“Kərimli və Qəmbər haqqında bundan yüksək nə düşünə bilərəm axı?”
Tarix: 05.03.2013 | Saat: 21:58:00 | E-mail | Çapa göndər


ADP sədri Sərdar Cəlaloğlu: “Dəli deyiləm ki, jurnalistin verdiyi bir suala cavaba görə, bu qədər qıcıqlanam, acığımı qəzet səhifələrində püskürəm”

“Bu adamlarda o qədər böyük iddialar var və o qədər vəzifə məsələsində
həssasdırlar ki, bu cür qıcıqlanırlar”


Azərbaycan Demokrat Partiyasının sədri, müxalifət düşərgəsinin nümayəndəsi Sərdar Cəlaloğlu mətbuata müsahibəsində “əgər hakimiyyətə gəlsə, hansı müxalif başçıya hansı vəzifələr verəcək” sualını cavablandırıb. O, deyib ki, özü “prezident seçilsə, ədliyyə naziri postunu AXCP sədri Əli Kərimliyə, xarici işlər naziri postunu isə Müsavat sədri İsa Qəmbərə təklif edəcək”. Qeyd edək ki, jurnalistin fərziyyə xarakterli bu sualına ADP sədrinin elə fərziyyə xarakterli cavabı müxalifət düşərgəsində, xüsusən də Müsavat və AXCP rəhbərliyində ona qarşı kəskin hiddət və qıcıq yaradıb. Həmin partiyaların rəhbərlikləri öz qəzetlərində ADP sədrinə qarşı kampaniyaya başlayıblar və müxtəlif aşağılayıcı fikirlərlə S.Cəlaloğluya öz “cavab”larını verməkdədirlər...

