Dövlətin tolerantlığı möhkəmləndirməklə bağlı xüsusi strateji xətti var
Tarix: 06.03.2013 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Tolerantlıq Azərbaycan xalqının xislətinə və ənənələrinə xas olan əsas kriteriyalardan biridir. Azərbaycan tarixi bütünlüklə milli və dini tolerantlıq nümunələrindən ibarətdir. Bu yazıda dini tolerantlıqdan danışacağıq. Bu baxımdan Azərbaycanda tolerantlığın tarixinə və mövcudluq üsullarına nəzər salmağa dəyər.

Tarix
Xalqımızın dinə yanaşma tərzi digər xalqlarla, o cümlədən İslam ölkələri ilə müqayisədə unikallıq kəsb edir.
İstər İslamaqədərki dövr, istərsə də İslamdan sonra Azərbaycanda tolerantlıq mühiti hakim olub. Bu baxımdan İslamın “qılınc”la yayılması və “qılınc müsəlmanı” anlayışının işlədilməsi kökündən yanlış və tarixi təhrif edən ifadədir. Çünki ölkəmizdə İslamın yayılması sırf xilafətlə sülh danışıqları və diplomatik münasibətlər nəticəsində bağlanılan müqavilələrlə bərqərar olub. Bundan əlavə, İslamdan öncəki və sonrakı türk dövlətlərində müxtəlif dinlərin dinc yanaşı yaşaması, sərbəst yayılması da dini tolerantlığın həm də etnik kimlikdən qaynaqlandığını büruzə vermiş olur. Məsələn, Xəzər Xaqanlığında göktanrıçılığın, iudaizmin və İslamın yanaşı, Çingiz xanın yaratdığı imperiyada xristianlıqla göktanrıçılığın birgə mövcudluğu kimi parlaq nümunələr buna misal ola bilər. Bu baxımdan, Azərbaycan həmin ənənələri daha uğurla yaşadaraq bu günə qədər ən mükəmməl bir formada təkmilləşdirə bilib. Məsələn, başqa ölkələrdə tez-tez baş verən qarşıdurmalar, İslamın yayılması ilə bağlı müharibələr burada baş verməyib. İslam bərqərar olandan sonra Azərbaycanda baş vermiş bəzi hadisələr isə dini zəmində yox, sosial-siyasi səbəblərdən baş verib. Babək üsyanı, xürrəmilər hərəkatı və sair hadisələr sırf mərkəzi hakimiyyətə qarşı etirazlar səbəbindən baş verib. Bu cür üsyan və hərəkatlarda dini zəmin, demək olar ki, önəm kəsb etməyib. Eləcə də digər dinlərin nümayəndələri Azərbaycanda ən qədim zamanlardan bəri əmin-amanlıq içərisində yaşayıblar. Məsələn, yəhudilər ölkəmizdə 2000 ildən artıqdır ki, yaşayırlar. Tarix boyu onlar bir dəfə də antisemitizm halı ilə qarşılaşmayıblar. Hətta dünyanın inkişaf etmiş ölkələrində antisemitizm tüğyan etsə də, xalqımız heç zaman antisemitizmə yol verməyib. Yaxud Azərbaycanda İslamdan qabaq da xristian xalqları olub. İndiyə qədər də həmin xalqlar öz xristianlıq inanclarını qoruyub yaşadırlar. Alban-udinləri buna misal göstərmək olar. Bütün bunlar Azərbaycan xalqının dözümlülük ənənələri əsasında baş verib. Bundan başqa, Bakıda Suraxanı rayonundakı atəşgahı misal çəkək. Bu atəşgah 18-ci əsrdə tikilib. Həmin dövrdə Azərbaycanda oturuşmuş İslam dövləti olan Səfəvilər hakim idi. Buna baxmayaraq, Hindistandan bura köçən tacirlər Bakı xanına müraciət edərək Yanardağı müqəddəs saydıqları üçün burada atəşgah tikmək üçün icazə alırlar. İndiyə qədər də bu atəşgah qorunub saxlanır. Halbuki digər İslam xalqları arasında atəşpərəstliyə qarşı dözümsüzlük vardı. Amma Azərbaycanın onları bu cür qəbul etməsi və ölkənin mərkəzində atəşgah məbədinin tikilməsinə izn verilməsi sırf xalqın özünün tolerantlıq təbiətindən irəli gələn bir hal olub. Belə olduğu halda, Azərbaycandakı tolerantlığın mahiyyəti barədə daha dərin fikir yürütmək lazım gəlir.

