“Fransada baş verən tətil və qarşıdurmalar ölkənin imicinə ləkədir”
Tarix: 04.06.2016 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Manuel Valls: “Bu camaat inqilabları, radikalizmi, qarşıdurmanı sevir, kompromis burada ən çətin məsələdir”

Fransada mayın sonlarından hökumətin əmək islahatları cəhdinə görə başlamış kütləvi tətillər, etiraz aksiyaları və polislə toqquşmalar, ölkənin imicini xeyli dərəcədə korlayıb. Həmkarlar ittifaqları ilə hökumət arasında qarşıdurmanın davam etməsi, hazırda “Avro 2016” futbol çempionatı keçirilən bu ölkəyə turistlərin və çempionat azarkeşlərinin inamsızlığını da artırıb və ölkə turizmi üçün bir bəlaya çevrilib. Bütün bunlar isə Fransa hökumətində qorxu və təlaş yaradıb. Bununla belə, hökumət güzəştə getmək fikrində olmadığını iddia etməkdədir.
“Fransa hökuməti tətil və etiraz aksiyalarına təslim olmayacaq və islahatları davam etdirəcək. Biz dünyaya ölkəni islah etməyin mümkünsüz olmadığını sübut etmək niyyətindəyik”. “The Guardian” yazır ki, bu barədə Fransa baş naziri Manuel Valls bildirib. O, neft emalı sahəsində çalışan işçilərin yandırılmış təkərlərlə aksiya keçirmələrinin, dəmir yolu sistemində baş verən təfriqələrin və yanacaq sahəsində baş verən panikanın Fransanın xaricdə imicinə ləkə saldığından aşırı narahatlığını bildirib. O, həmçinin bu etiraz aksiyalarını Fransada keçirilən “Avro 2016” futbol yarışmasına gələnlərin sayına da olduqca mənfi təsir etdiyini bildirib. Bundan başqa, baş nazir etiraf edib ki, ötən noyabrda Parisdə baş vermiş terrorlardan sonra onsuz da kövrək olan ölkənin turizm sahəsi, etiraz aksiyaları nəticəsində daha da zərər çəkir. Bütün bunlar isə Fransada əslində sosial narazılıqların gücləndiyini və ölkədə əmək hüquqları sahəsində olan problemlər nəticəsində, ölkəni qeyri-stabilliklə hədələyən çox ciddi etiraz aksiyaları olduğunu büruzə verir. Amma Fransa baş naziri bununla razı deyil. Belə ki, o, Fransada “xaos olmadığını” iddia edib. Özünün rəsmi iqamətgahında bir qrup jurnalistə açıqlama verən baş nazir qeyd edib ki, hökumət ölkədə başlamış silsilə tətil hərəkatını sakitləşdirməyə çalışır. Bununla belə, bu, heç də asan başa gəlməyəcək. Çünki ölkədə mövqeyi çox güclü olan həmkarlar ittifaqları hökumətlə qarşı-qarşıyadır. Həmkarlar ittifaqları təşkilatı olan CGT hökumətin Fransada iş yerləri ilə bağlı “sərt nizamnaməni zəiflətməyə hesablanmış” əmək islahatlarını dayandırmasını tələb edir. Blokada, barrikada və tətillərin başlamasından bir neçə gün sonra polis yanacaq anbarlarını və yanacaq təchizatını bərpa etməyə nail olsa da, cümə axşamı baş vermiş tətil bir sıra yerlərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Bundan başqa, ölkədə keçirilən futbol çempionatı ilə bağlı turistlərin gəlişi ilə bağlı çox ciddi narahatlıqlar yaşanıb. Çünki hava limanı işçilərinin də çox ciddi tətili gözlənilib, bununla belə, onlar sonda aksiya keçirməyi təxirə salıblar. Amma Paris metrosu işçilərinin tətili bu sferada müəyyən təsirini göstərib. Həmçinin cümə axşamı ölkədə qatarların yarıya qədəri tətillər səbəbilə işləməyib. Hökumət qatarlar və dəmir yolları ilə bağlı yaranan problemləri bu həftə sonu həll etməyə çalışacaq. Baş nazir iddia edib ki, əcnəbilər Fransaya təyyarə və maşınlarla gəlməkdə çətinlik çəkmirlər, qatarlarla bağlı problemlər isə həll edilməlidir. Bundan başqa, o, bu sahədə terrorizm riskləri və təhdidlərini nəzarətə götürmək üçün təhlükəsizlik qüvvələrinin gərgin işlədiyini iddia edib.
Baş nazir onu da iddia edib ki, hökumət tətillərə təslim olmayacaq: “Tətillər davam etsə belə, mən bu sahədə heç bir şeyi dəyişməyəcəyəm”. O, ölkə cəmiyyətinin zorakılığa, inqilabçılığa meyilli olmasından da şikayətlənib. Vallsın fikrincə, “cəmiyyətdə azlıq təşkil edən kiçik bir həmkarlar ittifaqı təşkilatı ölkənin qarşısını kəsə və başlanan islahatları uğursuzluğa düçar edə bilməz”. Baş nazir Fransada islahatların mümkünsüzlüyü ilə bağlı yaranmış stereotiplərin yanlışlığını sübut etmək niyyətində olduğunu da ifadə edib: “Əslində kompromis Fransa cəmiyyətində ən çətin bir nəsnədir. Bu camaat inqilabları, radikalizmi, qarşıdurmanı sevir. Buna görə də kompromis burada ən çətin məsələdir. Amma buna nail olmağa məcburuq, ona görə də əmək hüquqları ilə bağlı müzakirələr bu qədər vacibdir. İslahatlar mümkündür. Bu, bir siyasi iradə məsələsidir”.
O da qeyd edilir ki, Valls özünü islahatçı sosial demokrat kimi təqdim etsə də, onun öncəki siyasi fəaliyyəti, əslində bu siyasi fiqurun mahiyyətcə başqa biri olduğunu üzə çıxarır. Onun əvvəlki fəaliyyəti qeyri-ortodoksal sosialist siyasət kimi xarakterizə edilir və bu baxımdan o, Britaniyanın sabiq baş naziri Toni Bleyerlə əlaqələndirilir. Belə ki, bu cür qeyri-ardıcıllığına görə o, partiyasındakı sol cinahda özünə çoxlu düşmənlər qazanıb. O, illərlə bazara yönəlmiş islahatlarla “inamlı çempion” imicinə yiyələnib və bir dəfə açıq şəkildə bildirib ki, partiyası öz adından “sosialist” sözünü çıxarmalıdır.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info