Bu məsələ ilə bağlı olaraq ADP sədri Sərdar Cəlaloğlu “Palitra”ya fikirlərini belə bildirdi:
- Onların bu cür qıcıqlanmaları dəhşətli dərəcədə təəccüblüdür. Mənə jurnalist bir sual verib ki, siz hakimiyyətə gəlsəydiniz, vəzifələri necə bölərdiniz. Mən də demişəm ki, müxalifətdə koalisiya yaradılsa, koalisiyanın şərtlərinə görə vəzifələr bölünməlidir. Yox, əgər koalisiya yoxdursa, mən özüm prezidentəmsə, digər müxaliflər də hakimiyyətimdə təmsil olunmaq istəyirlərsə, bu hakimiyyətin ən şərəfli yeri ədliyyə və xarici işlər nazirlikləridir. Çünki mən özüm hakimiyyətdəyəmsə, gərək baş nazir yerini öz komandamdan təyin edəm. Məlumdur ki, prezident yerində olmayanda, onun səlahiyyətləri baş nazirə keçir. Mən də bu postu Əli Kərimli və İsa Qəmbərə təklif edə bilmərəm. Parlamentin sədrini də təyin etməyə ixtiyarım yoxdur, çünki bu post demokratik prinsiplərlə, seçki ilə təyin olunur. Yaxud əgər desəydim ki, Əli Kərimli ilə İsa Qəmbəri baş nazirin müavini qoyacağam, bunu onlar özləri üçün daha böyük təhqir sayardılar.
- Sərdar müəllim, ola bilərmi ki, Əli Kərimli, İsa Qəmbər kimi müxalif başçılar onlara fərz olaraq təklif edilən vəzifələrin “balaca”lığından belə əsəbləşərək, öz qəzetlərində sizə qarşı kampaniya aparırlar?
- Mən jurnalistin verdiyi sualın qoyuluşundan çıxış edərək bu cavabı vermişəm. Yəni deyib ki, özünüz prezident seçilsəydiniz, kimləri hara təyin edərdiniz, mən də cavabımı vermişəm. Onlar o vaxtı cəbhə dövründə hakimiyyətə gələndə mənə vəzifə də təklif etdilər, amma mən qəbul etmədim və dedim ki, müxalifətdə qalıram. Dedim ki, müxalif partiya sədri olmağımn kifayətdir. Amma indi bir jurnalistin fərziyyə və şərti olaraq verdiyi bu suala uyğun mənim mövqeyim və fikrimə onların bu qədər qıcıq göstərməsi tamamilə anlaşılmazdır. Bəyəm xalqın, dövlətin xarici işlər naziri, ədliyyə naziri olmaq əksik bir işdir?! Yəni bu vəzifələri onlara təklif etmək o qədər təhqiramiz bir hərəkətdir ki, hələ mənə qarşı bu tərzdə üsyan da qaldırırlar? Mən belə etməzdim. Mən dəli deyiləm ki, hansısa jurnalistin verdiyi bu suala cavaba görə, bu qədər qıcıqlanam, acığımı qəzet səhifələrində püskürəm. Mən sadəcə, hakimiyyətin təmsil olunma prinsipindən baxıb deyirəm ki, əgər prezident olsam, birinci növbədə hakimiyyətin ən yüksək pillələrini öz komandama verməliyəm. Onlar mənim komandamda deyillər ki... Onlara hansı yerləri təklif edəcəyimlə bağlı suala cavab olaraq demişəm ki, onlar əgər hakimiyyətdə təmsil olunmaq istəsələr, təklif edərəm ki, öz ixtisaslarına uyğun olaraq Əli Kərimli ədliyyə, İsa Qəmbər isə xarici işlər naziri təyin edilsin. Onlar pis-yaxşı, bu vəzifələri apara bilərlər. Burda nə var ki?... Məsələn, ABŞ-da xarici işlər naziri prezidentdən sonra ən nüfuzlu şəxsdir. Yaxud da ədliyyə naziri ədliyyə sahəsinə nəzarət baxımından ən vacib sahələrdən biridir. Yəqin onlar bu vəzifələrə indi təsəvvür etdikləri baxımdan yanaşaraq, onları əhəmiyyətsiz görürlər... Yaxşı, bundan yüksək mən bu adamlar haqqında nə düşünə bilərəm axı? Bəlkə, birinə verək Neft Şirkətini, biri də gedib müdafiə naziri olsun?...
- Bəlkə onlar daha cəzbedici vəzifələr istəyiblər?
- Mən bilmirəm. Axı onların ikisi də müəyyən ixtisasa sahibdir, biri hüquqşünas, digəri tarixçidir. Mən baş nazir postunu onlara təklif edə bilmərəm. Mən bu postu məsələn, Qubad İbadoğluna təklif edə bilərəm, amma bunlara yox. Çünki o, buna uyğun mütəxəssisdir, bu sahədə müəyyən biliyi var, iqtisadiyyatı dərindən bilir, dünya iqtisadiyyatından başı çıxır. Məsələn, desələr, Rəsul Quliyevə nə təklif edərdin, deyərdim ki, ona iqtisadi postlardan birini həvalə edərdim. Amma mən Əli Kərimlini iqtisadiyyat naziri, İsa Qəmbəri nə bilim nə təyin edim? Belə şey olar? İkincisi də mən bu barədə hər hansı bəyanat verməmişəm axı, sadəcə olarq bu barədə dirəşən, təkid edən jurnalistin sualını cavablandırmışam. Görmüşəm ki, jurnalist əl çəkmir, mən də onun dediyi şərtlərə uyğun vəzifə təsnifatını aparmışam. Demişəm ki, birinci, ikinci postları öz tərəfdarlarıma verməliyəm. Çünki hakimiyyət mənim hakimiyyətimdir. Başqa siyasi qüvvələri də dəvət edərək onlara da onlar üçün ən nüfuzlu yerləri təklif edərəm. Nə daxili işlər, nə müdafiə, nə baş nazir və onun müavinləri yerlərinə bunları təyin etməzdim. Çünki bunları ədliyyə və xarici işlər naziri qədər hörmətli post hesab etməzdim. Mənim təyinatımdan razı olmazlarsa, onda istefa versinlər, daha mən onlar üçün neynəyim?!
