverinin istənilən formalarından müdafiəsi, bu növ cinayətlərin aşkar edilməsi və qarşısının alınması, habelə nəticələrinin aradan qaldırılması istiqamətində bir sıra işlər görülüb, beynəlxalq, regional və milli səviyyədə mühüm tədbirlər həyata keçirilib. Ölkəmizdə insan alverinə qarşı kompleks mübarizənin hüquqi müstəvidə aparılmasının ötən 11 ilində bu sahəyə dövlət və hökumət səviyyəsində xüsusi diqqət ayrılıb.
Ş.Əsədullayev onu da bildirdi ki, insan alveri qurbanlarının sığınacaqda yerləşdirilməsi üçün aylıq saxlanılma xərci 720 manatdır ki, dünyanın heç bir ölkəsində belə bir məbləğdə vəsait sərf edilmir. Rəis qeyd etdi ki, həmin şəxslərə lazımi tibbi yardımlar olunur və onlar mövsümü geyimlərlə təmin edilir.
O da vurğulandı ki, 2015-ci ildə hotel və digər yerlərdə 197 əxlaqsızlıq yuvası aşkarlanıb: “Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi heç bir hotel və mehmanxanaya nəzarət etmir. Bunlar mətbuatda gedən yalan məlumatlardır”. Həmçinin bildirildi ki, ötən 10 il ərzində 440 insan alverçisi cinayət məsuliyyətinə cəlb edilib. Qeyd edildi ki, 2015-ci ildə Azərbaycanda 26 916 cinayət hadisəsi qeydə alınıb: “Bunlardan 28 fakt insan alveri və məcburi əmək cinayətləri ilə bağlı olub. Bu da cinayətlərin 0,48 faizini təşkil edir. 2016-cı ilin ilk 4 ayı ərzində 78 insan alveri faktı qeydə alınıb”.

Şöbə rəisi:
"Azərbaycanda 5 minə yaxın
qanunsuz miqrant var"

Dövlət Miqrasiya Xidmətinin Miqrasiyaya Nəzarət Baş İdarəsinin rəis müavini Qüdrət Məmmədov “Azərbaycan Respublikasında qanunsuz miqrasiyaya qarşı mübarizə fəaliyyəti” ilə bağlı çıxış edərək bildirdi ki, Azərbaycanda son 11 ildə 646 insan alveri qurbanları aşkar edilib. Bunlardan 7 faizi əcnəbi və vətəndaşlığı olmayan şəxslərdir. O bildirdi ki, əcnəbi vətəndaşlar Azərbaycana leqal və qeyri-leqal yolla daxil olurlar: “Azərbaycanın hüquq-mühafizə orqanlarının son illər keçirdikləri əməliyyat tədbirləri nəticəsində artıq ölkəmizə qeyri-leqal yolla daxil olan əcnəbilərin sayı azalıb. Əvvəlki illərdə ölkəmizə Banqladeş və Pakistan vətəndaşları qanunsuz miqrant kimi daxil olublar. Son 6 ay ərzində Yaxın Şərq-Türkiyə-Azərbaycan marşrutu ilə Avropaya qanunsuz miqrant axını faktları qeydə alınıb. Bu da Azərbaycanın tranzit ölkəyə çevrilməsinə gətirib çıxarır. Hüquq-mühafizə orqanları əməkdaşları 5 mütəşəkkil dəstə zərərsizləşdirib. Saxlanılanlar arasında Azərbaycan vətəndaşları olmayıb. Əsasən həmin qanunsuz miqrantların öz ölkələrindən olan şəxslər olub. Hazırda Azərbaycanda miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 5 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs var”.
Seminarda Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi İlkin Qurbanov “İnsan alverinə qarşı mübarizə fəaliyyəti, onun təşkilati və hüquqi əsasları” ilə bağlı çıxış edərək bildirdi ki, Azərbaycanda insan alverinə qarşı mübarizə fəaliyyətinin tarixi 11 ildir: “İlk dəfə ölkə başçısının sərəncamı ilə 2004-cü ildə Milli fəaliyyət Planı qəbul olundu. Bu 2004-2008-ci illəri əhatə edirdi. İnsan alveri köləliyin müasir formasıdır. İnsan alveri ilə bağlı milli qanunvericilikdə öz əksini tapan anlayış beynəlxalq anlayışa uyğundur və insan alveri zor tətbiq etmək, şəxsin aldadılması, etibarından sui-istifadə, istismar məqsədilə əldə edilməsi, daşınması, gizlədilmədi hesab edilir. İnsan alveri ilk növbədə şəxsin azadlığı əleyhinə olan cinayətdir. Uşağın istismar məqsədilə cəlb edilməsi eynilə insan alveri hesab edilir. Ölkə başçısı tərəfindən 2006, 2011-ci ildə insan hüquqlarının qorunması istiqamətində imzalanan sərəncamlarda da qeyd edilir ki, insan alveri cinayətləri insan hüquqları və azadlıqlarına ümumi təhlükə yaradır. Cinayət qanunvericiliyinə görə, insan alveri sadə tərkibdə törədildikdə ağır cinayət, qurbanın sağlamlığına və ölümünə səbəb olmuşsa xüsusilə ağır cinayət hesab edilir”. Bildirildi ki, 2005-ci ildə “İnsan alverinə qarşı mübarizə haqqında” qanun qəbul edilib. İkinci Milli Fəaliyyət Planı 2009-2013-cü illəri əhatə etdiyini deyən şöbə rəisi qeyd etdi ki, nəhayət, 2014-cü ildə 2014-2018-ci illəri əhatə edən üçüncü Milli Fəaliyyət Planı təsdiq edilib: “İnsan alveri ilə bağlı məsələlərdə konfidensiallıq məsələləri nəzərdə tutulur. İnsan alveri ilə bağlı qanunun 17-18-ci maddələrinə əsasən onların şəxsiyyəti haqqında məlumat-sorğu xidmətlərində və informasiya -məlumat fondlarında olan məlumatlara buraxılış dayandırılır. 2009-cu ildə Nazirlər Kabinetinin qərarı ilə “İnsan alveri qurbanlarının müəyyən edilməsi qaydaları(indikatorları)” təsdiq edilib. Başlıca vəzifələrdən biri insan alveri cinayətlərini hazırlayan və törədən şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsidir. Həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə 812 insan alveri və məcburi əmək faktı aşkarlanaraq 440 nəfər cinayət məsuliyyətinə cəlb edilib. 10 mütəşəkkil dəstə, 100-dən artıq cinayətkar qrup zərərsizləşdirilib”.

