“Təhsilimizin təhlil istiqamətinə yönəldilməsinin sürətlənməsini istərdim”
Tarix: 07.06.2016 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


Cəmil Hüseyn: “Macarıstanda təhsil almağımıza baxmayaraq, Böyük Britaniyanın təhsil sisteminin təsirini dərindən hiss edirik”

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın qonağı Macarıstanda təhsil alan Cəmil Hüseynovdur:
-Öncə özünüz barədə ətraflı məlumat verərdiniz.
- Mən, Cəmil Hüseynov 1990-cı ildə Bakıda dünyaya göz açmışam. Orta təhsilimi başa vurduqdan sonra 2007-ci ildə Azərbaycan Dillər Universitetinin amerikaşünaslıq ixtisasına qəbul olmuşam. Bakalavriatı bitirdikdən sonra hərbi xidmət keçdim. İdarəetmə sahəsinə olan marağım məni 2013-cü ildə ixtisasımı dəyişməyə həvəsləndirdi. Beləliklə, magistratura pilləsi üzrə təhsilimi Azərbaycan Universitetinin ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə həyata keçirdiyi biznesin idarə olunması ixtisasında davam etdirdim və iki il MBA proqramında təhsil aldım.
Vurğulamaq istəyirəm ki, bakalavriat təhsilini aldığım universitetin və ixtisasın profili, ali məktəbdə mövcud olan qaynar tələbə həyatı beynəlxalq səviyyəli tədbir və layihələrə qatılmağıma, eləcə də ictimai işlərdə fəal iştirakıma stimul verdi. Təhsilin birinci ilindən başlayaraq onlarla beynəlxalq konfrans, sammit, dünya çempionatları kimi kütləvi, mədəni, elmi və idman tədbirlərinin təşkilində könüllü kimi fəaliyyət göstərdim. Universitetdə qazandığım bilik və könüllü fəaliyyətin təsiri ilə formalaşmağa başlayan təcrübə məni ciddi şəkildə ictimai işlərlə məşğul olmağa və əhatəsində olduğum mühitin tələbələr üçün səmərəsinin daha da artırılması istiqamətində işlər görməyə yönəltdi. Bu məqsədlə universitetin Tələbə Gənclər Təşkilatına (TGT) qoşuldum və tədris ilinin sonunda təşkilatın sədr müavini seçildim.
-İctimai işlərdə aktiv olduğunuzu qeyd etdiniz. İctimai fəaliyyətiniz barədə bir qədər geniş söz açardınız.
-Əminliklə deyə bilərəm ki, həyatımın ən yadda qalan günlərini məhz ictimai işlərlə fəal məşğul olmağım sayəsində yaşamışam. Könüllü kimi fəaliyyət göstərdiyim ilk illərdə ölkəmizdə ayrı-ayrı müstəqil gənclər təşkilatları olmasına baxmayaraq tələbələrin vahid bir şəbəkəsi yox idi. Bəlkə də, mənim və yaşıdlarımın bəxti onda gətirdi ki, vahid tələbə platforması – TGT-lərin ittifaqının təsis olunması məhz bizim fəaliyyət dövrümüzə təsadüf elədi. 2009-cu ildə təsis olunan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) bir müddət qərarverici orqanı olan İdarəetmə Şurasında və İcra aparatında vəzifələr icra etmək şansını əldə etdiyim üçün özümü xoşbəxt hiss edirəm. İctimai təşkilatlarda çalışdığım dövrdə keçirilən yüzlərlə tədbirdə iştirakım, onlarla layihənin icrası və inzibati işlərin təşkilində çiyinlərimə yüklənən məsuliyyət, etdiyim səhvlərdən çıxardığım nəticələr, nəhayət, uzunmüddətli zəhmətin sonunda qazanılan qələbələrin cəmiyyətin daha təcrübəli bir üzvü kimi formalaşmağımda əhəmiyyəti danılmazdır. Heç şübhəsiz, hər bir insana özünü sübut etmək üçün şans verilməlidir. Mənim üçün həm TGT, həm də ATGTİ özümü sınaqdan keçirib inkişaf etmək yolunda uğurlu bir laboratoriya oldu.

