ABŞ-da “Ebola” vaksinini azərbaycanlı alim hazırlayırmış
Tarix: 13.06.2016 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


ABŞ-ın İndiana ştatı (94,321kv/km) ərazi baxımından Azərbaycandan bir qədər böyük olsa da, əhalisi Azərbaycan əhalisinin üçdə ikisi qədərdir. 
Ştatın ən məşhur şəhərlərindən biri də Bluminqtondur. Bluminqton dünyada təhsil, elm ocağı kimi tanınır. Burada dünyanın hər yerindən təhsil almağa gələn tələbələr var. Onların arasında azərbaycanlılar da olub. Haqqında söhbət açacağım Teymur Qorxmaz oğlu Hacıyev bu universitetin məzunu olmasa da, Bluminqton şəhərinin ictimaiyyəti tərəfindən sayılıb-seçilən insanlardandır...
Babası Nürəddin Hacıyev indiki Azərbaycan Pedaqoji Universitetinin dilçi alimlərindən biri olub. Əslən Ağdaş rayonundan olan N.Hacıyev yeniyetmə yaşlarından Bakıya gələrək taleyini bu şəhərə bağlayıb. Alimin nəvəsi Teymur 1968-ci ilin 20 iyul tarixində Odessa şəhərində anadan olub. Həmin vaxtlar Teymurun atası Qorxmaz kişi orada Dəniz Donanması Mühəndisləri institutunda təhsil alıb. Teymur iyirmi günlük körpə olarkən Qormaz kişi həyat yoldaşı Sveta xanımla birlikdə Bakıya köç edib, vətənə dönüb. Hazırda ömrünün 83-cü ilini yaşayan Qorxmaz kişi uzun illər bir vaxtlar DOSAF adıyla tanınan təşkilatın sürücülük məktəbində müdir müavini vəzifəsində çalışıb...
Teymur orta təhsilini Bakıdakı 42 nömrəli məktəbdə alıb. Sonradan Azərbaycan Texniki Universitetini bitirib. İxtisasca mühəndis-mexanikdir. 1991-1993-cü illərdə Respublika Uşaq Fondunun istehsal sahələrindən birində çalışıb. 1993-cü ildə Moskva şəhərinə yollanıb. 1994-cü ildə Bakıya qayıdanadək orada “Avand” adlı restoran açaraq onu işlədib. 2000-ci ildə ABŞ-a gələnədək Bakıda kiçik bizneslə məşğul olub. ABŞ-a gəldikdən sonra iki il Nyu-York şəhərində yaşayıb-işləyib. 2002-ci ildən ABŞ-ın Bluminqton şəhərində yaşayır, ABŞ vətəndaşıdır. Ötən müddət ərzində o, dərman istehsalı üzrə ABŞ-ın ən yaxşı mütəxəssislərindən birinə çevrilib. Bu sahədə ən bacarıqlı mühəndislərdən biri kimi tanınır. Onun rəhbərlik etdiyi qurum “Ebola” virusuna yoluxmaya qarşı vaksin istehsal edir. 
Ailəlidir, iki övladı var.
Həyat yoldaşı Əminə xanım mərhum heykəltəraş Nəcəf Salamovun qızıdır. “Malakan bağı” adı ilə tanınan parkdakı fəvvarədə ucalan qız heykəllərinin müəllifi Nəcəf Salamov olub. Əminə xanım İndiana Universitetini bitirib, burada alimlik dərəcəsi alıb. Hazırda İndiana Universitetində laboratoriya müdiri vəzifəsində çalışır. Ətraf mühitin çirklənməsinə qarşı mübarizə aparan alimlərdəndir. Öz sahəsində dünyada tanınır. Onun metodikasından dünya alimləri istifadə edir. Qəribədir, ABŞ-ın bir sıra telekanallarında onun metodikası haqqında verilişlər getsə də, hələ ki, bizim televiziyalar qürur yerimiz olan bu xanımı Azərbaycan ictimaiyyətinə təqdim etməyə tələsmirlər. 
Azərbaycanla nəfəs alır, Azərbaycanla yaşayır Teymur. İndiana Universitetinə təhsil almağa gələn azərbaycanlı tələbələrə qardaş nəvazişi göstərir, hər birinə arxa-dayaq olur. Odur ki, burada təhsil almış soydaşlarımızın əksəriyyəti Teymuru tanıyır, Teymuru sevirlər. Təkcə soydaşlarımıza hayan olmur, başqa millətlərdən Bluminqtona gələn insanlarla da ünsiyyətində mehriban, qayğıkeşdir. Gürcüstanın indiki Ekologiya və Təbii Sərvətlər naziri Xatuna Qaqaladze ilə ailəvi dostluq edirlər. Xatuna xanım da İndiana Universitetində təhsil alıb, bu elm ocağının məzunudur...
İçində bir iman var. Allaha ibadəti sevir. Heç vaxt namazından qalmayıb, orucdan yayınmayıb...
Bluminqton məscidinə gələn müsəlmanlar müxtəlif millətlərin nümayəndələridir. Aralarında alimlərdən tutmuş iş adamlarınadək hər cür müsəlmanlar var. Hər kəs Teymuru doğru-dürüst, xeyirxah bir mömin kimi tanıyır...
Hər kəs mənsub olduğu millətin bir zərrəsidir. Bluminqtonda daimi yaşayan əhali Azərbaycanı Teymurla tanıyır desəm, yanılmaram. Azərbaycan adət-ənənələrinin, mədəniyyətinin təbliği üçün burada çox işlər görüb. Novruz bayramlarında Universitetin ərazisində milli xörəklərimizdən, şiriniyyatdan ibarət süfrə açır, müxtəlif millətlərdən olan tələbələri qonaq edir. Azərbaycanla bağlı qısametrajlı filmlər nümayiş etdirib, insanlara ölkəmiz haqqında məlumatlar verir, onları maarifləndirir...
Azərbaycana çox bağlıdır. Evinin hər bir otağında Azərbaycan bayrağı var. Bakıdan gətirdiyi müxtəlif suvinirlər otaqları bəzəyir. Vətənə sevgisinin bir təzahürü kimi, idarə etdiyi avtomobilə Azərbaycan qeydiyyat nişanını vurub. Doğrudur, bu nömrə əsl deyil, hansısa rəssamın əl işidir, amma əslindən heç də fərqlənmir. Hər dəfə bu avtomobili görəndə adama ləzzət eləyir. Sizə zarafat gəlməsin, uzaq Amerika yollarında üstündə üç rəngli bayrağımız olan Azərbaycan nömrəli bir avtomobil şütüyür- Teymur Hacıyevin avtomobili...
P.S. Biz Bluminqtonda kirayə ev axtarırdıq. Bunu eşidən Teymur ciddi-cəhdlə öz evinin açarlarını bizə uzadıb burada təmənnasız qalmağımızı təkid elədi. 
Artıq bir neçə gündür ki, onun evində yaşayırıq. Adama elə gəlir ki, qürbətdə deyil, öz vətənindədir. Uzaq Amerikada bu ab-havanı Teymur yaradıb...

Elman Eldaroğlu,
ABŞ, İndiana




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info