Azərbaycanda sosial media və QHT-lər
Tarix: 05.03.2013 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Son illər Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının, eləcə də söz və fikir azadlığının inkişafı, dünyaya inteqrasiya və qloballaşma prosesinin sürətlənməsi cəmiyyətin bütün sahələrində olduğu kimi, mediada da yeni yanaşmaların olmasını tələb edir. Ölkəmizdə hazırda media özünün transformasiya mərhələsini yaşamaqdadır. Qəzet, radio və televiziyanı özündə ehtiva edən ənənəvi media vasitələrinin elektron-internet resursları və sosial şəbəkələrdən ibarət “yeni media” və ya sosial mediaya keçid qeyd olunan transformasiyanın əsasını təşkil edir.

Bu gün dünyada “yeni media” anlayışının müxtəlif izahlarına rast gəlmək olur. Bir qrup ekspert buraya bütün rəqəmsal və elektron informasiya ötürücülərini-elektron qəzetləri, radio və televiziyaları daxil edirsə, digər qrup mütəxəssislər “yeni media”nın bəşəriyyəti bir araya gətirən və onu vahid topluya çevirən sosial şəbəkələrdən ibarət olduğunu söyləyir. ABŞ-ın Sirakyus Universiteti nəzdində ictimaiyyətlə əlaqələr Nyuxaus məktəbinin “yeni media” sahəsi üzrə baş məsləhətçisi Vin Krosbinin sözlərinə görə, əgər kütləvi media “təkin çoxluğa” təsiridirsə, “yeni media” “çoxluğun çoxluğa” qarşılıqlı təsiridir. Burada istənilən informasiyanın qarşılıqlı rəyi və cavab reaksiyası vardır (interaktivlik). Tədqiqatçılar hesab edirlər ki, kütləvi informasiya vasitələri erasının sonu yaxınlaşır, hazırda dünya fərdi informasiya vasitələri erasına qədəm qoyub. İnformasiya fərdi ötürülür və fərdi olaraq qəbul edilir.
Qeyd edə bilərik ki, son illərdə ictimai əlaqələrdə əsas PR və reklam vasitəsi kimi genişlənən sosial medianın imkanlarından istər özəl sektor, biznes qurumları, istərsə də dövlət qurumları, siyasətçilər və başqa maraqlı tərəflər fəal şəkildə istifadə etməkdədirlər. Bəs baxaq görək bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin əsas strukturlarından olan QHT-lər bu imkanlardan necə istifadə edir?
Bu yazının yazılmasının əsas məqsədi günümüzdə ölkədəki QHT-lərin ictimaiyyətlə əlaqələrdə sosial media ilə bağlı ümumi işinin keyfiyyətini qiymətləndirməkdir. İlk öncə Azərbaycanda fəaliyyət göstərən QHT-lərin ənənəvi media və sosial şəbəkələrlə işləri haqqında ümumi araşdırma aparılıb. Araşdırmalar zamanı məlum olub ki, QHT-lərdən çox az bir qisminin ictimaiyyətlə əlaqələrlə məşğul olan tam, yaxud yarım ştat heyəti var. Bir sıra QHT-lər isə ictimaiyyətlə əlaqələr strategiyasını həyata keçirmək üçün ya könüllülərin, ya da sədrin xidmətlərindən istifadə edirlər.
Əvvəlcə Azərbaycan QHT-lərinin ənənəvi mediadan istifadə imkanlarına qısaca nəzər salaq. Ötən yazılarımızın birində qeyd etmişdik ki, bu sahədə ciddi problemlər mövcuddur. QHT nümayəndələri medianın, xüsusilə də KİV-in QHT-lərin təqdim etdiyi məlumatlara reklam xarakterli yanaşmalarından və məlumatların yayımlanması müqabilində maliyyə ummalarından gileylənirlər. Ənənəvi media mümayəndələri isə QHT-lərdən gələn press-relizlərin qeyri-peşəkar hazırlandığını, məlumatlarda xeyli səhvə yol verildiyini qeyd edirlər.
Araşdırmalar zamanı o da məlum olub ki, QHT-lərin öz fəaliyyətləri haqqında milli və Azərbaycanın bəzi bölgələrində yerli səviyyədə yayımlanan televiziya kanalları vasitəsilə də informasiya yaymaq imkanı var. QHT-lər tərəfindən ən az istifadə olunan media vasitəsi radio proqramlarıdır. Hər il orta hesabla hər bir təşkilat bir radio proqramında yayımdan istifadə edir.
