“Azərbaycan yüksək nailiyyətlər əldə edib”
Tarix: 08.06.2016 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev dünən Berlində Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel ilə görüşüb. Görüşdə Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə edildi, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirilib.
Söhbət zamanı böyük iqtisadi layihələrin həyata keçirilməsi, kənd təsərrüfatı, əczaçılıq, təhsil, nəqliyyat, enerji, su təsərrüfatı, torpaqların təmizlənməsi, kosmik sənaye və digər sahələrdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışı olub. Prezident Forumun açılışında iştirak edib. Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel Azərbaycan Prezidentini salamlayaraq bu Forumun keçirilməsindən məmnun olduğunu bildirdi. O, bir neçə gündən sonra Bakıda baş tutacaq “Formula-1” yarışlarının uğurla keçiriləcəyinə əminliyini ifadə edib. Ziqmar Qabriel “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətinə toxunaraq onu Xəzərin karbohidrogen ehtiyatlarını Avropaya çatdıracaq yeni layihə kimi xarakterizə edib. Vitse-kansler ölkəmizin yüksək nailiyyətlər əldə etdiyini deyib, iqtisadi inkişafına görə Azərbaycanın bir neçə il dalbadal dünyada birinci olduğunu diqqətə çatdırıb. Ölkəmizdə çalışan alman şirkətlərinin uğurla fəaliyyət göstərdiklərini deyən iqtisadiyyat və enerji naziri Azərbaycanın üzləşdiyi ən böyük problemdən - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən narahatlığını ifadə edərək tərəflərin Vyana görüşündən sonra nizamlama ilə bağlı nikbinliyin yarandığını söyləyib. O, Almaniya ilə Azərbaycan arasında güclü əlaqələrin olduğunu bir daha vurğulayaraq bu Forumun ikitərəfli əlaqələrə güclü dəstək verəcəyini bildirib.

“Münaqişənin tezliklə həll olunması regionun sabitliyinə
xidmət edəcək”

Forumda çıxış edən Prezident İlham Əliyev Almaniya ilə Azərbaycanın yaxşı tərəfdaşlar olduqlarını, ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını bildirib. Münasibətlərin iqtisadi əlaqələrin inkişafına da təsir etdiyini deyən dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişafı üçün təhlükəsizlik və sabitlik vacibdir. Son vaxtlar Dağlıq Qarabağda qoşunların təmas xəttində baş verən hadisələrə diqqəti cəlb edən Prezident İlham Əliyev vurğulayıb ki, atəşkəs olduqca kövrəkdir və status-kvo bu cür davam edə bilməz. İşğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin çıxarılmasının vacibliyini vurğulayan dövlət başçısı Avropanın indi üzləşdiyi miqrasiya problemi nəticəsində yaranan humanitar böhranı Azərbaycanın 20 il bundan əvvəl yaşadığını qeyd edib, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmədiyi üçün Ermənistana sanksiyaların tətbiq olunmamasından təəssüfləndiyini bildirib. “Münaqişənin tezliklə həll olunması regionun sabitliyinə xidmət edəcək”, - deyən Prezident İlham Əliyev bildirib ki, bu çətin vəziyyətə baxmayaraq, Azərbaycan uğurla inkişaf edir. Son 25 ildə ölkəmizdə çox güclü siyasi və iqtisadi islahatlar həyata keçirilib, bütün azadlıqlar təmin olunub. “Biz Ermənistan ilə atəşkəs müddətini ölkəmizin inkişafına sərf etmişik”, - deyən dövlət başçısı Azərbaycanın hazırda qlobal enerji layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb. Avropaya qaz ixracını təmin edəcək layihənin 2012-ci ildən icra olunduğunu bildirən Prezident “Cənub Qaz Dəhlizi” layihəsinin mühüm qolu olan TAP-ın inşasının uğurla davam etdiyini deyib. Dövlət başçısı layihə üzrə güclü tərəfdaşlıq komandasının yarandığını vurğulayıb, bu layihələrə Avropa İttifaqının da böyük dəstək verdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev bütün tərəfdaşlara fayda verəcək bu layihənin mənbələrin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini deyən dövlətimizin başçısı ixrac potensialının şaxələndirilməsi, kənd təsərrüfatının, informasiya-kommunikasiya texnologiyalarının, nəqliyyat sektorunun inkişaf etdirilməsinin prioritet məsələlər sırasında olduğunu vurğulayıb. Prezident Bakı-Tbilisi-Qars dəmir yolunun bu il istifadəyə veriləcəyinə ümidvar olduğunu bildirib, Bakıda ən böyük dəniz limanının tikintisinin aparıldığını, bununla da ölkəmizin gələcəkdə logistik mərkəzə çevriləcəyini söyləyib. Keçən il Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etdiyini diqqətə çatdıran dövlət başçısı bu ay ölkəmizdə “Formula-1” yarışlarının, gələn il isə IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyini deyib. Azərbaycan Prezidenti bu ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu bildirib. “Biz Azərbaycanda daha çox alman şirkətlərini görmək istəyirik”, - deyən dövlət başçısı ölkəmizdə əməkdaşlıq üçün mühüm sahələrin olduğunu vurğulayıb, bu Forumun əlaqələrin daha da möhkəmlənəcəyinə töhfə verəcəyinə əminliyini ifadə edib. Sonra “Knauf” şirkətlər qrupunun icraçı direktoru, Şərqi Avropa ilə İqtisadi Əlaqələr üzrə Komitənin idarə heyətinin üzvü Manfred Qrunke və Almaniya-Azərbaycan Ticarət və Sənaye Palatasının rəhbəri Samir Axundov Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin inkişafından danışıblar.

