Gülçülük təsərrüfatının inkişafı mümkündürmü?
Tarix: 06.03.2013 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


Sabir Vəliyev: “Gülçülüyün inkişafı üçün gül
istehsalçılarına hər hektara 300-500 manat verilərsə,
Abşeronda yüksək inkişaf olar. Həmçinin gülçülüyü
kooperativlər formasında inkişaf etdirmək olar”


İnsanların ən çox sevdiyi, buna görə də bir-birinə hədiyyə etdiyi gül, həm də toy, nişan mərasimlərində istifadə edilir. Eləcə də güldən dekorasiya məqsədilə geniş çeşiddə yararlanırlar. Bu gün ölkədə yeni salınan və yaxud abadlaşdırılan parklarda müxtəlif gül növlərindən istifadə edilir. Eyni zamanda bu da bir faktdır ki, çiçək artıq sadəcə bəzək deyil, qazanc gətirən bir təsərrüfat fəaliyyəti kimi iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilib.

Dünyanın bir sıra
ölkələri problemlərini
gül istehsalı ilə həll edir

Dünyada da bir çox ölkə çiçəkdən qazanc əldə edir. Məsələn, Afrika ölkələri aclıqdan, Cənubi Amerikada Kolumbiya narkotika ticarətindən məhz çiçək yetişdirib satmaqla xilas olmağa çalışır. Kolumbiyanın illik çiçək satışından əldə etdiyi gəlir 500 milyon dolları keçir. İsrail isə bu sahədən 200 milyon dollar gəlir əldə edir. Hollandiya bu gün bütün Avropa ölkələrinə çiçək satmaqdadır ki, 8 min ha. sahədən artıq istehsalla ən əhəmiyyətli istehsalçı ölkədir. Latın Amerikası ölkələrinin çiçək istehsalı çox sürətlə inkişaf edir ki, burada iqlim şəraitinin əlverişli olması, xarici sərmayə və texnologiya bölgənin həm ABŞ-a, həm də AB-yə ixrac potensialını artırır. Bölgədəki ən ixracatçı ölkə Kolumbiya və Ekvadordur. Afrika çiçək istehsalında bütün profesional istehsalçı ölkələrə rəqibdir. Hazırda Keniya, Afrikadakı ən önəmli çiçək istehsalçısıdır. Keniyanı Zimbabve, Morokko, Cənubi Afrika təqib edir. Eləcə də Zambiya, Tanzaniya və Uqanda bu istiqamətdə fəaliyyətini genişləndirir. Asiya bölgəsindəki ən önəmli istehsalçı ölkələr isə Yaponiya, İsrail, Hindistan, Malayziya, Koreya və Çin kimi ölkələrdir. Bu gün dünyada 50 ölkədə çiçək istehsal olunur. Türkiyədə də çiçək istehsalı və ticarəti sürətlə inkişaf etməkdədir. Artıq bu sahədə ixracdan 17-19 milyon dollar qazanc əldə edir. Bu gün Türkiyədə 6-7 min çiçək istehsalçısı, 10 mindən artıq çiçək satıcısı var, 5 min ailə istehsalla məşğuldur. Onu da qeyd edək ki, çiçəkçiliklə bağlı uzun illər Türkiyədə kiçik ailə sənayesi kimi fəaliyyəti qurulsa da bu gün daxili bazar üçün istehsal edən, məhsullarını çiçək kooperativləri vasitəsilə bazara çıxaran müəssisələrin əksəriyyəti kiçik ailə xarakteri daşıyır. Hazırda mərkəzi İstanbulda olan iki kooperativ var. Burada 6 minə yaxın çiçək istehsalçısının məhsulları ticarətçilərə satılır. Dünyada çiçək ixracından gəlir 4 milyard dollara yaxın olduğu halda Türkiyənin payı sadəcə 20 milyon dollara yaxındır. İxracın 80 faizi Avropaya yönəlib, ilk sırada İngiltərə yer alır. Bu istiqamətdə inkişaf əldə etmənin səbəblərinə gəldikdə isə bunlardan biri yüksək texnologiyalardan istifadə edilməsidir. Məsələn, İsraildə dövlət yüksək texnologiyalardan istifadə üçün sərmayə yatırmaqla bir tərəfdən məhsul çeşidi, digər tərəfdən istehsalı genişləndirməkdədir. Onu da qeyd edək ki, Avropa ölkələrinin çiçək ticarətində super marketlərin rolu əhəmiyyəti getdikcə artmaqdadır. Onu da qeyd edək ki, bir sıra dünya ölkələrində sənayeyönümlü gülçülük də inkişaf etdirilir. Dünya bazarlarında gül yağına da tələbat hər il artmaqdadır. Hazırda dünya bazarlarında gül yağının bir kq qiyməti 5 min-6500 avro arasındadır. Dünyada gül yağı bazarında ticarət dövriyyəsinin həcmi 120 milyard dollar təşkil edir. Dünyada sırf bu məqsədlə mühüm layihələr həyata keçirilir. Əsasən “Kosmetika vadisi” adı verilən layihələrdir ki, məsələn, Fransanın Grasse adlanan qəsəbəsində belə bir layihə reallaşdırılıb. Burada gül yağı əldə etmək məqsədilə müxtəlif güllər becərilir. Ən məşhur markaların ətir formaları bu evlərdə hazırlanır. Beləliklə, həmin qəsəbə dünyanın ətir paytaxtı kimi tanınır. Həmçinin Grasse qəsəbəsində müxtəlif cür gülləri görməyə gələn turistlərin sayı getdikcə artır. Nəticədə isə həmin qəsəbə gül yağı və turizmdən ildə təxminən 600 milyon dollar əldə edir.