İndisə milli QHT-lərin sosial mediadakı fəaliyyətlərini izləyək. Araşdırmalar zamanı QHT-lərin veb saytları, “Facebook”, “Twitter”, “Youtube” kimi sosial şəbəkələrdəki qrupları, səhifələri təhlil olunub. Qeyd edək ki, bir neçə il əvvələ qədər öz fəaliyyətləri barədə məlumatları paylaşmaq üçün QHT-lər e-mail qrupları kimi (Məsələn: youth_ngos@yahoogroups.com , 18-35@yahoogroups.com , ngos_news@yahoogroups.com , ngo_az_org@yahoogroups.com və başqaları) qeyri-ənənəvi media vasitələrindən də istifadə etsələr də, bu gün həmin qruplar fəaliyyət göstərmir və onlar tarixə çevriliblər. Bu gün bir çox fəal QHT-lərin öz maliyyə imkanları və ya donor təşkilatları hesabına yaratdıqları veb saytlar mövcuddur. Amma bu saytların bəzilərində QHT-nin fəaliyyəti ilə bağlı məlumatlar yenilənmir. Digər bir məsələ isə bəzi QHT saytlarının sosial şəbəkələrə inteqrasiya olunmamasıdır ki, bu gün deyə bilərik ki, sosial şəbəkələrə inteqrasiya olunmayan saytlar uğursuzluğa məhkumdur. Bu səbəbdən hər bir QHT-nin saytı sosial şəbəkələrin inteqrasiya xidmətlərinə bağlı olmalıdır ki, saytın əhatə dairəsi sosial şəbəkələrin imkanları hesabına genişləndirilsin. Təəssüflə qeyd edək ki, Azərbaycanın əksər fəal QHT-lərinin veb saytları olsa da, bu saytlar sosial şəbəkələrinin xidmətlərindən istifadə etmir. Təqdirəlayiq haldır ki, az olsa da, bəzi informasiya saytlarında QHT-lərlə bağlı xüsusi bölmə fəaliyyət göstərir ki, burada QHT-lərin fəaliyyəti ilə bağlı məlumatlar yer alır. QHT-lərin fəaliyyəti ilə bağlı ixtisaslaşmış sayt kimi Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının layihəsi olan www.qhtxeber.az saytını QHT-lərin informasiya portalı kimi qeyd edə bilərik. Bütün bunlar onu göstərir ki, artıq QHT-lər cəmiyyətimizdə informasiya istehsalçısına çevriliblər.
Bəzi QHT-lərin veb saytı olmasa da, onlar sosial şəbəkələrin xidmətlərindən fəal surətdə istifadə edir, öz layihələri, tədbirləri haqqında məlumatları orada yayırlar. Bəzi QHT-lər öz fərdi səhifələrini yaradaraq fəaliyyətləri haqqında informasiyaları həmin səhifələrində istifadəçilərlə paylaşırlar. Bir məqamı da qeyd edək ki, sosial şəbəkələrdə gənclərin təmsil olunduqları QHT-lər daha fəaldır. Sosial şəbəkələr arasında istifadəçi QHT-lər daha çox “Facebook” sosial şəbəkəsinin xidmətlərindən yararlanırlar. Adıçəkilən sosial şəbəkədə İrəli İctimai Birliyinin (28300 izləyici), Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası(4060 izləyici), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (972 izləyici), Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (1200 izləyici), Azərbaycan Demokratik Tələbələr Təşkilatının (755 izləyici), Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi (394 izləyici), Gəncliyin Şöləsi Gənclərin İnkişafı İctimai Birliyi (207 izləyici) və başqa QHT-lərin adını çəkə bilərik. Bundan başqa “Facebook” sosial şəbəkəsində müxtəlif QHT-ləri özündə birləşdirən QHT Əməkdaşlıq Alyansı (13000 üzv), III Sektor (870 üzv), QHT-Dostlar (1200 üzv), QHT-Xəbərlər(2220 üzv),Gənclər üçün Təhsil Mərkəzi (755 üzv), Gənclər Təşkilatlarının Məlumat Mərkəzi (199 üzv) və s. kimi qruplar da aktiv fəaliyyət göstərir. Bu qruplarda əsasən QHT-lərin fəaliyyəti haqqında məlumatlar yayılsa da, bəzi hallarda bir sıra QHT nümayəndələri qrupun məqsəd və vəzifələrinə aid olmayan informasiyalar da paylaşırlar ki, bunu da nöqsan kimi qeyd edə bilərik. Qeyd edək ki, əvvəllər sözügedən qruplarda mütəmadi olaraq ictimai-siyasi xadimlər, millət vəkilləri, tanınmış QHT nümayəndələrini dəvət etməklə vətəndaş cəmiyyətinin müxtəlif problemləri fəal qrup üzvlərinin iştirakı ilə müzakirə edilirdi. Müzakirələr zamanı QHT-lərin ən müxtəlif problemləri qeyd edilir, onların həlli yolları təkilf edilirdi. Lakin təəssüf edirik ki, bir müddət bu, ənənə halını alsa da, sonradan bizə məlum olmayan səbəblərdən bu proses dayandı.
“Twitter” sosial şəbəkəsindən isə QHT-lər az şəkildə istifadə etsələr də, bəzi QHT rəhbərləri fərdi qaydada adıçəkilən sosial şəbəkədə fəallıq göstərirlər.
Düşünürük ki, QHT-lərin sosial mediadan istifadə etməsi onların PR fəaliyyəti ilə yanaşı ənənəvi media ilə yuxarda göstərdiyimiz problemlərinin həllinə də müsbət təsir göstərmiş olar.
Nəticə olaraq deyə bilərik ki, QHT-lərin ənənəvi mediaya çıxışında problemlərə baxmayaraq bir çox QHT-lərin sosial mediaya çıxış imkanı var. QHT-lərin əksəriyyəti internet əsaslı media vasitələrindən (veb sayt, “Facebook”, “Twitter” və s.) daha yaxşı istifadə etməklə, ictimayyətlə əlaqələrini əsaslı şəkildə genişləndirə bilər. Bu vasitələrin istifadəsi ilk növbədə böyük vəsait və insan resursu tələb etmir. Bundan əlavə ölkədə internet istifadəçilərinin, həmçinin sosial şəbəkə saytlarında üzvlərin sayı davamlı olaraq artır.
Elməddin HACILI
Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info