Qeyri-neft sektorunun inkişafında regionların xüsusi çəkisi artır
Tarix: 06.03.2013 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


“Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş tədbirdə Prezident İlham Əliyev proqramın icrasının 2013-cü ilin sonuna qədər tam və keyfiyyətli icrasının təmin olunması məqsədilə dövlət qurumları, o cümlədən İqtisadi İnkişaf Nazirliyi qarşısında mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, infrastruktur layihələrinin, xüsusilə bütün kənd yollarının əsaslı təmiri və yeni yolların tikintisi, su və kanalizasiya sahəsində layihələrin həyata keçirilməsi, çaylar boyu kəndlərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılması, meliorasiya işlərinin, su anbarlarının tikintisinin davam etdirilməsi, əhalinin qaz və elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması, o cümlədən alternativ enerji mənbələrindən - günəş-külək enerjisindən daha geniş istifadəni, çaylarda kiçik həcmli su elektrik stansiyalarının tikintisinin davam etdirilməsini prioritet kimi müəyyənləşdirib.
Qeyri-neft sektorunun inkişafı, o cümlədən iri taxılçılıq, müasir heyvandarlıq və südçülük təsərrüfatlarının yaradılması, meliorasiya işlərinin diqqətdə saxlanılması, mal-qaranın cinsinin yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi də əsas istiqamətlər kimi müəyyən edilib. Bu vəzifələrin icrası iqtisadi inkişafın daha da sürətlənməsinə, regionlarda mövcud problemlərin köklü surətdə həll olunmasına, məşğulluğun artırılmasına səbəb olacaq. Xüsusilə qeyd etmək lazımdır ki, hazırda yerli və mərkəzi icra hakimiyyətlərinin təklifləri əsasında 2014-2018-ci illəri əhatə edəcək yeni regional Dövlət Proqramı hazırlanır. Bu proqram regionların yeni mərhələdə hərtəfəli inkişafında və onların qeyri-neft sektorundakı payının artmasında xüsusilə önəmli olacaq.
Ümumiyyətlə isə 2010-cu ildən başlayaraq ölkənin qeyri-neft sektorunda ciddi artımlar müşahidə edilir. Nəzərə alsaq ki, qeyd edilən vaxtdan başlayaraq Azərbaycanda Ümumi Daxili Məhsulun(ÜDM) artımı faktiki olaraq qeyri-neft sektorunun payına düşdü. 2010-cu ildən sonra neft sektorunda azalma müşahidə edilməyə başladı. Amma qeyri-neft sektorundakı artım ÜDM-in artım tempinni qorunub saxlanmasına imkan verdi. Misal üçün deyək ki, 2012-ci ildə Azərbaycanda qeyri-neft sektoru 9,7 faiz artıb. Halbuki ötən il neft sektorunda 5,3 faizlik azalma vardı. Amma buna baxmayaraq, qeyri-neft sektorundakı 9,7 faizlik artım ÜDM-nin 2,2 faizlik artımına gətirib çıxardı ki, bu da iqtisadiyyatdakı artım tempinin qorunub saxlanması baxımından əhəmiyyətlidir. Eyni zamanda 2013-cü ilin ilk aylarında qeyri-neft sektorunda 8,8 faizlik artım müşahidə edilir. Bu isə ÜDM-də 2,8 faizlik artımın qorunub saxlanmasına imkan verir. Azərbaycanda aqrar sektorda da artım tempi qorunub saxlanılır. 2012-ci ildə bu rəqəm 7 faizə yaxın olub. 2013-cü ilin ilk aylarında da aqrar sektorda artım tempinin qorunub saxlanması və 4,5 faizlik artıma nail olunması mümkün olub.
