“Rumıniya təhsil almaq üçün çox gözəl yerdir”
Tarix: 25.05.2016 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Zamiq Əhmədov: “SOCAR Petroleum”da təcrubə keçərkən həm Rumıniya enerji bazarı, həm də Azərbaycanın bu regiona dair enerji siyasəti üzrə bir çox biliklər əldə etdim”

Xarici ölkələrdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Rumıniyada ali təhsilini davam etdirən aktiv gənclərimizdən olan Zamiq Əhmədovdur. Bu fəal gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik:
-Təhsil işləriniz barədə söz açardınız. Ümumiyyətlə, Rumıniyada təhsilin hansı özəllikləri var?
-Bildiyiniz kimi, artıq 2015-2016-cı tədris ilinə yekun vurulmaq üzrədir. Tələbələrin semestr ərzində öyrəndikləri biliklər imtahanlar vasitəsilə yoxlanıb, qiymətləndirilir. Hər bir tələbə, magistr kimi mən də imtahan sessiyasını uğurla başa çatdırmağı hədəfləmişəm. Mən, Rumıniyada 2014-cü ildən başlayaraq magistratura dərəcəsi ilə beynəlxalq biznes inzibatçılığı ixtisası üzrə təhsil alıram. Bu il bu ixtisas üzrə mənim sonuncu ilim olduğu üçün hazırda yekun magistr dissertasiyam üzərində işləyirəm və iyun ayının sonlarında “Azərbaycanın Rumıniya və Şərqi Avropada enerji siyasəti” mövzusunda yekun magistratura dissertasiyamı müdafiə edəcəyəm. Buna kimi isə mən, baş ofisi Buxarestdə yerləşən SOCAR-ın Rumıniyada fəaliyyət göstərən şirkəti “SOCAR Petroleum”da təcrubə keçmək imkanım oldu. Bu müddətdə həm Rumıniya enerji bazarını, həm də Azərbaycanın bu regionda enerji siyasəti üzrə bir çox biliklər əldə etdim. Bu məlumatlar mənə dissertasiyamı tamamlamaqda çox böyük yardım göstərir.
Sualınızın ikinci hissəsinə gəldikdə isə Rumıniyada təhsilə daha praktiki gözlə baxırlar. Təhsildə bakalavr səviyyəsi üzrə daha çox nəzəri biliklər öyrətdikləri halda, magistratura sahəsi üzrə praktik biliklərə üstünlük verilir. Çünki düşünürlər ki, bakalavr təhsili ali təhsildə baza rolunu oynadığı üçün bu bazanı nəzəri biliklərlə möhkəmləndirmək lazımdır, daha sonra magistratura sahəsində praktiki təlimlər, kurslar və biliklərlə tələbəni öz ixtisası üzrə daha hazır vəziyyətə gətirmək daha məqsədəuyğundur. Məsələn, mənim ixtisas aldığım fakültədə son semestr praktika semestri adlanır. Heç bir kurs və dərs keçirilmir, tələbə yalnız praktika keçdiyi şirkətdə o günə qədər öyrəndiyi bilikləri praktiki sahədə görür və özü də onun bir hissəsinə çevrilir. Rumıniya regionda əsas beynəlxalq təhsil imkanı verən ölkələrdən biridir ki, yüksək təhsil təklif edir. Ölkədə təhsil 7 əsas dildə aparılır - rumın, macar, ingilis, alman, fransız, ispan və italyan.
-Bu ölkədə təhsil almaq istəyən gənclərimizə hansı məsləhətlər verərdiniz?
-Rumıniya və Cluj-Napoca şəhəri təhsil almaq üçün çox gözəl yerdir. Təhsil aldığım şəhər Rumıniyanın ikinci ən böyük şəhəri olmaqla yanaşı, həm də ən böyük tələbə şəhəridir. Şəhərin 75-80 faizi yalnız gənclərdən ibarətdir. Buna görə də bir çox yerli və xarici şirkətlər bu şəhərə investisiya qoyaraq biznes fəaliyyəti həyata keçirir və bu gənclərdən yararlanırlar. Gənclər də iş təcrübəsi toplamaqla yanaşı, maddi gəlirlərini də yaxşılaşdıra bilirlər. Rumıniyada təhsil almaq istəyən gənclərimizə məsləhət olaraq Buxarest, Kluj-Napoka, Timisoara, Konstanta, İaşi, Kraiova kimi şəhərlərdə universitet seçmələrini tövsiyə edərdim. Çünki bu şəhərlərdəki universitetlər dünya və Avropa reytinqində yaxşı mövqelərdə qərarlaşıblar. Həm də bu şəhərlərdəki şərait tələbələr üçün daha əlverişli hesab oluna bilər. Hətta Rumıniyanın hazırkı prezidenti Klaus Yohannis də magistratura təhsilini Babeş-Bolyai Universitetində alıb. Gənclərimiz çalışsınlar, təhsil alacaqları sahəni öncədən müəyyən etsinlər, daha sonra universitet seçimini etsinlər. Çünki hər bir sahə bir universitetdə eyni dərəcədə reytinqli ola bilməz. Məsələn, tibb sahəsi, yaxud texniki sahələr bir çox universitetlərdə var, lakin yaxşı olardı ki, bu ixtisasları xüsusi ixtisaslaşmış universitetlərdən öyrənsinlər. Ümumi götürdükdə, yeni gəldikləri zaman bir qədər “mədəni şok” keçirə bilərlər. Lakin çox keçməmiş, onlar buraya alışacaq və təhsillərini uğurla davam etdirə biləcəklər.