Gül bazarında
vəziyyət necədir?


Ölkəmiz müxtəlif güllərin yetişdirilməsi ilə bağlı əlverişli iqlim şəraitinə malikdir. Bir vaxtlar ölkəmizdə də gül istehsalında olan inkişaf ixrac üçün də geniş imkanlar açıb. Son vaxtlar isə bu sahədə fəallıq nəzərə çarpmır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan 2009-cu ildə xaricə 123 min manat məbləğində ağac və digər bitkilər, çiçəklər ixrac edib. Həmin il bu sahədə idxalın həcmi isə 6,3 milyon manat olub. 2010-cu ildə isə ixrac bir qədər artaraq 7,5 milyon manat olub. Həmin ildə Türkiyə Bəzək Bitkiləri və Məmulatları İxracatçıları Birliyinin məlumatına görə, ölkəmizə 3,5 milyon dollar dəyərində bəzək bitkiləri ixrac edilib. Bu rəqəm 2011-ci ildə 5,2 milyon olub. Ölkəmizdə bu sahənin inkişafı üçün imkanlar var və bir çox çiçək növlərini yetişdirmək mümkündür. Hətta elə güllər var ki, o yalnız Azərbaycanda bitir.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev bildirdi ki, bir vaxtlar ölkədə 10 min hektarlarla torpaq sahəsi olan gül sovxozu fəaliyyət göstərib: “Dünyanın ən gözəl, eləcə də Azərbaycanda geniş yayılmış gül növlərini orada becərirdilər. O dövrdə ölkənin daxili bazarında gülün qiyməti çox ucuz idi. Hətta bayram ərəfələrində həmin sovxoz ölkənin bütün istehlak bazarını təmin edirdi. Eyni zamanda bizim iş adamları Moskva, Leninqrad və ümumiyyətlə Rusiya, Belarus, Ukraynanın ayrı-ayrı şəhərlərində həmin güllərin satışı ilə məşğul olurdular. Bu, çox böyük önəmli məsələ və gəlirli sahə idi. Həmin sovxoz gəlirlə işləyirdi və o zamankı Meyvə, Tərəvəz Təsərrüfatı Nazirliyinə tabe idi. Satışla bağlı rübdə bir dəfə hesabat verilirdi. Sonralar müxtəlif səbəblərlə bağlı bu sovxoz fəaliyyətini dayandırdı”. Şöbə müdirinin sözlərinə görə, fərdi təsərrüfat sahəsi kimi indi bunu saxlamaq baha başa gəldiyindən onu genişləndirmək mümkün deyil, baha başa gəlir. Ona görə də Türkiyə, Hollandiya kimi ölkələrdən idxal olunur ki, bu da baha başa gəlir. Həmin təsərrüfat sistemini isə qaytarmaq mümkün deyil. Problemin həllinə gəldikdə isə S.Vəliyev deyir ki, Abşeronda həmin sovxoz təsərrüfatını insanlar özəlləşdirə bilərdilər: “Belə ki, həmin torpaqları alıb özəlləşdirə bilərdilər, sovxoz formasında kooperativ kimi yarada bilərdilər. Bu baxımdan çalışırıq ki, “Kooperativ haqqında” qanun həyata keçsin və insanlar birləşə bilsin, ortaq problemlərini həll etsinlər. Hər bir defisit məhsulların istehsalı üçün dövlətin ayrıca dəstəyi