- Başqa bir ölkədə təhsil almaq şansından yararlandınız. Bu işlər necə oldu yarandı? Bu işdə sizə kimlər dəstək oldular?
- Bu işlərin ortaya çıxması barədə danışmamışdan öncə deyim ki, ölkəmizin əmək bazarına nəzər yetirsək, görərik ki, bu bazarda xaricdə təhsil alan gənclərin say çəkisi sürətlə artmaqdadır. Güman edirəm ki, yaxın onillikdə bu bazarda rəqabət aparıb gəlirli işlərdə mövqe tutmaq daha da çətinləşəcək. Sözsüz ki, bir neçə peşəkar şəxsin bir vəzifə uğrunda apardığı rəqabətdə onlardan hər hansı birinin üstünlük qazana bilməsi üçün daha savadlı, yaradıcı olması və alternativləri dəyərləndirə bilmək bacarığı çox önəmlidir. Bunlara yiyələnmək üçün isə həmin şəxs özünü bu və ya digər şəkildə inkişaf etdirməlidir. Düşünürəm ki, əhatə olunduğun mühitdən kənara çıxaraq həmin mühitə yenilikləri gətirə bilməyin daha realdır.
Mən xaricdə təhsil almağı qərara alarkən heç də təkcə ixtisas üzrə bilik qazanmağı qarşıma məqsəd qoymamışam. Həm də təhsil aldığım ölkədə mövcud olan uğurlu təcrübələri müşahidə və təhlil edərək onların ölkəmizdə tətbiq olunması istiqamətində işlər görməyi hədəfləmişəm. Hədəflərimə çatmaq yolunda ailəm, dostlarım və müəllimlərimin zəhməti danılmazdır. Bu müsahibəni fürsət bilərək onlara bütün səmimiyyətimlə təşəkkür edirəm.
-Bir qədər də Budapeşt, təhsil aldığınız universitet haqqında söz açardınız. Buradakı təhsil sizi qane edirmi?
-Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı”nın təqaüdü ilə Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Biznes Məktəbi (International Business School) adlı universitetdə insan resurslarının idarə olunması ixtisası üzrə tədqiqatyönümlü magistratura təhsili alıram. Artıq tədris ili yekunlaşır və magistr dərəcəsini almaq üçün zəruri olan dissertasiyanın hazırlanması dövrü başlayır. İnanıram ki, iki semestrlik intensiv tədris ilini uğurla başa vurduğum üçün, subyektiv fikirlərim buradakı tədrisin Azərbaycandakı analoji təhsil prosesi ilə müqayisə olunmasına və obyektiv şəkildə qiymətləndirilməsinə yardımçı olacaq.
Öncə qeyd etmək istərdim ki, təhsil aldığım proqram Böyük Britaniyanın Bakinqam (Buckingham) Universiteti ilə birlikdə həyata keçirilən ikili diplom proqramıdır. Tədris və dissertasiya prosesinin sonunda məzunlara magistr dərəcəsi məhz Böyük Britaniya universiteti tərəfindən verilir. Bütün tədris prosesi həmin universitetin proqramı əsasında reallaşdırılır. Buna görə də Macarıstanda təhsil almağıma baxmayaraq bu ölkənin deyil, Böyük Britaniyanın təhsil sisteminin bizə təsirini dərindən hiss edirik.
