“Hər an gözlənilən 10 ballıq zəlzələ “Metsamor” AES-i tam dağıda bilər”
Tarix: 01.06.2016 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


“1992-1997-ci illərdə GSHAP (Qlobal Seysmik Təhlükənin Qiymətləndirilməsi Proqramı) layihəsi çərçivəsində Qafqaz respublikaları, Türkiyə, İran, Rusiya, Türkmənistan əraziləri daxil olmaqla böyük bir ərazinin seysmik təhlükəliliyi yeni metodik yanaşma əsasında araşdırılıb və qiymətləndirilib. Tərtib olunmuş aktiv tektonik qırılmalar (lineamentlər) xəritəsindən sonra məlum olub ki, Ermənistan ərazisində İrəvan şəhərinin və “Metsamor” AES–in yaxınlığından böyük və aktiv tektonik qırılma zonası keçir”.
Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. Q. Yetirmişli deyib ki, bu qırılma zonasının seysmik potensialı Rixter şkalası üzrə M=7,5 və ya 12 ballı MSK-64 şkalası üzrə 10 bal qiymətləndirilir. 1988-ci ildə baş vermiş zəlzələnin ölçüsü Rixter şkalası üzrə M=7,1 və 12 ballı MSK-64 şkalası üzrə 10 bal  qiymətləndirilib: “Əslində isə “Metsamor” AES üçün ən böyük və qarşısı alınmaz təhlükə Ermənistan ərazisində baş verməsi ehtimal olunan  güclü zəlzələdir. Ermənistan Alp - Himalay qırışıqlıq sisteminin tərkib hissələrindən biri olub, Avrasiya və Ərəbistan tektonik plitələrinin kollizion təmas zonasında yerləşir və kifayət qədər yüksək seysmik aktivliklə səciyyələnir. Bu ərazidə 139-cu ildən sonra baş vermiş  güclü zəlzələlər haqqında məlumatlar ayrı-ayrı kataloqlarda toplanıb. Qeyd olunan zəlzələ məlumatları əsasında Ermənistanda üç seysmik aktiv zona ayrılır: Leninakan (Gümri), Ararat və Zəngəzur. Leninakan (Gümri) seysmik aktiv zonasında 1046-cı ildə (intensivliyi İ0 =8bal) və 1132-ci ildə (intensivliyi İ0 =7bal) Ani zəlzələləri, 1926-cı ildə (intensivliyi İ0 =8-9 bal) üç seysmik təkandan ibarət Leninakan (Gümri), 1935-ci ildə (intensivliyi İ0 =8bal) Diqor güclü zəlzələləri baş verib. Ararat  seysmik aktiv zonasında 139-cu il (intensivliyi İ0 =8bal)  Ararat, 893-cü il (intensivliyi İ0 =8-9 bal) Dvin, 171-ci il (intensivliyi İ0 =7-8 bal) Aruç,1679-cu il (intensivliyi İ0 =8bal) Qarni və 1840-cı il (intensivliyi İ0 =8-9 bal) Ararat güclü zəlzələləri böyük dağıntılara və fəlakətlərə səbəb olub. Zəngəzur seysmik aktiv zonasında 1931-ci il (intensivliyi İ0 =8-9 bal) və 1968-ci il (intensivliyi İ0 =7-8 bal) dağıdıcı zəlzələləri məlumdur. Seysmik aktiv ərazilərin seysmikliyini şərtləndirən əsas amil orada aktiv tektonik qırılmaların mövcudluğudur. Bu qırılmalar daxilində baş verən təzadlı (kontrast) tektonik hərəkətlər bu və ya digər intensivlikli zəlzələlərlə müşayiət olunur. Ermənistan ərazisində yüksək aktivliklə səciyyələnən ümumqafqaz və ya endairəsinə yaxın istiqamətli və antiqafqaz və ya meridiana yaxın istiqamətli tektonik qırılma zonaları müəyyən edilib”.
 