“Avropa İttifaqı səylərimizə böyük dəstək verir”
“Almaniya ilə Azərbaycana arasında aktiv siyasi dialoq mövcuddur”. Bunu Prezident İlham Əliyev Almaniya kansleri Angela Merkellə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu kimi görüşlər vacib məsələlər barədə fikir mübadiləsi aparmaq üçün geniş imkanlar açır: “Bu gün Alman-Azərbaycan biznes forumunda iştirak etdim. Bu əməkdaşlığın regionda sülh və sabitliyə yol açacağına ümid edirəm”. Prezident bildirib ki, görüşdə enerji təhlükəsizliyi məsələsi də müzakirə olunub: “Azərbaycan genişmiqyaslı enerji layihələri həyata keçirir. Avropa İttifaqı səylərimizə böyük dəstək verir. Bu baxımdan “Cənubi Qaz Dəhlizi” layihəsi tədarükçü kimi bizə enerji diversifikasiyası, Avropaya isə yeni qaz mənbəyi imkanı verir. Bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edir. Azərbaycan bu sahədə yenidir. Layihənin həcmi 45 milyard dollardır”. Prezident Merkelə Azərbaycandan keçməklə, Avropa və Asiyanı birləşdirəcək nəqliyyat xətti barədə məlumat verdiyini də bildirib: “Bu nəqliyyat xətti iki qitə arasında etibarlı əlaqə quracaq. Biz bunu da ilin sonunda istifadəyə vermək niyyətindəyik”. Dövlət başçısı bildirib ki, Azərbaycan demokratiya və insan haqları prinsipinə sadiqdir. Prezident deyib ki kanslerlə görüşdə Azərbaycandakı siyasi vəziyyət də müzakirə edilib: “Bu məsələlərin inkişafı üçün, o cümlədən sərbəst toplaşma, ifadə azadlığı sahəsində bir sıra addımlar atılıb. Azərbaycanda internet azaddır. Həmçinin ölkəmizdə din və etiqad azadlığı mövcuddur. Bu il Azərbaycanda "Multikulturalizm ili" elan edilib. Azərbaycanda müxtəlif dinlər harmoniyada yaşayır”.

"Aprel hadisələri Ermənistan rəhbərliyinin unutmamalı
olduğu dərsdir"