Həm ölkəmizdə, həm də ölkədən kənarda magistr təhsili alan bir gənc kimi qeyd edə bilərəm ki, hər iki təhsilin özəlliyi tədris prosesinə olan yanaşmada özünü göstərir. Belə ki, əgər Azərbaycanda tələbələrin daha çox nəzəri biliklər qazanmasına diqqət ayrılırsa, Avropada nəzəri biliklərin dərinliyinə fikir verilir. İkincidə tələbələrin təhlillər apararaq hər bir prosesin nə üçün, necə baş verməsi, hansı formada inkişafını müəyyən etməsi, eləcə də nəticələrin əvvəlcədən proqnozlaşdırılması, mövcud olan nöqsanların aradan qaldırılması istiqamətində tövsiyələr verə bilmə bacarığı ön plana çəkilir. Hesab edirəm ki, burada biz – tələbələrin analitik təhlil qabiliyyətinin inkişaf etdirilməsi gələcəkdə real iş prosesində effektiv nəticələr verəcək. Əlbəttə, çox istərdim ki, Azərbaycanda təhsilin təhlil istiqamətinə yönəldilməsi prosesi sürətlənsin. İnanıram ki, mən və yoldaşlarım da bu prosesdə yaxından iştirak edəcəyik.
Hesab edirəm ki, universitetin adına uyğun olaraq 65 ölkədən olan beynəlxalq tələbələri özündə birləşdirməsi və beləliklə də mədəniyyətlərarası mübadilənin inkişafına şərait yaratması, eləcə də tələbələrin birgə qrup işləri, simulyasiya oyunları və təqdimatlara cəlb olunması sayəsində tədris prosesində interaktivliyin təmin olunması təhsil aldığım universitetdə pozitiv göstəricilərdir. Bu müsbət göstəricilərlə yanaşı bəzən universitetin inzibati heyəti ilə ünsiyyətdə anlaşılmazlıqlar ortaya çıxır ki, bu çətinliyin aradan qaldırılmasında tələbənin öz konstruktiv kommunikasiya bacarıqlarını işə salaraq problemin aradan qaldırılmasında iştirakı həm onların problem həlletmə qabiliyyətinin inkişafına, həm də tədris prosesinin təkmilləşdirilməsinə öz töhfəsini verməkdədir.
Beynəlxalq Biznes Məktəbində tədris prosesinin informasiya texnologiyaları ilə dəstəklənmə səviyyəsini yüksək qiymətləndirirəm. Administrasiya, müəllimlər və tələbələr arasında körpü rolunu oynayan “Moodle” informasiya sisteminin mövcudluğu, bu sistemdə hər bir tələbənin öz şəxsi səhifəsi vasitəsilə ayrı-ayrı modullar üzrə fənlərini, dərs materiallarını, dərslərdə iştirak sayını, imtahan və tapşırıq qiymətlərini izləyə bilməsi, müəllimlərlə dərsdənkənar sıx təmas qura bilməsi həqiqətən təqdirə layiqdir.
Əlbəttə, bütün bu pozitiv özəlliklərlə yanaşı universitetin bəzi nöqsanlarını da qeyd etmək lazımdır. Baxmayaraq ki, universitetin magistratura pilləsi məhz tədqiqat yönümlüdür, elektron kitabxana bazasında əhəmiyyətli resurslara qoşulma məhduddur. Dərsdənkənar tələbə həyatında Azərbaycandakı kimi fəallıq və tələbə təşkilatının işində sistem müşahidə olunmur.
-Macarıstan fərqli mədəniyyət, fərqli adətlərin olduğu bir ölkədir. Burada qarşılaşdığınız maraqlı hadisələr, başınıza gələn olaylar haqqında da danışardınız.
-Bizim üçün Macarıstanda ən böyük problem məhz yerli xalqın dilini bilməməyimizdir. Burada Sovet İttifaqının təsiri ilə yaşlı insanların çox kiçik bir qisminin rus dilini, gənc nəslin nümayəndələrinin bir qisminin isə ingilis dilini bilməsi küçədə, ictimai nəqliyyat və məkanlarda bizimlə yerlilər arasında ünsiyyətin qurulmasına heç də kifayət etmir. Bəzən başa düşmədiyimiz halda macar ağsaqqal və ağbirçəklərinin məsləhətlərinə qulaq asmalı oluruq. Əlbəttə, biz macar, onlar isə ingilis dilini bilmədiyi üçün onlara danışdıqlarından heç nə başa düşmədiyimizi izah etməkdə çətinlik çəkirik. Belə halda sadəcə gülümsəyib dinləmək daha faydalı olur.
