«Ümid edirəm ki, Azərbaycan Qafqaz regionunda aparıcı dəhlizə çevriləcək»
Tarix: 05.03.2013 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC və «Migom» beynəlxalq pul köçürmələri sisteminin təşkilatçılığı ilə «Rusiya-Azərbaycan tranzaksiya dəhlizinin inkişafı. Pul köçürmələri bazarında innovasiya prosesləri» mövzusunda mətbuat konfransı keçirildi. Tədbir zamanı Rusiya-Azərbaycan tranzaksiya dəhlizinin inkişafının perspektivləri, Azərbaycanda hesablaşma xidmətləri, komissiya haqqı olmayan pul köçürmələri, ödəmə infrastrukturunun keyfiyyətinin artırılması, «Migom»un Azərbaycanda həyata keçirdiyi innovasiya layihələri, «Azərpoçt»da əhalinin kredit və borclarının ödənilməsi, maliyyə xidmətlərinin «on-line» həyata keçirilməsi kimi məsələlər müzakirə olundu.
Tədbirdə çıxış edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov qeyd etdi ki, 2010-cu ilin aprel ayından etibarən «Azərpoçt» maliyyə xidmətləri göstərməyə başlayıb və həmin ildən etibarən MMC beynəlxalq elektron sistemləri ilə əməkdaşlıq edir və hazırda da yeni tərəfdaşlar axtarmaqda maraqlıdır: «2012-ci ilin may ayından «Migom» ilə əməkdaşlığa başlamışıq və həmin andan etibarən «Azərpoçt»un 200-dən artıq şöbəsi bu pulköçürmə sisteminə qoşulub. Yaxınlarda «Azərpoçt»un bütün şöbələri bu sistemə qoşulacaq».
Tədbirdə çıxış edən «Azərpoçt» MMC-nin maliyyə xidmətlərinin marketinq şöbəsinin müdiri Yaşar Əhmədov MMC-nin maliyyə xidmətləri sahəsində fəaliyyəti barədə qısa məlumat verərək bildirdi ki, artıq «Azərpoçt»un Bakı və Sumqayıt şöbələri «Migom»a qoşulub və hazırda regiondakı şöbələrin bu sistemə qoşulması işləri həyata keçirilir: «Nəticədə, MMC-nin bütün şöbələri sözügedən pulköçürmə sisteminə qoşulacaq».
«Migom»un İdarə Heyətinin sədri xanım Natalya Karaçevtseva «Migom»un bir çox ölkədə, o cümlədən MDB məkanında fəaliyyətindən danışıb və bildirib ki, hazırda «Migom»un dünya üzrə 450 partnyoru və 27 dəhlizi mövcuddur: «Ümid edirəm ki, Azərbaycan Qafqaz regionunda aparıcı dəhlizə çevriləcək».
Qeyd edək ki, «Azərpoçt» MMC Azərbaycanın milli poçt operatorudur və hazırda MMC-nin 1 500-ə yaxın şöbəsi fəaliyyət göstərir, onlardan 1 200-ü əhaliyə maliyyə xidmətləri göstərir. Xatırladaq ki, Rusiyanın «Migom» pulköçürmə sistemi 2002-ci ildən fəaliyyət göstərir: 27 ölkəni əhatə edən sistem 450 bank və qeyri-bank təşkilatını birləşdirir.

