Gender siyasətinə dair Milli Fəaliyyət Planı hazırlanmalıdır
Tarix: 05.03.2013 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamenti (UNDPİ) BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) və BMT-nin Əhali Fondu (UNFPA) ilə birgə gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması, habelə bu sahədə BMT agentliklərinin gördükləri işlərlə bağlı təqdimat keçirdi.

Bütün qadınlar zorakılıqdan azad bir
həyat yaşamaq hüququna malik olmalıdırlar


UNDPİ-nin Azərbaycandakı nümayəndəsi xanım Envera Selimoviç bildirdi ki, tədbirin məqsədi media nümayəndələrini dünyada qaçqın və məcburi köçkünləri himayə edərək dəstəkləyən, onların öz ölkələrinə qaytarılması, üçüncü ölkələrə köçürülməsi və lokal inteqrasiyasını təmin edən beynəlxalq təşkilat haqqında məlumatlandırmaq və eyni zamanda, qarşıdan 8 mart Beynəlxalq qadınlar gününün gəldiyini nəzərə alaraq yerli media nümayəndələrini gender bərabərliyi və qadınlara qarşı zorakılığın aradan qaldırılması mövzusunda maarifləndirməkdir. Qeyd edək ki, bu ilki günün mövzusu da məhz “Verdiyimiz sözə əməl edək: Qadınlara qarşı zorakılığı aradan qaldırmaq üçün hərəkət etmək vaxtıdır” olaraq seçilib.
Qeyd edək ki, BMT-nin baş katibi Pan Gi Mun 8 mart- Beynəlxalq Qadınlar Günü ilə bağlı dünya ölkələrinə müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, bütün qadınlar zorakılıqdan azad bir həyat yaşamaq hüququna malik olmalıdır: “Biz qadınlara qarşı törədilən cinayətləri cəzalandıracağımızı və heç vaxt qadınların onlara qarşı törədilən cinayətlərə görə cəzalandırılmalarına icazə verməyəcəyimizi bəyan etməliyik". Müraciətdə qeyd edilib ki, qadınlara və qızlara qarşı dəhşətli zorakılıq, cinayətlərlə yadda qalan ötən ilə nəzər salınmalı və daha yaxşı gələcəyin qurulması üçün nələr etməli olduğumuzu özümüzə sual etməliyik: “Keçən il gənc bir qadın quldur dəstə tərəfindən zorlanaraq öldürülüb. Digər bir qadın isə əslində cinayətkarların keçirməli olduqları utanc hissindən özünə qəsd edib. Yeniyetmələr təhsil almağa cəsarət etdiklərinə görə güllələndilər. Qlobal səviyyədə haqlı olaraq insanların qəzəbinə səbəb olan bu vəhşiliklər, əslində, bütün cəmiyyətlərdə rast gəlinən böyük problemin bir hissəsidir”. O qeyd edib ki, bütün qadınlar zorakılıqdan azad bir həyat yaşamaq hüququna malik olmalıdırlar. Pan Gi Munun sözlərinə görə, BMT "Qadınlara qarşı zorakılığa son qoymaq üçün BİRLƏŞ" kampaniyasını genişləndirməkdədir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkə üzrə nümayəndəsi Dag Sigurdson bildirdi ki, BMT QAK-ın dünyanın hər yerində apardığı işlərdə qadınlar xüsusi diqqət mərkəzində saxlanılır: “Dünyanın bir sıra ölkələrində qızlar məktəbə getmirlər. Məsələn, Afrikada qızların məktəbə getməməsinin səbəbi odur ki, valideynlər qızları yanacaq üçün odun toplamağa göndərir və onların məktəbə getməyə vaxtı qalmırdı. Biz onları yanacaq vəsaiti ilə təmin etdik, qızların məktəbə getməsinə şərait yaratdıq. Bu onu göstərir ki, mövcud problemləri aradan qaldırmaq olar”. Bildirildi ki, Azərbaycanda 2010-cu ildə qəbul edilmiş "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun təbliğatı aparılmalıdır. Onun sözlərinə görə, media, mülki cəmiyyət bu qanunu təbliğ etməlidir ki, hər kəs ondan xəbərdar olsun. D.Sigurdson bildirdi ki, bu gün Azərbaycanda 600 mindən artıq məcburi köçkün var. BMT QAK Azərbaycan hökuməti ilə birgə əməkdaşlıq etməklə onların problemlərinin həllinə çalışır. O da vurğulandı ki, əslində, BMT QAK və ya hansı BMT qurumu qadınların və ya əhalinin bir qrupunun probleminin həlli üçün məsul orqan deyil: “BMT-nin Azərbaycanda fəaliyyət göstərən qurumları qadınların problemlərinin həlli ilə bağlı xüsusi layihələr həyata keçirirlər. Hər 2 ildən bir məcburi köçkün və qaçqınlarla birgə onların problemlərini müzakirə edirik. Əldə etdiyimiz məlumatları biz öz proqramlarımızın icrasında, qiymətləndirilməsində istifadə edirik".
BMT-nin Əhali Fondunun gender əsaslı zorakılıqla mübarizə istiqamətində tədbirlər həyata keçirdiyini deyən fondun proqram müşaviri Bəhicə Əliyeva bildirdi ki, son vaxtlar genderlə bağlı tendensiya geniş yayılıb. Gender- bərabərliyi cinsindən asılı olmayaraq bütün insanların bərabər hüquqlar, vəzifələr və imkanlara malik olmasıdır. Onun sözlərinə görə, Azərbaycanda "Gender bərabərliyinin təminatı haqqında" qanun qəbul olunsa da, onun işlənmə mexanizmi yoxdur. Vacib amillərdən biri odur ki, Azərbaycanda Gender Siyasətinə dair Milli Fəaliyyət Planı hazırlanmalıdır. Bu qanunun işlənmə mexanizminin olmasını vacib sayan B.Əliyeva bildirdi ki, Azərbaycanda "Məişət zorakılığı haqqında" qanun qəbul edilib. Hazırda bu qanunla bağlı BMT-nin tədbirlər planının hazırlanması üzərində işlərin aparıldığını bildirən proqram müşavirinin sözlərinə görə, qadın, gender problemləri yalnız qadının problemləri deyil. Mövcud problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsinə ehtiyac var. O cümlədən əhalinin maariflənməsi istiqamətində KİV-lər daha fəal olmalıdır.