-Xaricdə təhsil alan gənclər ordusu həm də Azərbaycanın ən yaxşı təbliğatçılarıdırlar. Siz necə, oxuduğunuz ölkədə təbliğati, ictimai işlərdə aktivlik göstərirsinizmi?
-Macarıstan və Azərbaycan arasında ciddi dostluq münasibətləri hökm sürür. Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov və erməni zabiti Qurqen Markaryan arasında 2004-cü ildə baş vermiş insidentdən sonra bu ölkə ilə Ermənistan arasında diplomatik münasibətlər korlanmışdı. Hazırda burada Azərbaycan səfirliyi fəaliyyət göstərir, Ermənistanın isə heç bir diplomatik nümayəndəsi yoxdur. Bununla belə erməni lobbisi Azərbaycan və Türkiyəyə qarşı müxtəlif aksiyalar keçirməkdədirlər. Biz də bu ölkədəki azərbaycanlılar olaraq düşmənlərimizə qarşı ölkəmizi müdafiə etməkdən çəkinmirik. 2016-cı ilin aprel döyüşlərindən sonra Budapeştin Qəhrəmanlar meydanında Ermənistanın təcavüzkar siyasətinə qarşı keçirilən aksiyada mən də tələbə yoldaşlarımla birlikdə fəal şəkildə iştirak etməyə çalışdım. Əlbəttə, çalışıram ki, Azərbaycan səfirliyinin və diasporunun təşkil etdiyi mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edim.
-Macarıstanı təhsil almaq üçün seçən abituriyentlərə hansı məsləhətləriniz olardı?
-Macarıstanın təhsil strategiyası bu ölkəni təhsil dövləti kimi dünyaya tanıtmağa yönəldib. Tempus Fondunun maliyyə dəstəyi ilə hər il minlərlə əcnəbi gənc Macarıstanda təhsil almaqdadır. Azərbaycan və Macarıstan arasında imzalanan hökumətlərarası saziş nəticəsində bu il təkcə qeyd olunan fondun dəstəyi ilə ölkəmizdən 200-dən çox tələbənin Macarıstana oxumaq üçün üz tutmasına zəmin yaradıb. Digər fond və şəxsi büdcələri hesabına təhsil alan və təhsil almaqda niyyəti olan potensial tələbələrin sayı da az deyil. Onlara ən birinci məsləhətim bu olardı ki, öncə tədris dilini mükəmməl səviyyədə öyrənərək təhsillərinə başlasınlar. Əgər burada iş tapıb dərsdənkənar çalışmağı düşünürlərsə, seçdikləri şəhərlərdə iş imkanlarını əvvəlcədən araşdırsınlar. Türk və rus dillərini bilən həmyerlilərimiz üçün iş imkanlarının daha geniş olduğunu nəzərə alsınlar. Macarıstandakı yaşayış şərtləri ilə bağlı ölkəyə gəlməmişdən əvvəl burada yaşayanlarla məsləhətləşsinlər. Əmin olsunlar ki, bir mənzili bölüşmək üçün burada kifayət qədər həm azərbaycanlı, həm də əcnəbi tələbələr var. Mənzillərini bölüşərək ən mühüm xərclərini azalda bilərlər.

-Gələcək planlarınız barədə də söz açardınız.

-İxtisasım üzrə və biznes sahəsində fəaliyyət göstərməyi məqsədəuyğun hesab edirəm. Çox istərdim ki, bir neçə il ixtisasım üzrə işlədikdən sonra bu sahədə ali məktəblərdə dərs tədris edim. Əlbəttə, bunlar istəklərdir. Reallıqları gələcək göstərəcək.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İsmayıl Kazımov: “Dildə məcburiliyə köklənən qaydalar mütləq gözlənilməlidir”
20.11.2018
İlkin Əsgər: “İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info