“Regionların inkişafının təməlini qoyan ən vacib amillərdən biri yol şəbəkəsinin inkişafıdır”
Tarix: 06.03.2013 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Çingiz İsmayılov: “Bölgələri inkişaf etdirməkdə məqsəd onların
öz tələbatını ödəyə bilməsinə imkan yaratmaqdır”

Hazırda dövlətimizin siyasətinin əsas hədəflərindən biri regionların sosial-iqtisadi inkişafıdır. Əlbəttə, bunda da əsas məqsəd Azərbaycanı qabaqcıl ölkələr səviyyəsinə çatdırmaqdır. Məhz bu məqsədə nail olmaq üçün Prezident İlham Əliyev tərəfindən regionların inkişaf etdirilməsi üçün iki (2004-2008, 2009-2013-cü illər) dövlət proqramı təsdiq edilib. Bundan başqa regionların inkişafı ilə bağlı Prezident İlham Əliyev 50-dən çox sərəncam imzalayıb. Ölkə başçısının regionlara mütəmadi səfər edib proqramın icrası vəziyyəti ilə şəxsən maraqlanması, yüzlərlə istehsal müəssisəsinin, sosial obyektin təməlqoyma, açılış mərasimində iştirak etməsi bu işin daim onun diqqətində olmasından xəbər verir.

Bu gün Prezident İlham Əliyevin əsas strateji məqsədi ondan ibarətdir ki, bütün bölgələr monolit dövlət modelinin qurulması prosesində fəal iştirak etsin. Elə “Regionların sosial-iqtisadi inkişafına dair” dövlət proqramlarının qəbul edilməsi regionlarla paytaxt arasında fərqin azaldılmasına, bölgələrin sürətli inkişafına, yerli potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin tərəqqisinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına, sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yol açıb. Ötən həftə Qəbələyə səfəri zamanı Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bu inkişafı xüsusi vurğulayıb. Dövlət başçısı deyib ki, Azərbaycan dövlətinin uğurlu inkişafı Qəbələ rayonunun timsalında açıq-aydın görünür: “Bu gün Qəbələ ölkəmizin mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilib. Bakıdan, digər yerlərdən, digər şəhərlərdən, başqa ölkələrdən buraya gələnlərin sayı getdikcə artır. Turizmin inkişafı gələcəkdə, yəqin ki, Qəbələ rayonunun iqtisadi inkişafının müəyyən faizini öz üzərinə götürəcək. Bu, elə bir sahədir ki, bu sahə daim inkişafda olur və iş yerlərinin yaradılmasına kömək, eyni zamanda rayonun inkişafına və ölkəmizin dünyada tanınmasına xidmət göstərir. Bu gün müasir otellər, turizm kompleksləri, istirahət zonaları açılır. Əlbəttə, belə gözəl mədəniyyət mərkəzinin açılışı görülən bütün bu işlərə əlavə dəstək verəcək”.
Prezident bildirib ki, Qəbələ artıq dünyada çox məşhur şəhərə çevrilib: “Beləliklə, vaxt keçdikcə Qəbələ haqqında dünyada daha da dolğun məlumat əldə edilir və bu da çox sevindirici haldır. Çünki ölkəmizin inkişafı, eyni zamanda bölgələrin inkişafından keçir. Doqquz il bundan əvvəl “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qəbul edilməsi ilə o vaxtdan bu günə qədər regionlarda çox böyük işlər görülüb. Regionlarla paytaxt arasındakı fərq azalır. Baxmayaraq ki, paytaxt da sürətlə inkişaf edir. Bu fərqi azaltmaq o qədər də asan məsələ deyil. Ancaq hər bir şəhərdə yaşayış üçün normal şəraitin yaradılması bizim son illərdə apardığımız siyasətin əsas istiqaməti olmuşdur. Hər bir yerdə iş yerləri, gözəl şərait, yüksək səviyyədə tibbi xidmət olmalıdır, təhsil müəssisələri təmir edilməlidir. Qəbələnin inkişafı bunu göstərir. Əvvəlki illərdə gözəl diaqnostika mərkəzi tikilib, məktəblər təmir olunur”.
Onu da deyək ki, 9 il ərzində iki proqramın icrası nəticəsində iki mindən çox sənaye və emal müəssisəsi fəaliyyətə başlayıb, müasir tipli təhsil və tibb ocaqları, olimpiya idman kompleksləri, qaçqın və məcburi köçkünlər üçün qəsəbələr tikilib istifadəyə verilib. Yollar, qaz, su kəmərləri, elektrikötürmə xətləri çəkilib, mühüm infrastruktur layihələri həyata keçirilib.