Hər bir insan alveri qurbanı üçün fərdi sosial reabilitasiya planı həyata keçirilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan alveri qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova “İnsan alveri və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsi üzrə sosial fəaliyyət” mövzularında çıxış edərək bildirdi ki, Mərkəzin məqsədi insan alveri qurbanlarına hüquq və mənafelərinin müdafiəsində, eləcə də tibbi, psixoloji və digər sahələrdə yardım göstərmək, habelə insan alveri qurbanlarının sosial reabilitasiyasına, onların cəmiyyətdə reinteqrasiyasına, normal həyat tərzinə qaytarılmasına köməklik etməkdir: “Mərkəz hər bir insan alveri qurbanı üçün qanunvericilikdə müəyyən edilmiş insan və vətəndaş hüquqlarına cavab verən və onun iradəsinə zidd olmayan tədbirlərdən ibarət fərdi sosial reabilitasiya planı tərtib edir və həyata keçirir, insan alveri qurbanlarına hüquqlarının bərpa edilməsi üçün hüquqi yardım göstərir. Eyni zamanda, mərkəz insan alveri qurbanlarına və onların ailələrinə alınmış psixoloji travmanın aradan qaldırılması məqsədi ilə psixoloji yardımın göstərilməsini, onların tibbi reabilitasiyasını, yəni pozulmuş, yaxud itirilmiş funksiyalarının bərpasına yönəldilmiş müalicəvi tədbirlərin həyata keçirilməsini, həmçinin peşə hazırlığının, yenidən hazırlığının təşkilini və məşğulluğunu təmin etmək üçün müvafiq işlər görür, insan alveri qurbanlarının yaşayış sahəsi ilə təmin edilməsinə köməklik göstərir. İnsan alverinin qurbanı uşaqlar olduqda onlar barədə Yardım Mərkəzi tərəfindən qəyyumluq və himayə orqanına, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaya dərhal məlumat verilir. Status almış şəxslərə 400 manat verilir”.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli “İnsan alveri və qanunsuz miqrasiya, eləcə də belə hallara qarşı mübarizəyə dair məlumatların kütləvi informasiya vasitələrində işıqlandırılması xüsusiyyətləri” mövzusunda çıxış edərək bildirdi ki, ölkədə insan alverinə qarşı mübarizə istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu sahədə bəzi jurnalistlərin reallıqdan kənar informasiya yaymasına gəldikdə isə M.Ələsgərli qeyd etdi ki, onlar sözün həqiqi mənasında jurnalist deyil. Bu cür məlumatlar yaymaq kiminsə hobbisidirsə, digər tərəfdən kimsə qərəzli şəkildə belə məlumatlar yayır. Bu sahədə dəqiq məlumat almaq üçün dövlət qurumları ilə əlaqə saxlamaq önəmlidir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info