Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm nazirliklərinin və muxtar respublikanın Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən sağlamlıq imkanları məhdud uşaqların rəsm və əl işlərindən ibarət sərgi-müsabiqəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda təşkil olunan tədbirdə 24 müəllifin müxtəlif janrlarda çəkdikləri rəsmlər, əl işləri nümayiş etdirilib.Muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, mədəniyyət və turizm naziri Natəvan Qədimova və Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva sərginin açılış mərasimində çıxış edərək, sağlamlıq imkanları məhdud uşaqlara göstərilən dövlət qayğısından, onların istedadlarının inkişafı üçün yaradılan şəraitdən bəhs ediblər.
Bildirilib ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir. Hər il sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə yaradıcılıq müsabiqələri, bilik və idman yarışları təşkil edilir. Bu qəbildən olan tədbirlər istedadlı uşaqların fərdi qabiliyyət və bacarıqlarının inkişafına, həmçinin onların estetik duyğularının formalaşmasına stimul verir. Uşaqların yaradıcılıq potensiallarının dəstəklənməsi onlarda özlərinə inam hissi aşılayır, yaradıcılıq əzmini daha da artırır.Əmək və Əhalinin Sosial Müdafiəsindən, Mədəniyyət və Turizm nazirliklərindən və Rəssamlar Birliyindən olan nümayəndələrdən ibarət münsiflər heyətinin rəyi əsasında rəsm və əl işləri nominasiyaları üzrə qaliblər müəyyənləşdirilərək mükafatlandırılıb. Digər iştirakçılara isə həvəsləndirici diplom və hədiyyələr təqdim olunub.Sonda sərgiyə baxış olub.
|