Yay mövsümündə turist potensialını daha da artırmağa çalışmalıyıq
Tarix: 27.05.2016 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Bu gün dünyada baş verən proseslər qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafına diqqəti daha da artırıb. BMT-nin Dünya Turizm Təşkilatı dünyada turizmin mövcud vəziyyəti ilə məlumat dərc edib. Bu məlumata görə, 2015-ci ildə dünyada səyahət edən turistlərin sayı 4,4 faiz artıb. Belə ki, statistik rəqəmlərə əsasən, dünyada səyahət edən insanların sayı 50 milyon artaraq 1 milyard 184 milyona çatıb. Digər tərəfdən Dünya Turizm Təşkilatının məlumatında turistlərin sayındakı artımın inkişaf etmiş ölkələrdə 5 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 4 faiz ətrafında reallaşdığı göstərilir.

Turizmdə dünya ölkələrinin vəziyyəti necədir?
Məlumata görə, Avropa daxilində, Amerikada və Sakit Okean ərazisində ziyarətçi sayı 5 faiz böyüdüyü halda, Yaxın Şərqdə 3 faiz, Afrikada isə 3 faizə yaxın artım qeyd edilib. 2015-ci ili 5 faiz artımla başa vuran Avropanı 609 milyon turist ziyarət edib. Bundan başqa, Orta və Şərq ilə Şimali Avropa 6 faiz, Cənubi Aralıq dənizi ərazisində də 5 faiz artım özünü göstərib. Qərbi Avropada isə bu rəqəm 4 faiz olaraq qeyd edilib. Avropa kimi 5 faiz böyüyən Sakit Okean ərazisi 277 milyon ziyarətçi qəbul etdiyi halda, Cənub-şərqi Asiya 5 faiz, Cənubi və Şimal-şərqi Asiyada 4 faiz inkişaf göstərilir. Amerika qitəsində 5 faiz artımla 11 milyon ziyarətçi qeydə alınıb. Bölgədə ABŞ, Karayiblər və Orta Amerika 7 faiz, Cənubi və Şimali Amerika da 4 faiz inkişaf göstərilib. Yaxın Şərq bölgəsində isə 54 milyon ziyarətçi qeydə alınıb. Afrikanın isə 3 faiz böyümə ilə 53 milyona çatması gözlənildiyi halda, Şimali Afrika 8 faiz geriləyib. 2015-ci ildə reallaşan xarici səfərlərdə Çin, ABŞ və İngiltərə ən canlı bazarlar olub. Səyahət xərcləmələrində Çin yenə yüksəkdə yer alarkən ABŞ və bəzi Avropa ölkələri onu təqib edib. Digər tərəfdən, keçmiş illərin böyümə potensialı yüksələn bazarlarından Rusiya və Braziliyada yaşanan durğunluq 2015-ci ildə bir qədər gerilədi.
Onu da qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Kolumbiyanın Medelin şəhərində keçirilən 21-ci sessiyası çərçivəsində qəbul edilən qətnaməyə əsasən 2017-ci il dünyada “Turizmin davamlı inkişaf ili” elan edilib. Beynəlxalq davamlı turizm ilinin qeyd edilməsinin əsas məqsədi, turizm sənayesinin inkişafında davamlı turizmin rolunun artırılması, bu növ turizmin təbliğatının, eləcə də bu sahə üzrə maarifləndirmə işlərinin gücləndirilməsidir. 2017-ci il dünyada “Turizmin davamlı inkişaf ili” hökumətlər, BMT-nin aidiyyəti təşkilatları, digər beynəlxalq və regional təşkilatların birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.
“Turizmin davamlı inkişaf ili”nin Azərbaycanda qeyd edilməsi məqsədi ilə sözügedən təşkilatdan müvafiq müraciət məktubu göndərilib.

Almaniyaya sifarişlərdə azalma var
Bu gün turizmdə önəmli amillərin nə olduğuna gəldikdə isə Almaniyada aparılan bir araşdırma maraqlı faktlar ortaya çıxarıb. Alman iş və turizm jurnalı “fvw” tərəfindən aparılan araşdırmaya görə, turizm agentliklərinin 49 faizi, müştərilərin isə 57 faizi səyahətdə ən əhəmiyyətli faktorun təhlükəsizlik olduğunu düşünürlər. Eyni araşdırmada agentliklərin 49 faizi qiymətin həyati faktor olduğunu ifadə etdiyi halda, müştərilərdə bu nisbət 32 faiz olaraq ölçülür.