olmalıdır. Məsələn, gülçülüyün inkişafı üçün gül istehsalçılarına hər hektara 300-500 manat verilərsə, Abşeronda yüksək inkişaf olar. Ümumiyyətlə, prioritet sahələrə dövlət dəstəyi olmalıdır və biz hazırda bunun üzərində işləyirik. İqtisadi stimulla müvafiq sahələrdə ixtisaslaşmanı artıra bilərik. Ölkə başçısı da bugünlərdə bildirdi ki, kənd təsərrüfatının, sahibkarlığın inkişafı istiqamətində müəyyən addımlar atılmalıdır. Bölgələr müvafiq olaraq ixtisaslaşlaşmalıdır. İqtisadi stimulu o sahələrə verməliyik, o torpaq iqlim şəraitinə uyğun gəlir və keyfiyyətli olur. Gül sahəsi də inkişaf etməlidir. Bunu kooperativlər formasında inkişaf etdirmək olar”.
Bu gün paytaxtda bir sıra gül dükanları fəaliyyət göstərir. Həmin dükanlarda müxtəlif gül növlərinə rast gəlmək mümkündür. Ancaq həmin dükanlarda ilk baxışda alıcıların sayı o qədər də gözə çarpmır. Paytaxtın “28 may” metrosu yaxınlığında gül satışı ilə məşğul olan dükanlardan birinin sahibi, Maştağa qəsəbə sakini ilə söhbətimizdə o, gül bazarının hazırkı vəziyyəti ilə bağlı fikirlərini bildirdi. Özünü Məşədi kimi təqdim edən satıcı uzun müddətdir ki, bu işlə məşğul olduğunu söylədi: “Hələ sovet dövründə mənim babam, atam davamlı olaraq gülçüklə məşğul olublar. Öz gülçülük təsərrüfatımız olub. Rusiyanın müxtəlif şəhərlərinin gül bazarına məhz bizim becərdiyimiz güllər aparılıb. Ancaq sonralar proses dayandı. Gül yetişdirmək üçün istixana lazımdır ki, bunun üçün də müxtəlif vəsait tələb olunur. İlk növbədə qazdan istifadə vacibdir. Ancaq hazırda bu problemlə üzləşirik. Çünki qazın qiymətinin baha olması bu sahədə istehsalı reallaşdırmağa imkan vermir. Əgər Bakıdan fəqli olaraq ətraf kəndlərə verilən qazın ödənişində qiymətlər daha aşağı olarsa bu istehsala imkan verər. Ümumiyətlə, bu gün gül bazarında satış o qədər də yüksək deyil. Hazırda mənim dükanımda olan güllərin əksəriyyəti xarici güllərdir. Bunlar əsasən Hollandiyadan, Almaniyadan, Türkiyədən gələn güllərdir. Onların çoxu “kala” adlanan güllərdir ki, onlar da baha qiymətədir. Alıcılar əsasən dibçək güllərinə üstünlük verirlər ki, yerli dibçək gülləri isə yoxdur. Satışda olan güllərin ən ucuzu 3 manatdır. 50, 100 manata olan güllər də var. O ki qaldı, bayramlarda bizim işimiz daha əziyyətli olur, yəni daha çox gül gətirməli olsaq da satış o qədər olmur. Ümumiyyətlə, gün ərzində 100 nəfər qiymət maraqlansa da, onlardan cəmi 10-20 nəfər gül alır”.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info