- Deyirsiniz ki, onlar hakimiyyətdə olanda sizə vəzifə təklif ediblər, amma getməmisiniz? Nə üçün? Siz də onların təklif etdiyi vəzifədən razı qalmamısınız?
- O vaxt onlardan İsa bəy mənə vəzifə təklif edəndə, mənim bununla bağlı suallarım oldu və o sualların çoxu açıq qaldı. Ona görə də mən dedim ki, sizinlə bir yerdə ola bilmərəm. Onların hakimiyyətində islahatlarla bağlı mən parlament seçkiləri keçirilməsini təcili və vacib hesab edirdim. Onlar bu təklifi qətiyyən yaxına buraxmadılar. Mənim özəlləşdirmə və kolxoz-sovxozun ləğvi ilə bağlı təkliflərimlə razılaşmadılar. Kommunistlərin vəzifələrdə saxlanmasının əleyhinə idim, amma təəssüf ki, onlar bunu etmədilər. Yəni bu kimi məsələlər çox idi, ona görə də onların bu cür qurulmuş hakimiyyətlərində təmsil olunmaq istəmədim. Onlar elə hesab edirdilər ki, bu addımları atsalar, Elçibəy yıxılar. Amma sonrakı hadisələr göstərdi ki, mən dediklərim reallaşmadı deyə, Elçibəy hakimiyyəti yıxıldı.
- Siz həmişə bir siyasətçi kimi, siyasi proseslərlə bağlı öz elmi-nəzəri, analitik baxışlarınızı ortaya qoyanda, müxalifət düşərgəsindəki həmin qüvvələr sizə qarşı ittihamlara keçirlər. Bunun səbəbi nədir?
- Onlar dediyim vəzifələrlə razı deyillərsə, başqa bir situasiya təsəvvür edək. Məsələn, onlardan birini qoyaq prezident, öz yerimi onlardan birinə verim, digərinə isə baş nazir postunu verim. Onların dediklərindən belə çıxır. Başqa cür nə deyə bilərəm. Bu halda da yəqin ki, ikisi arasında mübahisə qızışardı... Yaxud da mən onlar üçün bu cür təklif versəydim, hansı şəxs məni ağıllı hesab edərdi? Hansı siyasətçi özü əldə etdiyi hakimiyyəti bu cür başqalarına həvalə edər? Yaxşı, onların məni fövqəladə hallar naziri, baş nazirin müavini və ya “jek” müdiri görəcəklərindən mən heç narahat olmuram. Heç bir qıcıq da vermirəm. Bəs bunların bu cür qıcıqlanması, mənə qarşı çıxışları nəyə lazım? Bu adamlarda o qədər böyük iddialar var və o qədər vəzifə məsələsində həssasdırlar ki, bu cür qıcıqlanırlar. Axı mən onlar üçün pis və aşağılayıcı sayılacaq heç nə deməmişəm!... Onu da demişəm ki, onların hakimiyyət və vəzifə ilə bağlı siyahılarından o başçıların özünün heç bir xəbəri yoxdur. Bu siyahıları da onların adından kimsə yayıb. Mən özüm bu siyahılara qeyri-ciddi bir münasibət bəsləmişəm. Açıq bildirmişəm ki, mən nə prezident olmaq istəyirəm, nə də namizədliyimi irəli sürmüşəm. Jurnalist də fərziyyə xarakterli sualla məndən cavab öyrənib. Fərziyyə xarakterli bir fikri bu qədər qıcıq və qeyzlə qarşılamaq normal deyil, mən bunu anormal hesab edirəm. Müxalifət özü nə qədər qüsurludur, nə qədər demokratik təfəkkürdən uzaq şəxslər burada təmsil olunur, bunların hamısını bir kənara qoyaq. Amma sadəcə fərziyyəyə bu qədər qıcıqla yanaşmaq və reaksiya vermək dəhşətdir. Belə çıxır ki, bunların imicləri o qədər kövrəkdir və həssasdırlar ki, bu cür edirlər. Burada psixoloji məqam var. Axı nəyə görə İsa Qəmbəri, ya da Əli Kərimlini şəxsi keyfiyyətlərinə görə özümdən üstün sayıb, əsas vəzifələri onlara verməliyəm? Bunları mən anlaya bilmirəm. Onlarınm iddialarının kökündə nə durduğunu da bilmirəm. Onlarln bu qədər ambisiyalılığı adamı heyrətləndirir. Bu insanlar nə qədər özlərini qeyri-real dəyərləndirirlər... Biz hazırda müxalifətin birliyinin vacibliyindən danışırıq, deyirik ki, gəlin birləşək, vahid namizəd, vahid komanda yaradaq. Bunlar isə gör nələri fikirləşir... İndi bir problem olsa, həmin vahid komandanın formalaşması məqamında, onların bu cür mövqelərinə görə bilirsinizmi, nə olar? Qan su yerinə axar...

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info