Qeyri-neft sektorunun inkişafı eyni zamanda da məhz regionların ölkə iqtisadiyyatında rolunun artmasına imkan verib. Qeyd edildiyi kimi, artıq 2010-cu ildən başlayaraq regionların ÜDM-dəki payında artımlar müşahidə edilir. Həmçinin bu baxımdan vergi yığımlarında da artımlar müşahidə edilir. 2008-ci ildə regionların vergi ödənişlərində payı 3 faiz idisə, bu rəqəm artıq 8 faizə yaxınlaşıb. Eyni zamanda, 2008-ci ildə regionların ölkə iqtisadiyyatındakı payı cəmisi 4 faiz idisə, bu rəqəm hazırda 10 faizə yaxınlaşmaqdadır. Yəni 2012-ci ilin yekunlarına görə regionların ölkə iqtisadiyyatında payı artıq ikirəqəmli həddə qiymətləndirilməyə başlayıb.
Regionların inkişafını qiymətləndirən zaman bir məqama diqqət yetirmək lazımdır ki, regionların inkişafı təbii ki, mərhələlərlə həyata keçirilməlidir. Əslində biznesin əsas hissəsinin və eləcə də dövlət büdcəsinə ödənişlərin əsas hissəsinin Bakının və ya Abşeronun payına düşməsi obyektiv səbəblərlə bağlıdır. Çünki neft sektoru Bakı və Abşeron yarımadasında yerləşir. Buna görə də Abşeron iqtisadi rayonunun çəkisi çoxluq təşkil edir. Amma ölkə iqtisadiyyatının coğrafi baxımdan şaxələnməsi və biznesin bir hissəsinin regionlara keçməsi olduqca vacibdir. Bu baxımdan regionların inkişafı üzrə dövlət proqramı çərçivəsində görülən işlər birinci mərhələdə regionlarda məhz infrastrukturun formalaşmasına gətirib çıxardı.
Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri, professor Çingiz İsmayılov da “Palitra”ya açıqlamasında regionların inkişafında infrastrukturun yenilənməsi mərhələsini xüsusilə önəmli sayır. Çünki regionlarda iqtisadiyyatın artması üçün bu mərhələ əsas rollardan birini oynayır: “Dövlətin regionların inkişafı baxımından apardığı işlər çox düzgündür. Xüsusi olaraq regionların inkişafının təməlini qoyan ən vacib amillərdən biri yol şəbəkəsinin inkişafıdır. Məlum olduğu kimi, yolların mövcudluğu iqtisadi inkişafın təməl daşıdır. Bu baxımdan regionlarda kənd yollarının asfaltlaşmasına xüsusi fikir verilir”.
Beləliklə, məhz 2013-cü ildə regionların inkişafı başa çatdırıldıqdan sonra 2014-2018-ci illərdə regionların inkişafı ilə bağlı yeni bir proqram qəbul olunacaq. Birinci mərhələdə əslində birmənalı olaraq regionlarda infrastrukturun formalaşdırılması prosesinin başa çatdırılması reallaşdı. Regionlarda həm daxili həm də xarici investisiyaların cəlb edilməsi üçün təbii ki, infrastrukturun formalaşaması çox önəmli idi. Bu barədə bizə fikirlərini bildirən iqtisadçı ekspert Vüqar Bayramov qeyd edir: “İnfrastruktur olmadığı halda, regionlara investisiya cəlb etmək mümkün deyildi. O baxımdan artıq regionlara investisiyaların cəlb edilməsində ciddi problemlər yoxdur. Nəzərə alınmalıdır ki, xüsusi iqtisadi zonalar haqqında da qanun qəbul edilib. Bu qanun regionlarda xüsusi iqtisadi zonaların yaradılmasına və formalaşmasına imkan verəcək. Bu da regionlara xarici investisiyaların cəlb edilməsi baxımından çox önəm daşıyır. Strateji cəhətdən regionların inkişafı həm də ona görə vacibdir ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin formalaşması baxımından əhəmiyyətlidir. Hazırda Azərbaycanın taxıla olan tələbatının 65 faizi yerli istehsal hesabına baş verir. Proqnozlaşdırılır ki, 2013-cü ilin sonunda bu rəqəm 84 faiz olacaq. Ət məhsullarına olan tələbatın 88 faizi yerli istehsal hesabına baş verir. 