Azərbaycandakı
tolerantlığın fəlsəfi
mahiyyəti

Bu barədə bizə fikirlərini bildirən Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının İdarə Heyətinin sədri, professor Səlahəddin Xəlilov qeyd edir: “Əslində bizdə dini zəmindəki bu vəziyyət tolerantlıq anlayışından daha yüksəkdir. Tolerantlıq o ölkələrdə olur ki, həmin ölkələrdə aparıcı din və onun nümayəndələri başqa dinlərə qarşı dözümsüz münasibət bələyir və hardasa belə bir siyasət həyata keçirmək lazım gəlir: “Başqa dinlərə də dözmək lazımdır”. Yəni tolerantlıq sözü “dözüm” sözü ilə bağlıdır. Amma nəinki dözmək, “başqa” dinlərin də mövcudluğunu və onlara ibadəti təmin etmək Azərbaycana xas unikallıqdır. Söhbət başqa dinlərin mövcudluğuna dözməkdən yox, onların inkişafına, ideyalarının təbliğ olunmasına da şərait yaratmaqdan gedir. Ölkədə ənənəvi İslam təriqətinə olan münasibətlə digər dinlərə olan münasibət arasında fərq qoyulmur. Dünyanın çox az ölkəsində belə münasibət ola bilər. Bu şəraitdə dini azlıqların da maraqları tamamilə nəzərə alınır və gözlənilir”. Professor qeyd edir ki, Azərbaycandakı bu dini mühit digər dünya ölkələri, xüsusən də inkişaf etmiş, amma bu baxımdan problemli olan ölkələr üçün örnək olmalı, dünyəvi dövlətdə dini mühitin Azərbaycan modeli istinad edilməli, alternativsiz həll variantı sayılmalıdır.

Yeni dövrdə həyata
keçirilən dövlət siyasəti


Yeni dövrdə dövlətimizin yürütdüyü din siyasətinin əsas prinsiplərindən biri tolerantlıq mühitinin qorunması və daha da gücləndirilməsidir. Çünki Azərbaycan müxtəlif inancların və müxtəlif etnik qrupların yanaşı yaşadığı ölkədir. Ona görə də burada tolerantlığın qorunması birinci növbədə dövlətin öz marağındadır. Məhz Azərbaycanın ənənəvi dini modelinin qorunması sayəsində ölkəmizdə nümunəvi tolerantlıq mühitinə, dinc və sivil birgəyaşayışa nail olunub. İnkar edilə bilməz ki, bir dinin ayrı-ayrı ölkələrdə, regionlarda və xalqlar arasında tarixi yayılma və formalaşma xüsusiyyətləri tam fərqlidir. Bu baxımdan əslində ən optimal olanı Azərbaycanda formalaşmış ənənəvi dini modeldir. Ona görə də müasir dövlətçilik çağırışlarına uyğun olaraq irəli sürülən siyasət tolerantlığın daha yüksək səviyyədə qorunmasına və dünyaya təqdim edilməsinə əsaslanır. İstər müsəlman, istərsə də yəhudi və xristianlıq icmalarına olan qayğılar da bundan xəbər verir. Hətta ateist sovet dövlətində belə, Azərbaycanda digər dinlərə qayğı həmişə olub. Bu barədə bizə fikirlərini bildirən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin Əsgərov belə məlumat verir: “Məsələn, Azərbaycanda olan rus pravoslav kilsələrindən biri 60-cı illərdə yanmışdı. Dövlətin dinə heç bir dəstək göstərmədiyi həmin dövrdə azərbaycanlılar öz təşəbbüsləri ilə pul yığıb həmin kilsəni bərpa etməyə kömək göstərmişdilər. Bu, azərbaycanlıların digərlərinin inanclarına öz inancları qədər həssas olduqları və sayğı göstərdiklərini ortaya qoyur. Bu isə mahiyyətcə tolerantlıqdan daha yüksək bir hissdir. Yəni dözümlülükdən çox, başqa dinlərə qarş hörmət və sayğını ortaya qoymuş olur ki, bu da örnəkdir, üstünlükdür. Bundan başqa, Roma katolik kilsəsi üçün ümummilli lider Heydər Əliyev tərəfindən torpaq ayrılmışdı. Şəhərin mərkəzindəki həmin yer inqilabdan əvvəl Roma katolik kilsəsinə məxsus yer olub və sonra da Heydər Əliyev həmin kilsənin yenidən tikilməsinə və fəaliyyətinə təşəbbüs göstərib. Yaxud başqa bir xristian kilsəsini yeni dövrdə azərbaycanlı biznesmen öz vəsaiti hesabına təmir edib. Bu cür hallar kifayət qədərdir ki, Azərbaycan xalqının və dövlətinin tolerantlıq ənənəsini göstərir”. E.Əsgərov deyir ki, dövlətin tolerantlığın qorunması və möhkəmləndirilməsi üçün xüsusi strateji xətti var. Bu xətt xüsusi prinsipiallıqla davam və inkişaf etdirilir. Azərbaycan tolerantlıq nümunəsini dünyaya göstərməyə çalışır və bunda haqlıdır. Bu gün Azərbaycanda tolerantlığın simvolu olmaq istəyən Avropadan daha çox və qədim ənənələr var. Avropada antisemitizm, islamofobiya olub, Avropa tarixi dinlər və məzhəblərarası müharibələrlə doludur. Azərbaycanda bu hallar baş verməyib”.
E.Əsgərov bildirdi ki, keçən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun tərəfindən müasir dünyada tolerantlığın gücləndirilməsinə xidmət edən “Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” mövzusunda Birinci Beynəlxalq Bakı Forumu keçirildi. Bu cür tədbirlər dövlətin dini sahədəki siyasətinin, dövlət-din münasibətlərinin nümunəvi səviyyədə olduğunu göstərməklə bərabər, həm də dünyaya Azərbaycandakı tolerantlıq mühitini əhatəli bir şəkildə təqdim edir. Azərbaycanın nümunəvi dini tolerantlıq mühiti beynəlxalq səviyyədə diqqət mərkəzinə gətirilir və ekspertlərin, diplomatların müzakirəsinə çıxarılır. Bu cür müzakirələrdə Azərbaycanın sözügedən sahədəki təcrübəsi, nailiyyətləri və unikallığı bir daha örnək olaraq dünya ölkələrinə təqdim edilir.
Qeyd edək ki, son dövrlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu səpkidə innovativ təşəbbüslər və tədbirlərlə çıxış etməkdədir. Mütəmadi olaraq regionlarda dini maarifləndirmə ilə bağlı konfranslar, seminarlar təşkil edilir. Həmçinin komitənin dini maariflənmə ilə bağlı nəşrləri fəaliyyət göstərir. Bundan başqa, komitə rəhbərliyi tərəfindən dini icmaların maarifləndirilməsi, onlarla mütəmadi görüşlər keçirilməsində mobil üsullardan yararlanılır. İcmaların bölgələrdə sosial-mədəni inkişaf prosesində daha müasir formada iştirakına şəraitin yaradılması üçün də komitə tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Bir sözlə, dini icmaların qeydiyyatı, fəaliyyəti və inkişafı üçün ən müasir qanunvericilik, qaydalar və prinsiplər, yeniliklər tətbiq edilir. Çünki dövlət özü bu məsələdə prinsipial siyasi iradə nümayiş etdirir.