Prezident deyib ki, biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamə əsasında sülh yolu ilə həllini istəyirik: “Təəssüf ki, bu qətnamələr yerinə yetirməyib. Bunun üçün mexanizm yoxdur. Etnik təmizləmə törədən, beynəlxalq hüququ pozan, ərazi işğal edən Ermənistana qarşı sanksiya tətbiq olmayıb. Biz münaqişənin tez bir zamanda sülh yolu ilə həllinə istəyirik. Təmas xəttində baş verən son hadisələr göstərdi ki, atəşkəs kövrəkdir və dayanıqlı deyil. Ermənilər təmas xəttində təxribatlar törətdi, biz də özümüzü, dinc vətəndaşlarımızı müdafiə etməliydik. Həmin vaxt ermənilər tərəfindən 8 mülki vətəndaş öldürüldü". Dövlət başçısı ötən ay Vyanada üç həmsədr ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil olunduğunu xatırladıb: “Biz orada substantiv danışıqların başlanması, atəşkəs rejiminin möhkəmlənməsi barədə qərara gəldik”. Prezident bildirib ki, Ermənistan güc yolu ilə Azərbaycan məxsus əraziləri işğal edib: “Dağlıq Qarabağ tarixi Azərbaycan torpaqlarıdır. Onlar Xocalıda soyqırımı törətdilər. Dünyanın 10 ölkəsi bunu soyqırımı kimi qəbul edib. Bu soyqırımı çoxdan deyil, beynəlxalq ictimaiyyətin gözü qabağında baş verib. Ermənilər işğal etdikləri ərazilərdə tarixi abidələrimizi, məscidlərimizi dağıdıblar. 20 ildən çoxdur, həmin əraziləri tutublar və beynəlxalq hüquqdan imtina edirlər. Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad olunması ilə mümkündür. Ermənilər zaman- zaman təmas xəttində təxribatlar törədirlər. Bu da danışıqlar prosesini pozmaq məqsədilə edilir. Lakin son aprel təxribatında onların nəticələrlə bağlı səhv hesablamaları oldu. Biz öz ərazilərimizin bir hissəsini azad edə bildik. Bu Ermənistan rəhbərliyinin unutmamalı olduğu dərsdir. Onlar ABŞ, Fransa və Rusiya liderlərinin "status-kvo"nun qəbul edilməz olması ilə bağlı bəyanatlarını dinləməlidirlər”.

“Rusiya Azərbaycanla
qonşu, dost ölkədir”

Azərbaycan Prezidenti deyib ki, Rusiya Azərbaycanla qonşu, dost ölkədir. Rusiya ilə yaxşı, konstruktiv münasibətlərimiz mövcuddur. İlham Əliyev bildirib ki, Azərbaycanın Rusiya ilə təhlükəsizlik, nəqliyyat, ticarət sahəsində yaxşı münasibətləri var: “Rusiyanı strateji tərəfdaş hesab edirik. Rusiyanın da Azərbaycana münasibəti eynidir. Rusiyanın Ermənistana silah satması Azərbaycanda allergiyaya səbəb olmur. Lakin bu, Ermənistanda allergiya doğurur”. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan aldığı silahlara görə pul ödəyir: “Azərbaycan təkcə Rusiyadan deyil, həmçinin Türkiyə, İsrail, Belarus və İrandan silah alır. Çünki biz silahlı qüvvələrimizi müasirləşdirməliyik. İşğal altında olan və çətin geosiyasi konfiqurasiyada yerləşən dövlət bunu etməlidir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Biz Rusiyanın burada rolunu pozitiv qiymətləndiririk. Ümid edirik ki, Rusiya, Fransa və ABŞ bütün potensialından istifadə edərək Ermənistanı ona məxsus olmayan torpaqlardan çıxmağa inandıracaq”.

Merkel:
“Rusiya Qarabağ
münaqişəsinin həllində açar rolunu oynayır”

Almaniya kansleri Angela Merkel deyib ki, ikitərəfli münasibətlərin intensivləşdirilməsi, Azərbaycandakı iqtisadi vəziyyət, neft və qaz qiymətlərinin hazırkı qiymətləri barədə müzakirələr aparılıb. Merkel bildirib ki, mövcud vəziyyət ölkədə iqtisadi islahatlara töhfə verib. “Həmçinin Azərbaycandakı sosial vəziyyətlə bağlı müzakirələr apardıq. Ümid edirəm ki, alman fondları yenidən Azərbaycanda işləyəcək. Aprelin əvvəllərində atəşkəsin pozulmasının şahidi olduq. Münaqişənin diplomatik və sülh yolu ilə həllini istəyirik. Düşünürəm ki, tərəflər danışıqlar masası arxasında əyləşməlidir. Biz təkcə həmsədrlərin deyil, bütün Minsk qrupunun bu prosesdə fəal iştirakını dəstəkləyirik”. Bununla yanaşı, Almaniya kansleri qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində açar rolunu oynayır: “Şübhəsiz ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rol oynayır. Biz burada Minsk qrupunun həmsədrləri olaraq Rusiya hökumətini, habelə ABŞ və Fransa hökumətlərini dəstəkləmək üçün öz əlaqələrimizdən istifadə edəcəyik”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info