Acarıstanın nümayəndə heyəti Naxçıvanla tanış olub
Tarix: 13.06.2016 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadze “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar.Möminə xatın türbəsi ilə tanışlıq zamanı məlumat verilib ki, bu möhtəşəm abidə 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə xatının məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bundan sonra məqbərə Əcəmi Əbubəkir oğlu Naxçıvani tərəfindən inşa edilib. Türbə yeraltı və yerüstü hissələrdən ibarətdir. Sərdabə orijinal quruluşlu olub, bədii baxımdan zəngin tərtibata malikdir. Hələ on ikinci əsrdə qadına verilən dəyərin ifadəsi olan abidə Naxçıvan memarlıq məktəbinin ən dəyərli incilərindəndir.Naxçıvan şəhərindəki Açıq Səma Altında Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyul tarixli Sərəncamına əsasən yaradılıb. Muzeyin yaradılmasında məqsəd Azərbaycan xalqının dekorativ tətbiqi sənətinin ən dəyərli incilərindən olan daşdan yonulmuş mədəniyyət nümunələrimizin mühafizəsi, öyrənilməsi və təbliğindən ibarətdir. Ekspozisiyada mifoloji və dini baxışlarla bağlı qoç heykəllər, daş kitabələr, qəbirüstü abidələr və digər mədəniyyət nümunələrindən ibarət 226 ədəd eksponat mühafizə və nümayiş etdirilir.Sonra qonaqlar qədim musiqi alətlərinin hazırlanması ilə tanış olub, hədiyyələr mağazasına baxıblar.“Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinə baxış zamanı qeyd olunub ki, Xan Sarayı XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Bina 1760-cı illərdə Naxçıvan xanı Ehsan xanın atası Kalbalı xan Kəngərli tərəfindən tikdirilib. Şərq memarlığı üslubunda tikilmiş abidə XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış evi olub, bununla yanaşı xanlığın siyasi iqamətgahı funksiyasını yerinə yetirib. Muzey Naxçıvan xanlığının dövlətçilik tariximizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə Naxçıvan xanlığının dövlət və döyüş bayraqları, arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlığının və Kəngərli nəslinin tarixi ilə bağlı nəşr olunmuş kitablar, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir. Qonaqlara Naxçıvan xanlarının şəcərəsi, bu torpağın yetirməsi olan görkəmli generalların həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.
Həmin gün Ali Məclisin Sədri və Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Naxçıvan Biznes Mərkəzində də olublar.
Qonaqlara mərkəzin fəaliyyəti və muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri barədə məlumat verilib. Qeyd olunub ki, mərkəzdə muxtar respublikada istehsal olunan müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri və rəsm əsərləri sərgilənir. Həmçinin burada müxtəlif tədbirlər, biznes forumlar, işgüzar görüş və konfranslar keçirilir. Sərgi salonunda 97 müəssisənin 136 növdə və 916 çeşiddə məhsulu, müxtəlif sənətkarlar tərəfindən hazırlanan əl işləri və rəsm əsərləri nümayiş olunur. Yeni istehsal və emal sahələrinin sayının artması nəticəsində bu gün muxtar respublikada 365 növdə məhsul istehsal olunur, əhalinin 343 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir. Görülən işlər ixracın həcminin artmasına da öz təsirini göstərib. Artıq muxtar respublikada istehsal olunan məhsullar dünyanın bir çox ölkələri ilə yanaşı, Gürcüstana və onun Acarıstan Muxtar Respublikasına da ixrac olunur.
Acarıstanlı qonaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində də olublar. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Tarixin bütün dövrlərində bu qədim diyarda zəngin mədəniyyət və memarlıq nümunələri yaradılıb. Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır. Qala yalnız müdafiə məqsədi daşımayıb, eyni zamanda, burada formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilib. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb. Muzeydə eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyimlər nümayiş etdirilir.
Sonra nümayəndə heyəti kompleksdə yerləşən Nuh Peyğəmbərin məzarüstü türbəsini də ziyarət edib, abidə önündə xatirə şəkli çəkdiriblər.
Günün sonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti ilə birlikdə Duzdağ Fizioterapiya Mərkəzinə gəlib, burada müalicə olunan xəstələrin səhhəti ilə maraqlanıb, mərkəzin fəaliyyəti ilə tanış olub.
Bildirilib ki, 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan Duzdağ Fizioterapiya Mərkəzində bronxial astma və ağciyər bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunur. 300 yerlik xəstəxanada temperatur sabitdir. Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması isə xəstəxanada rütubətin səviyyəsini normal saxlayır. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzə dünyanın bir çox ölkələrindən müraciətlər olur. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında səhiyyə sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2012-ci ildən etibarən hər il tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən acarıstanlı uşaqların Duzdağ Fizioterapiya Mərkəzində müalicəsi təşkil olunur.
Həmin gün Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadze və onu müşayiət edən nümayəndə heyəti Naxçıvan Dövlət Xalça Muzeyində və Naxçıvan Dövlət Musiqili Dram Teatrında da olublar. Teatrla tanışlıq zamanı qonaqlar Naxçıvan Dövlət Filarmoniyasının ifasında konsert proqramına baxıblar.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info