Araşdırmada təhlükəsizlik və qiymətin ardından ən əhəmiyyətli faktorlar 11 faizlə agentliklər və 10 faiz destinasya (turizm mərkəzi) imici şəklində yer alarkən, tur operatorunun imici isə 8 faiz ilə 4-cü sırada yer alıb. Sıralamada otellərin payı isə 7 faiz olaraq dəyərləndirilir.
Araşdırmanı qiymətləndirən portuqaliyalı mütəxəssis Markus Zan ``Bu bizim üçün son dərəcə yaxşıdır. Səyahətdə təhlükəsizlik probleminin ön planda olması, İspaniya, İtaliya və Portuqaliya kimi destinasyonları ön plana çıxarır. Portuqaliyaya tələb də hər keçən gün artır”- deyib.
Mədəniyyət turları üzrə mütəxəssis Peter-Mario Kubschise isə “Biz mövzunu digərlərindən fərqli şəkildə düşünürük. Turlarımızda bacardıqca şəffaf davranır, risk potensialını mümkün olan ən aşağı səviyyəyə çəkməyə çalışırıq. Xüsusilə İstanbulda yaşanan hücum sonrası böyük şəhərlərə edilən sifarişlər düşdü`` deyib.
Almaniyanın ən böyük şəhər turu operatoru “Dertour” isə sifarişlərdə bir eniş olduğunu ifadə edib. Şirkətin qısa turlarda məsul müdiri Frank Götze, bu anda sifarişlərin keçən ildən geridə olduğunu ifadə edir: `` İnsanlar artıq sifarişləri böyük nisbətdə son dəqiqədə edirlər. Bu səbəblə hazırkı eniş o qədər də pis sayılmaz``.

Turist cəlbini artırmalıyıq
Hazırda ölkəmizdə turizmin inkişafı prioritetdir və bu istiqamətdə bir sıra addımların atılmasına, o cümlədən turist cəlbinə böyük ehtiyac var. Bununla bağlı davamlı tədbirlər atılmalıdır ki, onlardan biri də turistləri cəlb etməkdir. Göründüyü kimi, son zamanlar turizmin inkişaf etdiyi bir sıra ölkələrə sifarişlər azalmaqdadır. Almaniya, Fransa, Türkiyə kimi ölkələrə müxtəlif səbəblərdən turist sayı azalır. Bu fürsətdən yararlanaraq turistləri cəlb etmək üçün ölkəmizin turizm potensialının təbliği hazırda çox vacibdir. Bunun üçün bütün vasitələrdən istifadə edilməlidir. Mədəniyyət və turizm naziri Ə.Qarayev də bildirib ki, dünyada baş verən proseslər Azərbaycana turist axını üçün yeni müsbət imkanlar yaradır.
Qeyd edək ki, bugünlərdə Türkiyə mətbuatında Bakının turizm imkanları ilə bağlı məqalələr dərc edilmişdi. Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyi olan “Gateway” şirkəti ölkəmizin turizm potensialının işıqlandırılması məqsədilə Türkiyənin aparıcı KİV-ləri üçün ölkəmizə press-tur təşkil etmişdi və səfər çərçivəsində Bakı şəhəri ilə tanışlıqda Dağüstü park, Azərbaycan Xalça Muzeyi, Dövlət Bayrağı Meydanı, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar sarayı, Qız qalası, Heydər Əliyev Mərkəzi, “Atəşgah” məbədi Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ”, paytaxtın bir sıra muzey və incəsənət obyektləri ziyarət edilib. Səfərin nəticəsi Türkiyə mətbuatında dərc edilən müxtəlif məqalələrdə öz əksini tapıb. Bu yazılarda Heydər Əliyev Beynəlxalq Aeroportunun Avropa ölkələrinin hava limanlarından heç də geri qalmadığı, gözəlliyi ilə çoxlarından öndə olduğu bildirilib. Məqalələrdə İçərişəhərin qədimliyi ilə turistləri özünə cəlb etdiyi vurğulanıb. Dövlət Bayrağı Meydanında ucaldılan dirəyin “Ginnesin Rekordlar Kitabı”nda dünyanın ən uca bayraq dirəyi kimi qeyd edildiyi göstərilib, habelə dünya memarlığının nadir incilərindən olan Heydər Əliyev Mərkəzinin, müasir Bakının rəmzi sayılan “Flame Towers” qüllələrinin adı çəkilib. Məqalələrdə Azərbaycan mətbəxi, əhalisi, mədəniyyəti, təhsili, iqtisadiyyatı və digər məsələlər haqqında məlumatlar da öz əksini tapıb. Xatırladaq ki, Azərbaycanın Türkiyədə turizm nümayəndəliyi fevralın 29-da açılıb. Nümayəndəliyin əsas fəaliyyəti Azərbaycana turist axınının artması istiqamətində prioritet ölkələrdən hesab olunan Türkiyədə təbliğat işinin gücləndirilməsidir.