-İctimai işlərdə də aktivsiniz. Bu günlərdə Klujda düzənlənən tədbirə siz də qatılmışdınız və ölkəmiz də burada təmsil olunub. Bu barədə ətraflı danışardınız...
-Bəli, çalışdığım qədərilə, hər zaman ictimai işlərdə aktivlik göstərmişəm, istər ölkəmiz daxilində, istərsə də ölkəmizin hüdudlarından kənarda. Başqa ölkədə olanda isə insanın məsuliyyəti birə-beş artır. Cünki burada insan yalnız özünü deyil, həm də ölkəsini, mədəniyyətini, insanlarını təmsil edir. Rumıniyada olduğum müddətdə hər zaman buradakı tələbələrimizlə birlikdə çalışmışıq ki, ölkəmizi istənilən sferada uğurla təmsil edək. Doğru qeyd etdiniz ki, bu günlərdə - 20-21 may tarixlərində Kluj-Napoka şəhərində, hər il olduğu kimi, “Kluj günləri” keçirildi. Bu tədbir artıq ənənə halını alıb. Bu tədbir hər il mayın sonlarında Kluj meriyası tərəfindən təşkil edilir. Tədbirin mahiyyəti Rumıniyada, xüsusilə Klujda təhsil alan, fəaliyyət göstərən beynəlxalq tələbələri, nümayəndələri, insanları bir araya gətirmək, həm rumın mədəniyyətini, mətbəxini, tarixini, adət-ənənələrini onlara göstərmək, həm də müxtəlif millətlərin, ölkələrin mədəniyyətini rumınlara və digər ölkələrin nümayəndələrinə çatdırmaqdan ibarətdir. Təşkilatçılar bunu bir festival şəklində təqdim edirlər və Avropada kifayət qədər məşhur bir festivala çeviriblər. Hətta Avropanın bir çox ölkələrindən turistlər bu festivalı izləmək üçün Kluja səyahət edir. Keçən il olduğu kimi, bu il də biz Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi, Babeş-Bolyai Universitetinin nəzdində fəaliyyət göstərən Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə Azərbaycan guşəsi yaradaraq ölkəmizə aid müxtəlif suvenirlər, ölkəmizin tarixi, mədəniyyəti və adət-ənənələrini özündə əks etdirən kitablar, rəsmlər təqdim etdik. Həmçinin guşəmizi ziyarət edənlərə ölkəmiz haqda, Qarabağ məsələsi ilə bağlı reallıqları çatdırdıq. Tədbirin kulminasiya nöqtəsi isə Klujun mərkəzi küçələrində paradın təşkili və azərbaycanlı tələbələrin qardaş Türkiyədən olan tələbələrlə birlikdə bu paradda yan-yana bayraqlarımızı dalğalandırmaları və birliyimizi göstərən şüarlar səsləndirmələri oldu. Həqiqətən də, o anlar həm bizim, həm də digər qonaqların yaddaşında xoş xatirələr kimi daim qalacaq.
-Asudə vaxtlarınızı necə keçirirsiniz? Rumıniyada tələbələrimizlə görüşürsünüzmü?
-Sözün düzü, son zamanlar asudə vaxt tapmaqda çətinlik çəkirəm. Dediyim kimi, fevral-may aylarında Buxarestdə SOCAR-da təcrübə keçməyim, imtahanlar, dissertasiya məsələləri bir qədər asudə vaxtın azlığına gətirib çıxarır. Klujda hazırda Bakı Biznes Universitetindən, Naxçıvan Dövlət Universitetindən, Qafqaz Universitetindən tələbələrimiz Erasmus mübadilə proqramı ilə təhsil alırlar. Demək olar ki, onların bir çoxu ilə eyni tələbə yataqxanasında qaldığım üçün bir-birimizlə hər gün görüşmək imkanımız olur. Daha sonra vaxt tapdıqca müxtəlif ölkələrdən olan dostlarım və qrup yoldaşlarımla görüşürük, bir-birimizi ziyarət edirik. Səyahət etməyi sevdiyim üçün tətil müddətində istər Rumıniya daxilində, istərsə də Avropanın digər ölkələrinə səyahətlər edirəm.
-Gələcək planlarınız barədə də söz açardınız.
-Yaxın gələcəyə baxdıqda, ən önəmli planım tezliklə dissertasiyamı bitirib, onu müdafiə edərək magistratura dərəcəsinə sahib olmaqdır. Hazırda həm Rumıniyada, həm də Azərbaycanda bir sıra şirkətlərdən və müəssisələrdən işləməklə bağlı təkliflərim mövcuddur. Son qərarımı, hələ ki, qəbul etməmişəm. Lakin çox böyük ehtimalla, ölkəmizə dönüb öz təcrübəmi və öyrəndiklərimi orada tətbiq edəcəyəm. Bundan başqa, təhsilimi və tədqiqatlarımı da davam etdirmək istəyirəm. Belə ki, Vətənə döndükdən sonra, çox güman ki, sənədlərimi doktorantura dərəcəsilə təhsil almaq üçün hazırlayıb, öz sahəm üzrə təhsilimi və tədqiqatlarımı davam etdirəcəyəm. Bundan başqa, əlbəttə, istərdim ki, öz biznesimi yaradım və onu inkişaf etdirim. Bu məsələ ilə də bağlı hazırda tədqiqatlar aparıram. Hər halda, hər bir şeyi gələcək göstərəcək.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info