“Caspian Oil & Gas” konfransı işini yekunlaşdırıb
Tarix: 04.06.2016 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən ənənəvi beynəlxalq Xəzər Neft və Qaz Konfransının (“Caspian Oil & Gas”) ikinci günündə - iyunun 3-də “Azərbaycanın enerji ehtiyatları bazasının genişləndirilməsi”, “Neft-qaz layihələri üçün mütəxəssislərin hazırlanması”, “Ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi” və “Azərbaycanda neft-kimya və neft emalı sahələrinə dair ümumi məlumat və inkişaf perspektivləri” adlı dörd sessiya keçirilib.
“Azərbaycanın enerji ehtiyatları bazasının genişləndirilməsi” adlı sessiyada çıxış edən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycanda neft-qaz sahəsində həyata keçirilən layihələrdən və əldə edilən nailiyyətlərdən danışıb.


Xoşbəxt Yusifzadə:
"Ümid" yatağında 4 özüldə 19 istismar
quyusu qazılacaq”


X. Yusifzadə bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Ümid" yatağının işlənməsi çərçivəsində 4 özülün quraşdırılması və bu özüllərdə 19 istismar quyusunun qazılması layihəsi üzərində iş aparılır. Onun sözlərinə görə, hazırda "Ümid" yatağında iki quyu işləyir və 1 quyu qazılmaqdadır: “Bu günədək yataqdan 153 min ton kondensat və 955 mln. kubmetr qaz hasil edilib”. X. Yusifzadə həmçinin əlavə edib ki, Bulla-Dəniz yatağında yeni istifadəyə verilmiş axtarış quyusunun qazma işləri həyata keçirilir: “Yatağın gələcək işləmə proqramında 2016-2025-ci illər arasında burada 5 yeni özülün tikilməsi nəzərdə tutulur. Bu özülə 26 quyunun qazılması nəzərdə tutulur”.

"İyunun 1-dək
Azərbaycandan 412 milyon ton neft daşınıb"

X.Yusifzadə onu da qeyd edib ki, bu il iyunun 1-dək dünya bazarında Azərbaycanın payına düşən 220 mln. ton mənfəət nefti satılıb. Onun sözlərinə görə, mənfəət neftinin həcmi ilbəil artır: ”Bu ilin 5 ayı ərzində AÇG-dən hasil edilmiş 13,5 mln. ton neftin 7,5 mln. tonu, yəni 56%-i Azərbaycanın mənfəət neftinin payına düşüb. Mövcud nəqletmə marşrutları ilə Azərbaycandan 2016-cı il iyunun 1-dək 412 mln. ton neft daşınıb. Bunun 304 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib”. SOCAR-ın birinci vitse-prezidenti bildirib ki, "Azəri-Çıraq-Günəşli" yataqları blokunun işlənməsinə başlanılan gündən bu günədək 398 mln. ton neft, 121 mlrd. kubmetr qaz hasil edilib. Bu gün yataqlar blokunda gündəlik olaraq 90 min ton neft hasil olunur. Gündəlik qaz hasilatı isə 36 mln. kubmetr təşkil edir.

Xalik Məmmədov:
“SOCAR-da bu gün
51 mindən çox işçi çalışır”

Digər sessiyada isə neft-qaz layihələri üçün mütəxəssislərin hazırlanması mövzusuna toxunulub. SOCAR-ın iş rejimi, kadrlar və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun sədrliyi ilə keçirilən sessiyada mütəxəssislər kadr siyasəti və sosial məsuliyyət, istedad axtarışı sistemlərinin inkişafı, əməkdaşların daha səmərəli fəaliyyətinə kömək edən təlim proqramları və digər texnologiyalar barədə bazar iştirakçılarının öhdəliklərini, eləcə də səmərə qiymətləndirmə sistemlərinin qurulmasını, kadr ehtiyatının yaradılmasını və bir sıra digər mövzuları müzakirə ediblər. Sessiyanın məruzəçiləri arasında “BP”, “SAP” və “Petronas” şirkətlərinin, Bakı Ali Neft Məktəbinin nümayəndələri də yer alıb.
X.Məmmədov bildirib ki, SOCAR-da bu gün təqribən 51 209 nəfər işçi çalışır. Onların 12%-i rəhbər, 19%-i mütəxəssisdir, 69%-i fəhlələrdir. Onun sözlərinə görə, yaş qrupuna görə 30 yaşa qədər olanlar işçilərin 14%-ni təşkil edir: “Onların 20%-i 41-50 yaş qrupları üzrə, 31-40 yaş üzrə isə 22%-dir, 51 yaşdan yuxarı olanlar isə 38%-dən yüksəkdir”. Vitse-prezident bildirib ki, təhsilə görə, 32%-i ali, 13%-i orta ixtisas, 5%-i peşə, orta təhsilli isə 50%-dir: “Şirkətdə 35 nəfər elmlər doktoru, 225 nəfər elmlər namizədi çalışır”.

“SOCAR-da vakansiyaları tutan işçilərin sayı 3 753 nəfərdir”
X.Məmmədov qeyd edib ki, artıq SOCAR-da işə qəbulla bağlı şəffaflıq və ədalət tam təmin edilib. Onun sözlərinə görə, bu gün SOCAR işə qəbul prosesini şəffaf, ədalətli, hamının iştirak edə biləcəyi şəkildə təşkil edir: “Bu günə qədər işə qəbulla bağlı 174 570 müraciət daxil olub. 3 889 vakansiya elan edilib, 54 199 vakansiya təsviri formaya uğun ilkin seçim aparılıb”. X. Məmmədov qeyd edib ki, onlardan 32 141 vakansiya üzrə test imtahanı, fəhlə kateqoriyası üzrə 6 500 müsabiqə təşkil edilib: “Müsabiqələrdən uğurla keçərək SOCAR-da vakansiyaları tutan işçilərin sayı isə 3 753 nəfər olub”.
Qeyd edək ki, işini yekunlaşdıran konfransda 30-dan çox ölkədən 400 nəfərə yaxın nümayəndəsi iştirak edib. Konfrans neft-qaz sahəsinin aktual mövzularının müzakirəsi üçün meydança rolunu oynayıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info