Ümumtəhsil müəssisələrində
müəllimlərin 76,3 faizi qadındır


Onu da qeyd edək ki, Azərbaycan cəmiyyətində qadınların rolu: statistik göstəricilərlə bağlı Dövlət Statistika Komitəsinin məlumatı açıqlanıb.
Bildirilir ki, 2013-cü ilin mart ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,3 faizini və ya 4 milyon 716,3 min nəfərini qadınlar təşkil edir. Qadınların 57,3 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 23 uşaq gətirir. Ötən il doğulmuş 174,5 min körpənin 46,4 faizini qızlar təşkil edib.
Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 24 doğum evi, 176 qadın məsləhətxanası, 281 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur və qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,3 yaş yüksək olaraq 76,6 yaşa bərabərdir. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,4 faizdir. Ümumtəhsil müəssisələrində müəllimlərin 76,3 faizi, orta ixtisas təhsil müəssisələrində 77,4 faizi, ali təhsil müəssisələrində 49,0 faizi, həkimlərin isə 63,9 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 45,9 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,3 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,0 faizi qızlardır. Elmin inkişafında da qadınların müstəsna rolu var. Doktorantların 30,8 faizini, bütün elmi işçilərin isə 53,6 faizini qadınlar təşkil edir. Son 5 ildə tədqiqat və işləmələrlə məşğul olanlardan elmlər doktoru dərəcəsi olan qadınların sayı 25,2 faiz, fəlsəfə elmləri doktoru dərəcəsi olan qadınların sayı isə 15,0 faiz artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 11-i, akademiklərdən 3-ü qadındır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,0 faiz, sahibkarlar arasında isə 17,0 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,8 faizi qadınlardır.
Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə Parlamentində qadınların xüsusi çəkisi 16,0 faizə çatıb. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən son bələdiyyə seçkilərində 5 dəfə artaraq 4194 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,1 faiz olub. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4,0 faiz təşkil etmişdir. Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2005-ci ildə onların sayı 2285 nəfər olduğu halda, 2012-ci ildə 7411 nəfərə çatıb.

Azərbaycanda sığınacaq
axtaran şəxslərın sayı açıqlandı


Tədbirdə çıxış edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) sahə məsələləri üzrə baş məsləhətçisi Elsevər Ağayev bildirdi ki, BMT QAK-ın məqsədi qaçqın hüquqlarının qorunmasıdır ki, bu məqsədlə də onları himayə edir. Hazırda BMT QAK dünyanın 126 ölkəsində fəaliyyət göstərir. 1993-cü ildən Azərbaycanda layihələri reallaşdırmağa başlayıb. Bildirildi ki, ötən ilin dekabrın sonuna olan məlumata əsasən, Azərbaycanda 1575 nəfər qaçqın və sığınacaq axtaran şəxslər var. Onun sözlərinə görə, qaçqın və sığınacaq axtaran şəxslərin çoxu, yəni 49 faizi çeçenlərdir. E.Ağayev bildirdi ki, vaxtilə belə çeçenlərin sayı 11 min nəfər olduğu halda, indi onların sayı azalıb. Hazırda qaçqın və sığınacaq axtaran şəxslərin 41 faizi əfqanlar, 6 faizi iranlılardır. Qaçqın və sığınacaq axtaran şəxslərin 4 faizi isə digər - İraq, Afrika ölkələri, Gürcüstan, Ermənistan və s. dövlətlərdəndir. E. Ağayev qeyd etdi ki, qaçqın və sığınacaq axtaran şəxslərə BMT QAK tərəfindən bır sıra yardımlar göstərilir. Həmin yardımlar aylıq müavinətin verilməsi, səhiyyə xidmətinin göstərilməsi, ibtidai və orta təhsilə dəstək və s.-dir. QAK nümayəndəsinin sözlərinə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin verdiyi məlumata əsasən, Azərbaycandakı 600 336 nəfər məcburi köçkünün çox hissəsi-31 faizi (186 861 nəfər) Bakıda məskunlaşıb. Aran iqtisadi rayonunda köçkünlərin 23,9 faizi, Yuxarı Qarabağ istisadi rayonunda 20 faizi yaşayır. E.Ağayev ötən ilin dekabrın sonuna olan məlumalara əsasən, hazırda Azərbaycan 1600 nəfər vətəndaşlığı olmayan insanların olduğunu da bildirdi. O da vurğulandı ki, BMT QAK Azərbaycan hökuməti ilə birgə çalışır. Komissarlıq müxtəlif layihələr reallaşdırsa da, artıq son illər ölkəmizə ayrılan vəsaitin miqdarı azalır. Əgər əvvəllər bu vəsait 2 milyon manat təşkil edibsə, 2013-cü ildə məcburi köçkünlər üçün 134 min dollar nəzərdə tutulub. Ayrılan vəsaitin azalmasının səbəblərinə gəldikdə isə bildirldi ki, dünyada qaynar nöqtələrin sayı artır.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info