«Azərpoçt» tezliklə kreditlərin verilməsi və depozitlərin qəbuluna başlayacaq

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov bildirdi ki, «Azərpoçt» MMC yaxın gələcəkdə bütün bank xidmətlərini göstərməyə başlayacaq. Onun sözlərinə görə, hazırda «Azərpoçt» kreditlərin verilməsi və depozitlərin qəbulu istisna olunmaqla, müştərilərə digər bütün bank xidmətlərini göstərir. «Bank sektorunda təcrübəmiz azdır və eyni zamanda işçilərin təlimlərə ehtiyacı var və buna görə bu məsələdə nə tələsmək, nə də gecikmək niyyətindəyik». N.Məmmədov qeyd etdi ki, Dünya Bankı tərəfindən «Azərpoçt»a qrant ayrılıb və bu vəsait hesabına şirkətin bütün işçiləri (poçtalyonlardan başqa) müvafiq treninqlər keçəcək: «Ümid edirik ki, yaxın gələcəkdə qanunvericiliyə müvafiq dəyişikliklər ediləcək və bundan sonra, təqribən 2015-ci ildə «Azərpoçt» mikrokreditlərin verilməsi və depozitlərin qəbuluna başlayacaq. Bununla da «Azərpoçt» bütün bank xidmətlərini göstərmiş olacaq».
Xatırladaq ki, 2010-cu ilin aprel ayında Azərbaycan Mərkəzi Bankı tərəfindən «Azərpoçt»a maliyyə xidmətlərinin göstərilməsi üçün müvafiq lisenziya verilib. Nəticədə, 2011-ci ildə şirkətin maliyyə xidmətlərinin göstərilməsindən gəlirləri 200 min manat, 2012-ci ildə isə 800 min manat olub. Hazırda «Azərpoçt»un 15 bankomatı quraşdırılıb və 10 min plastik kartı buraxılıb.

«Azərpoçt» Azərbaycan ərazisində elektron ticarətlə alınan malları ünvanlara çatdırmağa hazırdır

Novruz Məmmədov onu da bildirdi ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC Azərbaycanda əhali tərəfindən şəhər və rayonlararası elektron ticarətlə alınmış mal və məhsulları ünvanlara çatdırmağa hazırdır. Onun sözlərinə görə, hazırda ölkədə elektron ticarətin həcmi azdır və ümumi ticarətdə «e-ticarət»in payı yalnız 1-2% təşkil edir: «Buna baxmayaraq, «Azərpoçt» ölkə daxilində əhali tərəfindən elektron ticarət vasitəsilə əldə etdiyi mal və məhsulları şəhər və rayonlararası çatdırmağa hazırdır. Sadəcə, indiyədək heç bir şirkət bu barədə müraciət etməyib. Biz isə öz növbəmizdə, elektron ticarətlə məşğul olan bütün şirkətlərlə əməkdaşlıq etməyə hazırıq». N.Məmmədov onu da qeyd etdi ki, 2012-ci ildə «Azərpoçt» əhali tərəfindən elektron ticarət vasitəsilə xaricdən alınan mal və məhsulları ünvanlara çatdırıb və ötən il bu göstərici 2-3 dəfə artıb.

«Azərpoçt»da pul köçürmələrinin 80%-i MDB ölkələrinin payına
düşür


Novruz Məmmədov bildirdi ki, «Azərpoçt» MMC vasitəsilə həyata keçirilən pul köçürmələrinin 80%-i MDB ölkələrinin payına düşür. Belə ki, pul köçürmələrinin 70%-i Rusiya, 10%-i isə Ukrayna, Qazaxıstan və Belarusla aparılan əməliyyatlar hesabına formalaşıb. Poçt sahəsinin artım dinamikası barədə N.Məmmədov qeyd edib ki, ölkədaxili poçt göndərmələri ildə orta hesabla 30-40% artır, beynəlxalq post göndərmələri də ilbəil artmaqdadır.

Azərbaycanın milli poçt operatoru bank sektorunda 5% paya sahib
olmaq niyyətindədir

«Azərpoçt» MMC-nin perspektivdə Azərbaycanın bank sektorunda 5% paya sahib olmaq niyyətində olduğunu deyən Novruz Məmmədov bildirdi ki, hazırda Azərbaycanda 43 bank fəaliyyət göstərir və bu sahədə rəqabət güclüdür.
N.Məmmədov qeyd etdi ki, «Azərpoçt» hazırda «YapıKredi Bank Azerbaijan» və «Unibank»la əməkdaşlıq edir: «Yaxın gələcəkdə daha 10 bankomat və 50 pos-terminal quraşdıracağıq». Xatırladaq ki, 2010-cu ilin aprel ayında Azərbaycan Mərkəzi Bankı tərəfindən «Azərpoçt»a maliyyə xidmətlərinin göstərilməsi üçün müvafiq lisenziya verilib. Nəticədə, 2011-ci ildə şirkətin makiyyə xidmətlərinin göstərilməsindən gəlirləri 200 min manat, 2012-ci ildə isə 800 min manat olub. Hazırda «Azərpoçt»un 15 bankomatı quraşdırılıb və 10 min plastik kartı buraxılıb.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info