Regionlarda yerli tələbatı ödəyən sənaye sahələri, məsələn, emal, yeyinti, yüngül, tikinti materialları, məişət, mənzil avadanlıqları və s. nəticə etibarilə ölkənin məhsuldar qüvvələrinin tərkib hissəsini, əsas özəklərindən birini təşkil edir. Bu məsələnin müvəffəqiyyətli həlli yerlərdə təsərrüfat və sosial tərəqqinin səviyyəsini yüksəldir, inkişafın maddi-texniki quruluşunun dəyişilməsinə gətirib çıxarır. Onu da vurğulamaq lazımdır ki, regionlarda yerli tələbatı ödəyən sahələrin və müəssisələrin formalaşması ərazilərin ehtiyatlarının səriştəli səfərbər edilməsinə təkan verir, onlardan faydalı istifadəni şərtləndirir, mərkəzlə regionlar, habelə regionlar arasında sıx əlaqələr yaradır, ixtisaslaşmanın güclənməsinə və kooperasiyanın dərinləşməsinə, ölkə daxilində iqtisadi inteqrasiyanın güclənməsinə və möhkəmləndirilməsinə, bunların yeni səviyyəyə yüksəldilməsinə əlverişli şərait və əsas yaradır. Ərazilərdə yerli tələbatı ödəyən sənaye sahə və müəssisələrinin yerləşdirilməsi sahibkarlıq fəaliyyətinin genişlənməsinə, onun əsasının möhkəmlənməsinə, milli sahibkarlar təbəqəsinin qərarlaşmasına kömək edir.
Ərazilərdə yerli tələbatı ödəyən sənaye istiqamətli sahə və müəssisələrin qərarlaşması mərkəzlə regionların iqtisadi əlaqələrinin və münasibətlərinin formalaşmasının başlıca amillərindən biri hesab edilir. Regionlarda bu cür müəssisələrin təşəkkülü həmçinin sənaye məhsulunun, adambaşına düşən milli və real gəlirlərin artmasında bölgələrin töhfəsinin xüsusi çəkisinin çoxalmasına, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına səbəb olur. Bu proses eyni zamanda regionların sosial-iqtisadi inkişaf səviyyəsinin tarazlaşmasına, bərabərləşməsinə və ölkə mərkəzinin səviyyəsinə yaxınlaşmasına kömək edir, istehsal xərclərinə qənaət etməyə gətirib çıxarır. Eləcə də müəyyən ərazinin və bütövlükdə ölkənin idxalının azalması və ixracının artması ilə nəticələnir, regionun elmi-texniki potensialının möhkəmləndirilməsi ilə səciyyələnir.
Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri, professor Çingiz İsmayılov “Palitra”ya açıqlamasında bildirdi ki, dövlətin regionların inkişafı baxımından apardığı işlər çox düzgündür: “Xüsusi olaraq regionların inkişafının təməlini qoyan ən vacib amillərdən biri yol şəbəkəsinin inkişafıdır. Məlum olduğu kimi yolların mövcudluğu iqtisadi inkişafın təməl daşıdır. Bu baxımdan regionlarda kənd yollarının asfaltlaşmasına xüsusi fikir verilir”.
O dedi ki, regionların inkişafı iqtisadi göstəricilərə görə hesablanır: “Bu, əhalinin və istehsal olunan məhsulun artmasıdır. Məlum olduğu kimi, regionların böyük əksəriyyəti dotasiya ilə təmin olunur. Yəni mərkəzləşdirilmiş maliyyə verilir və ilin sonuna qədər region öz tələbatını ödəyən həcmdə məhsul istehsal etmir. Yəni regionlar hələki mərkəzləşdirilmiş maliyyə mənbələrindən asılıdır”.
Ç.İsmayılov bildirdi ki, regionları inkişaf etdirməkdə məqsəd onların öz tələbatını ödəyə bilməsinə imkan yaratmaqdır: “Amma bütün regionları eyni istiqamətdə inkişaf etdirmək mümkün deyil. Regionların müxtəlif coğrafi mövqeyi, insan ehtiyatı, təbii resurs ehtiyatı var. Təbii ki, biz bütün regionları eyni formada inkişaf etdirmək istəsək də, bunu bacarmarıq. Yəni regionlara vəsait ayırmaq lazımdır, amma fərqlər qoymaq lazımdır. Yəni bizdə inkişaf qütbləri seçilməlidir”.
Mərkəz rəhbərinə görə, zəngin torpaqlarımız və insan resurslarından düzgün istifadə olunmalıdır: “Sahibkarlığa kreditlər ayrılır. Dövlət çox böyük işlər görür. Amma lazım olan gəliri əldə etmirik. Biz bu haqda düşünməliyik ki, hansı bölgələrdə biz ilk növbədə gəliri qaldıra bilərik.Yəni burada diferensiasiya aparmaq lazımdır. Onda biz artıq gələcəkdə inkişaf qütbləri görəcəyik”.
Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
ƏƏSMN: Son iki gündə 250-dən çox ailəyə mal və materiallar verilib
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info