Gözləntilər
Bütün qeyd edilənlərlə yanaşı, tolerantlıqla bağlı bir sıra nüansları da qeyd etməyə dəyər. Apardığımız araşdırmalar nəticəsində bu sahədə müəyyən təkliflərlə çıxış etməyi lazım bilirik. Bu təklifləri lakonik olaraq aşağıdakı kimi sıralayırıq.
Təhsil. 2009-cu ildə Azərbaycanda dini təhsilin xarici ölkələrin təsiri altında olduğu barədə araşdırma aparmışdıq. Ən tanınmış sahə ekspertləri də bildirmişdilər ki, bu sahədə problem aktualdır. Məsələn, qeyd edək ki, ali təhsil sahəsində Türkiyə, İran və eləcə də ərəb ölkələrində təhsil alanlar üstünlük təşkil edir. Dərs vəsaitlərinin əksəriyyəti də Türkiyə, İran və ərəb ölkələrində çap olunur. Bu isə din sahəsində ayrı-ayrı baxışlara malik mütəxəssislər kontingentinin formalaşmasına aparır. Bu problemi aradan qaldırmaq tolerantlıq mühitinin gələcəkdə də etibarlı şəkildə qorunması və inkişafını təmin edərdi. Dini təhsilin tamamilə dövlətimizin nəzarətinə keçməsi bu baxımdan çox məqsədəuyğundur. Ali təhsil və mədrəsə təhsili bura aid edilir. Bu, peşəkar dini təhsillə bağlı olan məqamdır. Digər bir məqam isə dinlə bağlı cəmiyyət nümayəndələrinin erkən yaşlardan kütləvi maarifləndirilməsini təmin etməkdir. E.Əsgərov bildirir ki, bunun üçün orta məktəblərdə yeniyetmələrə dövlət tərəfindən İslamın əsaslarını öyrətmək və eyni zamanda dini azlıqlar üçün müvafiq maariflənmə aparmaq lazımdır: “Uşaqlar din haqqında düzgün biliklər əldə etdikdə sabah kənar təsirlərin altına düşməzlər”. Amma bu məsələdə maarifləndirmə hərtərəfli olmalıdır, burada tarixi ənənələr nəzərə alınmalıdır. Beləliklə, dövlət özü dini bilikləri vermək üçün bir mexanizm işləyib hazırlamalıdır.
Savadlı din xadimlərinin formalaşması. Din xadimləri arasında maariflənməyə də ciddi ehtiyac var. Onlar Azərbaycandakı yüksək tolerantlıq mühitinə uyğun bir səviyyədə dini təbliğatla məşğul olmalı, savadlanmalıdırlar. Din xadimləri ixtisaslarına uyğun daim maariflənməlidirlər. Bu sahədə effektli layihələr reallaşdırıla bilər.
Dini-fəlsəfi, dini-sosioloji araşdırmaların aparılması. S.Xəlilov da bu araşdırmaların ölkəmizdə çox zəif olduğunu düşünür. Yəni dini mühiti tam analiz etmək və vəziyyəti, meyilləri elmi-praktik baxımdan öyrənərək təhlil edəndən sonra bu mühitin qorunması və inkişafı ilə bağlı daha dəqiq proqnoz və təkliflərlə çıxış etmək olar.
İlkin AĞAYEV
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən elan olunmuş məqalə müsabiqəsi üçün




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info