İlk artan turist potensialı ruslardır
Bu gün ölkəmizə ən böyük turist potensialının gözlənildiyi ölkələrdən biri Rusiyadır. Hələ sovet dövründə ölkəmizə səfər edən rus turistlərin sayı kifayət qədər idi. Onların bir çoxu məhz ölkəmizdə olan mineral su qaynaqları, Naftalan nefti, “Duz dağ” kimi şəfalı yerlərlə tanışlıq imkanı qazanaraq onların müalicə imkanlarından yararlanırdılar. Son illərdə də ölkəmizə rus turistlər gəlsə də, hələ ki, onların sayı yetərincə deyil. Bu gün ölkəmizdə turizmin inkişafını, eləcə də müxtəlif ölkələrdə rus turist sayında azalmanın müşahidə edildiyini nəzərə alsaq ölkəmiz bu fürsətdən daha geniş yararlanmalı və rus turistlərin ölkəmizə cəlbi istiqamətində mühüm addımlar atmalıdır.
Hətta Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov bildirmişdi ki, xüsusilə Aİ-nin sanksiyaları fonunda Azərbaycan və Rusiyanın turizmin inkişafı sahəsində geniş imkanları var. Onun sözlərinə görə, bəzi səbəblərə görə rusiyalı turistlər Avropaya, Misirə və Türkiyəyə getmirlər və buna görə də Azərbaycan kurortları rusiyalı turistlər üçün çox cəlbedici ola bilər. Artıq bu istiqamətdə həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Qeyd edək ki, Rusiyadan Azərbaycana təyyarə biletlərinin satışı 90 faiz artıb. Bu barədə “Skyscanner” bilet və otel axtarışı xidmətinin araşdırmasında bildirilir. Araşdırma çərçivəsində qeyd olunan resurs 260 min rusiyalı səyahətçi arasında sorğu keçirib, həmçinin, xidmətin saytı vasitəsilə aviabiletlərin bronlaşdırılmasını təhlil edib. Məlumata görə, sifarişlərin əksəriyyəti (52 faiz) Rusiya kurortlarını əhatə edir. Ümumilikdə, cari yay mövsümündə Rusiya turistlərinin 60 faizinin ölkə daxilində istirahət edəcəyi proqnozlaşdırılır. Keçən il bu göstərici 50 faiz təşkil edib. Araşdırmaya əsasən, daxili istiqamətlərdən başqa, rusiyalı turistlər yaxın xaricə daha çox üz tutmağa başlayıb. Belə ki, ötən illə müqayisədə Rusiyadan Gürcüstana biletlərin satışı iki dəfə, Azərbaycana isə 90 faiz artıb. Bolqarıstanda istirahətə tələbat 31 faiz, Qazaxıstanda 20 faiz, Ermənistanda isə 16 faiz artıb. Uzaq xaric kurortlarından isə rusiyalılar daha çox İspaniya və İtaliyaya üstünlük verirlər.
Beləliklə, artıq bu rəqəmlər onu göstərir ki, rusların istirahət üçün ən çox önəm verdiyi ölkə Azərbaycandır. Lakin biz bununla kifayətlənməməli, turist cəlbi istiqamətində tədbirləri davam etdirilməlidir. Onu da qeyd edək ki, artıq yay turizm mövsümü ilə əlaqədar bu sahədə müvafiq qurumların fəaliyyətini daha da gücləndirməsi daha çox turist deməkdir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info