Q. Yetirmişli qeyd edib ki, seysmik aktiv ərazilərdə yerləşən dövlətlərin dayanıqlı inkişafını təmin etmək məqsədilə həmin ərazilərin seysmik rayonlaşdırılması - ərazinin seysmik təhlükə səviyyəsinə görə xəritələnməsi işləri aparılır. Seysmik rayonlaşdırma xəritəsinin düzgün tərtib olunması və ya dəqiqləşdirilməsinin ən mühüm şərtlərindən biri potensial güclü zəlzələocağı ola bilən seysmiklik törədən zonaların yerinin və seysmik potensialının real qiymətləndirilməsidir. Bu problemin həlli sahəsində aparılan tədqiqatlar əsasən Yer qabığının dərinlik quruluşunun, müasir geodinamikanın, regional seysmikliyin, seysmotektonikanın kompleks və müfəssəl öyrənilməsi məsələlərini əhatə edir. Nəticədə seysmik təhlükə mənbələri olan seysmik cəhətdən aktiv strukturlar, onların əmələ gətirdiyi seysmik effekt və onun məsafədən asılı olaraq sönmə xüsusiyyətləri, həmin aktiv strukturların seysmik rejiminin parametrləri təyin edilir və tədqiq olunan ərazinin hər bir yerində müəyyən zaman intervalında mümkün olan seysmik təsirin maksimal səviyyəsi (balla) qiymətləndirilir: “1980-ci ildə tərtib olunmuş Ermənistan SSR ərazisinin seysmik rayonlaşdırma xəritəsində burada  ehtimal olunan güclü zəlzələlərin əmələ gətirəcəyi seysmik təhlükə səviyyəsinə görə iki-12 ballı MSK-64 şkalası üzrə 7 ballı və 8 ballı zona ayrılıb. “Metsamor” AES-sının inşasına bu xəritə tərtib olunandan çox öncə-1973-cü ildə başlanıb. Xəritə təsdiqlənəndən öncə 1979-cu ildə istifadəyə verilib. Bu isə onu göstərir ki, stansiya inşa olunarkən onun seysmik təhlükəyə dayanıqlığı ən yaxşı halda 12 ballı MSK-64 şkalası üzrə 8 bala hesablanıb. 1988-ci ildə  Ermənistan SSR-nin 1980-ci il seysmik rayonlaşdırma xəritəsində 7 bal seysmik təhlükə ilə səciyyələnən Spitak bölgəsində daha güclü 9-10 bal intensivlikli zəlzələbaş verdi. Spitak zəlzələləsi zamanı Yer səthində uzun məsafəyə uzanan, enli  qırılma çatları əmələ gəlmiş, 25000-ə qədər insan həlak olub. Sonrakı dövrlərdə SSR-nin seysmik rayonlaşdırma xəritəsinin bir sıra başqa bölgələrində də göstərilən seysmik təhlükə səviyyəsinə adekvat olmayan  daha güclü zəlzələlər baş verdi. 12 ballı MSK-64 şkalası üzrə 7-8 bal intensivlikli seysmik təhlükə səviyyəsilə səciyyələnən Zaysanda (Qazaxstan,1990), Raça-Cavada (Gürcüstan,1991), Suusamırda (Qırğızıstan,1992) və Nefteqorskda (Rusiya,1995) daha güclü (9-10 bal) seysmik təkanlar oldu. 1995-ci  ildə Rusiyanın seysmik rayonlaşdırma xəritəsində müəyyən edilmiş seysmik təhlükə səviyyəsindən  2-3 bal yüksək intensivlikli zəlzələnin baş verməsi Nefteqorsk şəhərini tamamilə yerlə yeksan edib, çoxsaylı insan tələfatı olub.”.
 
Q. Yetirmişli bildirib ki,  bütün bunlar “Metsamor” AES-nın seysmiklik səviyyəsi cəhətdən  çox təhlükəli ərazidə yerləşməsini və ehtimal olunan təhlükənin qaçılmaz olduğunu göstərir. Bundan əlavə, burada ehtimal olunan 10 ballı zəlzələnin baş verməsi (belə zəlzələni hər an gözləmək olar) nəinki AES-da “Çernobıl”dakı kimi bir blokun güclü partlamasına səbəb ola bilər, hətta zəlzələ zamanı Yer səthinə qədər gəlib çıxan qırılma çatlarının təsirindən “Metsamor” AES tamamilə dağıla bilər:  “Bu halda  mümkün ola biləcək fəlakətin miqyasını ifadə etmək belə çox çətindir. Güman edirik ki, qeyd olunanlar “Metsamor” AES–sının təcili olaraq, heç bir müzakirəsiz və mübahisəsiz bağlanmasına əsas verir. Bu əsasdan istifadə edərək biz, Gürcüstan, Türkiyə və digər qonşu dövlətlərin mütəxəssisləri ilk növbədə MAQATE-nin bu problemə ciddi yanaşmasına  çalışmalıyıq. Bu öz növbəsində regionda yaşayan əhalini böyük fəlakətdən qurtara bilər”. 




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info