2013-cü il üçün proqnoz ondan ibarətdir ki, bu rəqəm 95 faiz olacaq. Quş ətinə olan tələbatın 81 faizi yerli istehsal hesabına ödənilir. İlin sonuna bu rəqəm 92 faizə yüksələcək. Digər ərzaq və tərəvəz məhsullarına görə Azərbaycan tələbatından daha çox məhsul istehsal edir. O cümlədən, meyvə məhsulu istehsalı 7 faiz artıb ki, bu da ixrac potensialının artmasına gətirib çıxarıb. Artıq regionlarda istehsal olunan ərzaq məhsullarının ixracı həyata keçirilir. Məsələn, ölkəmizdəki şəkər istehsalı Azərbaycanın tələbatlarından 60 faiz çoxdur. Şəkər istehsalı Azərbaycandan kənara ixrac olunur. Ümumiyyətlə, sözügedən sahələrdə baş verən artımlar regionların ixrac potensialının artmasına gətirib çıxarır. Bu isə öz növbəsində regionlara daha çox valyutanın və vəsaitin daxil olması deməkdir. Təbii ki, dövlət büdcəsinin imkanları da artıb. Bu isə onu proqnozlaşdırmağa əsas verir ki, büdcədən regionlara ayrılan vəsaitlərin, subsidiyaların həcmində nəzərəçarpan artımlar olacaq. Aqrar sektorda fermerlərin xərclərinin bir hissəsinin qarşılanması məqsədilə adıçəkilən sektora subsidiyalar həyata keçirilir. İl ərzində 80 milyon manatdan artıq vəsait subsidiyalar şəklində bu sektora yönəldilib. Bu zaman strateji məhsullar istehsal edən fermerlərə subsidiyalar əvvəlkindən iki dəfə çox - hər hektara 80 manat hesablanmaqla verilir. Bu baxımdan regionların inkişafına dövlət büdcəsindən yönəldilən vəsaitlərin, sahibkarlara ayrılan kreditlərin həcmi qənaətbəxşdir və bu vəsaitlər ildən-ilə yüksəldilir”.
Onu da qeyd etmək lazımdır ki, il ərzində Azərbaycan dövləti sahibkarlığın inkişafına 200 milyon manatdan artıq vəsait yönəldib. Bu isə kifayət qədər böyük məbləğ sayılır. Belə ki, sahibkarlığın inkişafına yönəldilən vəsaitin həcminə görə, Azərbaycan MDB məkanında ilk üçlüyə daxil olub. Məlum olduğu kimi, bu vəsaitlər güzəştli kreditlərdir. Beləliklə, sahibkarlığın inkişafına yönəldilən vəsaitlərin artması, aqrar sektora subsidiyaların verilməsi regionların daha sürətli və intensiv inkişafına yeni imkanların yaranmasına səbəb olub. V.Bayramov bu barədə belə bildirir: “Eyni zamanda, regionların inkişafı ilə bağlı infrastrukturun formalaşması mərhələsi başa çatıb. Artıq növbəti mərhələdə yeni investisiyaların cəlb edilməsi prosesi həyata keçiriləcək. Bu da qeyri-neft sektorunda regionların payının daha da artmasına səbəb olacaq. İlkin proqnozlara görə, regionların qeyri-neft sektorundakı payı 2020-ci ilədək 3 dəfə artacaq. 2020-ci il üçün hədəf ondan ibarətdir ki, regionların ölkə biznesi və iqtisadiyyatındakı payı 20 faizdən artıq olsun”. Qeyd edək ki, “2020: Gələcəyə baxış” Konsepsiyası daxilində regionların inkişaf etdirilməsi və onların inkişafının dəstəklənməsi ən prioritet məsələlərdən hesab olunur. Bu baxımdan regionlarda yeni mərhələdə inkişaf üçün yeni layihələrin həyata keçirilməsinə ciddi imkanlar yaradılacaq. Ekspert deyir ki, bu barədə növbəti illər üçün proqnoz kifayət qədər nikbindir.
Onun sözlərinə görə, güman olunur ki, növbəti illərdə “2020: Gələcəyə baxış” Konsepsiyası çərçivəsində regionlarda yeni iş yerlərinin yaradılmasına hesablanan yeni emaledici sənaye müəssisələrinin yaradılması prosesi həyata keçiriləcək.
İlkin AĞAYEV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info